Məhkəmə qərarları › İş №2(107)-281/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-281/2022

03.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-281/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız olaraq hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(019)-1085/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X1 X4 İdarəsi tərəfindən ona əsassız hesablanmış 1360,80 (bir min üç yüz altmış manat səksən qəpik) manat borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Balakən şəhəri, Z.Əliyeva küçəsi-5 ünvanında fərdi yaşayış evi vardır. 25 yanvar 2017-ci il tarixdə "xxxx" X1 X4 İdarəsinin əməkdaşları Həbibullayev Elburus və İsayev Hacıağa yaşadığı ünvana gələrək, fərdi yaşayış evinə gələn qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacında plombun qoparıldığını bildirmişlər. Bu məlumatı isə Zaqatala X4 İdarəsinin əməkdaşları onun və ailə üzvlərinin iştirakını təmin etmədən, yalnız özlərinin iştirakı ilə aktlaşdırmış və yalnız bundan sonra həyətə daxil olaraq tərtib etdikləri aktın surətini arvadı Sevda Osmanaovaya təqdim etmişlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qaz sayağacında plombu o və ya ailə üzvləri qoparmayıb və bunun kimin etməsindən məlumatsızdırlar. Çünki həmin qaz sayğacı həyətyanı torpaq sahəsində yox, 25-30 metr aralıda həyətyanı torpaq sahəsinin küçəyə baxan hasarında küçə tərəfdə quraşdırılmışdır və onun ona nəzarət etməsi qeyrimümkündür. Bununla yanaşı, həmin sayğac müvafiq mühafizə qutusuna da yerləşdirilməmişdir. Halbuki, o, bu halı hər dəfəsində "xxxx" İB Zaqatala X4 İdarəsinin əməkdaşlarının diqqətinə çatdırmışdır. Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən dərhal köhnə sayğac yenisi ilə əvəz olunmuşdur. Lakin nə o, nə də ailə üzvləri sayağacdakı plombun həqiqətən də qoparılmış vəziyyətdə olmasının şahidi olmamışlar. Bundan sonra Zaqatala X4 İdarəsinin rəhbərliyi tərəfindən 90 (doxsan) gün müddətində qaz sayağacının işlək vəziyyətdə olmaması və buna görə də 6804 m3 qazdan pulsuz istifadə etməsi səbəbindən1360,80 (bir min üç yüz altmış manat səksən qəpik) manat borcu olması qərara alınmışdır. Yəni onlar heç bir əsas olmadığı halda 1360,80 (bir min üç yüz altmış manat səksən qəpik) manat "xxxx" İstehsalat Birliyinə borclandırılmışlar. Halbuki tərtib olunmuş aktda sayğacın qaz sərfiyyatının qeydiyyata almaması və ya az alması ilə bağlı heç bir qeyd aparılmamışdır. Bununla yanaşı, Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən sonucu dəfə 2016-cı ilin dekabr ayında da həmin sayğaca baxış keçirilmiş və 104 (bir yüz dörd) manat borcu olması barədə ona bildiriş verilmişdir. Göründüyü kimi, əgər həmin dövrdə qaz sayğacı işlək vəziyyətdə olmasa idi və ya plombu qoparılmış olsa idi, sayağaca baxış keçirmiş şəxslər bunu görərdilər. Bütün bu hallar isə son nəticədə "xxxx" X1 X3 İdarəsinin rəhbərliyi tərəfindən əsassız olaraq ona 1360,80 (bir min üç yüz altmış manat səksən qəpik) manat borc hesablanmasını sübut edir. Qeyd edilənlərə əsasən "xxxx" İB-nin tərəfindən yazılmış 1360,80 (bir min üç yüz altmış manat səksən qəpik) borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(019)-1085/2021 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia təmin edilmiş, "xxxx" X1 X3 İdarəsinin əməkdaşları tərəfindən İddiaçı 6804 kub metr təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1360,80 (bir min üç yüz altmış manat səksən qəpik) cərimə borcu İddiaçı abonent hesabından silinsin; cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Balakən şəhəri, Z.Əliyeva küçəsi ev 5 ünvaında yerləşən xüsusi mülkiyyətində olan yaşayış evi vardır və o, qaz istehlakçısıdır. Ona evinə gələn təbii qazın göstəricilərini əks etdirən qaz sayğacı yaşayış evindən kənarda, küçədə quraşdırılmışdır və sayğacın üzərində qoruyucu örtük və ya qutu yoxdur. "xxxx" İstehsalat Birliyi tərəfindən İddiaçı evində qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş və yenisi ilə əvəz olunmuşdur. "xxxx" İB Zaqatala RQİİ-nin mütəxəsisləri tərəfindən tərtib olunmuş Təbii X2nın pozulması haqqında 25.01.2017-ci il tarixli, ******* nömrəli aktda ARDNŞ "xxxx" İB qaz sayğacının yoxlanması barədə 29/1710- 00098 nömrəli aktına əsasən İddiaçı aid qaz sayğacının zavod plombunun kəsici alətlə kəsilməsi göstərilmiş və 03.03.2017-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə həmin 25.01.2017-ci il tarixli, ******* №-li akt üzrə İddiaçı olğuna 6804 m3 (03.03.2017ci il tarix vəziyyətinə 1360,80 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmış və həmin 1360,80 manat cərimə borcu kimi İddiaçı **********01000 nömrəli abonent hesabının qalıq və aktlar qrafasına daxil edilmişdir və iddiaçıdan tələb edilir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, ARDNŞ "xxxx" İB qaz sayğacının yoxlanması barədə 29/1710-00098-1 nömrəli aktına əsasən İddiaçı aid qaz sayğacının zavod plombu kəsici alətlə kəsilmişdir. 25.01.2017-ci il tarixli, ******* №-li akt üzrə İddiaçı 6804 m3 sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. Həmin 1360,80 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin- İddiaçı abonent hesabına daxil edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda yolda quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı təbii X2nın pozulması haqqında 25.01.2017-ci il tarixli, ******* nömrəli akt tərtib olunarkən, həmçinin həmin akt əsasında 6804 kub metr itirilmiş qazın bərpası ilə bağlı 03.03.2021-ci il tələbnamə verilərkən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə cavabdeh tərəfindən də İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunması, həmçinin 25.01.2017-ci il tarixli aktın və 03.03.2017-ci il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə etiraz edilməmişdir. Məhkəmə, 25.01.2017-ci il tarixli aktın və 03.03.2017-ci il tarixli tələbnaməni həqiqəti əks etdirmədiyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Həmçinin cavabdeh "xxxx" İB yalnız dəymiş zərəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən etmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» o vaxt mötəbər sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının müvafiq normasına istinad edilməklə qəbul edilsin və Konstitusiyaya və qanunlara zidd olmasın. Lakin iş materiallarından görünür ki, həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır və normativ-hüquqi akt kimi dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»nı da mötəbər sübut kimi qəbul etmir. Həmçinin cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 6804 kub metr qaz itkisi olmaqla 1360,80 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbini təkzib edən hallar sübut olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, "xxxx" İB-nin Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən İddiaçı 6804 kub metr təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1360,80 (bir min üç yüz altmış manat səksən qəpik) cərimə borcu İddiaçı abonent hesabından silinməlidir. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə iddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X2»nı 4.2ci, 5.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu bəndləri, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci, 3-cü, 18-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu, 21-ci, 385.1-ci, 386.1-ci, 425.1-ci, 427.1-ci, 427.2ci, 427.3-cü, 442-ci, 443.1-ci, 443.2-ci, 445.1-ci, 448.1-ci, 459.1-ci, 560.1-ci, 560.2-ci, 1091.1-ci, 1091.2-ci, 1096.1-ci, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci, 81-ci, 88-ci, 106.1ci, 106.3-cü, 119.1-ci, 119.2-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının ünvanından açılmış G-4 markalı ******* nömrəli qaz sayğacının yararsız hala düşməsi işin mübahisəsiz halıdır və tərəflərin izahatları ilə təsdiq edilir. Sözügedən qüsurun mövcudluğu onun standartlara uyğun işləməməsinə dəlalət edir və bu fakt eyni zamanda lobaratoriya rəyi ilə təsdiq edilmişdir. Belə bir vəziyyətdə həmin sayğacdan keçən təbii qazın həcmini istehlakçının həmin sayğaca cavabdeh olub olmamasından asılı olmayaraq qeydə almaması şəksizdir. Dolayısı ilə uçotsuz təbii qazdan istifadə edilməsi təsdiq edilir. "xxxx" İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın dövlət möhürünə müdaxilə edildiyi aşkar edilmişdir. Sayğaca müdaxilə olunduğundan istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 25.01.2017-ci il tarixli ******* saylı aktla çıxarmışdır. Eyni zamanda həmin ünvanda müvəqqəti olaraq 10356903 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktında göstərilmişdir ki, sayğacın zavod quğuşun plombu kəsici alətlə kəsilib, sayğac istismara yararsızdır. Bundan sonra iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii X2nın pozulması haqqında 25.01.2017-ci il tarixli ******* saylı akt tərtib etmişdir, istehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə “Azəriqaz'' İB-nin Zaqatala RQİİ-nin 03.03.2017-ci il tarixli qərarı ilə 6804 m3 (və ya 1360.80 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. təbii X2nın pozulması nəticəsində qaz paylayıcısma iki halda zərər, birinci halda qaz sayğacının istismara yararsız vəziyyətə gətirməklə, ikinci halda uçotsuz təbii qazdan istifadəyə görə ziyan dəymişdir. İddiaçı tərəf tələb mübahisəli qaz sayğacının istismara yararsız hala gətirilməsini heç bir halda miibahisələndirməmişdir.Sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materiallarıda öz təsdiqini tapmır. Sayğacın işlək vəziyyətdə saxlanılmasına dair cavabdehlik məsələsi ilə əlaqədar analoji olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.03.2018-ci il tarixli 2(102)- 1758/2018 saylı qərarında göstərilmişdir ki, iddiaçının etibarlılığını mübahsiələndirdiyi 19.03.2015-ci il tarixli aktdan görünür ki, iddiaçının yaşadığı evdə quraşdırılmış sayğacın çıxışındakı plastmas boru deşik alətlə deşilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı "xxxx" İstehsalat Birliyinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən Balakən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(019)-1085/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(019)-1085/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”: Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə, istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.4-cü bəndinin tələbinə görə, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Balakən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(019)-1085/2021 saylı ı qətnaməsinin ləğv olunub, iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(019)- 1085/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Balakən şəhəri, Z.Əliyeva küçəsi ev 5 ünvaında yerləşən xüsusi mülkiyyətində olan yaşayış evi vardır və o, qaz istehlakçısıdır. Ona evinə gələn təbii qazın göstəricilərini əks etdirən qaz sayğacı yaşayış evindən kənarda, küçədə quraşdırılmışdır və sayğacın üzərində qoruyucu örtük və ya qutu yoxdur. "xxxx" İstehsalat Birliyi tərəfindən İddiaçı evində qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş və yenisi ilə əvəz olunmuşdur. "xxxx" İB Zaqatala RQİİ-nin mütəxəsisləri tərəfindən tərtib olunmuş Təbii X2nın pozulması haqqında 25.01.2017-ci il tarixli, ******* nömrəli aktda ARDNŞ "xxxx" İB qaz sayğacının yoxlanması barədə 29/1710-00098 nömrəli aktına əsasən İddiaçı aid qaz sayğacının zavod plombunun kəsici alətlə kəsilməsi göstərilmiş və 03.03.2017-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə həmin 25.01.2017-ci il tarixli, ******* №-li akt üzrə İddiaçı olğuna 6804 m3 (03.03.2017-ci il tarix vəziyyətinə 1360,80 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmış və həmin 1360,80 manat cərimə borcu kimi İddiaçı **********01000 nömrəli abonent hesabının qalıq və aktlar qrafasına daxil edilmişdir və iddiaçıdan tələb edilir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, ARDNŞ "xxxx" İB qaz sayğacının yoxlanması barədə 29/1710-00098-1 nömrəli aktına əsasən İddiaçı aid qaz sayğacının zavod plombu kəsici alətlə kəsilmişdir. 25.01.2017-ci il tarixli, ******* №-li akt üzrə İddiaçı 6804m3 sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. həmin 1360,80 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin- İddiaçı abonent hesabına daxil edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış 10050961 nömrəli sayğaca 22 iyun 2018-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın plastmas qapağının, zavod qurğuşun plombunun, hesablayıcı mexanziminin və zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar olunmadığı aşkar edilmişdir. Abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd QSSQ vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3996 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. İddiaçı yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. 2018-ci ilin iyun ayının sonuna iddiaçının **********03630 nömrəli abonent koduna 799,2 manat borc vurulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, İddiaçı yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda yolda quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Təbii X2nın pozulması haqqında 25.01.2017-ci il tarixli, ******* nömrəli akt tərtib olunarkən, həmçinin həmin akt əsasında 6804 kub metr itirilmiş qazın bərpası ilə bağlı 03.03.2021-ci il tələbnamə verilərkən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə cavabdeh tərəfindən də İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunması, həmçinin 25.01.2017-ci il tarixli aktın və 03.03.2017-ci il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə etiraz edilməmişdir. Məhkəmə, 25.01.2017-ci il tarixli aktın və 03.03.2017-ci il tarixli tələbnaməni həqiqəti əks etdirmədiyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Həmçinin cavabdeh "xxxx" İB yalnız dəymiş zərəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən etmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» o vaxt mötəbər sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının müvafiq normasına istinad edilməklə qəbul edilsin və Konstitusiyaya və qanunlara zidd olmasın. Lakin iş materiallarından görünür ki, həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır və normativ-hüquqi akt kimi dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»nı da mötəbər sübut kimi qəbul etmir. Həmçinin cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 6804 kub metr qaz itkisi olmaqla 1360,80 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbini təkzib edən hallar sübut olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bundan başqa iddiaçı tərəfindən qeyd olunаn sаyğаcа hər hаnsı müdаxilənin edilməsi, onun tərəfindən sаyğаcdаn, onun işləmə prinsipindən və s. аnlаyışı olаn şəxsin tаpılаrаq, onun vаsitəsi ilə sаyğаcа müdаxilə etməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəmə kollegiyasına təqdim etmədiyindən apellyasiya şikayəti təmin edilə bilməz. Apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(019)-1085/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə əmlakın dəyəri 5000 manatdan az olduğundan qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh «Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(019)-1085/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar