Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-233/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(039)-1634/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(039)-1634/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Mingəçevir regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 11 may 2020-ci il tarixli, 4Ə-661 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 13.05.2020-ci il tarixli çıxarışın ləğv edilməsinə dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar qardaşdır. Digər qardaşları- Cavabdeh2 onları aldatması nəticəsində torpaq sahələrini itiriblər. Cavabdeh Elxan onları inandıraraq, hər ikisini aldadaraq adlarına olan torpaq sahəsinin çıxarışının olmadığını bildirərək, birlikdə notariusa getmələrini, burada sənədləşmə aparılaraq çıxarışın üst hissəsində onun adının, aşağı hissəsində isə onların adlarının əks olunması üçün rəsmi ərizə yazmalarını onlara bildirmişdir. Onlar qardaşına inanaraq, sənədlərin yenilənməsini istəyərək, onun dediyi ilə razı olmuşlar. İddiaçı2 notariat ofisinə getməyə vaxtı olmadığı üçün digər İddiaçı1 onun adından çıxış etmək üçün etibarnamə vermişdir. Cavabdeh2 heç birinin torpağına toxunulmayacağını, sadəcə olaraq ümumi birgə mülkiyyətdə olan torpaqlara çıxarış alacağını, çıxarışda dördünün də adının olacağını, bundan sonra isə həmin çıxarış üzrə öz torpaqlarını zərurət yaranarsa ayıracağını bildirmişdir. İddiaçı1 həm qardaşının ona verdiyi etibarnamə ilə, həm də özünün torpağına aid olan hüququ ilə qardaşının onlara verdiyi yalan vədinə inanaraq Asan xidmətdə sənədləşdirilmə ilə bağlı işlərdə iştirak etmişdir. Savadı və dünya görüşü olmadığından qardaşının hər sözünə inanaraq bağışlama müqaviləsi deyilən sənədləri həm özünün, həm də qardaşının adından imzalamışdır. Yevlax rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışı əldə etdikdə bütün torpaqlarının onları aldatmaqla qardaşınıncavabdehin öz əlinə keçirdiyini görmüşlər. Ancaq qardaşı onları aldadaraq razılıq verdiyi əqdi deyil, başqa bir əqdi ona imzalatmışdir. Onların razılıq verdiyi əqd bağışlama ilə bağlı olmamış, bağlamağı arzuladıqları əqdin məzmunu barəsində səhv etmişlər. Onların aralarında əqdin əsası kimi nəzərdən keçirdiyi hallar mövcud olmamışdır. Onlar vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqaviləni imzalamışlar. Bağışlama müqaviləsi etibarsızdır və bu etibarsızlıq əsasında cavabdeh çıxarış əldə edib. Həmin çıxarışda Cavabdeh2 13.05.2020-ci il tarixində ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 4/5 hissəsinə mülkiyyət hüququ əldə edib. Hesab edirlər ki, Cavabdeh2 torpaq sahəsinin 4/5 hissəsinə mülkiyyət hüququ əldə etməsi tam əsassızdır. Cavabdeh bu hüquqi onları aldatmaqla yanılmaları təsiri altında əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 və İddiaçı2 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddiaçılar öz istəkləri ilə özlərinə məxsus torpaq sahəsini ona bağışlamışlar. İddiaçılar hansı əqdi bağladıqlarını dərk etmişlər, onun tərəfindən iddiaçıları aldatma və ya yalan vəd vermək kimi hərəkətlər olmayıb. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qardaşları Cavabdeh2 onları aldatması nətiçəsində mülkiyyətləri əllərindən gedib. Onların hər ikisi kasıb ailədirlər. Yeganə əmlakları torpaqları idi. Cavabdeh qardaşı Elxan onları inandıraraq, hər ikisini aldadaraq adlarına olan torpaq sahəsinin çıxarışının olmadığını bildirərək, hamısının adına torpaq sahəsi olduğundan, hamının birlikdə notariusa getməsini, burada sənədləşmə aparılaraq çıxarışın üst hissəsində onun adının, aşağı hissəsində isə onların adlarının əks olunması üçün rəsmi ərizə yazmalarını bildirmişdir. Onlar qardaşına inanaraq sənədlərin yenilənməsini istəyərək onun dediyi ilə razı olmuşlar. Bu səbəbdən də birinci İddiaçı2, Bərdədə yaşadığından notariat orqana gedə bilmədiyindən, bu səbəbdən də deyilən məsələ ilə bağlı çətinliklər yarandığını bildirmişdir. Qardaşı onu inandırmışdır ki, heç sənin gəlməyin lazım deyil, hazırkı İddiaçı1 adına etibarnamə versin, yerdə qalan prosesləri özü Asan Xidmətdə tənzimləyəcəkdir. Bu səbəbdən də o, qardaşına inanaraq qardaşı hazırkı İddiaçı1 onun adından çıxış etmək üçün etibarnamə vermişdir. Cavabdeh qardaşı Cavabdeh2 heçbirinin torpağına toxunulmayacağını, sadəcə olaraq ümumi birgə mülkiyyətdə olan torpaqlara çıxarış alacağını, çıxarışda dördünündə adının olacağını, bundan sonra isə həmin çıxarış üzrə öz torpaqlarını zərurət yaranarsa ayıracağını bildirmişdir. Digər qardaşı da ona verdiyi etibarnamə ilə, həm də özümün torpağına aid hüquqlarıyla qardaşının onlara verdiyi yalan vədinə inanaraq Asan Xidmətdə sənədləşdirilmə ilə bağlı işlərdə iştirak etmişlər. Savadı və dünya görüşü olmadığından çoxbilmiş qardaşının hər sözünə inanaraq sonradan ona məlum olan, yəni 17 saylı Ərazi İdarəsinin 11.01.2021-ci il tarixli məktubunu alanda bilmişdir ki, o bağışlama müqaviləsi deyilən sənədləri həm özünün, həm də qardaşının adından imzalamışdır. Onlar qardaşının yalanlarını həqiqət hesab etmişlər. Gəlib öz torpaqlarında işlər görümüşlər. 2000 manat dəyərində onlara aid olan torpaq sahələrinə meşə torpağı tökmüşlər, işlər aparmışlar. Onlar ondan əvvəlki kimi danışıqlarına uyğun olaraq əsas çıxarış onda qalmaqla, digər çıxarışlar isə notariusda təsdiq edilməklə onlara verilməsi ilə razılaşmışlar. Hər gün həmin sənədi ondan istəmişlər. İkinci iddiaçı notariusda olarkən hətta aparılacaq bütün əməliyyatların xərcini qardaşına vermişdir. Onu inandıraraq ümumi sənədləşmənin 750 manat olduğunu bildirərək bu pulu ondan almış, bundan sonra isə kupçanı təsdiqlədərək dörd nəfərə verəcəyini bildirmişdir. Onun fikirlərinə görə 750 manat güya ümumi xərcdir, hər birinin arasında bölünəcəkdir. Qardaşı hamını aldatmışdır. Qardaşının onlara bu çıxarışı vermədiyindən özü Yevlax rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinə gəlmişdir və orada çıxarışın saxtalığını görmüşdür. Çıxarışda onların bütün torpaqlarını qardaşının onları aldatmaqla öz adına keçirdiyini görmüşdür. Torpağın mülkiyyətə verilməsinə dair JN 008A, KOD 90112038 saylı şəhadətnamə ilə Aqrar İslahat Komissiyasının 24.07.1997-ci il tarixli qərarı ilə 0.43 ha torpaq sahəsi anaları X1, bacıları X2, İddiaçı1 və digər İddiaçı2, həmcinin Cavabdeh2 mülkiyyətinə verilmişdir. Ancaq, qardaşı onları aldadaraq, razılıq verdikləri məsələni deyil, başqa bir əqdi 11.05.2020-ci il tarixli bağışlama müqaviləsini ona imzalatmışdır. Burada onlar razılıq verdikləri əqdi deyil, başqa əqdi bağlamaq istəmişlər. Onlar bağlamağı arzuladıqları əqdin məzmunu barəsində səhf etmişlər. Onların arasında əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmamışdır. Onlar vacib əhəmiyyətli yanılmanın təsiri altında bağışlama müqaviləsini yazmışlar. Hesab edirlər ki, bağışlama müqaviləsi etibarsızdır və bu etibarsızlıq əsasında şəxs çıxarış əldə edib. Həmin çıxarışda Cavabdeh2 Hüquqların Dövlət Qeydiyyatı haqqında 13.05.2020-ci il tarixind; ümumbirgə mülkiyyətdə olan torpaq sahəsinin 0.43 ha hissəsinin 4/5 hissəsinə mülkiyyət hüququ əldə edib. Əldə edilən çıxarışın Cavabdeh2 münasibətdə ümumbirgə mülkiyyətdə olan ümumi torpağın 4/5 hissəsinə mülkiyyət hüququ əldə etməsi tam əsassızdır. Şəxs bu hüququ onları aldatmaqla yanılmanın təsiri altında əldə etmişdir. Ona görə də Hüquqların Dövlət Qeydiyyatı Haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 13.05.2020-ci tarixli çıxarışla qardaşı Cavabdeh2 və Cavabdeh1 adına formalaşmış ********** qeydiyyat nömrəli, 0.43 ha torpaq sahəsində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 102.80 kv.m olan Yevlax rayonu Yeni Cobankərə kəndində yerləşən fərdi yaşayış evi üçün nəzərdə tutulan verilmiş çıxarışın ləğv edilməsini istəmişlər. Onlar yanılmanın təsiri altında bu şəxsin yalanlarına aldanmışlar. Bu səbəbdən də bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, çıxarışın ləğv edilməsini istəmişlər. Yanılmanın təsiri altında aldanmaqları xüsusi əhəmiyyət kəsb etsə də məhkəmə bu yanılma faktını dəyərləndirməmişdir. Onların qardaşı tərəfindən aldanılmaqları niyyətdə başqa bir əqdi bağlamağa onları sövq etməsi, razılıq verdikləri məsələni deyil, onun pərdəsi altında başqa əqdi bağlamaqla onları aldatmışdır. Burada onlar razılıq verdikləri əqdi deyil, başqa əqdi bağlamaq istəmişlər. Onlar arzulamadıqları əqdin məzmunu barədə səhv etmişlər. Onların əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmamaqla vacib əhəmiyyətli yanılmanın təsiri altında bağışlama müqaviləsini yazmışlar. Bu bağışlama müqaviləsi yazıldığı andan etibarsızdır. Qardaşı onları aldatmağa nail olmuşdur. Müəyyən edilmiş fakt ondan ibarətdir ki, şəxs məhkəmədə əvvəlcə qeyd olunan hallarla bağlı müvafiq ödəncin ödənməsinə razılıq verir. Bu barədə Dövlət Notariatına gedəcəyini vəd edir. Ona müvafiq məbləğdə torpağına görə pul verəcəyini vəd edir. Ancaq bu dəfə də aldadaraq bu vəziyyətdən özünü çıxarmağa çalışır. Məhkəmə bu halları bildiyi halda tam əsassız və qanuna uyğun olmayan qərar qəbul etməklə qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması ilə bağlı mövqeyi müəyyən edir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(039)- 1634/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, uzun müddətdir ki, cavabdeh olan qardaşı Cavabdeh2 ilə soyuq münasibətdədir, özünə məxsus torpaq sahəsini hazırki iş üzrə iddiaçı olan qardaşı İddiaçı1 vasitəsilə cavabdeh olan qardaşı Elxana 2500 manata satmışdır. Pulu ona Çingiz vermişdir. Hazırda mübahisə olunan torpaq sahəsini isə Elxana bağışlamaq üçün Çingizə verdiyi etibarnamədə yanlışlıq olmuşdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021ci il tarixli 2(039)-1634/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, o, özünə məxsus torpağı heç kəsə bağışlamamışdır, ona görə də torpağının özündə qalmasını istəyir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X3 izahat verərək bildirdi ki, hər tərəf onun uşaqlarıdır. Aralarında olan razılaşmaya görə özü və oğlanları Çingizlə Yusif torpaqlarını, Elxandan pulunu almalarına baxmayaraq, ona bağışlama kimi rəsmiləşdirmə aparmışlar. İddiaçıların bildirdikləri düzgün deyildir, onlar bütün qərarı birlikdə qəbul etmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(039)-1634/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 13.05.2020-ci il tarixli çıxarışından görünür ki, Yevlax rayonu Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh2, həmin evin yerləşdiyi 0,43 ha torpaq sahəsinə 1/5 hissəsinə Cavabdeh1 və 4/5 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Mingəçevir regional “Asan xidmət “ mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-661 nömrəli, 11.05.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verənlər İddiaçı1, X3 və Əliyev X4 rayonu Yeni Çobankərə kəndində yerləşən, ümumi sahəsi 0,43 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissələrini hədiyyə alan Cavabdeh2 bağışlamışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 347.1 və 347.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsi əqdin ümumi anlayışını verir. Həmin maddəyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin məcəllənin 347.2-ci maddəsinə görə Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir (maddə 347.2.1); şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir (maddə 347.2.2); tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (maddə 347.2.3). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Birinci instansiya məhkəməsi iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. İddiaçılar apellyasiya şikayətində aldadılmalarını və vacib əhəmiyyətli yanılma nəticəsində əqd bağladıqlarını bildirsələr də, göstərdiklərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, bu əqdi bağlamaq istədiklərini əvvəlcədən planlaşdırdıqları və hazırki iş üzrə üçüncü şəxs olan anaları X1 xeyir-duası ilə reallaşdırdıqları təsdiq edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(039)-1634/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(039)-1634/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ələddin Məcidov
Məhkəmə qərarları › İş №2(107)-233/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-233/2022
02.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver