Məhkəmə qərarları › İş №2(107)-278/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-278/2022

10.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-278/2022 10.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə İddiaçı cavabdeh X12 Xidmət Mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X4, X1 qarşı “mirasın qəbulu üçün müddətin uzadılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(019)- 1025/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2021- ci il tarixli 2(019)-1025/2021 nömrəli qərardadından şikayət verərək Balakən Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli və 21 oktyabr 2021-ci il tarixli, 2(019)-1025/2021 nömrəli qərardadlarının ləğv edilərək işin məhkəmə iclasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(019)-1025/2021 nömrəli qərardadı ilə İddiaçı Balakən Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması, İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İddiaçı Balakən Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(019)-1025/2021 nömrəli qərardadından şikayət verərək sözügedən qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 06.09.2007-ci il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 hektar torpaq sahəsinə dair mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(019)-1025/2021 nömrəli qərardadı ilə tərəflər məhkəməyə gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. O, Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(019)- 1025/2021 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməklə işin məhkəmə iclasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin qərardaddan şikayət verərkən 50 manat dövlət rüsumunun ödənilməsi barədə qəbzi unutduğundan şikayətə əlavə etməmişdir. Elə zənn etmişdir ki, qərardaddan şikayət verərkən ödədiyi 03.11.2021-ci il tarixli ödəniş məhkəmənin elektron sistemində görünəcəkdir. Lakin məhkəmə ona məlumat vermədən əsassız olaraq qərardaddan şikayətini geri qaytarmışdır.Məhkəmə şikayətini geri qaytararkən aşağıdakı iki əsasa istinad etmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilir. Şikayətə əlavə etdiyi 03.11.2021-ci il tarixli GPP qəbz nömrəsi ********* olan qəbzdən görünür ki, Balakən Rayon Məhkəməsinə 51 manat dövlət rüsumu ödənilmişdir. Yəni məhkəmə şikayətin geri qaytarılması barədə 05 noyabr 2021-ci il tarixli qərardad qəbul edərkən artıq dövlət rüsumu ödənilmişdir və bu əsasla şikayətin geri qaytarılması əsassız olmuşdur. Həmçinin qərardaddan şikayətin qaytarılması Azərbaycan Respublikası MPM-də tənzimlənmədiyindən məhkəmə hesab etmişdir ki, analogiya üzrə apellyasiya şikayətinin qaytarılması barədə qaydalar tətbiq olunmaqla İddiaçı şikayəti qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 363.1.2 və 363,1.5-ci maddələrinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd etmək istəyir ki, məhkəmənin bu mövqeyi ilə də razılaşmaq mümkün deyildir. Çünki məhkəmə qərardadları və ondan şikayət verilməsi qüvvədə olan MPM-nin 21-ci fəslində 263-269-cu maddələri ilə tənzimlənir. Lakin məhkəmə qərardaddan şikayətin qaytarılmasının Azərbaycan Respublikası MPM-də tənzimlənməməsi əsası ilə qanunun analogiyasına istinad etməsi və qərardaddan şikayətin apellyasiya şikayətinə bərabər tutulmaqla apellyasiya şikayətinə dair tələblərin əsas tutulmaqla apellyasiya şikayətinə dir normalara istinad etməsi qanunsuzdur. Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(019)-1025/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən müəyyən olundu ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 06.09.2007-ci il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 hektar torpaq sahəsinə dair mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(019)-1025/2021 nömrəli qərardadı ilə tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanmışdır.İddiaçı Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(019)- 1025/2021 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilərək işin məhkəmə iclasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayəti Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilmədiyindən və şikayətə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən iddiaçı X10 Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(019)-1025/2021 nömrəli qərardadından verdiyi şikayət Balakən Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadına əsasən geri qaytarılmışdır. İddiaçı yenidən mülki Prosessual Məcəllənin tələblərinə əməl etmədən “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirmədən, kağız daşıyıcıda Balakən Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(019)-1025/2021 nömrəli qərardadından şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(019)-1025/2021 nömrəli qərardadına əsasən İddiaçı Balakən Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Hazırda İddiaçı Balakən Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(019)-1025/2021 nömrəli qərardadından şikayət verərək Balakən Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadını ləğv edərək işin məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 10-1.3 və 10-1.5-ci maddələrində imperativ qaydada müəyyən edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Balakən Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(019)-1025/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(019)-1025/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar