Məhkəmə qərarları › İş №2(107)-254/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-254/2022

24.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-254/2022 24.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququ, kompensasiya məbləği) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil oğlunun, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Cavabdehlər Cavabdeh1, X13, Cavabdeh2 və Cavabdeh3 vəkili X4 iştirakları ilə, Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlərə qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərə 6000 (altı min) manat kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan sonra bir ay müddətində cavabdehlərin həmin fərdi yaşayış evlərinə münasibətdə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və alıcıya təhvil verilməsinin təmin edilməsinə dair tələbini təmin etməmişdir. Həmin hissəsdə tələblərinin təmin edilməsi qanuni və əsaslıdır çünki cavabdehlər bu barədə yazılı öhdəlik götürmüşlər. Ona görə də qətnamənin həmin hissədə ləğv edilərək təmin edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbi barədə iddiası təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı 300 (üç yüz) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə (VÖEN:**********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, m/h:AZ03NABZ********************, kod:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli 2(107)- 946/2021 saylı qətnaməsi ilə (hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və X2 ibarət tərkibdə) Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnаməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh2 və Cavabdeh3 qarşı 6000 manat kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılmaları tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli 2(107)- 946/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı və vəkili Vəkil tərəfindən birgə kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 02.11.2021-ci il tarixli, 2(102)-5880/2021 saylı qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09.06.2021-ci il tarixli, 2(107)-946/2021 saylı qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbi barədə iddiası təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı 300 (üç yüz) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə (VÖEN:**********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, m/h:AZ03NABZ********************, kod:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı sonuncu tələb həcmində iddianı müdafiə etdiyini bildirmiş və izahatında göstərmişdir ki, iddia ərizəsinə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən göründüyü kmi Ucar şəhəri, 20 Yanvar küçəsi, 4 nömrəli ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun mərhum X3nun arvadı, digər cavabdehlər isə qardaşının və Cavabdeh1 uşaqlarıdır. X3 xəstə olduğundan və uşaqları kiçik olduğundan o, uşaqlar yetkinlik yaşına çatanadək onun evində yaşamalarına icazə vermişdir. 2017-ci ildə qardaşı vəfat etdkdən sonra da baxmayaraq ki, uşaqlar da yetkinlik yaşına çatmışlar, o, mərhum qardaşının ailəsi olduğundan onları evdən çıxarmamışdır. Cavabdehlərlə bir evdə yaşamaqları qeyrimümkündür, buna görə də cavabdehlərə mülkiyyətində olan evdə yaşayış hüquqlarına xitam verilməsi üçün kompensasiya təklif edir. Məhkəmə qərardadına əsasən aparılmış qiymətləndirməyə görə mülkiyyətində olan yaşayış evinin aylıq kirayə haqqı 80-100 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlər onun mülkiyyətində olan evin yarısından istifadə etdkləri üçün mütəxəssis tərəfindən müəyyən edilmiş kirayə haqqının yarısı, yəni aylıq 40-50 manat vəsait cavabdehlərə kifayət edir. Mütəxəssis tərəfindən müəyyən edilmiş kirayə haqqının yuxarı həddi ilə mülkiyyətində olan yaşayış evinin şəraitinə uyğun şəraiti olan evin 1 il ərzində kirayə haqqını ödəmək üçün 1200 manat vəsait lazımdır. Cavabdehləri mərhum qardaşının ailəsi olduğunu nəzərə alıb o, cavabdehlərə mütəxəssis tərəfindən müəyyən edilmiş kirayə haqqının yuxarı həddinə uyğun 5 illik kirayə haqqını, yəni 6000 manat kompensasiya təklif edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili də sonuncu tələb həcmində iddianı müdafiə etdiyini bildirmiş və eyni məzmunlu izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 həm öz adından, həm də nümayəndəsi olduğu şəxsin adından iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, o, 29 yanvar 1987-ci ildə iddiaçının X3 ilə ailə qurduğu zaman özünə məxsus bütün cehiz əşyalarını mübahisəli yaşayış evinin yaşayış üçün yararlı otağına yerləşdirmişdir. Qısa müddət mərhum ərinin valideynlərinə məxsus evdə yaşadıqdan sonra mübahisəli evə köçmüşlər. Həmin evə köçdükdən sonra əri ilə birlikdə yaşayış evinin mətbəxini, zalını və digər otağını əsaslı öz hesablarına təmir etdirmişlər. Cavabdehlərdən Raqif və Cavabdeh3lar da həmin evdə anadan olmuşlar. Onların hamısı həmin evdə qeydiyyatdadırlar. Oğlu olan Cavabdeh2 evlənərək öz həyat yoldaşını da mübahisəli evə gətirmiş, həmin dövrdə iddiaçı oğlunun həyat yoldaşının həmin evə köçürülməsinə etiraz etməmişdir. Həmin evdə oğlunun uşağı, yəni nəvəsi də anadan olmuşdur. X1 da bu evdən istifadə hüququ vardır. Baxmayaraq ki, G.Hüseynova 15 may 2015-ci ildə ailə qurmuşdur, 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinə görə onun həmin mənzildən istifadə və yaşayış hüququ vardır. Göründüyü kimi oğlu Raufun arvadı ilə ailə münasibətləri davam etdiyi üçün X1 bu evdə yaşayış hüququ vardır. İddiaçı 12 il onlarla birlikdə yaşamışdır. İddiaçı onlarla birlikdə yaşadığı müddətdə həmin evin giriş-çıxış pilləkəninin sağ tərəfində özünə yeni otaqlar tikmiş və ora yerləşmişdir. Əri 04 dekabr 2016-cı ildə vəfat etmişdir. İddiaçı onlarla eyni evdə birgə yaşamaqlarının qeyri-mümkün olduğunu göstərmişdir. Onların yaşadıqları yaşayış evi ilə iddiaçının yaşadığı ev bir damın altında olsa da bir-birindən təcrid olunmuşdur. Bundan başqa, iddiaçı 6000 manat kompensasiya ödənilməsi ilə yaşayış sahəsindən istfadə hüququna xitam verilməsinə və evdən çıxarılmaya dair iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mübahisəli yaşayış evinin yerləşdiyi ərazidə olan evlərin hazırkı bazar qiyməti barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddiaçının təklif etdiyi 6000 manat kifayət qədər deyildir və həmin məbləğdə hazırda mövcud olan bazar qiyməti ilə onların başqa yerdə yaşayış evi əldə etmələri mümkün deyildir. Göründüyü kmi iddiaçı onlar-cavabdehlərə qarşı sözügedən iddia tələbi ilə müraciət edərkən onun gəlinin və uşağının da həmin evdə yaşayış və istifadə hüququnun olmasını nəzərə almamış, təklif etdiyi 6000 manat kompensasiya onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, mübahisəli evdə özlərinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yaşayış sahəsi əldə etməkləri mümkün deyildir. Hazırki vəziyyətdə onlara mübahisəli yaşayış evində onlara məxsus olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yaşayış sahəsini əldə etməkləri üçün minimum 20000 manat məbləğində vəsait tələb olunur. Əlavə olaraq bildirdi ki, onlar 30 ildən çoxdur ki, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar, həmin evdə oğlu Rafiq Hüseynov da ailə qurmuş, arvadı Jalə Hüseynova da yaşayır. Bundan əlavə, cavabdehlərin ikisinin arvadı da həmi evdə qeydiyyatdadırlar. Həmçinin, iddiaçı da həmin evdə yaşadığından mərhum əri ilə birlikdə öz aralarında faktiki olaraq bölmüşlər, hal-hazırda olduğu kimi istifadə olunur. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin vəkili X7 da eyni məzmunlu izahat verərək iddianı qəbul etmədiklərini bildirmişlər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, yaşayış evindən istifadə hüququna xitam verilməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini özlüyündə ehtiva edir, buna görə də iddiaçının təklif etdiyi kompensasiya cavabdehlərin davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkanı vermir, iddiaçının təklif etdiyi kompensasiya yaşayış tələblərinə mütənasib və yetərli deyildir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbi barədə iddiası təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni təmamilə əsassız və qanunsuz sayır və ümid edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən haqlı şikayəti təmin edilərək qətnamə ləğv ediləcək və iddiasının tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul ediləcəkdir. İş üzrə aparılmış araşdırma ilə bağlı təyin edilmiş qiymətləndirmələrə əsasən AB Consulting MMC tərəfindən verilmiş 169/Mİ/20 nömrəli 12 avqust 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən mübahisəli evin bazar qiyməti 42.000 manat, evin ümumilikdə aylıq kirayə haqqının isə 80-100 manat təşkil etdiyi qeyd edilmişdir. Həmçinin rəydə iddiaçının istifadə etdiyi sahənin 154.4 kvm və cavabdehin istifadə etdiyi sahənin isə 167.1 kvm olduğu öz təsdiqini tapmışdır. Bundan sonra hər iki tərəfin istifadəsində olan sahələrlə bağlı kirayə haqqının və mənzilin dəyərinin müəyyən edilməsi üçün AB Consulting MMC-yə müraciət edilmişdir. Verilmiş növbəti 242/ks/20 saylı 28 oktyabr 2020-ci il tarixli arayışa əsasən iddiaçının istifadəsində olan 154.4 kvm sahənin dəyərinin 20.000 manat, aylıq kirayə haqqının isə 40-50 manat, cavabdehin istifadə etdiyi 167.1 kvm sahənin dəyərinin 12.000 manat, aylıq kirayə haqqının isə 40-50 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi təklif olunan 6.000 manat məbləğində pul vəsaiti cavabdehlərin istifadə etdiyi sahəyə uyğun olaraq 40-50 manat məbləğində kirayə haqqı qismində hesablansa (6000:40=12 il 5 ay) bu məbləğ onlara 12 il 5 ay müddətinə, əgər onun da onların da yaşadığı bütün evin sahəsini götürsə və kirayə haqqını maksimal 100 manat məbləği ilə hesab etsə (6000:100=60) bu onlara 5 il fasiləsiz olaraq başqa evdə yaşamaq imkanı yaradır. Kompensasiya verməklə istifadə hüququna xitam verilməsinə dair formalaşmış məhkəmə təcrübəsinə əsasən 3 illik kirayə haqqını təşkil edən məbləğin ödənilməsi ilə iddianın təmin edilməsi mümkündür. Lakin göründüyü kimi məhkəmə yuxarıda qeyd olunanlara baxmayaraq tamamilə absurd mövqe sərgiləyərək bu məbləğin kifayət etmədiyini qeyd edib iddianı təmin etməmişdir. Ona görə də, o, məhkəmə kollegiyasından Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək, cavabdehlərin hər birinə 2000 manat olmaqla cəmi 8000 manat kompensasiya verilməsinə razı olduğunu bildirdi və məhkəmədən apellyasiya şikayətinin təmin edilərək, Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Belə ki. Qətnamə məhkəmə təərfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həm iddiaçının kompensasiya verilməsi ilə bağlı ərizəsi, həm də apellyasiya şikayətinə etiraz etdiklərini bildirirlər və məhkəmə kollegiyasından Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(063)- 36/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlamasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1, X13, Cavabdeh2 və Cavabdeh3 vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(063)- 36/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı; R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır....” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh X14 İddiaçı mərhum qardaşının arvadı, digər cavabdehlər isə mərhum qardaşının Cavabdeh1 ilə birgə nikahın anadan olmuş övladlarıdır. İddiaçı adına Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi vardır. Həmin evdə cavabdehlər qeydiyyatdadırlar. İddiaçı cavabdehlərin həmin evdən 8000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud olmadığından mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarına toxuna biləcəyindən qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab olunduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək belə qənaətə gəlmişdir ki, yaşayış evindən istifadə hüququna xitam verilməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini özlüyündə ehtiva edir, buna görə də iddiaçının təklif etdiyi kompensasiya cavabdehlərin davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkanı vermir, iddiaçının təklif etdiyi kompensasiya yaşayış tələblərinə mütənasib və yetərli deyildir. Yuxarıda qeyd edilən Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02.11.2021-ci il tarixli 2(102)-5880/2021 saylı Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin əldə etdiyi rəydən görünür ki, oxşar şəraitli mənzillə bağlı kirayə haqqı 40-50 manat, cavabdeh tərəfindən təqdim edilmiş rəylə isə oxşar şəraitli mənzillə bağlı kirayə haqqı 200-250 manat təşkil edir ki, məhkəmənin rəyi nəzər alındıqda cavabdehlər təklif edilən 6000 manat kompensasiya məbləği ilə 10 il, özlərinin təqdim etdiyi rəy nəzərə alındıqda isə 3 il oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olurlar. Birinci instansiya məhkəməsinin əldə etdiyi rəydən görünür ki, oxşar şəraitli mənzillə bağlı kirayə haqqı 40-50 manat, cavabdeh tərəfindən təqdim edilmiş rəylə isə oxşar şəraitli mənzillə bağlı kirayə haqqı 200-250 manat təşkil edir ki, məhkəmənin rəyi nəzər alındıqda cavabdehlər təklif edilən 8000 manat kompensasiya məbləği ilə 10 il, özlərinin təqdim etdiyi rəy nəzərə alındıqda isə 5 ilə yaxın müddətdə oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olurlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf cavabdehlərin hər birinə veriləcək kompensasiyanın məbləğini müəyyən etmiş, hər birinə 2000 ümumilikdə 8000 manat kopensasiya təklif etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəf cavabdehlərin hər birinə veriləcək kompensasiyanın məbləğini müəyyən etdiyindən, eyni zamanda həmin məbləğ (kompensasiya) hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehlərə təklif edilən 8000 manat məbləği həmin cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehlərin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehlərin mənzil hüquqlarını pozmuş olmayacaqdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarını nəzərə alır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğundur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının cavabdehlərə təklif etdiyi 8000 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab edir. Həmin məbləğin iddiaçının da məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsini nəzərə alaraq 8000 manat, cavabdehlərin hər birinə 2000 manat civarında olmasını məqsədə müvafiq hesab edir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnaməsi ləğv edilməli. Yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı cavabdehlərin hər birinə 2000 (iki min) manat olmaqla, cəmi 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə, istifadə hüuquna xitam verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar