Məhkəmə qərarları › İş №2(107)-296/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-296/2022

22.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-296/2022 22.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi salmanov Əli Sabir oğlunun, İddiaçı, cavabdeh Şəki Bazar” ASC-nin vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstıqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsiin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(075)-1907/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şəki 1 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş aşağıdakı müqavilələrin etibarsiz hesab edilməsi və onlardan yaranan hüquqi nəticələrin ləğv edilməsi;

1. ünvan 1 ünvanında 29,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli 4Ə2/12333 reyestr nömrəli müqavilənin;

2. ünvan 2 ünvanında 49,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1234 reyestr nömrəli müqavilənin;

3. ünvan 7nvanında 234,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli 4Ə2/1235 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi; - həmçinin 500 kv.m. ümumi sahəsi olan daşınmaz əmlakın məhv edilməsinə görə ona dəyən 120.000 manat zərər, 75 kv.m.-lik sahənin satılmasına görə 10.000 manat zərər olmaqla ümumilikdə 130.000 manat zərərin və 1.240.000 manat əldən çıxmış faydanın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 19 noyabr 2021-ci il tarixli, 2(075)- 1907/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyаsiyа şikаyəti vermişdir.

İşin halları:

İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2-nin əmlakını və torpaq sahəsini 2001-ci ilin aprel ayında 100% özəlləşdirərək 07.05.2010-cu ilədək İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. Bazarın orta hissəsində 487 kv.m. sahədə yerləşən vaxtı ilə Şəki rayon İstehlak Cəmiyyətinin balansında olan və Bazar özəlləşməmişdən qabaq vətəndaş Q.Qafarova satılmış, onun mülkiyyətində olmuşdur. Bu 487 kv.m. sahə isə bazarın özəlləşdirilmiş sahəsinə aidiyyəti olmayan sahə olmuşdur. Bunu bildikdən sonra o, Q.Qafarovla razılığa gələrək həmin obyektin 1/2 hissəsini alqı-satqı nəticəsində əldə etmişdir. 21.07.2003-cü il tarixdə bu daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən 282 nömrəli Qeydiyyat vəsiqəsini almışdır. Qeyd edir ki, 2010-cu ilin may ayından, 14 dekabr 2012-ci ilədək zorla əlindən alınan həmin daşınmaz əmlakdan faydalanan “Şəki Bazarı”nı işlədən Cavabdeh1 15 dekabr 2012-ci il tarixdə Şəki şəhəri, S.Rəhman İC ünvanında yerləşən bu daşınmaz əmlakı notarial qaydada 40-2/1235 reyestr nömrəli alqısatqı müqaviəsi ilə rəsmiləşdirməklə Cavabdeh2-nin balansına daxil etmişdir. Hətta həmin əmlakın ətrafında yerləşən 230 kv.m. torpaq sahəsini də hissə-hissə olmaqla qanunsuz olaraq ayrı-ayrı adamlara satmışdır ki, bunun 75 kv.m.-lik sahəsi ona məxsus olmuşdur. Bununla da ona 10.000 manat zərər dəymişdir. Onu da qeyd edir ki, bu daşınmaz əmlakdan əlavə, həmin notariat kontorunda rəsmiləşdirilən 15 dekabr 2012-ci il tarixli 4Ə- 2/1233 reyestr nömrəli notarial müqavilə ilə ünvan 4 ünvanında yerləşən 29,2 kv.m. ümumi sahəsi olan daşınmaz əmlak və 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1234 reyestr nömrəli notarial müqavilə ilə Şəki şəhəri, S.Rəhman küçəsi ünvanında yerləşən 49,2 kv.m. sahəsi olan daşınmaz əmlaklar da qanunsuz yolla Cavabdeh2-nin balansına keçirilmişdir. Hər üç müqaviləyə nəzər saldıqda görünür ki, müqavilələr alqı-satqı müqaviləsi olsa belə orada ondan qanunsuz alınan əmlaklara görə heç bir ödəniş edilməmiş, əmlakların dəyəri onun bazara olmayan borcu ilə əvəzləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, həm Cavabdeh1, həm də ki, Cavabdeh2 qanunsuz yolla onun əmlaklarını yalan əqd əsasında özgəninkiləşdirmiş və mənimsəmişlər. Əgər həqiqətən də onun Cavabdeh2-yə borcu var idisə ən azından bazar bu borcu sübuta yetirməli və bundan sonra onun əmlaklarını əldə etməli idi. Reallıqda isə qeyd etməyi zəruri bilir ki, onun ümumiyyətlə Cavabdeh2-yə nəinki borcu olmamışdır, əksinə o, öz vəsaiti hesabına ASC-nin balansını artırmaqla əvəzsiz olaraq öz pulu hesabına bütün əmlakını və onun altında yerləşən torpaq sahəsini özəlləşdirərək əlavə 81 ticarət köşkü tikməklə fəaliyyətini təmin etmişdir. Onu da qeyd edir ki, bu daşınmaz əmlaklardan əlavə, “AZƏRlTTİFAQ”ın balansında olan və tərəfindən özəlləşdirilən ümumi sahəsi 500 kv.m.-dən artıq olan daşınmaz əmlakı 2011-2012-ci il tarixlərdə məhv etməklə həmin daşınmaz əmlakın altında olan torpaq sahəsini və daşınmaz əmlakın arxasında olan 250 kv.m. torpaq sahəsini mənimsəmişlər. Nəticədə ona 120.000 manat zərər dəymişdir. Bütün qeyd edilənlərdən də görünür ki, cavabdeh ASC və onun rəhbəri olan digər cavabdeh öz əməlləri ilə həm onun mülkiyyətində olan daşınmaz əmlakları mənimsəməklə həm ona 400.000 manat zərər vurmuşlar, həm də ki, bu 11 illik müddət ərzində 1.240.000 manat əldən çıxmış faydası olmuşdur. Düşünür ki, hazırki iddiasını araşdıran məhkəmə həm hər üç müqaviləni etibarsız hesab edərək qanunsuz olaraq əlindən alınan daşınmaz əmlakın ona geri qaytarılması, həm də ki, əldən çıxmış faydanın ona verilməsi üçün qətnamə çıxarmalıdır.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə qətnaməsi formallıq xatirinə çıxarılmış, tələsik və əsassız qətnamə olmuşdur. Məhkəmə öz qətnaməsini Aərbaycan Respublikası Mülki Məcəlləsinin 354-347-ci maddələri ilə əsaslandıraraq əqdlərin etibarsız hesab edilməsi zamanı kəsici iddia müddətinin tətbiqi zəruri hesab etmişdir. Lakin məhkəmənin bu mövqeyi ilə razı deyillər. Məhkəmə qeyd olunan hissədə yuxarıdakı maddələrə istinad etməklə düzgün nəticəyə gəlməmişdir. Hazır ki, mübahisənin mahiyyətinə baxdıqda görünür ki, mübahisələndirilən əqdlər alğı-satqı müqavilələridir və mübahisənin düzgün həlli üçün ilk növbədə mülki qanunvericiliyin bu normalarına istinad edilməsi vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Məcəllənin) 567-ci maddəsinin tələblərinə əsasən, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilən normalardan da görünür ki, mübahisə predmetini təşkil edən alqı-satqı müqaviləsi üzrə tərəflər arasındakı öhdəliklər bir tərəf əşyanın verilməsi olduğu halda, digər tərəfin öhdəliyi həmin əşyanın dəyərini təşkil edən qiymətin digər tərəfə verilməsi təşkil edir. Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhz qeyd edilən normalarda da göründüyü kimi alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün ortada əşyanın verilməsi öhdəliyi ilə yanaşı, həmin əşyaya görə ödənişin edilməsi də vacib şərtdir. Hazırki mübahisəyə nəzər saldıqda isə görünür ki, qanuniliyi sual altında olan etibarnamə əsasında satıcını təmsil edən tərəfindən bağlanan müqavilə ilə əşya verilsə də, alıcı həmin əşyaya görə olan dəyəri satana ödəməmişdir. Doğrudur qanunvericliklərində əvəzsiz müqavilələrin mövcud olması barədə qeyd edilsə də əgər Məcəllənin aşağıda qeyd edilən müvafiq normalarına nəzər saldıqda görünər ki, hazırki mübahisəyə əvəzsiz müqavilələrlə bağlı müddəalar şamil edilə bilməz. Məcəllənin 397.1-ci maddəsinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Məcəllənin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Məcəllənin 397.3-cü maddəsinə əsasən, bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. Göründüyü kimi qanunvericilik qanundan və müqavilənin məzmunundan asılı olaraq əqdin əvəzli və əvəzsiz olduğunu əsas kimi götürməklə, mübahisələndirilən müqavilələri əvəzli müqavilə kimi tanıyır. Məhz bu hal kifayət edir ki, məhkəmənin əqdlərin etibarsızlığı ilə əlaqədar istinad edilən kəsici müddətə istinadının düzgün olmadığı sübuta yetirilsin. Qeyd etməyi zəruri bilirik ki, mübahisə predmetini təşkil edən alqı-satqı müqavilələri notariatın qeyri-iş günündə rəsmiləşdirilmiş, həmçinin iddiaçını təmsil etmək üçün X6 adına verilən etibarnamə də qanunsuz olmuşdur. Çünki, həmin 27.11.2012-ci il tarixli 7E-11/15998, 7E-11/15999, 7E-11/16000 reyestr nömrəli etibarnamələr X10 tərəfindən deyil, sonuncunun imzası saxtalaşdırılmaqla rəsmiləşdirilmişdir. Hətta biz etibarnamələrdə olan notariusun imzasına nəzər salsaq görərik ki, Cavid Əsədov kimi, notariusun imzası da hər etibarnamədə fərqlidir və bu üç imza ayrı-ayrı şəxslər tərəfindən imzalanmaqla saxtalaşdırılmışdır. Həmçinin müqavilə üzrə satılan əmlakların dəyəri əvvəlcədən qiymətləndirilməmiş, dəyəri 60.000 manat olan qeyri-yaşayış sahəsi, 15.000 manata “özgəninkiləşdirilmişdir”. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(075)-1907/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianı tam və hər tərəfli araşdıraraq iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Proses iştirakçılarının izahatları:

Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma aparmamışdır. O, 2001-ci ildə öz vəsaiti hesabına dövlət müəssisəsi olan Şəki Bazarını və əmlakını özəlləşdirərək, Şəki "xxxx"-ni əldə etmiş və həmin ASC-nin həm səhmdarı, həmdə idarə heyətinin sədri olmuşdur. 07.05.2010-ci ildə o Şəki "xxxx"xxxx"xxxx"- nin sədri təyin edilmiş Cavabdeh1 onun mülkiyyətində olan binaları müxtəlif yollarla ASC-nin balansına keçirməyə başlamışdır. Bu ərəfədə hazırda mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahələri də bazarın balansına keçirilmiş və bu yolla mənimsənilmişdir. 2012ci ilin sentyabr ayında həbs olunduqdan sonra onun digər əmlakları saxta sənədlər əsasında ayrı-ayrı şəxslərin adına keçirilmişdir. Lakin məhkəmə bunları araşdırmamışdır. Məhkəmə müəyyən etməli idi ki, müqavilə bağlanan zaman onun Şəki Bazar” ASC-yə borcu olub, yoxsa yox. Bundan əlavə 2012-ci il tarixdə müqavilə rəsmiləşdirilən gün notariusun qeyri iş günü olub. Qeyri iş günü notariusun müqavilə rəsmiləşdirməyə hüququ yox idi. Bəlkə də müqavilədəki imza heç notariusa aid deyil. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, Şəki Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Şəki Bazar” ASC-nin vəkili X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Belə ki, 2012-ci il tarixdə müqavilə bağlanan gündən iddiaçı həmin müqavilələrdən xəbərdardır. On il keçəndən sonra belə bir iddia ilə müraciət etmək tamamilə absurddur. Birinci instansiya məhkəməsi işi tam araşdırmışdır. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş üzrə digər Cavabdeh1 və müstıqil tələb irəli sürməyən İİİ şəxs Azərbayca Respublikası İN yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(075)-1907/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında, 0,0038 ha torpaq sahəsinin üzərindən yerləşən ümumi sahəsi 29,2 kv.m olan qeyri-yaşayış binası "xxxx" ASC-nin xüsusi mülkiyətindədir. Şəki Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(075)-3581/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cavabdehlər X7 ilə Şəki "xxxx"-nin arasında bağlanılmış 15 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəki "xxxx"-nin adına mülkiyyətin qeydə alınmasına barədə RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(107)- 2217/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(075)-3581/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X5 cavabdehlər X4, Şəki "xxxx"-nə, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və Şəki 1 saylı Dövlət Notariat Kontoruna qarşı “cavabdehlər X7 ilə Şəki "xxxx"-nin arasında bağlanılmış 15 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəki "xxxx"-nin adına mülkiyyətin qeydə alınmasına barədə RX seriyalı ******* saylı reyestrdən çıxarışların ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 1997/18 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli, 1(091)-003/14 saylı hökmünün təsdiq edilmiş surətindən görünür ki, X2 CM-nin 179.3.2 və 213.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 179.3.2-ci maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 213.1-ci maddəsi ilə 1 il 6 ay müddətə dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və ya qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə 1 il 6 ay müddətə dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və ya qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X2 həbsdə saxlandığı 1 il 8 ay 13 gün CPM-nin 158.6-cı maddəsinə əsasən ona təyin olunmuş 7 il 6 ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxarılması, üzərində qəti olaraq 5 il 9 ay 17 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, X2 barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 il 9 ay 17 gün azadlıqdan məhrum etmə cəzasının 1 il sınaq müddəti ilə şərti hesab edilməsi, hökm qanuni qüvvəyə mindikdən onra Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitində olan 77000 manat məbləği puldan 2300 manatı Şəki rayonu, Kiş kənd sakini X8 ödənilməsi üçün Şəki rayon İcra şöbəsinin depozit hesabına, qalan hissəsinin isə "xxxx" ASC-nin hesabına köçürülməsi hökm edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə özünün mövqeyini mülki qanunvericiliyin əqdlər institutu ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə kollegiyasının araşdırması zamanı sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında ona məxsus olan ünvan 1 ünvanında 29,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanında 49,2 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsi və ünvan 7nvanında 234,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi uyğun olaraq 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/12333 reyestr nömrəli, 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1234 reyestr nömrəli və 15 dekabr 2012ci il tarixli 4Ə-2/1235 reyestr nömrəli müqavilələrlə özgəninkiləşdirilmişdir. Göründüyü kimi hər üç müqavilə 15 dekabr 2012-ci il tarixində bağlanmışdır. İddiaçı özü də məhkəmə iclasında müqavilənin bağlanmasından 2012-ci ildə də xəbəri olduğunu, lakin işlərinin coxluğu səbəbindən vaxtında müraciət edə bilmədiyini qeyd etmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qed edir. Birinci, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İkinci, nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Üçüncü, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında ona məxsus olan ünvan 1 ünvanında 29,2 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsi, ünvan 2 ünvanında 49,2 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsi və ünvan 7nvanında 234,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi müvafiq olaraq 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/12333 reyestr nömrəli, 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1234 reyestr nömrəli və 15 dekabr 2012- ci il tarixli 4Ə-2/1235 reyestr nömrəli müqavilələrlə özgəninkiləşdirilmişdir. Göründüyü kimi hər üç müqavilə eyni gündə, yəni 15 dekabr 2012-ci il tarixdə bağlanmış, iddiaçı da həmin müqavilələrin bağlanmasından elə 2012-ci ildə məlumatlı olmuşdur. Bundan əlavə müəyyən edilir ki, mübahisələndirilən alqı-satqı müqavilələri rəsmiləşdirilərkən sözügedən əmlaklar iddiaçının mülkiyyətində olmaqla, əmlak üzərində hər hansı yüklülük (o cümlədən digər şəxsə satılması, həbs, qadağa və s.) olmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən iddiaçı Ürfət İbrahimov mübahisəli əmlakları əvəzi qarşılanmaqla cavabdeh tərəfə satdığından, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Dördüncü, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisəli əmlaklarla bağlı alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 9 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür. Qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, “kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Kollegiyanın qənaətinə görə iddiaçının sonradan bu iddia ilə məhkəməyə müraciət etməsi əmlakı vicdanlı əldə edən cavabdehlərin hesabına kompensasiya edilə bilməz. Çünki əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət həqiqətən iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(075)-76/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(075)-1907/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar