Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-247/2023 14.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin etibarlı sayılması və cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Torpağa mülkiyyət hüququna dair JN-1035 saylı dövlət aktına əsasən Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0,90 ha torpaq sahəsi X6 (xx.xx.1998-ci il də vəfat edib), Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmişdir. xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0,90 ha torpaq sahəsini Cavabdeh1, Cavabdeh2 və X9 tərəfindən İddiaçı satılmışdır. Qeyd: Müqavilədən “azyaşlı uşaqların əvəzinə valideyini imza etdi” sözləri yazılmış, Şıxaliyev.A, Şıxaliyev.A və Şıxaliyev.K adlarının qarşısında imzalar eyni şəxs tərəfindən icra edilmişdir. Müqavilə Mirzəhüseynli bələdiyyəsinin sədri S.Hacıyev tərəfindən təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0,90 ha torpaq sahəsi mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0,9018 ha torpaq sahəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla, cavabdehlər Cavabdeh1, X7 və X8 arasında KOD-40814058, JN 1035 nömrəli dövlət aktına əsasən X1, Cavabdeh1, X2 və X3 mülkiyyətinə verilmiş 0,9018 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin alğı-satqı müqaviləsinin etibarlı sayılması və Göyçay rayon Notariat Ofisi tərəfindən 31 mart 2022-ci il tarixdə təsdiqlənmiş, KOD-40814058, JN 1035 nömrəli dövlət aktına əsasən X1, Cavabdeh1, X2 və X3 mülkiyyətinə verilmiş 0,9018 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1, X7 və X8 ilə Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu, Mirzəhüseynli kəndində yeləşən 0,9018 ha torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 41 nömrəli, 28 avqust 1998-ci il tarixli qərarı ilə X1, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş və onların adına KOD-40814058, JN 1035 nömrəli dövlət aktı işlənmişdir. 0,9018 ha torpaq sahəsi kolxoz dövründən bu günədək istifadəsində olduğundan və həmin torpaq sahəsinin yararlı hala salınmasına xərc çəkdiyindən həmin torpaq sahəsini X18, Cavabdeh2 və X9 ilə razılaşıb satın almaq qərarına gəlmiş, xx.xx.2005-ci il tarixdə X10, X18, X9 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsi ona satılmış, aralıarnda alğı-satqı müqaviləsi bağlanmış, alğı-satqı müqaviləsini Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyev təsdiqləmişdir. Həmin torpaq sahəsi və KOD- 40814058, JN 1035 nömrəli dövlət aktının əsli ona təhvil verilmiş, o isə torpaq sahəsini bir daha bütövlükdə qəbul etmiş və torpaq sahəsinin əvəzində aralarında müəyyənləşdirilmiş pul məbləği cavabdehlərə təqdim etmiş, cavabdehlər isə həmin pul məbləğini qəbul etmişdir. Həmin vaxt cavabdehlər alğı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməyi söz versə də bu günədək bununla bağlı notariat kontoruna gəlməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Bir müddət keçdikdən sonra cavabdehlərin həmin torpaq sahəsini başqa şəxsə satmaq istədiyini bilmişdir. Belə ki, JN : 1035 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əsli onda olduğu halda, X8 həmin dövlət aktının itməsi barədə DƏDRX-ə bilə-bilə yalan məlumat vermiş və saxtakarlıq edərək həmin torpaq sahəsinə yenidən çıxarış almışdır. Göyçay rayon Notariat Ofisinin notariusuna və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16-saylı ərazi idarəsinə rəsmi müraciət edərək, kolxoz dövründən istifadəsində olan, sonradan Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyevin möhürü və imzası ilə təsdiqləmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə aldığı torpaq sahəsinin təkrar satılmasının qarşısını almaq istəsə də, həmin torpaq sahəsi (torpaq sahəsinin xx.xx.2005- ci il tarixli alğı-satqı müqaviləsilə satın almağım barədə məlumatlı olan) qonşusu Cavabdeh4 satılmışdır. 24 iyun 2005-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Cavabdeh4 iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Göyçay rayonunun Mirzəhüseynli kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı JN1035, kod 40814058 üzrə satıcılar X19, X7, X4 mülkiyyətində olan 0,90 ha torpaq sahəsi AN-1 №1029268 nömrəli alğı-satqı müqaviləsi bağlanmaqla almışdır. Alğı-satqı müqaviləsi 31 mart 2022-ci ildə Göyçay rayon notariat kontorunda bağlanmışdır. Bundan sonra alğı-satqı müqaviləsi bağlayıb satın aldığı torpağı qanuna uyğun qaydada Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən Çıxarış verilməklə qeydiyyata alınmışdır. Mirzəhüseynli kəndində yaşamaqla həmin torpaq sahəsindən uzun illərdir ki istifadə etmiş, İddiaçı qərəzli qaydada iddia qaldıraraq bizim torpaq üzərində qanunauyğun mülkiyyət hüququmuzu pozmaq istəyir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 1545/2022 nömrəli iş üzrə qəbul etdiyi 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, xx.xx.2005-ci il tarixdə iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanılarkən Cavabdeh3 17 yaşı, Cavabdeh2 isə 15 yaşı olmuşdur. Həmin müqavilə onların əvəzinə anası, yəni Cavabdeh1 tərəfindən imzalanmışdır. Halbuki, müqavilə bağlanılarkən Cavabdeh3 və Cavabdeh2 səlahiyyətlərini icra etmək üçün Cavabdeh1 tərəfindən qəyyumluq və himayəçilik orqanına müraciət edilməli, müraciətinə baxılaraq Cavabdeh1 azyaşlı uşaqlarının adından müqavilə bağlanmağına dair müvafiq icazə verilməli idi. Lakin Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin imperativ normasını pozaraq, torpaq sahəsinin alğı-satqısına dair müqaviləni azyaşlı uşaqlarının adından heç bir səlahiyyəti olmadan imzalamışdır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələbindən görünür ki, ümumi-birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi yalnız bütün mülkiyyətçilərin razılığı əsasında həyata keçirilməlidir. Hazırki işin faktiki halından görünür ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 razılığı alınmamış və razılaşma olmadan onların mülkiyyətində olan torpaq sahəsi iddiaçıya satılmışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehlər Cavabdeh1, X7 və X5 qarşı 0,9018 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tələbi əsassız olduğundan, iddiaçının Cavabdeh4 qarşı cavabdehlər Cavabdeh1, X7 və X8 arasında notarial qaydada təsdiq olunmuş 0,9018 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.3, 71.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1,152.1, 157.4, 213.1, 213.2, 213.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyevin möhürü və imzası ilə təsdiqləmiş xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi ilə bağlı tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinin təsiri altına düşür. Lakin birinci instansiya məhkəməsi iddianı rədd etmişdir, ona görə ki, Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyevin möhürü və imzası ilə təsdiqləmiş xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılarkən Cavabdeh3 17 yaşı, Cavabdeh2 isə 15 yaşı olmuşdur. Halbuki, qeyd olunan müqavilə bağlanılarkən Cavabdeh3 17 yaşı, Cavabdeh2 isə 15 yaşı olsa da, həmin müqavilə onların qanuni nümayəndələri olan Cavabdeh1 tərəfindən bəyənilmiş və imzalanmışdır. Mülki Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin-valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Qeyd olunan maddənin mənasına görə 14 yaşınadək olan yetkinlik yaşına çatmamışlardan fərqli olaraq 14 yaşından 18 yaşınadək olan şəxslərin adından əqdləri onların qanuni nümayəndələri deyil, qanuni nümayəndələrinin razılığı ilə özləri bağlayırlar. Göründüyü kimi hazırki iş üzrə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar Cavabdeh3 və Cavabdeh2 tərəfindən bağlanmış müqavilə onların qanuni nümayəndələri olan Cavabdeh1 razılığı ilə bağlanmışdır. Bu səbəbdən hesab edirəm ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunsuz olaraq iddianı rədd etmiş, bununla da Mülki Məcəlləsinin 30.1-ci, 30.2-ci maddələrinin və 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiq edilməsində səhvə yol vermiş, yaxarıda sadalanan maddi hüquq normalarını səhv təfsir edərək düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, birinci instansiyası məhkəməsnin hazırki iş üzrə qəbul etdiyi qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş və qətnamənin tam həcmdə ləğv edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 29, bənd 3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 71, bənd 2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 335.2. (xx.xx.2005-ci il tarixədək qüvvədə olan) Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenumum qərarında şərh edilmişdir ki, Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsi cavabdehlər Arzu Şıxaliyeva, Kamran Şıxaliyev və Ağasif Şıxaliyevin paylı mülkiyyətində olan əmlakdır. Cavabdehlərin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi sadə yazılı formada tərtib edilmiş xx.xx.2005-ci il tarixli müqavilədə göstərilir ki, cavabdehlər, paylı mülkiyyətdə olan Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsini iddiaçıya satılır. Müqavilənin “Qeyd” hissəsində “azyaşlı uşaqların əvəzinə valideyini imza etdi” sözləri yazılmışdır. Şıxalıyev.A, Şıxalıyev.A və Şıxalıyev.K adlarının qarşısında imzalar eyni şəxs tərəfindən icra edilmişdir. Müqaviləni Mirzəhüseynli bələdiyyəsinin sədri S.Hacıyev təsdiq etmişdir. Hazırda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin onunla cavabdehlər arasında mübahisəli torpaq sahəsi ilə bağlı hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 335.2-ci maddəsinə istinad edərək, yuxarıda qeyd olunan alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb edir. Mülki Məcəllənin əvvəllər qüvvədə olmuş 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Ailə Məcəlləsinin 55.4-cü maddəsinə görə ... uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Mülki Məcəllənin müvafiq maddələri ilə müəyyən edilir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Mülki Məcəllənin 36.2-ci maddəsinə görə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Ailə Məcəlləsinin 51.7-ci maddəsinə görə uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edirlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır. Dövlət nəzarətini, Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirir, uşaqların hüquqlarını və mənafelərini müdafiə edir. Göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxsin əmlakına dair alğı-satqı müqaviləsini bağlaması və ya belə müqavilənin bağlanmasına razılıq verməsi üçün valideynin qabaqcadan yerli icra hakmiyyətinin qəyyumluq və himayəçilik orqanının icazəsini (əsaslandırılmış qərarını) alması zəruridir. İddiaçının, hazırda bağlanmış hesab edilməsini tələb etdiyi müqavilənin bağlandığı vaxt, müqavilə tərəfləri olan Cavabdeh2 və Cavabdeh3 yetikinlik yaşına çatmayan, anaları Cavabdeh1 himayəsində olan şəxslər olmuşlar. Belə olan halda Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan torpaq sahəsinin özgənikiləşdirilməsinə razılıq verilməsi barədə Göyçay Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq qərarının (icazəsi) olması tələb olunurdu. Lakin Komissiyasın belə bir qərarının olması iş materialları ilə təsdiq olunmur. Bu vəziyyətdə isə yatkinlik yaşına çatmayan Kamran Şıxaliyev və Cavabdeh3 adından onlara məxsus əmlakın özgəninkiləşdiilməsi barədə əqdi imzalamağa Cavabdeh1 səlahiyyətli olmamışdır. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçının, onunla cavabdehlər Arzu Şıxalıyevv və onun övladları Kamran Şıxalıeyv və Cavabdeh3 arasında xx.xx.2005-ci il tarixli müqavilənin bağlanmış və etibarlı hesab edilməsi barədə iddianın tələbi təmin edilməsi üçün əsas yoxdur. Bu hissədə iddianı rədd edən birinci instansiyası məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli torpaq sahəsinin alğı-satqısına dair cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün də heç bir əsas yoxdur. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Mübahisəli torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarlı əqdir, həmin əqdin bağlanması zamanı mülki qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-247/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-247/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver