Məhkəmə qərarları › İş №2(107)-25/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-25/2024

23.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-25/2024 23.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə gediş-gəliş yolunun açılması, sübutetmə yükü, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı vəkili həmçinin, nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)- 539/2022 saylı, 23 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «gediş-gəliş yolunun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Kövər kəndində yerləşən hüquqların Dövlət qeydiyyatına dair Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı ********** qeydiyyat nömrəli, 22 iyun 2016-cı il tarixli fərdi yaşayış məhəlləsi kimi nəzərdə tutulan, 0.2969 ha torpaq sahəsinin giriş-çıxış qapısının əhali və nəqliyyat üçün nəzərdə tutulan hissəsinin dəmir setka vasitəsi ilə bağlanması, yol üzərində qanunsuz tikinti aparılması, ot tayalarının yerləşdirilməsi və girişçıxışın məhdudlaşdırılması ilə əlaqədar edilmiş özbaşınalığın və süni maneələrin cavabdehlər tərəfindən aradan qaldırılmasına, o cümlədən cavabdehlər tərəfindən giriş qapısına gedən yeganə əhali və nəqliyyat üçün nəzərdə tutulan yolun dəmir qapısına istiqamətdə 4 metr eni 60 metr uzunluğu gedən yolun yeganə giriş hissəsinin qanunsuz setkalanması ilə əlaqədar dəmir setkanın dərhal sökülməsi, giriş-çıxış yolunun üzərində olan ot tayasının götürülməsi və yol üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi və hüquqi yardıma görə ödədiyi 400 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu, Kövər kəndində iddiaçının mülkiyyətində olan torpaq sahəsi vardır. Torpağa gediş-gəliş yolu cavabdehlər tərəfindən bağlanmışdır. Belə ki, iddiaçı öz həyətinə girmək üçün dəmir tor, ot tayası və sair maneələrlə qarşılaşır. İddiaçı cavabdehlərdən maneələrə son qoyulmasını tələb etsə də, cavabdehlər öz qanunsuz hərəkətlərini davam etdirillər. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-539/2022 saylı qətnaməsi ilə (hakim R.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə gediş-gəliş yolunun üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qoyulmuş taxta qapı, dəmir tor və ot tayası götürülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 400 manat hüquqi yardım üçün ödənilmiş pulun və 100 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Yevlax rayonu, Kövər kəndi ərazisində 0.2969 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehlərə qarşı torpaq sahəsinə gedən yolun açılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə mübahisəli ərazidən gələn yolda dəmir tor və taxta qapı qoyulmuşdur. Mübahisəli yolun girişində dəmir tor və taxta qapı qoyulmuşdur. Naturada mövcud mübahisəli yolun cənub qərb istiqamətində yarım tikili və şimal istiqamətində xırda buynuzlu mal qaranın saxlanılması üçün nəzərdə tutulmuş tikili mövcuddur. Naturada mövcud tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə mövcud gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Ot tayası kiçik qabaritli maşınların gediş-gəlişinə maneə yaratmır, lakin iri qabaritli maşınların gediş-gəlişinə maneə yarada bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd edir ki, İddiaçı Yevlax rayonu, Kövər kəndi ərazisində 0.2969 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehlərə qarşı torpaq sahəsinə gedən yolun açılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə mübahisəli ərazidən gələn yolda dəmir tor və taxta qapı qoyulmuşdur. Mübahisəli yolun girişində dəmir tor və taxta qapı qoyulmuşdur. Naturada mövcud mübahisəli yolun cənub qərb istiqamətində yarım tiliki və şimal istiqamətində xırda buynuzlu mal qaranın saxlanılması üçün nəzərdə tutulmuş tikili mövcuddur. Naturada mövcud tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə mövcud gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Ot tayası kiçik qabaritli maşınların gediş-gəlişinə maneə yaratmır, lakin iri qabaritli maşınların gediş-gəlişinə maneə yarada bilər. Məhkəmə hesab edir ki, Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə gediş-gəliş yolunun üzərində cavabdehlər tərəfindən qoyulmuş taxta qapı, dəmir tor və ot tayası götürülməlidir. Cavabdehlərdən 400 manat hüquqi yardım üçün ödənilmiş pul və 100 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 170.2-ci maddələri, Azərbaycan Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 121.1, 124 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslinda mübahisəyə qonşuluq münasibətlərini özündə ehtiva edən qanun normasına uyğun olaraq hüquqi qiymət verilməli idi. Eyni zamanda qeyd edir ki, öz həyətyanı sahəsində inşa etdirdiyi tikilinin qonşuluq münasibətlərində iddiaçılara heç bir mənfi təsirləri yoxdur. Bundan başqa, o, öz həyətyani torpaq sahəsində tikili inşa etdirdiyindən, iddiaçı hazırki iddia tələbini irəli sürmələrinə dair subyektiv hüquqa malikdirlərmi? Qeyd edilənləri nəzərə alaraq, Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-539/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili həmçinin, nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-539/2022 sayı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı; Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-539/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-539/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-539/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Yevlax rayonu, Kövər kəndi ərazisində 0.2969 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehlərə qarşı torpaq sahəsinə gedən yolun açılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, öz həyətyanı sahəsində inşa etdirdiyi tikilinin qonşuluq münasibətlərində iddiaçılara heç bir mənfi təsirləri yoxdur. Bundan başqa, o, öz həyətyanı torpaq sahəsində tikili inşa etdirdiyindən, iddiaçı hazırki iddia tələbini irəli sürmələrinə dair subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmış, mütəxəssis rəyi alınmış, eyni zamanda maddi, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə təyin etdiyi mütəxəssis rəyinə əsaslanaraq haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulması, eləcə də bununla bağlı tələb etmək hüqunun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin **********0 saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışıdan məlum olur ki, İddiaçı Yevlax rayonu, Kövər kəndi ərazisində mülkiyyətində 0.2969 hektar torpaq sahəsi vardır. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bundan başqa, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 25 aprel 2022-ci il tarixli M/08 saylı rəyindən görünür ki, Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə mübahisəli ərazidən gələn yolda dəmir tor və taxta qapı qoyulmuşdur. Mübahisəli yolun girişində dəmir tor və taxta qapı qoyulmuşdur. Naturada mövcud mübahisəli yolun cənub qərb istiqamətində yarım tikili və şimal istiqamətində xırda buynuzlu mal qaranın saxlanılması üçün nəzərdə tutulmuş tikili mövcuddur. Naturada mövcud tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə mövcud gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Ot tayası kiçik qabaritli maşınların gediş-gəlişinə maneə yaratmır, lakin iri qabaritli maşınların gediş-gəlişinə maneə yarada bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin rəyini mötəbər sübut kimi qəbul etməsi ilə razılaşır. Məhkəmə kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 9 aprel 2024-cü il tarixli 3-16-16/2-10/382 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən 0.2969 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan Yevlan rayonu, Kövər kəndi ərazisində 0.2969 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra həmin torpaq sahəsinin naturada ölçüləri müəyyən edilsin. İddiaçıya məxsus olan, naturada ölçüləri müəyyən edilmiş və torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir. Kollegiyanın qənaətinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 aprel 2024-cü il tarixli 3-16-16/2-10/382 nömrəli rəyi hazırkı iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Yuxarıda qeyd edilən ekspert rəyindən müəyyən edilir ki, ekspert qarşısında qoyulan suallar iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən tutulub tutulmaması ilə bağlı olmuşdur. Halbuki iddia tələbindən görünür ki, iddiaçı iddia tələbində cavabdeh tərəfindən tutulmuş yolun boşaldılmasını tələb etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi özü tərəfindən müəyyən edilmiş sübutlar əsasında iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Şikayətin ikinci dəlili ondan ibarət olmuşdur ki, mübahisəyə qonşuluq münasibətlərini özündə ehtiva edən qanun normasına uyğun olaraq hüquqi qiymət verilməli idi. Eyni zamanda qeyd edir ki, öz həyətyanı sahəsində inşa etdirdiyi tikilinin qonşuluq münasibətlərində iddiaçılara heç bir mənfi təsirləri yoxdur. Kollegiya şikayətin bu hissəsini də əsassız sayır. Əvvəla qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi tikilinin sökülməsi hissəsində təmin edilməmiş və iddiaçı da qətnamənin bu hissəsini mübahisələndirməmişdir. Tələb yalnız yolun açılması hissəsində təmin edilmişdir. Mübahisəyə qonşuluq münasibətlərini özündə ehtiva edən qanun normasına uyğun olaraq hüquqi qiymət verilməsi üçün isə ilk növbədə cavabdehin iddiaçıya məxsus torpaq sahəsi ilə yanaşı olan torpaq sahəsinin mövcud olması lazımdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göründüyü kimi, qanunverici qonşuluq münasibətlərindən bəhs edərkən qonşu torpaq sahələrinin mövcud olmasını zəruri şərt kimi qeyd etmişdir. Ancaq cavabdeh tərəf nə birinci instansiya məhkəməsinə ,nə də apelyasiya məhkəməsinə iddiaçı ilə qonşuluqda yerləşən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir sübut növü təqdim etmişdir. Bununla belə, İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsi üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən taxta qapı, dəmir tor və ot tayası qoyulmuşdur. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın qismən təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə, yəni iddianın qismən təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-539/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-539/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar