Məhkəmə qərarları › İş №2(107)-2183/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2183/2021

02.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2183/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh, onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tаrixli, 2(039)-897/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 267 saylı 90109018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Yevlax rayonu, Nemətabad kəndində yerləşən 6.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh ilə bağlanmış saxta – 23 dekabr 2007-ci il tarixli 4Ə-04-361 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tаrixli, 2(039)-897/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşə аpellyаsiyа qаydаsındа bаxılаrkən iddiaçı tərəf məhkəmə kollegiyasına ərizə ünvanlayaraq iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh, onun vəkili X2 məhkəmə iclasında iştirak edərək, İddiaçı tərəfindən məhkəmə kollegiyasına göndərilmiş iddia tələbindən imtina barədə ərizəsinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, imtina qəbul edilməlidir. Belə ki, MPM-in 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-in 191.1. maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2. maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 52.5. maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 370.1. maddəsinə görə, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2. maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həl edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Mülki işin materiallarından görünür ki, İddiaçı iddia tələbindən imtina etməsi tərəflərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə İddiaçı iddiаdan imtina etməsinə dаir ərizəsini nəzərə alaraq mülki işin icraatına xitam verilməsini mümkün hesab edir. Ona görə də Yevlax Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tаrixli, 2(039)-897/2021 saylı qətnаməsi ləğv edilib, işin icrааtınа xitаm verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və MPM-in 52, 191, 370, 391 və 400, 402.2.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Yevlax Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tаrixli, 2(039)-897/2021 saylı qətnaməsi ləğv edilsin və mülki işin icraatına xitam verilsin. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar