Məhkəmə qərarları › İş №2(107)-2226/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2226/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2226/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borc pul tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-503/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-503/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 308 manat əsas borc, 5 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 333 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********32331 olan “X3 7” markalı telefon üçün 308 manat ödənilməmiş hissə və 30 manat cərimə - ümumilikdə 338 manat borc, habelə 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 358 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəyə etiraz etdiyindən Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 462 (dörd yüz altmış iki) manat, İMEİ Kodu **********32331 olan “X3 7” markalı telefonu qiymətini 6 ay müddətində hissə-hissə ödəmək (kredit) şərtilə almış, cavabdehin cəmi ödədiyi məbləğ 154 manat olmuş, müqavilə şərtlərinə lazımınca əməl etmədiyinə görə onun 338 (üç yüz otuz səkkiz) manat borcu yaranmışdır (bundan 308 manat əsas borc, 30 manat cərimə təşkil edir). Cavabdeh yaranmış borcunu könüllü surətdə ödəməkdən yayındığına görə MMC həmin pulu məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər. İddiaçı “xxxxxxxxxxx” MMC-nin direktoru məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi yazılı etirazında göstərmişdir ki, xx.xx.2019-cu il tarixində müvəqqəti kirayədə yaşadığı evdən otaq yoldaşı tərəfindən “Redmi Note 7” markalı mobil telefonu oğurlanmışdır. Bu haqda 102 xidmətinə məlumat verilmiş və Bakı şəhəri Nəsimi rayon 20-ci polis bölməsinə yazılı şəkildə şikayət olunmuşdur. Bir müddətdən sonra cavabdehə məxsus telefonun Cəlilabad rayon sakini X2 tərəfindən oğurlandığı və 28 May adlanan ərazidə telefon mağazasına satıldığı müəyyən olunmuşdur. Hadisənin üstü açılmış, telefonu alan şəxs, mağaza sahibi və o, 20-ci polis bölməsinə getmiş, orada hər üçündən izahat alınmışdır. Ona məxsus olan telefonu mağazadan alan şəxs bölməyə gətirilmiş, lakin telefon ona təhvil verilməmişdir. Polis əməkdaşı telefonun maddi sübut kimi həmin şəxsdə saxlanılacağını bildirmiş, telefon ona təhvil verilməmişdir. Telefon başqa şəxs tərəfindən işlədildiyinə görə o, krediti ödəməmişdir. Ona məxsus “Redmi Note 7” markalı telefon ona təhvil verilərsə o, kredit ödənişini davam etdirəcəkdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-503/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, qətnamə ilə razı deyil və qətnaməni əsassız hesab edir. Belə ki, telefon onun mülkiyətindən ondan aslı olmayan səbəblərə görə çıxmışdır, həmin telefon onun otaq yoldaşı tərəfindən oğurlanmış, bununla bağlı Bakı şəhəri Nəsimi rayon 20-ci polis bölməsində araşdırma aparılmış və telefonu oğurlamış şəxs törətmiş olduğu əməli etiraf etmişdir. Həmin telefon Bakı şəhəri Nəsimi rayon 20-ci polis bölməsinə təqdim edilmişdir. Lakin telefonu ona qaytarılmamış və həmin şəxs barəsində inzibati qaydada tədbir görülməmişdir. Bu səbəbdən telefonu işlətmədiyinə və telefon ona qaytarılmadığına görə krediti ödəməmişdir. Lakin Balakən Rayon Məhkəməsi telefonun aqibəti, inzibati xəta törətmiş X2 barəsində inzibati tədbir görülübgörülməməsi ilə bağlı araşdırma aparmadan iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-503/2020 nömrəli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı “xxxxxxxxxxx” MMC-nin baş direktoru H.F.İsrafilzadəteleqramla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-503/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxxxxxxxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və "xxxxxxxxxxx" MMC Cavabdeh bir ədəd qiyməti 462 manat, İMEİ Kodu **********32331 olan “X3 – 7” markalı telefonu 6 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin (ödəniş cədvəlinin) 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müştəri (alıcı) müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan xx.xx.2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh ərizəsi əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, çıxarılmış qərar barədə işdə maraqlı tərəflərə məlumat verilmiş və qeyd olunan hadisəni törətmiş X1 yeri müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi Nəsimi RPİ-nin 20-ci PB-nə həvalə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-dən 462 manat dəyərində bir ədəd İMEİ Kodu **********132331 olan “X3 7” markalı telefonu 6 ay müddətə kreditlə-nisyə almışdır. Cavabdeh cəmi 154 manat ödəniş etmiş, hal-hazıra onun 308 manat əsas borcu qalmış, ona 30 manat cərimə də hesablanmışdır (cəmi borcu 338 manat təşkil edir). Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 308 manat əsas borc, 5 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 333 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə ... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... Məhkəmə hesаb etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması (lazımınca icra edilməməsi) kimi qiymətləndirilməlidir. Belə ki, o, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əsasən dövri ödənişlər etməli olduğu halda həmin ödənişləri bir müddət etməmiş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdehonun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. İddiaçı alqı-satqı müqaviləsinin predmeti olan mobil telefonu cavabdehin sərəncamına verdiyi vaxtdan həmin müqavilə üzrə öz öhdəliyini icra etmiş, bundan sonra cavabdehin telefonun dəyərini hissə-hissə 6 ay ərzində ödəmək öhdəliyi yaranmışdır. Lakin cavabdeh öhdəliyini lazımınca (axıradək) icra etməmiş, nəticədə 308 manat borclu qalmışdır. Cavabdeh həmin borcunu ödəməməsini alğı-satqı müqaviləsinin predmeti olan mobil telefonun ondan oğurlanması ilə izah edərək telefonu özünə qaytarılandan sonra ödənişi davam etdirəcəyini bildirir. Lakin telefonun oğurlanması, hətta məhv olması onun dəyərini iddiaçıya (satıcıya) tam ödəmək öhdəliyindən cavabdehi (alıcını) azad etmir; bu cür hadisələr iddiaçının cavabdehlik daşımadığı hallardlr. Ona görə də cavabdehin müqavilə öhdəliyini icra etməkdən imtina etməsinin (boyun qaçırmasının) qeyd olunan səbəbi qanuni əsas sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi, yəni Cavabdeh 308 manat əsas borc, 5 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 333 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddia tələbinin qiyməti (məbləği) iki min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-503/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-503/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar