Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2268/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(035)-590/2020 nömrəli qərardadından cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası “xxxxxxxx” ASC X3 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş bildiriş üzrə qanunsuz onun adına hesalanmış 387.73 manat borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə vəsatətlə Zərdab Rayon Məhkəməsinə müraciət edərək hüquqi şəxs olan “xxxxxxxx” ASC Bakı şəhəri, Nəsimi rayonu A.Bakıxanov küçəsində rəsmi qeydə alındığı üçün İddiaçı tələbi barədə Zərdab Rayon Məhkəməsinin icraatında olan mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxxxx 2020-ci il tаrixli 2(035)-590/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxxxxxx” ASC-yə qarşı “istehlakçı hüququnun müdafiə edilməsinə və qanunsuz hesablanmış borcun silinməsinə dair” iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə vəsatəti rədd edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(035)-590/2020 nömrəli qərardadından cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsi və işin aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 1045 saylı sərəncamının icrası ilə əlaqədar “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətlərinə Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin satın almaqla istehlakçının etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi, bu sahədə yeni texnologiyalann tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxil edilmişdir. Sərəncamdan görünür ki, respublikanın bütün ərazisində (Naxçıvan MR istisna olmaqla) enerji təchizatı müəssisəsi fəaliyyəti “xxxxxxxx” ASC-yə həvalə edilmişdir. “xxxxxxxx” ASC müstəqil hüquqi şəxs olaraq Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən ayrıca əmlaka və müstəqil balansa malik olmaqla, öz adından mülki hüquqlar əldə edərək mülki vəzifələr daşıyır. Cəmiyyətin hüquqi ünvanı Bakı səhəri, Nəsimi ravonu, A.Bakıxanov küçəsi, 13 ünvanıdır. Zərdab rayon elektrik şəbəkəsi isə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan X5 Təchizatı və Satışı İdarəsinin struktur tərkibinə daxildir. Bildirir ki, yuxarıda göstərilən iddia tələbi barədə Zərdab rayon Məhkəməsinin icraatında olan işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması məqsədilə tərəfindən məhkəməyə vəsatət təqdim olunmuşdur. Zərdab rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-590/2020 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Hazırkı iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla verilmişdir. Belə olduğu halda iddiaçı X2 “İstehlakçı hüququnun müdafiə edilməsinə və qanunsuz hesablanmış borcun silinməsinə dair” ərizəsinə Zərdab rayon Məhkəməsində baxıla bilməz. Ona görə də qeyd olunan iddia tələbi üzrə ərizəyə məhkəmə aidiyyəti qaydasında Zərdab rayon Məhkəməsində deyil, Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi məhkəmə hüquq normalarını pozaraq, işi hüquqi şəxs olan “xxxxxxxx” ASC ünvanının olduğu yerə göndərməmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(035)-590/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh “xxxxxxxx” ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(035)-590/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 4-cü maddəsində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətlərinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 31.1-ci mаddəsinin tələbinə görə, аidiyyət qаydаlаrının pozulmаsınа yol verilmir. Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin İV fəsli, 33-45-ci maddələri ilə müəyyən edilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddianın predmeti istehlakçı hüquqlarının müdafiəsi ilə bağlıdır. MPM-in: 33-cü maddəsinə görə, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. 36.9-cu maddəsinə görə, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi qanunvericilik istehlakçıların hüququnun müdafiəsi haqqında iddialara iddiaçının yaşadığı yerə görə verilməsini iddiaçının özünün seçiminə aid etmişdir. İddiaçı isə hazırkı iddia ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərkən iddiaçının seçməsinə görə aidiyyət hüququndan istifadə etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin baxılması üçün “xxxxxxxx” ASCnin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi regionda yaşayan iddiaçının məhkəmədə bilavasitə iştirak etmək imkanını çətinləşdirməklə yanaşı, artıq, izafi xərclər (yol xərci) çəkməsinə, həm də onun seçim hüquqlarının pozulmasına gətirib çıxara bilər. Ona görə də işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin hüquqi əsası yoxdur. Hazırkı işə Zərdab Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də vəsatət təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qanunvericiliyə uyğun olduğuna görə, məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır. Şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(035)-590/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2268/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2268/2020
16.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver