Məhkəmə qərarları › İş №2(107)-2287/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2287/2021

08.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2287/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında vəsatətinin təmin edilməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(037)- 1148/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında özünəməxsus 0.012 hektar həyətyanı torpaq sahəsində zirzəmili, iki mərtəbəli, mansard tipli evin inşası ilə bağlı tikinti quraşdırma işlərinin dayandırılması və yarımçıq tikilinin cavabdhin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyəti müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək müvəqqəti təminat tədbiri kimi Cavabdeh məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında 0.012 hektar həyətyanı torpaq sahəsində yerləşən zirzəmili, iki mərtəbəli, mansard tipli evin inşası ilə bağlı tikinti quraşdırma işlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(037)-1148/2021 nömrəli qərardadı ilə iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin vəsatətinin təmin edilməsi, müvəqqəti təminat tədbiri kimi Cavabdeh məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında 0.012 hektar həyətyanı torpaq sahəsində yerləşən zirzəmili, iki mərtəbəli, mansard tipli evin inşası ilə bağlı tikinti quraşdırma işlərinin aparılmasının qadağan edilməsi, qərardadın icrasını təmin etməyin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. 16 noyabr 2021-ci il tarixdə Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə şikayət təqdim edərək, İsmayıllı Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(037)- 1148/2021 saylı qərardadından narazı olduğunu, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(037)-1148/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(037)-1148/2021 nömrəli qərardadı ləğv edilməli və ərizəyə ayrıca icraat qaydasında baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 01 oktyabr 2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklərdən sonra həmin Məcəllənin 159.1-ci maddəsinin tələblərindən görünür ki, müvəqqəti təminat tədbirləri haqqında ərizəyə ayrıca icraatda baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(037)-1148/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar vardır. Ona görə də, şikayət qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(037)-1148/2021 nömrəli qərardadı ləğv edilməli və Azərbaycan Respublikası MPM-nin 159.1-ci maddəsinin tələblərinə əməl edilməklə ərizəyə ayrıca icraat qaydasında baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu mаddəsinə əsаsən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157-159, 263-264 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(037)-1148/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizəsinə Azərbaycan Respublikası MPM-nin 159.1-ci maddəsinin tələblərinə əməl edilməklə ayrıca icraat qaydasında baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Məlikov Vəzirxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar