Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-298/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(075)-148/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 05 avqust 2019-cu il tarixli, MAS-1144 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 05 avqust 2019-cu il tarixli, MAS-1144 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 avqust 2020-ci il tarixə 708.58 manat gecikdirilmiş əsas, 311.44 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 369.55 manat dəbbə pulu, 775 manat dəymiş zərər olmaqla, ümumilikdə 2164.57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 18 oktyabr 2021-ci il tarixli, 2(075)- 148/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadından narazı qalmış, onun şikayəti 21 oktyabr 2021- ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, 22 oktyabr 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Lakin şikayət ərizəsi MPM-nin yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı ilə Cavabdeh verdiyi şikayətin geri qaytarılması qərara alınmış, qərardadın surəti poçt vasitəsi ilə cavabdehə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı ilə Cavabdeh verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Şəki Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadından narazı qalmış, onun şikayəti 10 noyabr 2021- ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı, Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(075)- 148/2021 saylı və Şəki Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadları ləğv edilmişdir. Cavabdeh 28 sentyabr 2021-ci il tarixdə məhkəməyə vəsatət göndərərək Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-148/2021 nömrəli mülki işin ərazi aidiyyəti üzrə yaşadığı ünvana göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatəti onunla əsaslandırmışdır ki, icraatda olan 2(075)-148/2021 saylı iş üzrə cavabdeh qismində müəyyən olunmuşdur. O, uzun müddətdir ki, Abşeron rayonunda yaşayır. Hesab edir ki, onun işinə mövcud qanunvericiliyə əsasən Abşeron rayonunda baxılmalıdır. O, Şəki şəhərində qeydiyyatda olmağına baxmayaraq Abşeron rayonu, Xırdalan şəhəri, Köhnə bazarın yaxınlığı, Kristal Abşeron 3A ünvanında yaşayır. Hesab edir ki, hazırkı işə onun yaşadığı ünvan üzrə aidiyyəti olan məhkəmədə baxılmalıdır. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 06 dekabr 2021-ci il tarixli, 2(075)- 148/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə 28 sentyabr 2021-ci il tarixli vəsatəti təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadından narazı qalan Cavabdeh şikayət verərək qərardadına ləğv edilməsini və işin Bakı şəhərində yerləşən məhkəmələrdən birinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərаrdаdı ilə şikayət təmin edilməmiş və şikayət müzakirə edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı tam, 20.12.2021-ci il tarixli qərardadı isə qismən- “şikayətin təmin olunmaması” hissəsində ləğv edillərək, sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, “işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir.”; Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 2.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(075)- 148/2021 nömrəli qərardadı tam, 20.12.2021-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin olunmaması” hissəsində ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi, yəni məhkəmə aidiyyəti məsələsinə hüquqi qiymət verilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı tam, 20.12.2021-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin olunmaması” hissəsində ləğv edilsin və mülki iş Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri baxımından sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-298/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-298/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver