Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-312/2023 21.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan düşən payın verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maraqlı şəxs kimi tanınma, icraatdan çıxarma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X11 latibliyi ilə, Maraqlı şəxs nümayəndəsi (vəkili) Nümayəndə2, Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan düşən payın verilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il 2(024)-263/2021 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınan 0.13 ha torpaq sahəsinin X7 aid 0.065 ha torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mirasın qəbul etmə müddətinin buraxılmasmın səbəblərini üzrlü hesab edərək mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan tam payın müəyyən olunaraq mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, mərhum X7 aid 0.065 ha torpaq sahəsinə dair və X5 adına paylı mülkiyyətidə olan Qax rayonu Zərnə kəndində yerləşən JN-0085 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.99 ha əkin sahəsindən X9 aid hissəsinə qanunla müəyyən edilmiş mirasın qəbul etmə müddətinin buraxılmasının səbəblərini üzrlü hesab edərək mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan tam payın müəyyən olunaraq mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il 2(024)-263/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********07 qeydiyyat nömrəli Dövlət reysetrindən Çıxarışa əsasən mərhum X5 paylı mülkiyyətində olan 0.065 ha torpaq sahəsinə və JN- 0085 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.99 ha əkin sahəsinin X7 aid ½ hissəsinə vərəsəlik açılması və miras əmlak üzrə qanunla müəyyən edilmiş mirasın qəbul etmə müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edilərək mirasın qəbulu müddətinin uzadılması və miras əmlaklar üzərində iddiaçının payının tam müəyyən olunaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Maraqlı şəxs apellyasiya şikayəti vermiş, şikayətinə maraqlı şəxs kimi tanınma və prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 1077/2022 saylı qərardadı ilə, İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan düşən payın verilməsi tələbinə dair 2(024)-263/2021 nömrəli mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, işin apellyasiya baxışından çıxarılması və Qax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Maraqlı şəxs kassasiya şikаyəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-1077/2022 saylı qərardadının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-6083/2022 saylı qərarı ilə, kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1077/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat: Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qax rayonu Zərnə kəndində olan 0.13 h torpaq sahəsi Qax rayonu Ləkit DS İcraiyyə Komitəsinin 1969cu il tarixli Qərarına əsasən X3 atası X14 və onu ailə üzvlərinin-anası X10, Şərqiyyə Nuriyeva və digər övladlarının istifadəsinə verilmişdir. X23 xx.xx.1970-ci ildə vəfat etmişdir. X26 xx.xx.1980-ci X4 ilə (iddiaçının bibisi) nikaha daxil olmuşdur. Əziz Əhmədov xx.xx.1997-ci ildə vəfat etmişdir. 1969-cu ildən Əziz Əhmədov ailəsinin stifadəsində olan torpaq sahəsini 1997-ci ildən bu günə kimi faktiki olaraq qızı jərqiyyə Nuriyeva idarə edir. Qax Rayon Məhkəməsi vərəsəliyinin İddiaçı irsi transmissiya üzrə düşməsi qənaətinə gələrkən kobud pozuntuya yol vermişdir. Çünki birinci instansiya məhkəməsi məhkəmə aktını qəbul edərkən həm mirasın açılması, mirasın qəbul edilməsi, mirasın qəbul edilməsi vaxtının uzadılması, irsi transmissiya ilə bağlı maddi hüquq normalarını və sübut etmə vəzifəsi, qətnamənin əsaslılığı baxımdan prosessual hüquq normalarını pozmuşdur. Qax Rayon Məhkəməsinin qətnaməsindən göründüyü kimi miras qalan əmlakın mülkiyyətçisi olan X12 xx.xx.2009-cu il tarixdə vəfat etdikdən 10 il sonra-xx.xx.2019-cu il tarixdə qardaşı X13 vəfat etmişdir. Yəni mərhum Biçə Acırqayeva vəfat etdikdə qardaşı onun adına ümumi birgə əmlakı olması barədə məlumatı var idi və vərəsəliyin açılması ilə bağlı notariat orqanına müraciət etməmişdir. İddiaçı və onun atası Yusif Acırqayev miras əmlakı faktiki olaraq da qəbul etməmiş və qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi müddətini ötürmüşdür. İddiaçının guya atası Acırqayev Yusifin sağlığında dəfələrlə bibisinin Qax rayonu Zərnə kəndində olan miras qalmış torpaq sahələrinə getməsi və mirası faktiki olaraq qəbul etməsini göstərməsi tamamilə yalandır. Nə iddiaçı, nə də atası ümumiyyətlə həmin həyətə gəlməmiş və bir dəfə də olsun bu barədə niyyətini bildirməmişlər. Bu illər ərzində həmin torpaq sahəsi onun sahibliyində və istifadəsində olmuşdur. Odur ki, Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il 2(024)-263/2021 saylı qətnaməsini ləğv edərək apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi (vəkili) Nümayəndə2 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmiş göstərişlər də nəzərə alınmaqla Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il 2(024)-263/2021 saylı qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasının yoxlanılması məqsədi ilə işin apellyasiya baxışından çıxarılaraq Qax Rayon Məhkəməsinə qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X1 Rayon Məhkəməsinin 30 aprel 2021-ci il 2(024)-263/2021 saylı qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasının yoxlanılması məqsədi ilə işin apellyasiya baxışından çıxarılaraq Qax Rayon Məhkəməsinə qaytarılması məsələsi üzrə qanuni qərar qəbul edilməsini təklif etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər, iddiaçının vəkili və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Apellyasiya baxışının hədləri Qax Rayon Məhkəməsi tərəfindən 30 aprel 2021-ci il tarixli, 2(024)-263/2021 saylı qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunulması yoxlanılmadığından, məhkəmə kollegiyası hesab edir ki, həmin məsələnin həlli birinci instansiya məhkəməsinin səlahiyyətində olduğundan maraqlı şəxsin apellyasiya şikayətinin mümkünlüyü yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini baxılması üçün apellyasiya məhkəməsinə göndərsə də həmin qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını yoxlamamış və MPM-nin 364.2-ci maddəsinə uyğun olaraq bu barədə qərardad çıxarmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin işdə iştirakının əsasını məhkəmə qətnaməsinin onların tərəflərdən biri ilə olduğu hüquq münasibəti ilə bağlı hüquq və vəzifələrinə təsir etməsinin mümkünlüyü təşkil edir. Onlar tərəflərdən biri ilə hər hansı maddi hüquq münasibətində olur, lakin bu münasibətlər məhkəmə baxışının predmetini təşkil etmir və məhkəmənin mübahisə ilə bağlı qətnaməsi bu şəxslərin birinə münasibətdə hüquq və vəzifələrinə təsir edə bilər. Hazırki halda isə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddələrin tələblərini nəzərə almamış, Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il 2(024)-263/2021 saylı qətnaməsinin X3 hüquq və vəzifələrinə toxunub-toxunmamasını müəyyənləşdirməmiş və bunun nəticəsinə dair müvafiq qərardad qəbul etməmişdir. Halbuki qeyd edilən məsələyə ilkin olaraq məhz birinci instansiya məhkəməsi hüquqi qiymət verməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, X3 şikayəti Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il 2(024)-263/2021 saylı qətnaməsinin X3 hüquq və vəzifələrinə toxunubtoxunmaması müəyyən edilmədiyindən qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılmaqla Qax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan düşən payın verilməsi tələbinə dair 2(024)-263/2021 nömrəli mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. X3 şikayəti Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il 2(024)-263/2021 saylı qətnaməsinin X3 hüquq və vəzifələrinə toxunub-toxunmaması müəyyən edilmədiyindən qeyri-mümkün hesab edilsin. İş apellyasiya baxışından çıxarılsın və Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-312/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-312/2023
21.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver