Məhkəmə qərarları › İş №2(107)-304/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-304/2024

06.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-304/2024 06.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı (açar sözlər: Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka ödənilmiş pul vəsaitinin ona aid hissəsinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tаrixli, 2(051)-46/2023 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan nikahin bağlanması haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı xx.xx.2011-ci il tarixdə Norilsk şəhəri Talnax rayonu üzrə Krasnoyarsk diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı agentliyinin ərazi şöbəsində rəsmi nikah bağlamışlar. Bu barədə 109 nömrəli nikah haqqında akt qeydi tərtib olunub.

2. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin tərcümə edilmiş surətlərindən görünür ki, Cavabdeh2 ilə İddiaçı birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Zəhra, xx.xx.2015-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur.

3. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında olan nikah 12 aprel 2022-ci il tarixdə pozulmuş, bu barədə 19 aprel 2022-ci il tarixli akt qeydi aparılmışdır.

4. İş materiallarında olan Cavabdeh2 Cavabdeh1 MMC-yə ünvanlandığı notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2020ci il tarixdə bağlanmış 220 saylı müqaviləyə əsasən Cavabdeh1 MMC-nin inşa etdiyi binada onun adına olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki, 1950-ci məhəllədə, yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 6-cı blokunda 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.13 kv.m olan 1 saylı 2 otaqlı mənzildən imtina etmiş, həmin mənzilin digər şəxsin adına keçməsinə etiraz etməmişdir.

5. İş materiallarında olan vəkil X1 Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, Cavabdeh2 04 mart 2020-ci il tarixdə Cavabdeh1 MMC ilə çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair 220 nömrəli müqaviləni bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə aidiyyəti dövlət qurumunun Sərəncamı əsasında inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), ümumi sahəsi 49.13 kv.metrdən ibarət, 2-ci mərtəbədə, 2 otaqlı, 1 (soldan sağa) saylı mənzil Cavabdeh2 təhvil verilib. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh2 mənzilin ümumi dəyərindən (71200 AZN) 29000 manat ilkin olaraq, qalan 42200 manat məbləği isə 24 ay müddətində hər ay 1758 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Sonuncu dəfə Cavabdeh2 2021-ci ilin oktyabr ayında 2000 manat ödəmişdir. Müqavilə bağlandığı andan ilkin ödənişdən başqa Cavabdeh2 tələb olunan borcdan ümumi 6000 manat vəsaiti ödənilib. Cavabdeh2 Cavabdeh1 MMCyə qalıq borcu 36200 manat təşkil edir.

6. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 mart 2020-ci il tarixli çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair 220 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC (mənzil təqdim edən) Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə aidiyyəti dövlət qurumunun Sərəncamı əsasında inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), ümumi sahəsi 49.13 kv.metrdən ibarət, 2-ci mərtəbədə, 2 otaqlı, 1 (soldan sağa) saylı mənzili Cavabdeh2 (mənzil əldə edən) təhvil verməyi, Cavabdeh2 isə həmin müqavilə ilə müəyyən olunmuş qaydada və tərəflər arasında razılaşdırılmış şərtlər daxilində əldə etdiyi mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh2 mənzilin ümumi dəyərindən (71200 AZN) 29000 manat ilkin olaraq, qalan 42200 manat məbləği isə 24 ay müddətində hər ay 1758 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin 6-cı girişində, 2-ci mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 49.13 kv.metrdən olan, 1 (soldan sağa) saylı mənzilin pay dəyərindən 35000 manat ödənmişdir, qalıq borcu 36200 manat təşkil edir.

8. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 10/7562 nömrəli, 03 mart 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsində 1950-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 6-cı giriş, 6-cı blok 2-ci mərtəbədə yerləşən, 1 saylı mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 18181 manat məbləğində olduğu müəyyən edilir.

9. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka ödənilmiş pul vəsaitinin ona aid hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş mənzilə dair Cavabdeh1 MMC ilə iddia üzrə üçüncü şəxs olan X8 arasında bağlanmış müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki, 1950-ci məhəllədə, Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində, 6-cı blok 2-ci mərtəbəsində ümumi sahəsi 49.13 kv.m olan 1 saylı, 2 otaqlı mənzilin alınması və təmirinə xərclənmiş hazırkı bazar qiymətinə uyğun olaraq 150.000 manat vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin, yəni 100.000 manatının Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, Cavabdeh2 ilə 09 aprel 2011-ci il tarixdə Rusiya Federasiyasında rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından 09 iyul 2011-ci il tarixdə X11 və 31 yanvar 2015-ci il tarixdə X13 adlı iki uşaqları doğulmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə “İNKİŞAF-S MMC”-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində, 6-cı blok, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 49.13 kv.m olan 1 saylı, 2 otaqlı mənzil almışlar. Həmin mənzilin alınması üçün onlar 30.000 manat ilkin ödəniş etmişlər. Sonradan həmin mənzilə görə 16000 manat pul və mənzilin əsaslı təmiri üçün 40.000 manat vəsait sərf etmişlər. Bundan sonra onlar Rusiya Federasiyasında olan zaman cavabdeh nikahlarının Rusiya Federasiyasında rəsmiləşdirilməsindən istifadə edib, Azərbaycanda subaylıq arayışı alaraq xx.xx.2020-ci il tarixli, 220 saylı müqaviləyə əsasən adına olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə “İNKİŞAF-S MMC”nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində, 6-cı blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.13 kv.m olan, 1 saylı, 2 otaqlı mənzilin digər şəxsin adına keçməsinə etiraz etməməsi baradə 22 dekabr 2021-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət mərkəzinin Notariat Ofisində notarial qaydada ərizə verərək həmin mənzili bacısı X4 adına keçirmişdir. Göründüyü kimi, Cavabdeh2 onun mülkiyyət hüququnu pozaraq birgə nikah dövründə əldə etdikləri əmlakı gizli şəkildə bacısının mülkiyyətinə vermişdir. Həmin mənzilə dair müqavilənin əldə edilməsi üçün Cavabdeh1 MMC-yə vəkil sorğusu ilə müraciət edilsə də, Cavabdeh1 MMC tərəfindən vəkil sorğusuna cavab verilməmişdir. Ona görə də o, həmin müqavilənin nömrəsini və tarixini əldə edə bilməmişdir. Odur ki, məhkəmədən birgə nikah dövründə əldə edilmiş mənzilə dair Cavabdeh1 MMC ilə iddia üzrə üçüncü şəxs X8 arasında bağlanmış müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində, 6-cı blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.13 kv.m olan, 1 saylı, 2 otaqlı mənzilin alınması və təmirinə xərclənmiş hazırki bazar qiymətinə uyğun olaraq 150.000 manat vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin, yəni 100.000 manatının cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi MPM-in tələblərinə uyğun verilməmişdir. İddiaçı qeyd etdiyi tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilə dair Cavabdeh1 MMC ilə iddia üzrə üçüncü şəxs X8 arasında bağlanmış müqaviləni məhkəməyə təqdim etməmiş və birgə nikah dövründə əldə etdikləri əmlakda pay bölgüsü aparılmadan, ümumi əmlakdan təmir xərcini tələb edir. Qeyd edilən mənzil onların ümumi gəlirləri hesabına əldə edilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X9 iddianı qəbul etməyərək əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində qeyd olunan üçüncü şəxs X8 ilə "İNKİŞAF-S” MMC arasında müqavilə bağlanmamışdır. 04 mart 2020-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 220 saylı çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində, ümumi sahəsi 49.13 kv.metr olan, 2 otaqlı, 1 saylı mənzil Cavabdeh2 təhvil verilib. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh2 mənzilin ümumi dəyərindən (71200 AZN) 29000 manat ilkin olaraq, qalan 42200 manat məbləği isə 24 ay müddətində hər ay 1758 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin sonuncu dəfə Cavabdeh2 2021-ci ilin oktyabr ayında 2000 manat ödəniş etmişdir. O, müqavilə üzrə Cavabdeh1 MMC-yə ümumilikdə 35000 manat ödəniş etmişdir. Cavabdeh2 Cavabdeh1 MMC-yə qalıq borcu isə 36200 manat təşkil edir. Müqavilənin 5.5-ci bəndinə görə mənzil əldə edən tərəfindən müqavilənin icrasından imtina edilməsi, ödənişlərin 2 aydan çox gecikdirilməsi hallarında mənzil əldə edən mənzil təqdim edənin gecikmə ilə bağlı rəsmi bildirişini aldıqdan sonra 2 ay müddətində mənzili özünə sərf etdiyi qiymətə üçüncü şəxslərə satmalıdır. Həmin müddət ərzində sata bilməzsə, mənzil təqdim edən mənzili onun müqavilədə göstərilən dəyərindən 10-15% aşağı qiymətə üçüncü şəslərə satmaq hüququ əldə edir. Qeyd edilənlərə əsasən iddia tələbinin Cavabdeh1 MMC-yə yönəlmiş hissəsində təmin edilməməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsində işə üçüncü şəxs X4 iştirakı olmadan baxılmışdır.

14. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 04 may 2023-cü il tаrixli, 2(051)-46/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh2 birgə nikah müddətində ümumi qazancları hesabına Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsində 1950-ci məhəllədə, Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin əldə edilməsi üçün ödənilmiş 35.000 (otuz beş min) manat, təmirinə sərf edilmiş 18.181 (on səkkiz min bir yüz səksən bir) manat, cəmi 53.181 (əlli üç min bir yüz səksən bir) manat məbləğində vəsait ½ hissəyə bölünsməsi, Cavabdeh2 26590 (iyirmi altı min beş yüz doxsan) manat 50 (əlli) qəpik məbləğində pul alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməsi, Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169.77(bir yüz altmış doqquz manat, yetmiş yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməsi, İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, birgə nikah dövründə əldə edilmiş əmlakın qeyri-bərabər bölünməsinə əsas olan hallar müəyyən edilmədiyindən, iddiaçı ilə Cavabdeh2 mübahisəli mənzilin alınmasına və təmirinə sərf edilmiş 53181 manat məbləğində vəsait tərəflərin ümumi birgə qazancları hesab edilməli və həmin məbləğin ½ hissəsi, yəni 26590,5 manat məbləğində pul Cavabdeh2 alınıb iddiaçıya verilməlidir.

16. Məhkəmə iddianın mübahisəli mənzilə dair "İNKİŞAF-S” MMC ilə iş üzrə üçüncü şəxs olan X8 arasında bağlanmış müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi hissəsi ilə bağlı göstərmişdir ki, iddiaçı qeyd etdiyi müqaviləni məhkəməyə təqdim edə bilməmiş, cavabdeh "İNKİŞAF-S” MMC isə belə bir müqavilənin bağlandığını məhkəmə iclası zamanı təsdiq etməmiş, həmçinin mübahisəli mənzilin əldə edilməsinə dair cavabdeh "İNKİŞAF-S” MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin qüvvədə olduğunu göstərmişdir. Bu halda mövcudluğu sadəcə ehtimal edilən, məhkəmə iclasında bağlandığı sübut olunmayan müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Odur ki, iddia tələbinin həmin hissəsi təmin edilməməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36.1, 36.3, 37.1, 37.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2, 223.3, 225.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3, 88, 117, 119.1, 217.4, 218.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı Kərimova X7 Şəhər Məhkəməsinin 04 may 2023-cü il tаrixli, 2(051)- 46/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

19. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsində işə birtərəfli qaydada baxılmaqla yalnız iddiaçı tərəfə üstünlük verilmiş, onun tərəfindən təqdim edilmiş və heç bir rəsmi mənbəyə söykənməyən sübutlara hüquqi qiymət verilmişdir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması aparılmamışdır. Birgə nikahdan olan uşaqları - 09 iyul 2011-ci il təvəllüdlü X5 və 31 yanvar 2015-ci il təvəllüdlü X10 hazırda onunla (iddiaçı ilə) birgə yaşayırlar. Qızı X2 limfoblast leykoz xəstəliyindən əziyyət çəkir, (onkoloji xəstədir) sağlamlıq imkanı məhduddur və ona həm fiziki, həm də maddi baxımdan baxmaq bütünlüklə onun üzərinə düşür. Birgə nikahda olduqları həmin mənzili əldə etmişlər. Onun indiki dövrdə 26590 manata ev alması mümkün deyil. Onun və uşaqların yaşamağa başqa yaşayış yerləri yoxdur. Biri xəstə olmaqla iki uşaqla çöldə qalmaq istəmir. Əmlak bölgüsü zamanı birgə nikahdan doğulmuş uşaqların onun himayəsində olması və uşaqların mənafeyi nəzərə alınmaqla mənzil üzərində onun payı 2/3 hissədə müəyyən edilməlidir. Göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tаrixli, 2(051)-46/2023 saylı qətnaməsinin ləğv edilməsi və uşaqaların mənafeyini nəzərə alaraq mənzil üzərində onun payı 3/2 hissədə müəyyən edilməklə 35.454 manatın cavabdehdən tutularaq ona ödənilməsi baradə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

26. İş üzrə iddiaçı tərəf qətnaməni birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləği (53181 manat) 2/3 hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

29. Maddə 225.1. ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

30. Mаddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

31. Mаddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

32. Mаddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

33. Mаddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

34. Mаddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

35. E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 18 mart tarixli qərarı ... məhkəmələr tərəfindən ər-arvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ər-arvadın birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz və dəlillər ətraflı müzakirə edilməli, bununla bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir.

36. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 23 iyul tarixli qərarı ... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tаrixli, 2(051)-46/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

50. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh2 xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahından 09 iyul 2011-ci il tarixdə Zəhra və 31 yanvar 2015-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. 12 aprel 2022-ci il tarixdə onlar arasındakı nikah pozulmuşdur. Birgə nikah dövründə, yəni 04 mart 2020-ci il tarixdə Cavabdeh2 ilə "xxxx" MMC arasında 220 saylı çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində, ümumi sahəsi 49.13 kv.metr olan, 2 otaqlı, 1 saylı mənzil Cavabdeh2 təhvil verilmişdir. Müqavilə üzrə Cavabdeh1 MMC-yə mənzilin ümumi dəyərindən (71200 manat) cəmi 35000 manat ödənilmişdir. Hazırda Cavabdeh2 müqavilə üzrə 36200 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı "İNKİŞAF-S” MMC ilə iş üzrə üçüncü şəxs olan X8 arasında bağlanmış müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, qeyd edilən mənzilin alınmasına və təmirinə xərclənmiş, hazırkı bazar qiymətinə uyğun olaraq 150.000 manat vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin, yəni 100.000 manatının Cavabdeh2 tutularaq ona ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və uşaqların mənafeyini nəzərə alaraq məhkəmə tərəfindən müəyyən edilmiş məbləğin ½ hissədə (26590,5 manat) deyil, 2/3 hissədə müəyyən edilməklə 35.454 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

51. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxs X8 ilə nə Cavabdeh2, nə də Cavabdeh1 MMC arasında mübahisəli mənzilin alqı-satqısına və yaxud hər hansı bir formada özgəninkiləşdirilməsinə dair yazılı müqavilə bağlanmamış, həmçinin mübahisəli mənzil üzərində tərəflərin mülkiyyət hüququ qeydiyyata alınmamışdır.

52. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində yerləşən 1 saylı mənzil iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə 04 mart 2020-ci il tarixli, 220 saylı çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair müqaviləyə əsasən cavabdeh "İNKİŞAFS” MMC-dən təhvil alınmış, mənzilin ümumi dəyərindən (71200 manat) cəmi 35000 manat ödənilmişdir. Mənzilin ümumi dəyəri tam ödənilmədiyindən mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır, yəni həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin daşınmaz əmlak tərəflərin birgə mülkiyyəti hesab edilə bilməz.

53. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair müqavilə birgə nikah dövründə bağlanmış, müqavilə üzrə sonuncu dəfə 2021-ci ilin oktyabr ayında, yəni nikah pozulmamışdan əvvəl ödəniş edilmişdir (bu barədə Cavabdeh1 MMC-nin nümayəndəsi Cavabdeh2 müqavilə üzrə sonuncu dəfə 2021-ci ilin oktyabr ayında ödəniş etdiyini bildirmişdir). Bu da onu deməyə əsas verir ki, müqavilə üzrə edilmiş ödənişlər, həmçinin təmir xərcləri nikah müddətində həyata keçirilmişdir. Məhkəmə, o cümlədən qeyd edir ki, onlar arasında nikah kontraktı və ya hər hansı başqa razılaşmanın mövcudluğu məhkəmə araşdırması nəticəsində müəyyən edilmədi. Belə olan halda həmin mənzilin təhvil alınmasına və təmirinə xərclənmiş pul vəsaitləri ər-arvadın nikah müddətində qazandıqları birgə vəsait hesab edilməlidir.

54. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsinin iclasında mənzilin alınması və təmirinə hazırki bazar qiymətinə uyğun olaraq 150.000 manat xərcləndiyini göstərsə də, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən mənzilin alınması və təmirinə çəkilmiş xərclərin 53181 manat müəyyən edilməsi ilə razılaşmış və həmin məbləğin 2/3 hissəsini tələb etmişdir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xərclənmiş vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı istinad etdiyi halları sübut etməmiş, yalnız yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin nəzərə alınmalı olduğunu bildirmişdir.

57. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür.

58. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

59. Məhkəmə kollegiyası onu qeyd etməyi vacib hesab edir ki, indiki halda tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları ümumi əmlakda (mənzildə) payların bölünməsindən deyil, gələcəkdə dəyəri tam ödənildikdən sonra mülkiyyətə keçəcək həmin əmlaka (mənzilə) kəsirlə ödənilmiş məbləğin (təqribən 50%) iddiaçıya aid hissəsinin ödənilməsindən bəhs edilir.

60. Göründüyü kimi, mübahisə birgə nikah dövründə əldə edilmiş və tərəflərin ümumi mülkiyətində olan əmlakın bölünməsi ilə bağlı olmadığından iddiaçının apellyasiya şikayətində istinad etdiyi nikah müddətində qazandıqları birgə vəsaitin qeyri-bərabər bölünməsinə dair dəlilləri əsassızdır.

61. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mənzilin təhvil alınmasına və təmirinə xərclənmiş pul vəsaitləri tərəflər arasında bərabər şəkildə bölünməlidir.

62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

63. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

64. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tаrixli, 2(051)-46/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tаrixli, 2(051)-46/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar