Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-215/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - podrat müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2(035)-767/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 143 saylı alqı-satqı müqaviləsindən görünür ki cavabdeh Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən 5 ha torpaq sahədə pambıq əkməyi və iddiaçıya satmağı öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim olunmuş Aqrotexniki xidmətlərin göstərilməsinə dair AKT-dan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 143 saylı müqaviləyə əsasən Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən 5 ha torpaq sahədə pambıq əkmiş və iddiaçıdan 6960 manat məbləğində vəsait (iş və xidməti) avans olaraq götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 4267.64 manat məbləğində, 5621.44 kq xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi iddiaçıya 2692.36 manat məbləğində borcu qalmışdır.
3. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2692.36 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 46.93 manat pulun cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 143 saylı müqaviləyə əsasən cavabdeh Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən 5 ha torpaq sahədə pambıq əkməyi və iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 6960 manat məbləğində vəsait (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında ümumilikdə 6960 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 4267.64 manat məbləğində, 5621.44 kq xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi iddiaçıya 2692.36 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və kassa məxaric orderləri, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh üzürsüz səbəblərdən iddiaçıya olan borcunu ödəməkdən yayınmış və müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
6. Birinci instansiya məhkəməsi iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
7. Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 25 oktyabr 2024-cü il tarixli, e-2(035)-767/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh əsas borca görə 2692.36 manat və ödənilmiş dövlət rüsumuna görə 46.93 manat, cəmi 2739,29 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 600.2 və 600.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. İş üzrə qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ... iddiaçı ilə aralarında xx.xx.2023cü il tarixli, 143 saylı müqavilə bağlanmışdır. Sözü gedən müqaviləyə əsasən o, Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən 5 ha torpaq sahədə pambıq əkməyi və iddiaçıya satmağı öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda müqavilə predmetinə əsasən iddiaçı pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət ərzində keyfiyyətlə yerinə yetirilməsi öhdəliyini üzərinə götürmüşdür. Bildirir ki, sözü gedən müqavilə bağlanmamışdan öncə iddiaçının ixtisaslaşmış nümayəndələri torpaq sahəsinə baxış keçirmiş, məhsuldarlığı araşdırıb və ondan sonra müqavilənin bağlanmasına razılıq vermişdir. Torpaq sahəsində ümumilikdə bir il ərzində iki dəfə pambıq əkilib. Belə ki, ilk dəfə əkilmiş pambıq yaxşı çıxmadığı üçün iddiaçının təkidi əsasında yeri şumlayaraq yenidən pambıq əkmişdir. Lakin ikinci səfərdə pambıq istənilən kimi məhsul verməmişdir. Hesab edir ki, hazırda borclu qalmağı iddiaçının səhvidir. Əksinə o iddiaçıya yox iddiaçı ona borclu qalmışdır. Zərdab Rayon Məhkəməsində məhkəmə işi yazılı icraatda keçirildiyindən və bundan xəbərsiz olduğundan fikirlərini hakimə çatdıra bilməmişdir. Lakin hesab edir ki, işin hər tərəfli obyektiv araşdırılması üçün iş üzrə ekspertiza təyin olunmalı və torpağın məhsul vermə qabiliyyəti müəyyən olunmalıdır. Göstərilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e- 2(035)-767/2024 saylı qətnaməsinin ləğv olunaraq iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
12. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394-1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
15. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
16. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
18. Maddə 21. Zərərin əvəzinin ödənilməsi - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
24. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
26. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e- 2(035)-767/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. İlk növbədə kollegiya qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam-pambıq məhsulu şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam-pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən təhvil verilmiş məhsulun dəyəri avans verilən borc və satılmış gübrə, dərman, toxumluq çiyid və görülmüş işlərin dəyərini tam ödəmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.
42. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 143 saylı müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən 5 ha torpaq sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyətlə yerinə yetirməsi, icraçı tərəfindən yığılmış məhsulun həmin müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində sifarişçiyə təhvil verilməsi və sifarişçi tərəfindən icraçının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir.
43. Müqaviləyə 1 saylı əlavə ilə 28 fevral 2022-ci il tarixli qiymət razılaşma protokolu tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir
44. Müqavilənin icrası ilə əlaqədar icraçı (cavabdeh) sifarişçidən (iddiaçı) 6960 manat məbləğində vəsait (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında ümumilikdə 6960 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 4267.64 manat məbləğində, 5621.44 kq xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi iddiaçıya 2692.36 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və təhvil-qəbul qəbzləri, kassa məxaric orderləri, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir
45. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
46. İddianı təmin edən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, 143 saylı müqaviləyə əsasən cavabdeh Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən 5 ha torpaq sahədə pambıq əkməyi və iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 6960 manat məbləğində vəsait avans olaraq götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 4267.64 manat məbləğində, 5621.44 kq xam pambıq təhvil vermiş bununla da, cavabdehin iddiaçıya 2692.36 manat qalıq borcu qalmışdır.
47. Cavabdeh apellyasiya şikayətində borcun olmasını etiraf edir, eyni zamanda həmin borcun iddiaçının səhvi ucbatından yarandığını bildirir, lakin bunu təsdiq edən halları göstərmir.
48. Apellyasiya şikayətinin başlıca dəlili işin hər tərəfli obyektiv araşdırılması üçün iş üzrə ekspertiza təyin olunması və torpağın məhsul vermə qabiliyyəti müəyyən olunması ilə bağlıdır.
49. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayaraq hesab edir ki, keyfiyyətli məhsulun yetişdirilməsi torpağa və həmin məhsula aqrotexniki qulluğun səviyyəsindən birbaşa asılıdır.
50. Cavabdeh torpağın məhsul vermə qabiliyyətinin müəyyən olunması dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməmişdir.
51. İş materiallarından da göründüyü kimi, iddiaçı pambıq məhsulunun becərilməsi üçün cavabdehi keyfiyyətli çiyid toxumu, lazımi gübrə, dərman vasitələri ilə təmin etmiş, iş və xidmətlərin görülməsi müvafiq pul vəsaitini avans şəkilində vermişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
54. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
56. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
57. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
58. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e- 2(035)-767/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
59. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2(035)-767/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov