Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-317/2022 14.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair (Açar sözlər: qanunsuz tikilinin sökülməsi-iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X12 iştirakı ilə İddiaçı cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(033)-270/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: Qeydiyyat tarixi 06 oktyabr 2020-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayonu Mənzil İstismar İdarəsinin 15 fevral 2021-ci il tarixli 157 saylı arayışından görünür ki, X1 şəhəri C.Cabbarlı küçəsində yerləşən 4 saylı binanın 9 nömərli mənzilində yaşayır və onun istifadəsində 1963-cü ildə bina tikiləndə tikilmiş ölçüləri 3,4m x 2,6m olan sarayı vardır. Zaqatala rayonu Mənzil İstismar İdarəsinin 15 fevral 2021-ci il tarixli 158 saylı arayışından görünür ki, X2 şəhəri C.Cabbarlı küçəsində yerləşən 4 saylı binanın 8 nömərli mənzilində yaşayır və onun istifadəsində 1963-cü ildə bina tikiləndə tikilmiş ölçüləri 4m x 3,20m olan sarayı vardır. Zaqatala rayonu Mənzil İstismar İdarəsinin 15 fevral 2021-ci il tarixli 157 saylı arayışından görünür ki, Məmmədov X14 şəhəri C.Cabbarlı küçəsində yerləşən 4 saylı binanın 12 nömərli mənzilində yaşayır və onun istifadəsində 1963-cü ildə bina tikiləndə tikilmiş ölçüləri 5m x 2,6m olan sarayı vardır. Zaqatala rayon X7 İcraiyyə Komitəsinin 27 iyul 1961-ci il tarixli 10 nömərli qərarından çıxarışdan görünür ki, X3 fərdi yaşayış evi tikmək üçün 420 kvm-dən ibarət torpaq sahəsi atasının istifadəsində olan Komsomol küçəsi 31 nömrəli həyətdən ayrılması qərara alınmışdır. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 02 sentyabr 2021-ci il tarixli 9/1204 saylı məktubundan görünür ki, Zaqatala Mənzil İstismar İdarəsinin balansında olan dövlət mənzil fonduna aid ünvan 2 ünvanda 1962-ci ildə inşa edilmiş 12 mənzilli və C.Cabbarlı küçəsi 6 saylı ünvanda 1963- cü ildə inşa edilmiş 8 mənzilli yaşayış binaları ümumi istifadədə olan dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Birinci instansiya məhkəməsinin iclasında maraqlı şəxs qismində izahat vermiş: Zaqatala rayon Mənzil İstismar İdarəsinin rəisi X4 iddianı əsassız hesab edərək göstərmişdir ki, 1997-ci ildən Zaqatala rayon Mənzil İstismar İdarəsinin rəisi vəzifəsində işləyir. İddiaçının mübahisləndirdiyi tikililərin yerləşdiyi torpaq sahəsi dövlət torpağıdır. Həmin tikililər bina inşa edilərkən sakinlərin yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə tikilmişdir. Tikildiyi tarix 1962-1963-cü illərə uyğun gəlir. Həmin tikililərə müstəqil olaraq hər hansı bir sakin üçün sənəd verilməyib, tikililər dövlət balansındadır. Zaqatala RİHBA-ın Memarlıq və tikinti şöbəsinin nümayəndəsi X17 iddianı əsassız hesab edərək göstərmişdir ki, iddiaçı Zaqatala rayon İcra Hakimiyyətinə müraciət edərək onun evinə gedən yolda olan qanunsuz tikililərin sökülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Tərəflərindən həmin tikililərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin tikililərin iddiaçının evinə girib-çıxmasına heç bir maneəsi yoxdur. İddiaçının həmin tikililərin yerləşdiyi əraziyə çıxışı olsa da saraylar 1960-ci illərdə vətəndaşların istifadələrinə verilmişdir. Həmin torpaq sahəsi dövlətin balansındadır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 1961-ci ildən 1969-cu ilədək iddiaçının yaşadığı evdə kirayədə qalmışdır. O, həmin evdə yaşadığı müddət ərzində həmin tikililərin orada olmasını xatırlamır. O, kirayəçi kimi İddiaçı babası Məmməd Babayevin evində qalırdı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 18 aprel 2022-ci il tarixli, 10/1299 nömrəli məktub və məlumatdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(107)- 317/2022 nömrəli qərardadı icra edilmədən geri qaytarılmışdır. Ekspertizanın keçirilməməsinin səbəbi kimi göstərilmişdir ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli 10/1299 saylı vəsatət göndərilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi bu günədək Mərkəzə təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 23 fevral 2022-ci il tarixli, **********75 nömrəli cavab məktubundan görünür ki, 18 saylı Zaqatala Ərazi İdarəsinin arxiv fondunda və elektron bazasında sorğuda qeyd olunan sualların cavablandırılması üçün zəruri olan məlumatlar aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən 04 mart 2022-ci il tarixli, 9/337 nömrəli cavab məktubunda cavab olaraq aşağıdakılar qeyd edilmişdir: -ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi şəhərin keçmiş Komsomol, indiki Heydər Əliyev prospekti, 85 saylı ünvandakı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində İddiaçı babası tərəfindən inşa edilmişdir. Həmin torpaq sahəsindən C.Cabbarlı küçəsi 4 və 6 saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binalarının həyətinə - ümumi istifadədə olan dövlət mülkiyyətinə aid torpaq sahəsinə qapı açılmışdır. -Mövcud olmamışdır. Gediş-gəliş yolu sonradan açılmışdır və hazırda eni 3 metr ətrafındadır. -Həmin tikililər İddiaçı ailəsinin evə giriş-çıxışına maneə törətmir. İddiaçı iddiası sakinlərin ümumi istifadəsində olan dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən tikililəri sökdürməklə yaşadığı evin həyətinə minik avtomobilinin giriş-çıxışının təmin edilməsidir. -C.Cabbarlı küçəsi 8 saylı ünvanda yerləşən fərdi yaşayış evinə alternativ gediş-gəliş yolu yoxdur. -C.Cabbarlı küçəsi, 4 saylı ünvanda 1962-ci ildə inşa edilmiş 12 mənzilli və C.Cabbarlı küçəsi, 6 saylı ünvanda 1963-cü ildə inşa edilmiş 8 mənzilli yaşayış binaları və onların həyətlərində yerləşən yardımçı tikililər sakinlər tərəfindən ümumi istifadədə olan dövlət mülkiyyətinə aid torpaq sahəsində uzun illər bundan əvvəl inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 binanın həyətində cavabdehlər tərəfindən zəbt yolu ilə tikilmiş qanunsuz tikililərin sökülərək onun evinə avtomobil yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daimi qeydiyyatda olduğu və hal-hazırda yaşadığı Cəfər Cabbarlı küçəsi 8 saylı ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında C.Cabbarlı küçəsi 4 saylı ünvanda yaşayan cavabdehlər həmin binanın həyətində zəbt etmə yolu ilə qanunsuz tikililər aparmışlar. Belə ki, bu qanunsuz tikililərin mövcud olması onun fərdi yaşayış evinin girişini bağlamışdır. Bununla bağlı həmin binanın sakinləri ilə dəfələrlə tikililərinin sökülməsi və onun evinə şəxsi avtomobili ilə girişinin təmin olunması üçün müraciət etmişdir. Müraciətinə baxmayaraq təklifi bina sakinləri tərəfindən xoş qarşılanmamış və qanunsuz tikilinin sökülməsi üçün heç bir işlər görülməmişdir. Halhazırda göstərilən ünvanda icazəsiz tikililərin olmasının ona yaratdığı problemlər bunlardır.
1. yaşadığı C.Cabbarlı küçəsi ev 8 ünvanının (fərdi yaşayış evi) həyətinə şəxsi avtomobillə daxil olmaq mümkün deyil.
2. Əgər yaşadığı ünvanda fövqəladə vəziyyət olarsa xüsusi təyinatlı avtomobillərin yaxınlaşması qeyri mümkündür.
3. İlin fəsillərindən asılı olmayaraq mənzilin pəncərələri bağlı vəziyyətdə olsa belə yaşadığı ünvanda xoşagəlməz qoxudan oturmaq mümkün deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 15 sentyabr 2021-ci il tarixli, 2(033)-270/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, sökülməsi tələb olunan tikililər 1962-1963-cü illərdə bina inşa edilərkən sakinlərin yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə tikilmişdir və dövlət balansındadır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, sökülməsi tələb olunan tikililər özbaşına tikinti olmadığından, iddiaçının tələbi ilə sökülə, iddia tələbi təmin edilə bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 2 binanın həyətində cavabdehlər tərəfindən zəbt yolu ilə tikilmiş qanunsuz tikililərin sökülərək onun evinə avtomobil yolunun açılması tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 119.1 və 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(033)-270/2021 saylıqətnaməsinin qanunsuz və əsassızdır. Maddi və prosessul hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, Zaqatala Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən qətnamə ləğv edilməlidir və bu iddia ilə əlaqədar yeni qətnamə qəbul edilməlidir. İddiaçı özünə məxsus həyətyanı torpaq sahəsinə giriş çıxış üçün olan yol normalar daxilində olmadığından istifadə edə bilmir. Öz mülkiyyətində olan torpaq sahəsinə avtomobil üçün nəzərdə tutulmuş girışçıxış yolu cavabdehlərin qanunsuz tikililəri ilə məhdudlaşdırılmışdır. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(033)-270/2021 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(033)-270/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(033)-270/2021 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçının iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Zaqatala Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(033)-270/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(033)-270/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Ayaz Mahmudov