Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-299/2021 01.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı1, Cavabdeh və onun nümayəndəsi Mahmudova Şövkət Faiq qızının iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı “tikililərin sökülməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-64/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-64/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1 Göyçay rayonunun 2ci Ərəbəcəbirli kəndində yerləşən ümumi sahəsi 222.3 kv.m təşkil edən fərdi yaşayış evinə bitişik olan hissədə Cavabdeh tərəfindən eni 9.0 m və uzunluğu 15.5 m olan torpaq sahəsində inşa edilmiş metal konstruksiyadan olan hasarın cavabdehin hesabına sökülməsi qət edilmişdir. İşin halları İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ümumi istifadədə olan yolda, mülkiyətində olan fərdi yaşayış evinə bitişik ərazidə metal konstruksiyadan quraşdırılan tikilinin sökülməsi və bu cür hallara gələcəkdə yol verilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2019-cü il tarixli Çıxarışına əsasən Göyçay rayonunun 2-ci Ərəbəcəbirli kəndində 0.21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdeh ona məxsus fərdi yaşayış evinə bitişik torpaq sahəsini zəbt edərək metal konstruksiyalarla hasara almışdır, nəticədə evinin arxa tərəfinə keçə bilmir ki, bu da onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnu məhdudlaşdırır. Buna görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli Çıxarışına əsasən onun da mülkiyyətində Göyçay rayonunun 2-ci Ərəbəcəbirli kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Metal konstruksiyalarla hasara aldığı torpaq sahəsi yalnız onun evinə aid olan yoldur. İddiaçının qeyd etdiyi torpaq sahəsini zəbt etməmiş, həmin torpaq sahəsi onun həyətinin bir hissəsidir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-64/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi, mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməli və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı1 fərdi yaşayış evinin arxasına sərbəst şəkildə keçməsini heç kim məhdudlaşdırmır, əksinə, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin arxasına sərbəst şəkildə keçə bilir və həmin ərazidən onun sərbəst istifadəsinə heç bir maneə yoxdur. Həmçinin İddiaçı1 fərdi yaşayış evinin arxasına sərbəst şəkildə keçməsinin məhdudlaşdırılması ekspertiza rəyində müəyyən olunmur. Torpaq sahəsində tərəfindən inşa edilmiş metal konstruksiya 1985-ci il tarixdə quraşdırılmışdır. Həmin vaxtdan 35 il müddət keçmiş, lakin iddiaçı ötən 35 il ərzində sözügedən metal konstruksiyanın sökülməsi barədə iddia qaldırmamışdır. Bununla da iddia müddətini ötürmüşdür. Bundan başqa, "M.Bağırovun şikayəti üzrə ...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçı1 müvafiq subyektiv hüquqa malik olubolmamasının obyektiv araşdırılması baxımından qeyd edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə heç bir hüququ yoxdur. İddiaçı1 mülkiyyətindəki fərdi yaşayış evinə bitişik olmaqla eni 9 metr, uzunluğu 15.5 metr olan torpaq sahəsinin iddiaçıya aidiyyətinin olması barədə iş materiallarında heç bir sübut yoxdur. İddiaçı həmin torpaq sahəsinin metal konstruksiyalarla hasara alınması nəticəsində fərdi yaşayış evinin arxasına keçə bilməməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, nə də məhkəmə iclasında belə bir hal müəyyən edilməmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0.21 ha torpaq sahəsi ilə xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən (ştrixlənmiş sahə) onun (cavabdehin) istifadəsinə verilmiş eni 9,0 m və uzunluğu 15,5 m olan torpaq sahəsinin üst-üstə düşməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Əksinə, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 28091 saylı ekspert rəyinin təsviri hissəsindən görünür ki, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli texniki pasportda eni 9,0 m və uzunluğu 15,5 m olan ştrixlənmiş sahə Cavabdeh istifadəsinə verilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsində metal konstruksiyadan hasarın inşa edilməsi nəticəsində iddiaçının fərdi yaşayış evinin arxasına keçə bilməməsi halı İddiaçı1 izahatından başqa heç bir rəsmi sənəddə qeyd olunmur. Qətnamədə iddiaçının fərdi yaşayış evindən istifadə hüququnun məhdudlaşması göstərilsə də, iş materiallarında bu barədə heç bir sübut yoxdur. Ona görə də hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından və İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “tikililərin sökülməsi tələbinə dair” iddiası əsassız olduğundan apellyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-64/2020 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçının onun mülkiyyətində olan fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən ümumi istifadədə olan yolda metal konstruksiyadan quraşdırılan tikilinin sökülməsi və bu cür hallara gələcəkdə yol verilməsinin cavabdehə qadağan edilməsi barədə iddiası rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi Mahmudova Şövkət Faiq qızı apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-64/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)- 64/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-64/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, Göyçay rayonunun 2-ci Ərəbəcəbirli kəndində 0.21 ha yaşayış mətəqələri torpaqları təyinatlı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, Göyçay rayonunun 2ci Ərəbəcəbirli kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportun surətindən görünür ki, Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsi 0.08 ha, onun faktiki istifadəsindəki torpaq sahəsi isə 0.0947 ha təşkil edir. İşə əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-cu il tarixli 28091 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Cavabdeh adına verilmiş texniki pasportun məlumatları ilə yerində baxış zamanı əldə olunmuş məlumatlar müqaisə edilərkən müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2019cu il tarixli texniki pasportda eni 9.0 m və uzunluğu 15.5 m (15.4 m) olan ştrixlənmiş sahə kimi Cavabdeh istifadəsində göstərilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Göyçay rayonu 2-ci Ərəbəcəbirli kəndində hüquq müəyyənedici sənədlərə əsasən İddiaçı1 mülkiyyətində olan 0.21 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi arasında ümumi istifadə üçün yol kimi nəzərdə tutulmuş torpaq sahəsi olmuş, eni 9 metr və uzunluğu 15.5 metr olan həmin (mübahisəli) torpaq sahəsini Cavabdeh özbaşına zəbt etmiş, oranı bir tərəfi İddiaçı1 evinə bitişik olan metal konstruksiya ilə bağlamışdır (hasarlamışdır). Cavabdeh ölçüsü təxminən 0,015 ha olan mübahisəli torpaq sahəsini öz həyətyanı sahəsinə birləşdirmiş və oradan təsərrüfat məqsədləri üçün istifadə edirlər. İşdə olan xx.xx.2019-cu il tarixli texniki pasportun surətindən də görünür ki, Cavabdeh qanuni mülkiyyətində olan torpaq sahəsi 0.08 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə bundan 0.0147 ha çox, yəni 0.0947 ha təşkil edir. İddiaçının dəlillərinə görə, yol kimi ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsinin cavabdeh tərəfindən inşa edilmiş metal konstruksiya ilə hasarlanması nəticəsində o, öz evinin arxa tərəfinə keçə bilmir və evindən istifadə hüququ məhdudlaşır. Bundan başqa, metal konstruksiya ilə hasarlanmış torpaq sahəsindən cavabdeh tərəfindən istifadə zamanı onun ailəsinin yaşlı və xəstə üzvlərinin gecə vaxtı və ya səhər erkən yuxularını pozan, onları narahat edən səslər eşidilir (avtomobilin mühərrikinin işə düşməsi və ya qapısının çırpılması, ev quşlarının və ya xırda buynuzlu heyvanların səslənməsi və s.). Öz evlərinin yaxın ətrafında sərbəst hərəkət imkanlarının cavabdeh tərəfindən məhdudlaşdırılması, habelə mübahisəli torpaq sahəsindən istifadə ilə əlaqədar ona və ailə üzvlərinə cürbəcür qıcıqlandırıcı təsirlərin göstərilməsi onu bu halların aradan qaldırılması üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 180.4-cü maddəsinə müvafiq olaraq, özbaşına tikilmiş bina və qurğular maraqlı şəxslərin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyasının qənaətincə, mövcud vəziyyətdə İddiaçı1 fərdi yaşayış evinə bitişik olan hissədə Cavabdeh tərəfindən eni 9.0 m və uzunluğu 15.5 m olan qanunsuz yiyələndiyi torpaq sahəsində metal konstruksiyadan quraşdırılan tikilinin (hasarın) sökülməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 iddiası təmin edilməli və onun fərdi yaşayış evinə bitişik olan hissədə Cavabdeh tərəfindən inşa edilmiş metal kostruksiyadan olan hasar sökülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-64/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-64/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-299/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-299/2021
01.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver