Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-273/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun ödənilməsi və akt əsasında hesablanmış məbləğin silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, e-2(025)-1582/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq xeyrinə 1323.48 manat və dövlət rüsumuna görə 33.24 manat və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala X12 İdarəsininQəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu Aydınqışlaq kəndində Cavabdeh məxsus mənzilində №AKX04426xx/xx-2022 saylı alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00580 saylı qaz hesabında ödənilməmiş 1323.48 manat borc vardır. Cavabdeh məxsus **********00580 saylı qaz hesabında olan 1323.48 manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1323.48 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı 13735266 nömrəli sayğacın 1306 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Qəbələ Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 27 noyabr 2024-cü il tarixli, e- 2(025)-1582/2024 nömrəli qətnaməsi ilə, iddia tələbinin təmin olunması, Cavabdeh 1323.48 (bir min üç yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat və 33.24 (otuz üç manat iyirmi dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1357.12 (bir min üç yüz əlli yeddi manat on iki qəpik) manat borcun tutulub İddiaçı İB-nin hesabına (ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
4. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh (abonent kodu: **********0580; Sayğacın zavod nömrəsi: 13735266; ünvan: ünvan 1in qaz sərfiyyatına görə sayğacın göstəricilərinə əsasən hesablanmış 1323.48 manat debitor borcunu İddiaçı İB-ə ödəməlidir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1, 5.2, 5.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a)Apellyasiya şikayətinin dəlilləri
6. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, müntəzəm olaraq istifadə etdiyi təbii qazın dəyərini müntəzəm olaraq ödəmişdir. İddia tələbində göstərilən 1323.48 manat iddiaçı tərəfindən İddiaçı Zaqatala X14 idarəsi (RQİİ) Qəbələ XS (xidmət sahəsi) əməkdaşlarından Cəlilov Cavid, Məhəmmədov Arif, Yusibov Fərid adlı şəxslərin xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum əri Aslan Aslanovun adına tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2018 ci il tarixdə tərtib edilmiş AKT № ******* saylı reallığı əks etdirməyən guya həyətdən kənarda heç bir qoruyucu qutuda yerləşdirilməyən sayğaca “müdaxilə” yə görə tərtib edilmiş akt əsasında yaranmış borc məbləğidir. Həmçinin bildirir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş AKT № ******* saylı xx.xx.2018 ci il tarixdə tərtib edilmiş aktı apellyasiya şikayətinə əlavə edir. Həmin aktda xx.xx.2018 - ci il tarixdə avtomobil qəzası nəticəsində vəfat etmiş mərhum əri Aslan Aslanovun xx.xx.2018 - ci il tarixdə tərtib olunmuş aktda imza etməkdən imtina etdiyi göstərilmişdir. Əgər 10 il əvvəl yəni xx.xx.2018-ci il tarixdə olmuş şəxsin xx.xx.2018 - ci il tarixdə tərtib edilmiş akta imza etməkdən imtina etdiyini göstərən iddiaçı yəqin ki, heç bir məsuliyyət hiss keçirmədən, qaz hesabında sayğac göstəricisinə əsasən 1323.48 manat borcun olduğunu heç bir məsuliyyət hiss etmədən göstərməkdən də çəkinməmiş və ondan 4 yetim qız anasından saxta akta görə hesabında göstərilən “debutor” borcu, istifadə edilən təbii qazın dəyəri kimi göstərməklə ondan ödənişi tələb edirlər. Çox böyük haqsızlıqdır. Hesab edir ki, bu haqsızlıq Apellyasiya məhkəməsindən keçə bilməz.
8. Bildirir ki, hazırki mübahisə üzrə əsas nizamlayıcı qüvvəyə malik olan AR – sı Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının istehlakçıya şamil edilən bütün tələblərinə tam əməl etsə də iddiaçı həmin qaydaların ona aid olan tələblərinə əməl etməmiş əksinə həmin tələbləri kobud şəkildə pozmaqla istehlakçı olaraq onun hüquqlarını pozmuşdur.
9. Tərəfindən qaydalarda göstərilən üzərinə istehlakçı olaraq qoyulan bütün vəzifələr layiqincə icra edilsə də, iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirmədən, saxta akt tərtib etməklə süni yaratdığı borcu məhkəmə qaydasında ondan almağa çalışır.
10. Hesab edir ki, İddiaçı cavabdeh olaraq ona qarşı məhkəməyə təqdim etdiyi iddia tələbi üzrə 1-ci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(025)-1588/2024 saylı qətnaməsi çıxarılarkən AR MM-nin 4.1 maddəsində göstərilən məhkəmə müdafiəsindən istifadə etmək hüququ araşdırmanın ədalətli aparılması səbəbindən pozulmuşdur.
11. Məhkəmə iş üzrə çıxarılan qətnaməni məhkəmə iclasında müəyyən edilmiş həqiqi halları düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi işin faktik hallarını tam araşdırmamış, tələb olunan məbləğin həqiqətən sayğac hesablaması olub olunmamasını müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi son nəticə üşin faktik hallarına uyğun gəlmir. Sayğac göstəricisi araşdırılmamışdır.
12. Odur ki, Qəbələ rayon məhkəməsinin xx.xx.2024 - cü il tarixli e - 2(025) - 1582/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, e-2(025)-1582/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri).
19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-1582/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddianın təmin edilmiş 1036,80 manata aid hissəsində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamış, iddianın təmin edilmiş həmin hissəsində mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırması təmin edilməmiş, işin faktiki halları araşdırılmamış, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmamışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə bağladığı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-04426xx/xx-2022 nömrəli müqavilə əsasında yaşadığı Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən ünvanında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Daha əvvəl isə həmin ünvan üzrə qaz sayğacı cavabdehin mərhum əri X2 adında qeydiyyatda olmuş, lakin X8 16 mart 2008-ci ildə vəfat etmişdir. X8 16 mart 2008ci ildə vəfat etməsinə baxmayaraq, İddiaçı əməkdaşları tərəfindən 22 may 2018-ci il tarixdə mərhum X2 barəsində sayğacın hesablama mexanizminin qapağının deşilməsi, sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğraması əsası ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Daha sonra itirilmiş qazın bərpası üçün İddiaçı tərəfindən X4 1036,80 manat məbləğində hesabat aparılmışdır. Akt əsasında X4 hesablanmış 1036,80 manat sonradan Cavabdeh abonent hesabına işlənilmiş və sonuncudan tələb edilmişdir. Hazırda İddiaçı tərəfindən Cavabdeh tələb edilən 1323.48 manatın 1036,80 manat hissəsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 may 2018-ci il tarixdə mərhum X2 barəsində tərtib edilmiş ******* nömrəli akt üzrə hesablanmış məbləğ, qalan 286,68 manat isə Cavabdeh tərəfindən istehlak edilmiş qaza görə hesablanan məbləğdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilmiş 1036,80 manat və həmin məbləğə mütənasib olan 30,37 manat dövlət rüsumu hissələrində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil edirlər.
28. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbində göstərilən 1323.48 manatın xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum əri Aslan Aslanovun adına tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2018 ci il tarixdə tərtib edilmiş AKT № ******* saylı akt əsasında yaranmış borc məbləği olmasına dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, işdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 may 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı X2 adına qeydiyyatda olan ünvanda təbii qazdan istifadə qaydalarına riayət edilməsi yoxlanılarkən sayğacın hesablama mexanizminin qapağının deşilməsi, sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğraması müəyyən edilmişdir.
29. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 may 2018-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı Zaqatala X12 İdarəsi tərəfindən tərtib edilmiş itirilmiş qazın bərpası üzrə tələblərdən görünür ki, həmin akt əsasında X4 5184 m3 hesabat aparılmışdır.
30. İşdə olan abonentin saldosundan görünür ki, əvvəllər X2 adına olmuş, sonradan isə Cavabdeh adına işlənilmiş **********00580 nömrəli abonent koduna 2018-ci ilin may ayında akt əsasında 1036,80 manat borc işlənilmişdir.
31. İşdə olan Qəbələ “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 30 avqust 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X8 ilə Cavabdeh nikahı haqqında 25 yanvar 1987-ci il tarixdə 17 nömrəli akt tərtib edilmiş, X2 16 mart 2008-ci il tarixdə ölməsi ilə bağlı nikaha xitam verilmiş, ölüm 28 mart 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
32. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işin faktik hallarını tam araşdırmaması, tələb olunan məbləğin həqiqətən sayğac hesablaması olub-olmamasının müəyyən edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi son nəticənin üşin faktik hallarına uyğun gəlməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh tələb edilən 1323.48 manatın cəmi 286,68 manatının sonuncunun sayğac göstəricisi üzrə istehlak etdiyi qazın dəyəri, digər 1036,80 manat hissəsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 may 2018-ci il tarixdə cavabdehin mərhum əri X2 barəsində tərtib edilmiş ******* nömrəli akt üzrə hesablanmış məbləğ olması müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh 1036,80 manat borcun və ona mütənasib dövlət rüsumunun tutulması hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 may 2018-ci il tarixli ******* nömrəli aktla X4 istinad edilən pozuntunun törədildiyi zaman sonuncu həyatda olmamışdır. Abonent kodunun X2 adına olması əsas gətirilərək, aktın ünvanda qazdan faktiki olaraq istifadə edilmiş şəxsə aid edilməli olması qənaəti formalaşarsa belə bu halda da məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, həmin aktda nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qapağının deşilməsi, sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğraması” qeydi belə cavabdehin hüquq pozuntusu törətməsini təsdiq etmək üçün yetərli deyildir.
34. Bundan əlavə kollegiya qeyd edir ki, cavabdehin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G4 markalı, ******* nömrəli sayğaca dair İddiaçı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. İddiaçı tərəfindən quraşdırılan sayğaca görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. İddia tələbi 1036,80 manat borca aid hissədə o halda əsaslı sayıla bilərdi ki, iddiaçı sayğacda kənar müdaxilənin olmasını göstərmiş olsun və həmin müdaxilənin cavabdehin hərəkətləri nəticəsində baş verdiyini sübut etmiş olsun. Lakin hazırkı vəziyyətdə belə hallar müəyyən edilmir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, aktda qeyd edilən “sayğacın hesablama mexanizminin qapağının deşilməsi, sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğraması” fikirləri həmin sayğaca təbii qazdan qeyri qanuni istifadə məqsədi ilə hər hansı kənar müdaxilənin olmasını göstərmir. Həmin nöqsanların qeyd edilməsi isə özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsanın yaranmasında məhz cavabdehin təqsirli olmasına dair qəti fikrin ifadə edilməsi üçün əsaslar mövcud deyildir. Sözügedən sayğacın cavabdehin mülkiyyətində olan həyətində yox, yol kənarında quraşdırmış olmasının cavabdehin onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun cavabdeh tərəfindən törədilməsini, bununla bağlı Cavabdeh təqsirli olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
36. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına sayğaca müdaxilə ilə bağlı cavabdehin hər hansı bir məsuliyyətə cəlb edilməsi, cavabdehin bunda təqsirli olmasına dair hər hansı bir sənəd əlavə edilməməklə yanaşı, iddiaçı təşkilat tərəfindən buna dair məhkəmə kollegiyasına da hər hansı bir sübut təqdim edilməmişdir.
37. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Göründüyü kimi, hazırki halda sayğacda aşkar edilən nasazlıqların cavabdehin təqsiri üzündən baş verməsi sübut olunmur.
39. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona akt əsasında əlavə məbləğin hesablanması əsaslı olmamışdır.
41. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş 1036,80 manat və həmin məbləğə mütənasib olan 30,37 manat dövlət rüsumu hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
42. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, e-2(025)-1582/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş 1036,80 manat borc və həmin məbləğə mütənasib olan 30,37 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul qəbul edilməli, Cavabdeh İddiaçı xeyrinə 1036,80 manat borc və 30,37 manat dövlət rüsumunun tutulmasına dair hissədə iddia tələbi rədd edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, e-2(025)-1582/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, e-2(025)-1582/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş 1036,80 manat borc və 30,37 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul qəbul edilsin. Cavabdeh İddiaçı xeyrinə 1036,80 manat borc və 30,37 manat dövlət rüsumunun tutulmasına dair hissədə iddia tələbi rədd edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, e-2(025)-1582/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.