Məhkəmə qərarları › İş №2(107)-2209/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2209/2020

01.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2209/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi İddiaçı - İddiaçı Qnyaz qızının nümayəndəsi X3 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-1236/2020 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-1236/2020 saylı qətnаməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi təmin edilmiş, ünvan 1 saylı ünvanda yaşayan abonent İddiaçı Qnyaz qızının barəsində xx xxxx 2017-ci il tarixli, MXD-6211 nömrəli İnventar Akta əsasən hesablanmış 2196 manat məbləğdə borcun abonent hesabından silinməsi qət edilmişdir. İşin halları: İddiaçı Qnyaz qızı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşlarının onun barəsində tərtib etdikləri xx xxxx 2017-ci il tarixli. MXD-6211 nömrəli İnventar Akta əsasən hesablanmış 2196 manat məbləğdə borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Qnyaz qızının nümayəndəsi X6 izahatında göstərmişdir ki, anası Şərifova X2 şəhəri. Az.Dres qəsəbəsi, Naxçıvan küçəsində yerləşən “Oskar" kafesinin sahibidir. Həmin ərazi ilkin olaraq X1 istifadəsinə verilmişdir. Lakin, Mingəçevir Bələdiyyəsinin xx xxxxxx 2007ci il tarixli. 41/3 nömrəli qərarına əsasan Mərcan Dəmirovaya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhərin Az.Dres qəsəbəsi, Naxçıvan küçəsindəki mövcud obyektlərin yanındakıərazidən ticarət obyektinin tikintisi üçün ayrılmış olan 50 kv.metr torpaq sahəsi Mərcan Dəınirovanm razılıq ərizəsinə əsasən geri alınaraq İddiaçı 20 il müddətinə icarəsinə verilmişdir. İddiaçı həmin ərazidə “Oskar” kafesi inşa edərək sahibkarlıq fəaliyyətinə başlamışdır. Fəaliyyətə başladığı dövrdən hazırki vaxtadək daim istifadə etdiyi suyun pulunu vaxtı vaxtında ödəmişdir. Ancaq 2020-ci ilin fevral ayında “X4"nin əməkdaşları iddiaçının barəsində akt tərtib olunduğunu və həmin akt əsasında da cərimə olunduğumu bildirdilər. Bundan sonra iddiaçı “X5”nə müraciət edərək barəsində tərtib olunmuş aktın ona verilməsini xahiş etmişdir. Aradan uzun zaman keçəndən sonra idarə tərəfindən bu yaxınlarda xx xxxx 2017-ci il tarixli. MXD-6211 nömrəli inventar aktının surəti ona təqdim olunmuşdur. Həmin aktla tanış olarkən müəyyən olunmuşdur ki. obyektə baxış keçirilən zaman obyektin sayğacının işlək vəziyyətdə olduğu, çöldə xətt sayğacdan qeyri-qanuni istifadə edildiyi qeyd edilmiş və kənar xəttin kəsildiyi göstərilmişdir. Bunun da nəticəsində iddiaçıya 2196 manat dəyərində borc hesablanmışdır. Obyektdə istifadə olunmuş suyun pulu hər il vaxtıvaxtında ödənilmiş, eyni zamanda obyektdə heç bir kənar xətdən istifadə olunmamışdır. Əgər belə olsaydı indiyə kimi “X5“nin əməkdaşları bu barədə onu xəbərdarlıq edərək, borcun ödənilməsini tələb edərdilər. Həmçinin suyun verilməsini dayandırardılar. Lakin 2020-ci ilin fevral ayına kimi heç kim bu barədə məlumat verməmişdir. Bundan başqa xx xxxx 2017-ci il tarixdə akt tərtib olunan vaxt iddiaçı iştirak etməmiş, ona heç bir sənəd bizə təqdim olunmamışdır. Həmin aktı tərtib edən şəxslərin onun əvəzindən imza yerində imtina qeydi yazması da başa düşülən deyil. Həmin akt qeyri-qanuni tərtib olunmuş, heç kim obyektə gəlməmiş, yalnız formal akt tərtib etmişlər. Ona görə də Cavabdeh ASC-nin əməkdaşlarının onun barəsində tərtib etdikləri xx xxxx 2017-ci il tarixli. MXD-6211 nömrəli İnventar Akta əsasən hesablanmış 2196 manat məbləğdə borcun onun abonent hesabından silinməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Müqavilənin şərtərinə uyğun olaraq cavabdeh istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun qaydada Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödəyir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdan kənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdan kənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=15 mm-lik su xətti vasitəsi ilə sudan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilmişdir. Bu barədə MXD- 6211 saylı, xx xxxx 2017-ci il tarixli akt tərtib edilmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 2196 (iki min yüz doxsan altı) manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)- 1236/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qnyaz qızının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-1236/2020 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbər dar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1236/2020 saylı qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbini təmin edərkən belə nəticəyə gəlmişdir ki, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə olunması hər hansı sübutla öz təsdiqini tapmamışdır. İşin faktiki hallarından görünür ki, su sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamış, onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən Dəmirova Mərcan (“Oskar” kafesi) barəsində xx xxxx 2017-ci il tarixli, MXD-6211 nömrəli İnventar Aktdan görünür ki, Mingəçevir şəhəri Az.DRES qəsəbəsi Naxçıvan küçəsində «Oskar» kafesinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, obyekt sayğacı işlək vəziyyətdədir. Çöldə xətt sayğacdan qeyri qanuni istifadə olunması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına dair arayışdan görünür ki, “Oskar” kafesi 1098 m3 miqdarında 2.196 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. İş materiallarında olan “Abonent haqqında məlumat”dan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Mağaza-fiziki şəxs Dəmirova Mərcana məxsusdur (VÖEN: **********) . İş materiallarında olan Cavabdeh ASC-nin istifadə olunmuş suya görə hesab fakturalarında da Oskar mağazasının sahibi kimi, Dəmirova mərcanın olduğu müəyyən olunur. İş materiallarına əlavə olunmuş vergi ödəyicilərinin məlumatları pottalından çıxarışdan X1 vergi ödəyicisi olmaqla VÖEN: ********** olduğu məlum olur. İş materiallarından görünür ki, sudan istifadə üzrə bütün sənədləşmə fərdi sahibkar X1 adınadır (su sayqacı, müqavilə, hesab fakturalar) Cavabdeh ASC-nin xx xxxx 2017-ci il tarixli, MXD-6211 nömrəli İnventar aktı da “Oskar” mağazasının sahibi X1 adına tərtib edilmiş və həmin akt əsasında sudan qeyriqanuni istifadə nəticəsində 2.196 manat dəyərində ziyan hesablanmışdır. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı Qnyaz qızının Cavabdeh ASC-yə ziyan vurduğu müəyyən edilmir. Eyni zamanda, müəyyən edilmişdir ki, İddiaçı Qnyaz qızının fərdi sahibkarlıq statusu yoxdur. Belə olan halda İddiaçı Qnyaz qızı Cavabdeh ASC-nin vurulduğunu iddia etdiyi həmin ziyan məbləğini ödəməli şəxs deyildir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Qnyaz qızının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Yəni hazırkı iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.2, 385.1.4-cü maddələrinin tələblərinə əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iclаsındа tədqiq olunаn sübutlаrı məcmu hаldа qiymətləndirərən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1236/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1236/2020 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qnyaz qızının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar