Məhkəmə qərarları › İş №2(107)-2280/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2280/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2280/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1038/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1038/2020 nömrəli qətnаməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına onlara 3000 manat kompensasiya ödəməsi müqabilində xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin həcmini artıraraq izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə 1983-cü ildə nikaha daxil olmuş, 2004-cü ilin aprel ayında isə həmin nikah Mingəçevir Şəhər Məhkəməsində pozulmuşdur. Digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 onların övladlarıdır. Onun mülkiyyətində olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzili xx.xx.1999-cu ildə 3691 reyestr nömrəsi ilə adına qeydə alınmışdır. Sonradan mənzilin sənədləri itdiyinə görə xx.xx.2011-ci il tarixdə həmin mənzil ********** nömrə ilə yenidən onun adına qeydiyyata alınmış və bununla bağlı DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən onun adına MA seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdehlər 1999-cu ildə mülkiyyətində olan həmin mənzili könüllü tərk edərək yaşamaq üçün Rusiya Federasiyasına çıxıb getmişlər. Yalnız 2004-cü ildə Cavabdeh1 Rusiya Federasiyasından gəlib Mingəçevir Şəhər Məhkəməsinə onunla nikahının pozulmasına dair ərizə vermiş və nikahı pozdurub geri qayıtmışdır. Nikahın pozulmasından onun xəbəri olmamışdır. Cavabdeh2 2012-ci ilin iyul ayında Bakı şəhər sakini X3 ilə ailə qurmuş və həmin vaxtdan da Bakı şəhərində yaşamışdır. Nəhayət, digər Cavabdeh3 o biri cavabdehlər kimi 1999-cu ildə onun mülkiyyətində olan mənzili könüllü tərk edərək anası ilə birgə Rusiya Federasiyasına getmiş və hal-hazıra kimi anası ilə orada yaşayır. Cavabdehlərin həmin mənzildən könüllü surətdə çıxıb getmələri və orada yaşamadıqları barədə qonşuların iştirakı ilə 11 saylı MİS tərəfindən birgə akt tərtib edilmiş, həmin akt bir neçə dəfə Mingəçevir Şəhər Məhkəməsinə təqdim olunmuş və hal-hazırda onun surəti bu iddia ərizəsinə də əlavə olunur. O, 2017-ci ilin sentyabr ayında Bakı şəhərində DİN-in Hospitalında Kardiologiya şöbəsində müalicə alan zaman (2011-ci ildə ürəyindən açıq əməliyyat olunmuşdur) cavabdeh Əliyeva X2 şəhərinə gələrək onun mülkiyyətində olan mənzilin qapısını qırmış və beləliklə, mənzilə daxil olmuşdur. O, Hospitaldan qayıtdıqdan sonra bundan xəbər tutmuş və Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Lakin Polis Şöbəsindən ona bildirmişlər ki, bu iş məhkəməyə aid olduğu üçün ora müraciət etməlidir. Ona görə də onun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3000 manat kompensasiya verməklə onun mənzilinə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, İddiaçı onun atasıdır. Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilini valideynləri birgə nikah dövründə əldə ediblər. O da uşaqlığından həmin mənzildə yaşamışdır. Göstərilən mənzildə qeydiyyatda olmaqla həmin mənzildən faktiki istifadə edir. Göstərilən mənzildə o, uşaqlığından yaşamaqla qeydiyyatdadır. Həmin mənzildə hətta övladları da qeydiyyatdadır. Mənzil bu yaxınlarda anasının vəsaiti hesabına təmir olunmuşdur. Sözügedən mənzilin onun istifadəsində olmasını və başqa bir yaşayış yerinin olmamasını nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birinci instansiya məhkəməsinə teleqram göndərərək İddiaçı tərəfindən verilmiş iddia tələbini qəbul etmədiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1038/2020 nömrəli qətnaməsindən nаrаzı qаlаn İddiaçı həmin qətnamədən аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-in 8, 9, 10, 13, 14, 385 və 387-ci maddələrinin, həmçinin Azərbaycan Respublikası MM-in 228.2, 152 və 157-ci maddələrinin tələblərinə riayət etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə son nəticədə onun konstitutsion hüquqlarının pozulmasına gətirib çıxaran, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli mənzil olan ünvan 1 mənzil 7 ünvanında yerləşən 1 otaqlı, yaşayış sahəsi 17,92 kv.m olan mənzil onun adına özəlləşdirilmişdir. Həmin mənzil Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə 7851 saylı qeydiyyat vəsiqəsinə əsasən 3691 reyestr nömrəsi ilə onun adına qeydə alınmışdır. Bundan sonra mənzil onun adına təkrarən xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və bununla bağlı DƏDRX-nin 17 saylı Yevlax rayon Ərazi İdarəsi tərəfindən ona MA seriyalı ******* saylı Çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən bu hala diqqət yetirməmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1999-cu ildə könüllü olaraq çıxıb Rusiya Federasiyasına gedib orada yaşamış və indiyə kimi də yaşayırlar. O, məhkəməyə cavabdehlərin ona məxsus həmin 1 otaqlı mənzildə uzun müddət yaşamadıqları barədə akt təqdim etmişdir. Həmin akt Mingəçevir şəhəri 11 saylı MİS tərəfindən qonşuların iştirakı ilə tərtib olunmuş və orada qeyd edilmişdir ki, cavabdehlər həmin mənzildə uzun müddətdir ki, yaşamırlar. Yalnız o, 2017-ci ilin sentyabr ayında Bakı şəhərində DİN-in Hospitalında Kardiologiya şöbəsində müalicə alan zaman cavabdeh Əliyeva X2 şəhərinə gələrək mülkiyyətində olan mənzilin qapısının kilidini qırmış və beləliklə mənzilə daxil olmuşdur. O, Hospitaldan qayıtdıqdan sonra bundan xəbər tutmuş və Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Lakin, Polis Şöbəsindən ona bildirmişlər ki, bu iş məhkəməyə aid olduğu üçün o, ora müraciət etməlidir. Ona görə də o, mənzil mülkiyyətçisi olduğu üçün Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikası MPM-in 149, 150-ci maddələrinə və Azərbaycan Respublikası MM-in 228.2-ci maddəsinə əsasən 3000 (üç min manat) verməklə, cavabdehlərin onun mülkiyyətindəki 1 otaqlı mənzilinə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbini irəli sürmüşdür. Lakin Mingəçevir Şəhər Məhkəməsi bu məbləğin az olduğunu bildirmişdir. Belə olduqda o, məhkəmənin özünün müvafiq saydığı məbləği təklif etməyi xahiş etmişdir. Amma Mingəçevir Şəhər Məhkəməsinin hakimi buna ixtiyarı olmadığını bildirmişdir. Bundan başqa, həmin məbləğin 4000-7000 manata qaldırılmasını şifahi surətdə bütün məhkəmə iclaslarında bir neçə dəfə təklif etməyinə baxmayaraq məhkəmə bunu nəzərə almamış və heç birinə əhəmiyyət verməmişdir. Sonuncu məhkəmə iclası ümumiyyətlə ötəri keçirilmiş, ona söz verilməmiş, həmin 3000 manat məbləğin az olması vurğulanmışdır. O, yenə də həmin məbləğin 4000-7000 manata qaldırılmasını bir neçə dəfə təklif etmişdir. Məhkəmə kollegiyasında o, cavabdehlərə mülkiyyətində olan, Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı birotaqlı mənzilindən kompensasiya verməklə yaşayış hüququna xitam verilməsi barədə ilkin göstərdiyi 3000 manat məbləğin artırılaraq 5000 - 7000 manat məbləği arasında olmasını təklif edir. Ona görə də o, iddiaçı olduğu üçün mülkiyyətçi hüquqlarından istifadə etməklə, eyni zamanda, mənzilin üzərində sahiblik, istifadə, sərəncam hüququ olan şəxs kimi, Azərbaycan Respublikası MM-in 152-ci maddəsinə əsaslanmaqla və bu hüquqlardan istifadə etməklə cavabdehlərin onun mənzil sahəsindən istifadə hüquqlarına xitam verə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya şikayəti üzrə məhkəmə icraatı zamanı İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən istifadə hüququna xitam verilməsi üçün ilkin təklif etdiyi kompensasiya məbləğini cavabdehlərin hər birinə 3000 (üç min) manat verməklə ümumilikdə 9000 (doqquz min) manata qədər artırır. Odur ki, 9000 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin və ərizəsinin məzmununa uyğun izahat verərək ona məxsus mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququna xitam verilməsi üçün 9000 (doqquz min) manat məbləğində kompensasiya ödəməyə razı olduğunu bildirdi və bu şərt müqabilində iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, onun və digər cavabdehlərin başqa yaşayış yerləri yoxdur, eləcə də maddi vəziyyəti ona əri və iki uşağı ilə kirayədə yaşamağa imkan vermir. Əgər iddiaçı o və digər cavabdehlərin hər birinə 13.000 manat kompensasiya verərsə, mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinə razılaşarlar. Əks təqdirdə, İddiaçı tərəfindən onlara ümumilikdə 9000 (doqquz min) manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsinə etiraz edirlər. O, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət olunmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1038/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası təmin edilməli, X1 mülkiyyətində olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına onların hər birinə iddiaçı tərəfindən 3000 (üç min) manat, ümumilikdə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməsi müqabilində xitam verilməli, cavabdehlərə kompensasiya məbləğinin ödənilməsi ilə eyni vaxtda onlar mübahisəli mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan DƏDRX-nin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdə, ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(051)- 415/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının isə qismən təmin edilməsi, İddiaçı Məhəmməd oğlu ilə birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilinə Cavabdeh1 payının 2/3 hissədə, İddiaçı Məhəmməd oğlunun payının isə 1/3 hissədə müəyyən edilməsi, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinin qalan hissəsinin təmin edilməməsi, iddiaçı (müstəqil tələb irəli sürən 3-cü şəxs) Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-265/2019 nömrəli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(051)-415/2018 nömrəli qətnaməsinin “və qeyrilərin mənzildən çıxarılması” hissəsinin ləğv edilməsi və ərizənin həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Eyni zamanda, işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-265/2019 nömrəli qətnaməsindən (çıxarışdan) görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(051)-415/2018 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddia üzrə İddiaçı Məhəmməd oğlu ilə birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilinə Cavabdeh1 payının 2/3 hissədə, İddiaçı Məhəmməd oğlunun payının isə 1/3 hissədə müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilinə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(051)-415/2018 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)- 265/2019 nömrəli qətnaməsində Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilinə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi barədə məhkəmə kollegiyasının gəldiyi nəticə onunla əsaslandırılmışdır ki, işin müəyyən olunmuş hallarına görə İddiaçı ilə Cavabdeh1 1983-cü ilin yanvar ayında nikalarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan 1984-cü il təvəllüdlü Leyla Məmmədli və 1987-ci il təvəllüdlü Günel Məmmədli adlı qızları anadan olmuşdur. xx xxxxxxx 1997-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 537 saylı sərəncamı ilə İddiaçı 4 nəfərdən ibarət ailəsinə ünvan 2 mənzil 7 ünvanında 1 otaqdan ibarət 17,92 kv.m yaşayış sahəsi, 16,57 kv.m yardımçı sahəsi olan mənzil verilmişdir. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax ərazi idarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə 3691 reyestr nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Sözügedən mənzilin İddiaçı adına özəlləşməsinə həyat yoldaşı Cavabdeh1 ərizə verərək razılığını bildirmişdir. Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış, bununla bağlı DƏDRX Yevlаx Rаyоn Ərаzi İdаrəsi tərəfindən İddiaçı MA seriyalı, ******* sаylı çıxаrış verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında olan nikah 2004-cü ilin aprel ayında məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh2 2002-ci ildə ailə quraraq həmin mənzili tərk etmiş, sonradan nikahı pozulmuş və həmin mənzilə yaşamaq üçün qayıtmışdır. O, deməsinə görə, 2012-ci ildə Bakı şəhər sakini X3 ilə ailə quraraq Bakı şəhərində yaşamışdır. Həmin nikahdan xx xxxx 2013-cü ildə X9 və xx xxxxxxxx 2015-ci ildə X7 adlı uşaqları doğulmuşdur. O, hal-hazırda uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır. Cavabdeh1 həmin mübahisəli evdə yaşamaqla vaxtaşırı biznes fəaliyyəti ilə məşğul olmaq üçün Rusiya Federasiyasına gedir, hal-hazırda da oradadır. Mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı qapılar bağlı olduğundan mənzilə daxil ola bilmir. Qeyd edildiyi kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətinə dövlət mənzil fondunun özəlləşdirilməsi yolu ilə keçmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Eyni zamanda, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən Qərarının hüquqi mövqeyi kontekstində apellyasiya kollegiyası bu nəticəyə gəlmişdir ki, mübahisəli mənzil İddiaçı təkbaşına mülkiyyətindədir, onun keçmiş həyat yoldaşı Cavabdeh1, habelə qızları Cavabdeh2 və Cavabdeh3 isə həmin mənzildən istifadə hüquqları vardır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)- 265/2019 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4013/2019 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-265/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı mülki işdə İddiaçı məhkəməyə mülkiyyətində olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına onlara kompensasiya ödəməsi müqabilində xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə iddia tələbi ilə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər... Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-cı il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tаrixli Qərаrındа göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz, habelə kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. X6 Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlmişdir ki: - Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; - Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir; - Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin istinad edilən qərarlarındakı hüquqi mövqelərdən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından yaşayış sahəsinin mülkiyyətçisinin həmin yaşayış sahəsinin istifadəçisinə istifadə hüququnun xitamı üçün təklif etdiyi kompensasiyanın məbləği ilə mübahisə predmeti olan yaşayış sahəsinin şəraiti və dəyəri (bazar qiyməti) arasında mütənasiblik olmalıdır. Apellyasiya baxışında iddiaçının təqdim etdiyi “xxxx” MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəyə əsasən, ünvan 1 mənzil 7 ünvanında 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bir otaqlı orta təmirli yaşayış sahəsinin 2020-ci ilin oktyabr ayı üşün bazar satış qiyməti 27.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə kompensasiya kimi 3000 manat məbləğində pul təklif etməsi məhkəmə üçün qəbuledilməzdir. Belə ki, mübahisəli mənzildə hazırda Cavabdeh2 öz övladları ilə birgə yaşayır. Cavabdeh2 himayəsində iki nəfər azyaşlı uşaqları vardır və iddia təmin ediləcəyi təqdirdə uşaqları ilə birlikdə mənzildən çıxmalıdır. Cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi və ya torpaq sahəsi yoxdur. Cavabdehlər göstərilən məbləğdə kompensasiyaya razı olmamışlar. Cavabdehlərə təklif olunan kompensasiyanın məbləği onlara Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehlərin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə sonradan təklif olunun 5000 manat pul da bugünkü kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. İki uşaq da olmaqla cəmi 5 nəfərdən ibarət ailə üzvünün 3000 manat müqabilində mənzildən istifadə hüququna xitam verilməsi məqsədə müvafiq deyil. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 iddiaçı tərəfindən cavabdehlərin hər birinə təklif etdiyi 3000 manat, cəmi 9000 manat kompensasiya məbləği ilə də razılaşmayaraq, həmin məbləğin himayəsində qalan 2 uşağını yaşayış sahəsi ilə təmin etməyə, onlar üçün mənzil almağa yetərli olmadığını bildirmiş və hazırkı iş üzrə cavabdehlərin hər birinə ayrı-ayrılıqda 13000 (on üç min) manat, ümumilikdə 39000 (otuz doqquz min) manat kompensasiyanın verilməsini istəmişdir. Lakin qeyd edildiyi kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Eləcə də, mülkiyyətçi onun mənzilindən istifadə hüququ olan şəxslərin başqa mənzil almasına kifayət edəcək məbləğdə kompensasiya verməyə borclu deyildir. Konkret halda Cavabdeh2 əri ilə birlikdə öz mənzil problemlərini özləri həll etməlidirlər. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Hazırda iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin hər birinin (ayrı-ayrılıqda) Mingəçevir şəhərində 1 (bir) ildən az olmayan müddətdə kirayə mənzildə yaşamasını təmin edə bilər. Yaxud, cavabdehlər onlara təklif edilən 9000 manat kompensasiya məbləğindən başqa yaşayış sahəsi almaqdan ötrü ilkin ödəniş üçün istifadə edə bilərlər. Lakin cavabdehlərin mübahisəli mənzildə onların iddiaçı ilə bərabər paylarının olması, yaxud iddiaçının onlara başqa mənzil ala biləcəkləri məbləğdə kompensasiya verməli olması barədə təsəvvürləri və tələbləri yanlış və əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının (mülkiyyətçinin) maddi və əmlak vəziyyətini, ona məxsus və yaşadığı mənzilin şəraitini və dəyərini (real bazar qiymətini), eyni yaşayış məntəqəsində eyni şəraitli mənzillərin aylıq kirayə haqqının mümkün hədlərini, habelə iddiaçının mübahisəli mənzil üzərində mülkiyyətçi kimi daha üstün hüquqları ilə cavabdehlərin həmin mənzildən istifadə ilə bağlı qanuni mənafeləri arasında ədalətli tarazlıq meyarlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərin hər birinə ayrı-ayrılıqda təklif edilən 3000 (üç min) manat, ümumilikdə 9000 (doqquz min) manat kompensasiyanın məbləği qənaətbəxşdir və hazırkı işin müəyyən olunmuş hallarına uyğundur. Məhkəmə kollegiyası cavabdehlərə mübahisəli mənzildən istifadə hüquqlarının xitamı üçün hər birinə ayrı-ayrılıqda 3000 manat (ümumilikdə 9000 manat) məbləğində kompensasiya verilməsini yetərli sayır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, X1 mülkiyyətində olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına onların hər birinə iddiaçı tərəfindən 3000 (üç min) manat, ümumilikdə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir. Habelə, cavabdehlərə kompensasiya məbləğinin verilməsi ilə eyni vaxtda onlar mübahisəli mənzildən çıxarılmalıdırlar. Kоnstitusiyа Məhkəməsi Plenumunun istinad edilən xx xxxx 2016-cı il tаrixli Qərаrındа qeyd olunur ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Kоnstitusiyа Məhkəməsinin bu hüquqi mövqeyinə görə kompensasiya məbləğini birinci instansiya məhkəməsi müəyyən etməlidir. Lakin hazırkı işdə birinci instansiya məhkəməsi kompensasiya məbləğini müəyyən etməmiş, bununla maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu pozuntu ilə əlaqədar həm də məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.4-cü maddələrinə görə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi kompensasiya məbləğini müəyyən etməli və iddiaçının həmin məbləği ödəməyə razı olub-olmamasını aydınlaşdırmalı olduğu halda bunları etməməklə iddia tələbini düzgün araşdırmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini və həmin şikayətdə ifadə olunmuş narazılığını əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı işdə olan sübutlаrı və işin müəyyən olunmuş hallarını yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1038/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiasının təmin edilməsi, X1 mülkiyyətində olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına onların hər birinə iddiaçı tərəfindən 3000 (üç min) manat, ümumilikdə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehlərə kompensasiya məbləğinin ödənilməsi ilə eyni vaxtda onların mübahisəli mənzildən çıxarılmaları qət edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)- 1038/2020 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası təmin edilsin. X1 mülkiyyətində olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına onların hər birinə iddiaçı tərəfindən 3000 (üç min) manat, ümumilikdə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilsin. X4 tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bu qətnamə ilə müəyyən olunmuş kompensasiya məbləğinin ödənilməsi ilə eyni vaxtda cavabdehlər Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən çıxarılsınlar. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar