Məhkəmə qərarları › İş №2(107)-221/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-221/2025

11.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-221/2025 11.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “akt nəticəsində hesablanmış pulun azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: akt əsasında hesablanmış məbləğin azaldılması, kənar qoşulma) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt nəticəsində hesablanmış pulun azaldılması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(037)-653/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Azəriqaz” X5 X7 İdarəsi tərəfindən 2023-cü ilin aprel ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 4415.04 manat borc məbləğinin azaldılaraq 122.63 manat saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinə təbii qaz xətti çəkdirmiş,abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır.Hər ay cavabdeh "Azəriqaz” İB Ağsu RQİİ İsmayıllı Xidmət Sahəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir.23 mart 2023-cü il tarixdə, axşam saatlarında təbbi qaz məhdudlaşdırılmış və mətbəxdə demək olar ki,istehlak dayandırılmışdır.O da sayğacdan kənar xəttlə mətbəxdə qazın təchizatını bərpa etmişdir.Cəmi 23 gün həmin xətlə yalnız mətbəxdə istifadə etmişdir.Cavabdeh "Azəriqaz” İB Ağsu RQİİ İsmayıllı Xidmət Sahəsinin əməkdaşı 13 aprel 2023-cü il tarixdə sayğaca baxış keçirmiş, baxış keçirilən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar edilmişdir. Buna görə də ona qanunsuz olaraq 4415.04 manat məbləğində borc hesablanmışdır. Lakin bildirmək istəyir ki, həmin xətt aşkar edilsə da, o həmin xəttdən heç bir vaxt istifadə etməmişdir, istifadəsiz bir xəttdir.Aşkar edilən zaman da istifadə edilməmişdir. Ona görə də o hesablanmış borc məbləği ilə razı deyildir, hesab edir ki, həmin borc tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən evində istifadə edilən qaz cihazlarının 365 günə hesablanması heç bir qanunla tənzimlənmir,tam qanunsuzdur,ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur. Hesab edir ki, qanunsuz olaraq 4415.04 manat məbləğində hesablanmış borc azaldılmalıdır. Belə ki, "Azəriqaz” X2 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 1,5 kbm/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün əhali abonentlərinin,o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir,sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. "Azəriqaz” İB-nin əməkdaşları xx.xx.2023- cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli,11 nömrəli qərarı ilə təsdiqlənmiş "istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatlarına istinad etmişdir. Bununla əlaqədar bildirmək istəyir ki, "Azəriqaz” İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki,Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normasına istinad edilməkla qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır.Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi "istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalar”na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. Həmçinin "Normativ-hüqugi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.16-cı maddəsinə əsasən normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikası X8 Reyestrinə daxil edilməsi normativ hüqugi aktın rəsmiləşdirilməsidir. Həmin qanunun 85.1-ci maddəsinə əsasən,Qanunlar,fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin qanunun 85.2-ci maddəsinə əsasən, Konstitusiya qanunun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar,həmin aktlar da qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X8 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli qərarı və "Azəriqaz” İB Ağsu RQii-nin xx.xx.2020-ci il tarixli qərarı X8 Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qərarların müddəaları istehlakçı üçün məcburi xarakter daşımır. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan suiistifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, yaşadığı evdə aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. Dəymiş ziyanın bərpasına dair tələbnamənin istinad edildiyi 13 aprel 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazları aprel ayında və arxaya hesablanmış növbəti 365 gündə və 24 saat ərzində istifadə edilmədiyindən, bundan əlavə ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə ünvanına baxış keçirdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətinə və 8 saat üçün hesablanmaqla cərimənin ümumi məbləği azaldılaraq 122,63 manat saxlanılmalidır.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir.

3. Cavabdeh iddia tələbinə verdiyi etirazını onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Cülyan kəndində yaşayan İddiaçı İsmayıllı rayon Məhkəməsində iddia qaldıraraq abonent koduna əsassız yazılmış 4415.04 manat məbləğin azaldılaraq 122.63 manat saxlanmasını xahiş etmişdir.Hesab edir ki,iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2023-cü il tarixində "Azəriqaz” X5 RQii-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu,Cülyan kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən,mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023- cü il tarxli,0371455 nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir.xx.xx.2023cü il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə "Azəriqaz” iB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli,0371455 nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********01180 nömrəli abonent koduna 36792m3 - 4415.04 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 4415.04 manat məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri hərəkətsizliyi, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmə iclasına gəlməmiş,dəftərxana vasitəsilə məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır.

5. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır.

6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 17 iyul 2024-cü il tarixli, 2(037)-653/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********01180 nömrəli abonent koduna vurulmuş 4415.04 manat cərimə məbləği azaldılaraq 181.44 manat müəyyən edilməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 13 aprel 2023-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılması zamanı iddiaçının sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********01180 nömrəli abonent koduna 36792 m3 - 4415.04 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır.Cavabdeh İB-nin Ağsu X9 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyriqanuni qaz xətti aşkar olunduğundan həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq, qaz işlədicələrindən 1 ədəd PQ-4- ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd iran sobası maksimal saatlıq qaz sərfi 1.5 m³/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün və 1 ədəd qeyri-standart su qızdırıcı maksimal saatlıq qaz sərfi 1.5 m³/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün (1.2x24x365=10512m³), (1.5x24x365=13140 m³) və (1.5x24x365=13140 m³) dəymiş ziyan müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 4415.04 manat borc məbləğinin azaldılaraq 122.63 manat saxlanılmasını, cavabdehin nümayəndəsi isə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş edirlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə hesab etmişdir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, İddiaçı qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 36792 m3 miqdarında, yəni 4415.04 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir.Belə ki, İddiaçı 2023-cü ilin aprel ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsada,Azəriqaz İB iddiaçının təbii qazdan 365 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 4415.04 manat cərimə hesablamışdır.İddiaçının qanunsuz qaz xəttindən 365 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı fərdi yaşayış evində olan qaz avadanlıqlarından təbii qazdan 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. (4.2x12x30=1512 m³)

9. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Ağsu X9 İdarəsi tərəfindən tərtib olunmuş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən İddiaçı hesablanmış 4415.04 manat cərimə məbləği azaldılaraq 181.44 manat müəyyən edilməlidir. (4.2x12x30=1512 m³ x 0.12=181.44)

10. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2, 4.7, 4.8, 4.9, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli Qərarının 2.4-cü bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.

13. Belə ki, xx.xx.2023-cü il tarixində Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu Cülyankəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********01180nömrəli abonent koduna 36792 m – 4415.04 (dörd min dörd yüz on beş manat dörd qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 4415.04 (dörd min dörd yüz on beş manat dörd qəpik) məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.

14. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödənilməsi barəsində bildiriş göndərilmişdir.

15. Təqdim edilmiş sənədlər, video və fotoşəkillər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.

16. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.

17. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Təbii qazdan qanunsuz istifadəyə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir. Yaranmış borc təbii qazdan qeyri-qanuni istifadə əsasında hesablanmışdır.

18. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz” X5 RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşlar İısmayıllı rayonu Cülyan kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********01180 nömrəli abonent koduna 36792 m – 4415.04 (dörd min dörd yüz on beş manat dörd qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan qeyri-qanuni sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir.

19. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

20. Odur ki, məhkəmə kollegiyasından Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-653/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdehhesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

24. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyator İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(037)-653/2024 nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda təbii qazdan istifadə qaydalarına riayət edilməsi yoxlanılmış və iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. 13 aprel 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Ağsu RQİİ-nin dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə İddiaçı **********01180 nömrəli abonent koduna 4415,04 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Belə ki, məhkəməyə təqdim edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq qaz işlədicələrindən 1 ədəd PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd qeyri standart su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmış qazın 1.2x24x365=10512m³, 1.5x24x365=13140 m³ və 1.5x24x365=13140 m³ olmaqla cəmi 36792 m³ təşkil etməsi kimi hesabat aparılmışdır.

35. Göründüyü kimi, cavabdeh təşkilat dəymiş ziyanın ödənilməsi barədə tələbnamə ilə 13 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmış qazın həcminin cəmi 36792 m³ təşkil etməsi qənaətinə gəlmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin sübutlara qiymət verməməsi, iddia ərizəsinin təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmin edilməsi, təqdim edilmiş sənədlər, video, fotoşəkillər, saldo və digər sənədlərin sübut qismində düzgün araşdırılmaması, onlardan istifadə edilməməsinə dair dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına kənar qoşulma halı ilə bağlı iddiaçının hər hansı bir məsuliyyətə cəlb edilməsinə dair heç bir sənəd əlavə edilməməklə yanaşı, cavabdeh təşkilat tərəfindən buna dair məhkəmə kollegiyasına da hər hansı bir sübut təqdim edilməmişdir.

38. Qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacdan kənar hər hansı bir qoşulmanın müəyyən ediləcəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, itirilmiş təbii qazın həcminin bir aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz.

39. Yuxarıda qeyd edirlənləri nəzərə alan məhkəmə kollegiyası Cavabdeh iddiaçıya akt əsasında 1 aydan artıq müddət üçün hesabat aparmaqda doğru nəticəyə gəlməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

40. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(037)-653/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulması yol verilməzdir.

41. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(037)-653/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(037)-653/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar