Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-275/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İxtiyar oğlunın Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, nisyə alqı-satqı müqaviləsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı İxtiyar oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı İxtiyar oğlunın Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(046)-1005/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İxtiyar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat pulun, hüquqi yardım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayında Cavabdeh nisyə xurma məhsulu satmış və cavabdeh məhsulun dəyəri olan 1600 manat məbləğdən 600 manatı ödəsə də qalan 1000 manat pulu bu vaxta kimi ödəməmişdir. Bu barədə Göyçay rayon Polis Şöbəsinə də ərizə ilə müraciət etmiş, şikayət ərizəsi araşdırılmış və ona mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh Göyçay rayon Polis Şöbəsinə izahat verərək Elvin adlı şəxsdən pulunu aldıqdan sonra ona borclu olduğu pulu verəcəyini bildirsə də bu günədək ödəniş etməmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(046)-1005/2023 saylı qətnaməsi ilə (hakim E.Qurbanov) iddianın qismən təmin edilməsi, Cavabdeh satılmış xurma məhsuluna görə ödənilməmiş 1000 manat məbləğində pul alınaraq İddiaçı İxtiyar oğluna verilməsi, məhkəmə xərclərini cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat alınaraq İddiaçı İxtiyar oğluna verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh 2022-ci ilin noyabr ayında İddiaçı İxtiyar oğlundan 1600 manat dəyərində xurma məhsulunu nisyə almış, həmin 1600 manat məhsulun dəyərindən, 600 manat ödəmiş, 1000 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh 2022-ci ilin noyabr ayında İddiaçı İxtiyar oğlundan 1600 manat dəyərində xurma məhsulunu nisyə almış, həmin 1600 manat məhsulun dəyərindən, 600 manat ödəmiş, 1000 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh 640 ədəd yeşikdə xurma məhsulunu təhvil aldıqdan sonra müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərini tam ödəmədiyindən, İddiaçı İxtiyar oğlu satılmış malın dəyərinin tam ödənilməsini tələb etməkdə haqlıdır. Ödənilməmiş məbləğ isə 1000 manat təşkil edir. Cavabdeh malın Elvin adlı şəxsə satılmasını, bu işdə vasitəçilik etməsi barədə izahatına gəldikdə isə, məhkəmə xurma məhsulunun Cavabdeh təhvil verilməsini, malın dəyərindən 600 manat məbləğində ödənişin cavabdehin oğlu tərəfindən edilməsini və cavabdeh tərəfindən istinad etdiyi halın təsdiqi kimi hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini və bununla da istinad etdiyi halı sübut edə bilməməsini nəzərə alıb, cavabdehin bu dəlilini nəzərə almamış və qəbul etməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi yardım üçün ödənilmiş 200 manat pulun, məhkəmə xərci hesab edilərək cavabdehdən alınaraq ona verilməsi hissədə tələbi təmin edilməməlidir. Belə ki, vəkilin göstərdiyi hüquqi yardıma görə tərəflər arasında müqavilə bağlanılır və müqavilə ilə müəyyən edilmiş xərclər ödənilir. Hazırki iş üzrə İddiaçı İxtiyar oğlu ilə vəkil arasında müqavilə bağlanmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Sadalananlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı İxtiyar oğluna verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 600.1-ci maddələri, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217 və 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə çıxardığı qətnaməni əsasən onun Göyçay Rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixdə verdiyi izahatla əsaslandırmışdır. O məhkəmədə çıxış edərək bildirmişdir ki, iddiaçı onun həmkəndlisidir və onun atası İxtiyar kişi onun xurma meyvəsi alanlara ağacdan xurma meyvəsi yığdığını bildiyindən ona zəng etmiş və ondan xahiş etmişdir ki, onların da xurma meyvəsi var və həmin meyvəni ağacdan yığıb həyətdə saxlayırlar. Ona həmin xurma meyvəsinə müştəri tapmaqda köməklik göstərməyini xahiş etmişdir. O da Elvin adlı Göyçay sakininə xurma meyvəsi yığdığından onu tanıyırdı və Elvinə qonşularında xurma meyvəsi olduğunu demişdir. Elvin də İxtiyar kişinin yaşadığı Göyçay rayonu, Çayarxı kəndinə gəlib xurma meyvəsinə baxıb, almaq istədiyini bildirmiş və oradaca özləri behləşmişdilər. Bundan sonra onlar arasında nə razılıq olduğunu o bilməmişdir. Sonradan İddiaçı ona Elvinin onların evinə yük maşını göndərdiyinin, xurma meyvəsini özünün Elvinin maşınına yüklədiyinin və həmin meyvəni Göyçayda şəhərində yerləşən “Cənnət” şadlıq evinin yanında Elvinə verdiyinin, Elvinin də iddiaçıya xurmanın pulundan 600 manat verdiyini, 1000 manatını isə bir-neçə günə verəcəyini, buna iddiaçının razı olduğunu özü ona demişdir. Bir neçə gündən sonra iddiaçı onun evinə gələrək, Elvinin onlara olan borcunu vermədiyini bildirdi və o, Elvinə pulu niyə vermədiyini telefonla soruşduqda Elvin dedi ki, o Səyyadla razılaşmışdır, bu məsələnin ona aidiyyatı yoxdur. Bundan sonrasından onun xəbəri yoxdur. O məhkəmədən işi obyektiv və hərtərəfli araşdırıb həqiqəti üzə çıxarmaq məqsədi ilə Elvinin məhkəməyə dəvət olunmasını xahiş etsə də nədənsə məhkəmə Elvini məhkəməyə dəvət etmədi. Əgər məhkəmə iddiaçıdan xurma meyvəsini alan Elvini məhkəməyə dəvət etsəydi, həqiqət üzə çıxardı. İddiaçının Elvindən ala bilmədiyi pulu ondan tələb etməsi absurddur və ona hələ aydın deyil ki, iddiaçı öz xurma meyvəsini özü Elvinə nisyə verdiyi halda həmin meyvənin pulunu ondan niyə tələb edir? Bir daha qeyd edir ki, o, iddiaçının atası onun qonşusu olduğundan və onların da meyvəsinə müştəri tapmağını xahiş etdiyindən o yalnız Elvin adlı Göyçay rayon sakininə qonşusunda İxtiyar kişigildə də xurma meyvəsi olduğunu demiş və onlar öz aralarında alış-veriş edəndə o onların yanında olmamışdır. Göyçay Rayon Polis Şöbəsində ondan alınan izahata gəldikdə isə iddiaçının şikayəti əsasında onu polis şöbəsinə dəvət edən təhqiqatçıya da belə demiş və latın əlifbasında yazıb oxuya bilmədiyindən onun nə yazdığından xəbərim olmamışdır. Təhqiqatçı sonda bura qol çək demiş və o da qol çəkmişdir. Onun həmin izahatda təhqiqatçının nə yazdığından xəbəri yoxdur. O bunları da məhkəmədə bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq Göyçay Rayon Məhkəməsinin 2(046)- 1005/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı İxtiyar oğlunun ondan 1000 manat pulun, hüquqi yardım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-1005/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsidən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apellyasiya şikayətini məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə çıxarılması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, qətnamədə göstərilən halların işin hallarına uyğun gəlməməsi ilə əsaslandırmışdır. Apellyator birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1, 89.3, 217-ci maddələrinin tələblərinin pozulduğunu göstərir. Apellyator Mülki Məcəllənin 385.1, 442-ci maddələrinin tələblərinin pozulmasının guya onun xurma məhsulunu ona deyil, Elvin adlı şəxsə satmağı ilə əsaslandırır. Halbuki o, Elvin adlı şəxslə xurma alqı-satqısı etməmişdir. Belə ki, 2022-ci ilin noyabr ayında Cavabdeh ona müraciət edərək bağında yetişən xurma məhsulunu nisyə almaq istədiyini bildirmiş və o Cavabdehla razılaşaraq bir ədəd xurma yeşiyini 2 manat 50 qəpik olmaqla, cəmi 640 ədəd xurma yeşiyini 1600 manata Sarvana nisyə satmışdır. Keçən müddət ərzində xurma məhsulunun dəyərindən, Sarvanın oğlu 600 manat ödəmiş, 1000 manat borcu qalmışdır. Əgər xurma məhsulunu o Elvin adlı şəxsə satmışdırsa niyə ona 600 manat pulu Cavabdeh oğlu Sənan ödəyirdi?! Cavabdeh şikayətində göstərdikləri öhdəliyini icra etməkdən yayınmaq üçün bir uydurmadır. Apellyator prosessual normaların tələblərinin pozulmasını ümumi sözlərlə göstərmiş, qeyd etdiyi məsələləri əsaslandırmamışdır. Bundan başqa onun icra məmuru Tərlan Əhmədzadəyə verdiyi bank hesabına cavabdeh 04 dekabr 2023-cü il tarixdə borcundan 40 manat ödəniş etmişdir. Beləliklə cavabdeh məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq ona olan borcundan cüzi miqdar olsa da ödəmişdir. Göründüyü kimi cavabdeh məhkəmə qətnaməsini icra etməyə başlamış, lakin sonradan qətnamədən apellyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün şikayətin təmin edilməməsini, 960 manat pulun, 200 manat hüquqi yardım almaq üçün vəkil bürosuna ödənilmiş 200 manat pulun və dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-1005/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı İxtiyar oğlunun ondan 1000 manat pulun, hüquqi yardım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İxtiyar oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-1005/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 2(046)-1005/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı İxtiyar oğlunun ondan 1000 manat pulun, hüquqi yardım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 2(046)-1005/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-1005/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin noyabr ayında İddiaçı İxtiyar oğlundan 1600 manat dəyərində xurma məhsulunu nisyə almış, həmin 1600 manat məhsulun dəyərindən, 600 manat ödəmiş, 1000 manat borcu qalmışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, işin obyektiv və hərtərəfli araşdırıb həqiqəti üzə çıxarmaq məqsədi ilə Elvinin məhkəməyə dəvət olunmasını xahiş etsə də nədənsə məhkəmə Elvini məhkəməyə dəvət etmədi. Əgər məhkəmə iddiaçıdan xurma meyvəsini alan Elvini məhkəməyə dəvət etsəydi, həqiqət üzə çıxardı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 272.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər. Göründüyü kimi birinci instansiya məhkəməsinin iclas protokolunda, Cavabdeh 10 iyul 2023-cü il tarixli məhkəmə iclasında işin obyektiv və hərtərəfli araşdırıb həqiqəti üzə çıxarmaq məqsədi ilə Elvinin məhkəməyə dəvət olunmasını xahiş etməmiş və Elvinin məhkəməyə dəvət edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət təqdim etməmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçının Elvindən ala bilmədiyi pulu ondan tələb etməsi absurddur və ona hələ aydın deyil ki, iddiaçı öz xurma meyvəsini özü Elvinə nisyə verdiyi halda həmin meyvənin pulunu ondan niyə tələb edir? Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh malın Elvin adlı şəxsə satılmasını, bu işdə vasitəçilik etməsi barədə izahatına gəldikdə isə, xurma məhsulunun Cavabdeh təhvil verilməsini, malın dəyərindən 600 manat məbləğində ödənişin cavabdehin oğlu tərəfindən edilməsini və cavabdeh tərəfindən istinad etdiyi halın təsdiqi kimi hər hansı bir sübutun təqdim edilməməsini və bununla da istinad etdiyi halı sübut edə bilməməsini nəzərə alıb, cavabdehin bu dəlilini nəzərə almamış və qəbul etməmişdir. Əlavə olaraq Cavabdeh Göyçay Rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixdə verdiyi izahatından görünür ki, Cavabdeh Göyçay rayon sakini Elvin adlı şəxslə birlikdə işləmiş, Elvinə xurma məhsulunu nisyə almaqda köməklik göstərmişdir. 2022-ci ilin noyabr ayında həmkəndlisi İddiaçı İxtiyar oğlundan nisyə xurma məhsulu almış, Elvin həmin məhsulun dəyərinin bir qismini ödəmiş, 1000 manat borcu qalmışdır. Elvindən pulu aldıqdan sonra İddiaçı İxtiyar oğluna olan borcu ödəyəcəkdir. Ona görə də kollegiya hesab edir ki, şikayət əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, Göyçay Rayon Polis Şöbəsində onu polis şöbəsinə dəvət edən təhqiqatçıya izahat verərkən latın əlifbasında yazıb oxuya bilmədiyindən təhqiqatçının nə yazdığından xəbəri olmamışdır. Təhqiqatçı sonda izahata qol çəkməli olduğunu bildirmiş və o da qol çəkmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Cavabdeh 17 fevral 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsində verdiyi izahatı latın qrafikası ilə deyil, kiril qrafikası ilə yazılmışdır, eləcə də Cavabdeh izahatı oxuduğunu, yazdığını öz imzası ilə təsdiq etmişdir. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-1005/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-1005/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-275/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-275/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver