Məhkəmə qərarları › İş №2(107)-29/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-29/2025

30.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-29/2025 30.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: hasarın sökülməsi, yolun açılması) Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki Kоllegiyаsı hakim Tahirov Zamin Cəbrayıl oğlu (sədrlik edən və məruzəçi), hаkimlər X3 və Məcidov Ələddin Tofiq оğlundаn ibаrət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yevlax şəhər Bələdiyyəsinə qarşı qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(039)-148/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları İddiaçı Yevlax şəhəri, İlqar Dəmirov küçəsi ev 9, mənzil 6-da yaşayır. İddiaçının qaldığı binanın qarşı tərəfində binadan 7 metr məsafədə yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur. Həmin torpaq sahəsi daş hasarla hasarlanmışdır. 94.9 m olan daş hasarın 60 m hissəsi Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olan 92 kv.m torpaq sahəsi üzərində, 34.9 m hissəsi **********96 reyestr nöməli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmişdir. İddiaçı həmin hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, İlqar Dəmirov küçəsi 9 nömrəli binanın qarşı tərəfində yerləşən torpaq sahəsinin kənarına qanunsuz olaraq mişar daşı ilə çəkilmiş hasarın sökülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax şəhər Bələdiyyəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax şəhəri, İlqar Dəmirov küçəsi ev 9, mənzil 6-da yaşayır. Yaşadığı binanın qarşısında cavabdehlərə məxsus torpaq sahəsi vardır. Lakin cavabdehlər mülkiyyətində olan torpaq sahəsindən kənara çıxmışlar. Buna sakinlərinin gediş-gəliş yolunu bağlamışlar. Daş hasarla hörmüşlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı yaşadığı evin qarşısında olan torpaq sahəsi Cavabdeh1 məxsus olsa da, cavabdehlər özlərinə məxsus olan torpaq sahəsindən kənara çıxmaqla Yevlax şəhər Bələdiyyəsinə məxsus olan və bina sakinləri üçün nəzədə tutulmuş gediş-gəliş yolunu daş hasarla bağlamışlar. Bu da iddiaçının hüquqlarını pozur. Cavabdeh1 məhkəmə iclasında izah etdi ki, onun həmin ərazidə torpaq sahəsi vardır. Öz torpağından istifadə edir. Həmin ərazidə gediş-gəliş yolu olmamışdır. İddia əsassızdır. Maraqlı şəxs Yevlax şəhər Bələdiyyəsinin nümayəndəsi X5 məhkəmə iclasında izah etdi ki, daş hasarın hansı hissəsinin Bələdiyyə mülkiyyətində olmаsı mütəxəssis rəyində əks olunmayıb. Həmin ərazi yol üçün nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsi islahat zamanı başqa bir şəxsə verilmişdir. Alqı-satqı müqaviləsi əsasında cavabdeh əldə etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Yevlax şəhəri, İlqar Dəmirov küçəsi ev 9, mənzil 6-da yaşayır. İddiaçı qaldığı binanın qarşı tərəfində binadan 7 metr məsafədə yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur. Həmin torpaq sahəsi daş hasarla hasarlanmışdır. 94.9 m olan daş hasarın 60 m hissəsi Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olan 92 kv.m torpaq sahəsi üzərində, 34.9 m hissəsi **********96 reyestr nöməli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, İlqar Dəmirov küçəsi 9 nömrəli binanın qarşı tərəfində yerləşən torpaq sahəsinin kənarına qanunsuz olaraq mişar daşı ilə çəkilmiş hasarın sökülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin həmin torpaq sahəsi ümumi istifadə (gediş-gəliş yolu) üçün nəzərdə tutulmamışdır. Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, kateqoriyası yaşayış məntəqələrinin torpaqları (həyatyanı sahələrin altında olan torpaqlar), uqodiyası tikili altında olan torpaq sahəsidir. Ona görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Yevlax şəhər Bələdiyyəsinə qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması» tələbinə dair iddiası rədd edilməlidir Yevlax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(039)-148/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Yevlax şəhər Bələdiyyəsinə qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 170-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsinin 23 iyun 2021-ci il tarixli 238 saylı arayışı. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2022-ci il tarixli 1737 saylı məktubu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinin 20 iyul 2022-ci il tarixli **********49 saylı məktubu. Yevlax şəhər Bələdiyyəsinin 09 sentyabr 2022-ci il tarixli 229 saylı məktubu. 19 oktyabr 2022-ci il tarixli qəbz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinin 24 mart 2023-cü il tarixli 3-21-3-33/2-1126/2023 saylı rəyi. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 aprel 2021-ci il tarixli çıxarış. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 10/3588 saylı ekspert rəyi. Yevlax şəhər Bələdiyyəsinin 31 avqust 2023-cü il tarixli 422 saylı məktubu. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin torpaq sahəsinin kimə məxsus olması barədə Yevlax Bələdiyyəsinə iddiaçının vəkili (nümayəndəsi) vasitəsi ilə müraciət olumuş və Yevlax Bələdiyyəsinin 09 sentyabr 2022-ci il tarixli 229 nömrəli məktubunda Yevlax şəhəri İ.Dəmirov küçəsi 9 nömrəli yaşayış binasının yaxınlığında torpaq sahəsinin ayrılması barədə heç bir qərar olmadığı bildirilmişdir. Həmin torpaq sahəsinin kimə məxsus olması barədə Yevlax rayon İcra hakimiyyətinə və AR.İN-i yanında ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə də müraciət olunmuş və müvafiq cavablar alınmışdır. AR.İN-i yanında ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 20 iyul **********49 nömrəli cavabında qeyd olunur ki, Yevlax şəhəri İ.Dəmirov küçəsi 9 saylı binanın qarşı tərəfində qoyulmuş yaşıl rəngli darvaza olan 0,03 ha torpaq sahəsi X1 adına rəsmiləşdirilmiş və xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. Hesab edir ki, həmin çıxarışın iddiaçı tərəfindən mübahisə olunan torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Ona görə ki, yaşayış binasının 5 metrliyində hasarlanmış torpaq sahəsi bina sakinlərinin ümumi istifadəsindədir, şəhərə çıxışı məhdudlaşdırir və yanğın təhlükəsi olacağı təqdirdə sakinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yarana bilər. Yevlax Rayon Məhkəməsi mübahisə olunan olunan torpaq sahəsinə yerində baxış keçirmişdir və həmin vaxt iştirakçıların hamısının gözü qarşısında torpaq sahəsinə baxış keçirən mütəxəssis bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən təqdim olunmuş torpaq sahəsinin sənədlərinin mübahisə olunan və qanunsuz hasarlanmış torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur və cavabdehlər tərəfindən bir daha həmin torpaq sahəsinin zəbt olunduğu açıq-aşkar yerində müəyyən olundu. Mütəxəssisin verdiyi rəydən və digər sənədlərdən açıq-aydın görünür ki, hasarlanmış ərazi bina sakinlərinin ümumi istifadəsində olmalıdır və həmin torpaq sahəsi cavabdehlər tərəfindən hasarlanaraq, qanunsuz tutulmuş, İddiaçı da daxil olmaqla bina sakinlərinin huquqlarını kobud surətdə pozmuşdur. Ona görə də Yevlax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(039)- 148/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil аpellyаsiyа şikаyətini müdаfiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı şəxs Yevlax şəhər Bələdiyyəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin dövlət, bələdiyə və xüsusi mülkiyyət növləri təsbit edilmişdir. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun K.Qəribоvun şikаyəti üzrə 2008-ci il 8 mаy tаrixli qərаrındа göstərilmişdir ki, аyrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyа (Аvrоpа Kоnvensiyаsı) Аvrоpа Kоnvensiyаsının 6-cı mаddəsinin 1-ci bəndinə əsаsən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Аvrоpа Kоnvensiyаsınа dаir 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinə əsаsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 57.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 47-ci maddəsinə əsasən 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır; 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır; 3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir; 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir; 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları; 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Yevlax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(039)- 148/2023 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Bu səbəblə, məhkəmə kollegiyası tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 10/1649 nömrəli ekspert rəyində göstərilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-3-35/2-483/2025 saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. Qərardadın birinci sualı üzrə: Cavabdeh1 mülkiyyətində olan Reyestr nömrəsi **********96 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0.03 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Koordinatları müəyyən edilmiş və Reyestr nömrəsi **********96 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0.03 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İddia ərazisindən qeyd olunan mişar daşı ilə hörülmüş (cəmi uzunluğu 94.9 m olan) daş hasarın 60 m hissəsi Yevlax bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi üzərində, 34.0 m hissəsi **********96 reyestr nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edildiyi müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İddia ərazisində qeyd edilən Yevlax Şəhəri, İlqar Dəmirov küçəsi, 9 nömrəli binanın çıxışından sağ istiqamətə, yəni Cavabdeh1 torpaq sahəsi istiqamətində gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Qərardadın beşinci sualı üzrə: İddia ərazəsində qeyd edilən Yevlax Şəhəri, İlqar Dəmirov küçəsi, 9 nömrəli binanın çıxışından sol istiqamətə yol nəzərdə tutulduğu müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: Sağ istiqamətə yol nəzərdə tutulmamışdır və cavabdehlər tərəfindən naturada istifadə edilmədiyi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: Zəbt edilmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 10/1649 nömrəli ekspert rəyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yavlax Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli 3-21-3-35/2-483/2025 saylı mütəxəssis rəyi ilə müəyyən edildiyi kimi, iddiaçının bina sakinlərinin ümumi istifadəsində olmalı olduğunu iddia etdiyi ərazidə bina sakinləri üçün gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Cavabdehin hasar tikdiyi ərazi gediş-gəliş yolunu zəbt etməmişdir. Göründüyü kimi, hazırki işdə iddia tələbinin qanuni əsası müəyyən edilmir. İddia tələbinin qanuni əsasının müəyyən edilmədiyi aşkar olunduqda, məhkəmə araşdırması başa çatır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı şikayətində cavabdeh tərəfindən çəkilmiş hasarın 60 m hissəsinin Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi üzərində inşa ediləsinə istinad etməklə cavabdehin həqiqətən iddiaçının iddia etdiyi torpaq sahəsini zəbt etdiyini bildirməklə iddia təmin edilməli olduğunu iddia edir. Bu barədə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən çəkilmiş hasarın 60 m hissəsi Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi üzərində inşa edilmiş olması iddiaçının tələbinin təmin edilməli olduğu anlamına gəlmir. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Halbuki zəbt olunmuş əraziyə iddiaçının hər hansı hüquqlarının olması barədə iş materiallarında heç bir sübut və ya dəlil mövcud deyildir. Zəbt olunmuş ərazi bələdiyyə mülkiyyətindədir və ictimai yol olaraq nəzərdə tutulmamışdır. Həmin ərаzi bələdiyyənin ümumi istifаdədə оlаn tоrpaqlаrı kаteqоriyаsınа аid deyildir və bələdiyyənin həyətyаnı tоrpаq sаhəsi kimi nəzərdə tutulmuşdur. Ona görə də, həmin ərazi zəbt edilmiş olsa belə, bu hal iddiaçının hüquqlarına toxunmadığından, bu zəbtin aradan qaldırılması barədə iddia qaldırmaq hüququ iddiaçıya məxsus deyildir. Həmin hüquq Yevlаx Bələdiyyəsinə məxsusdur ki, bələdiyyə tərəfindən də cаvаbdehlərə qаrşı belə bir iddiа qаldırılmаmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı rədd etməkdə haqlı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(039)-148/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə ekspertiza xərclərini təşkil edən 200 manat İddiaçı tutularaq, Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(039)-148/2023 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İş üzrə ekspertiza xərclərini təşkil edən 200 manat İddiaçı tutularaq, Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar