Məhkəmə qərarları › İş №2(107)-30/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-30/2024

16.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-30/2024 16.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- tikilinin sökülməsi, mülkiyyət hüququnun müdafiəsi, ekspertiza məsələləri, yerli baxış) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-29/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yarımtikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İstehalat Birliyi iddia ərizəsini belə əsaslandırmışdır ki, İsmayıllı rayonu, Mican kəndində yaşayış qeydiyyatında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yarımtikili inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ərazidə yaşayan insanların həyatı üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. İddiaçı İB-nin Ağsu X7 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 01OB-13HŞ-366 saylı xəbərdarlıq məktubu ilə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-29/2022 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid edilməsi, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçındən tutulsun, Az.MEM, VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Mican kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsində fərdi yaşayış evi və tövlə binası inşa etmiş və hazırkı vaxtadək həmin yaşayış evində yaşayır. Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəməri ilə həyətdə inşa edilmiş fərdi yaşayış evi arasında olan məsafənin 12 metr və tövlə binası ilə arasındakı məsafənin 8 metr təşkil etdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 nömrəli əlavələr) tələblərinə əsasən həmin yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, həyətyanı sahədə yerləşən tikili (talvar) ilə qaz kəmərinin arasında olan məsafənin 4-4,5 m təşkil etdiyini nəzə aldıqda göstərilən Qaydaların tələblərinə əsasən yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi ilk növbədə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yarımtikilinin cavabdehin vəsaiti hesabına sökülməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilmiş yarımtikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə tələb irəli sürsə də bununla bağlı birinci instansiya məhkəməsinə əsaslı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan əlavə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5031 nömrəli ekspert rəyində cavabdehə məxsus fərdi yaşayış evi ilə d-129 mm-lik qaz xətti arasındakı məsafənin 12 metr, həmin qaz xətti ilə tövlə tikilisi arasındakı məsafənin isə 8 metr təşkil etdiyi nəzərə alındıqda həmin tikililərin d-129 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizəsi zonasında yerləşmədiyi qeyd olunmuşdur. İddiaçının sökülməsini tələb etdiyi yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşməsi və həmin tikilinin yüksək təhlükə mənbəyi olması sübut olunmur. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi maddi hüquq normalarının işin faktiki hallarına tətbiq edilib-edilməmə məsələsinə də aydınlıq gətirməyi zəruri hesab etmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əsası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi, Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 66 saylı qərarı əsasında DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən cavabdehə İsmayıllı rayonu, Mican kəndi ərazisindən 0.07 hektar həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində cavabdeh tərəfindən fərdi yaşayış evi və sözügedən yarımtikili inşa edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh tərəfindən inşa edilmiş yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilməsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən hadisələrin baş verməsi ehtimalı şübhəsizdir və mübahisə doğurmamaqla yanaşı, ehtimal ediləndir. Yalnız bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin törənəbiləcəyi ehtimalının qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələri vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə mühəndistexniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci iddiaçı müəssisədən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı tələb isə təmin edilmədiyindən ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 77.1, 77, 82, 106.3, 14.2, 78.1, 88, 80, 81, 217.4, 124.1 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən tədqiq edilən sənədlər dəqiq araşdırılmamışdır. Belə ki, Cavabdeh tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, İsmayıllı rayonunun Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yarımtikili inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş yarımtikili orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Göründüyü kimi, qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Hazırkı vəziyyətdə orta təyziqli qaz kəmərinin həyətdə yerüstü keçən hissəsi ilə yarımtilikili arasında olan məsafə 4-4.5 metr təşkil edir. Qeyd olunan qaz kəməri həyətin ortasından keçir. Göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-29/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının təmin edilərək cavabdeh X3 tərəfindən İsmayıllı rayonunun Mican kəndinin ərazisindən keçən, İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yarımtikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək istehsalat zərurətindən məhkəmənin həmin tarixə təyin edilmiş iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbаycаn Respublikаsı Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnunu: «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 19-cu mаddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özülünə qədər məsafə 4 metr, alçaq təzyiqli qaz kəmərlərinin məsafə isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndində əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsin əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-29/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiası təmin edilərək cavabdeh X3 tərəfindən İsmayıllı rayonunun Mican kəndinin ərazisindən keçən, İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yarımtikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)- 29/2022 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-29/2022 saylı qətnaməsi İddiaçı İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Mican kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsində fərdi yaşayış evi və tövlə binası inşa etmiş və hazırkı vaxtadək həmin yaşayış evində yaşayır. Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəməri ilə həyətdə inşa edilmiş fərdi yaşayış evi arasında olan məsafənin 12 metr və tövlə binası ilə arasındakı məsafənin 8 metr təşkil etdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 nömrəli əlavələr) tələblərinə əsasən həmin yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, həyətyanı sahədə yerləşən tikili (talvar) ilə qaz kəmərinin arasında olan məsafənin 4-4,5 m təşkil etdiyini nəzə aldıqda göstərilən Qaydaların tələblərinə əsasən yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, Cavabdeh tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, İsmayıllı rayonunun Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yarımtikili inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş yarımtikili orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilmiş yarımtikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə tələb irəli sürsə də bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin iddiaçı tərəf bu barədə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 10/5031 nömrəli ekspert ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na 2 nömrəli əlavədə qeyd olunanları və mülki iş materiallarında olan “Ağsu Rayon Qaz İstismar İdarəsi”nin İsmayıllı XS üzrə rəis müavini Q.Mehdiyev tərəfindən təsdiq edilmiş sxemə əsasən iş üzrə cavabdehə məxsus fərdi yaşayış evi ilə d-129 mm-lik qaz xətti arasındakı məsafənin 12 metr, həmin qaz xətti ilə tövlə tikilisi arasındakı məsafənin isə 8 metr təşkil etdiyi nəzərə alındıqda həmin tikililərin d- 129 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizəsi zonasında yerləşmədiyi müəyyən olunur. Qeyd olunan qaz xəttinin iş üzrə cavabdeh şəxs Cavabdeh məxsus torpaq sahəsində hansı dərinlikdən keçməsinə dair mülki iş materiallarında hər hansı bir məlumat aşkar edilməmişdir. Eyni zamandan məhkəmə kollegiyasının 6 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 19 maty 2024-cü il tarixli 3-16-16/2- 10/9326 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1 və 2-ci suallar üzrə Cavabdeh tərəfindən inşa olunmuş tikilinin İsmayıllı şəhəri (Mican kəndi) ərazisindən keçən İddiaçı X9 İstismar İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasına düşməməsi müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən hazırki mübahisənin obyektiv həll edilməsi üçün mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd edilmiş yarımtikili artıq tam olaraq başa çatdırılmış formada mövcuddur. Həmin tikilinin fotoşəkli çəkilərək işə əlavə edilmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Göründüyü kimi iddiaçının iddia tələbi cavabdehin qeyri-yaşayış binası üzərində qanunla qorunan gözlənilən mülkiyyət hüququnu poza bilər. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13, 29-cu maddələri). Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)- 29/2022 saylı qətnaməsi İddiaçı İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-29/2022 saylı qətnaməsi İddiaçı İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat İddiaçındən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar