Məhkəmə qərarları › İş №2(107)-2233/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2233/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2233/2021 21.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Zamin qarşı lizinq ödənişi tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2 (075)-213/2020 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Zamin banka borclu olduqları 28548,47 manat lizinq ödənişi, 12027,90 manat lizinq mükafatı borcu, 53063,53 manat cərimə borcunun, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu vəsaitinin xeyrinə tutulması və lizinq obyektində yaşayan cavabdehlərin lizinq obyekti olan mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 05 mart 2020-ci il tarixli, 2 (075)- 213/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Zamin müştərək qaydada 28548,47 manat lizinq ödənişi, 12027,90 manat lizinq mükafatı borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 41076,37 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 lizinq obyekti olan, İddiaçı ASC-nin mülkiyyətindəki Şəki şəhəri, S.Rəhman küçəsindəki 73 nömrəli binanın 10 nömrəli mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf qeyd olunan krediti biznes məqsədi ilə götürməsinə, kreditdən təyinatı üzrə istifadə etməsinə baxmayaraq, borclarını ödəməkdən yayınırlar. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. “X1” adlı şəxs məhkəməyə teleqram ünvanlayaraq ailələrinin COVİD-19 xəstəllyinə tutulması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəflin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının mümayəndəsinin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2 (075)-213/2020 saylı qətnaməsi tamamilə ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı tərəfin hüquqi şəxs, Cavabdeh1 isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (İddiaçı ASC VÖEN ********** Cavabdeh1 VÖEN **********). Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli daxili lizinq müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı ASC tərəfindən mülkiyyətində olan Şəki şəhəri, S.Rəhman küçəsindəki 73 nömrəli binanın 10 nömrəli mənzili Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh1 isə lizinq üzrə 30000 manat borc məbləğini, ona illik 20 faiz dərəcəsi ilə hesablanan mükafat dərəcəsini hər ay 1034 manat olmaqla 40 ay müddətində hissə-hissə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əssasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri İddiaçı Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs, digəri fərdi sahibkarlıq (mebellərin pərakəndə satışı) statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan, hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. (İ026KL16 nömrəli lizinq müqaviləsi i/m səh. 19). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7.Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2 (075)-213/2020 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları kobud pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(075)-213/2020 saylı qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Zamin qarşı lizinq ödənişi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar