Məhkəmə qərarları › İş №2(107)-298/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-298/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-298/2024 14.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qaz borcunun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qaz borcunun ödənilməsi, pul tələbi, sübutetmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qaz borcunun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(014)-1536/2023 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Ağdaş şəhəri, Maşad küçəsində Cavabdeh məxsus mənzilində 2693-09-21 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********161 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri, Maşad küçəsində Cavabdeh məxsus mənzilində 2693-09-21 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04260 saylı qaz hesabında ödənilməmiş 5988,84 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Cavabdeh məxsus **********04260 saylı qaz hesabında olan 5988,84 manat borc məbləğinin xx.xx.2023-cü il tarixə olan ödənilməmiş 1845,64 (bir min səkkiz yüz qırx beş manat altmış dörd qəpik) manat hissəsi üzrə 2022-ci ilin fevral ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş Rayon Məhkəməsində iddia qaldırılmış və Ağdaş Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli e-2(014)-814/2022 saylı Qətnamə çıxarılmışdır. Hal-hazırda tələb olunan 4143,20 (dörd min bir yüz qırx üç manat, iyirmi qəpik) manat məbləğində borc isə xx.xx.2023-cü il tarixdən sonrakı və bu günədək olan dövr ərzində Cavabdeh məxsus **********04260 saylı qaz hesabında yaranan borc məbləğidir. Həmin borc isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 4143,20 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri, Maşad küçəsində yerləşən mənzilində istismarda olmuş G-4 markalı **********161 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********161 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadəyə görə təbii X4nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 /saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdeh Ağdaş şəhəri Maşad küçəsində yaşayanCavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 4147,20 (dörd min bir yüz qırx yeddi manat, iyirmi qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 61,48 (altmış bir manat, qırx səkkiz qəpik) manat dövlət rüsumun və 0,40 (qırx qəoik) manat bank xidmət haqqının, ümumilikdə isə 4209,08 (dörd min iki yüz doqquz manat, səkkiz qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı mənzilində kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Lakin kənar xəttin konkret olaraq hansı tarixdən quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır.

5. Cavabdehin mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, müvafiq yoxlamanı İddiaçı İB hər ay keçirməli olduğundan dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalı idi. Buna görə də, akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır.

6. Beləliklə, məhkəmə hesab etmişdir ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində cavabdehə hesablanmış borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 360 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə mütənasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün ayrılmış hesabata görə 345,60 manat borc və 15 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

7. Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(014)-1536/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia təmin olunmuş, Cavabdeh itirilmiş qazın bərpası üçün ayrılmış hesabata görə 345,60 manat borc və 15 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzinin tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X4»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9 və 5.2-ci bəndlərinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2023-cü il tarixli, **********04260 saylı abonent saldosu xx.xx.2023-cü il tarixli ******* saylı təbii X4nın pozulması haqqında akt İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə mədaxil qəbzi

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı İB аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı İB apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həmdə ona görə əsassızdır ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulmağa istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də cavabdehin sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir

12. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(014)- 1536/2023 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın həmin vaxt qüvvədə olan: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Bənd 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; Bənd 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “X4”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X4”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X4”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(014)- 1536/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməyən hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. İddia tələbinin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin dəyərləndirməsi bu qətnamənin 4-6-cı bəndlərində göstərilmişdir və kollegiya həmin dəyərləndirmə ilə razılaşır. Kollegiya əlavə olaraq qeyd edir ki, qaz sayğacı küçədə quraşdırılmaqla Cavabdeh deyil, İddiaçı cavabdehliyi sərhədindədir. Yəni iddiaçının əməkdaşları mütəmadi olaraq (ən azı ayda bir dəfə olmaqla) bu və ya digər qaz sayğaclarına baxış keçirirərək, sayğacın işləməsinə, plombunun yerində olmasına və kənar müdaxilənin olub-olmamasına nəzarət edirlər. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir. Hazırkı işdə göstərilən dövrdə cavabdehin evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə iddiaçı təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pozuntunun da elə aşkar olduğu ay, yəni fevral ayında törədilməsini, həmin aydan əvvəl törədilmiş olsaydı mütləq aşkar edilməli olmasını nəzərə alaraq cavabdehdən əsassız olaraq 360 gün üçün itirilmiş təbii qazın dəyərinin tələb edilməsi yolverilməzdir. Qeyd olunan normanın tələbinə əsasən birinci instansiya məhkəməsi hesabat müddətini 1 ay götürməklə hesablama aparmaqda haqlı olmuşdur.

23. İddiaçı təşkilat akta əsasən sayğacdan kənar xəttə görə 360 gün üçün zərər hesablamışdır. Halbuki, həmin aktın tərtib edilməsindən təqribən 6 ay öncə Ağdaş Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli e-2(014)-814/2022 saylı Qətnamə qəbul edilmiş və hazırki cavabdehdən 1845,64 manat borc tutulmuşdur.

24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməyən hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(014)-1536/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(014)-1536/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar