Məhkəmə qərarları › İş №2(107)-339/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-339/2020

28.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-339/2020 28.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı nümayəndəsi (vəkili) Məmmədov Fərhad Möhübbət oğlunun Cavabdeh - Cavabdeh və onun nümayəndəsi X17 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1513/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1513/2019 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin edilmiş, İddiaçı xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X6 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi, iddiaçının dövlətə ödədiyi rüsum xərcinin özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1999cu il tarixdə vəfat etmiş mərhum atası X6 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) X29 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, RX seriyalı, ******* nöməli çıxarışa əsasən Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi iddiaçının atası X6 miras qalmışdır. İddiaçının atasından miras qalmış fərdi yaşayış evi birmərtəbəli, iki yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 42.8 kv/metrdir. Həmin əmlak Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evidir və həmin ev 0.0326 ha torpaq sahəsi üzərində yerləşir. Qeyd edilən mirasın vərəsələri iddiaçı, X18, Cavabdeh və iddiaçının digər bacısı X23 qizi olsalar da, həmin evdə atasının, anasının ölümündən sonra yalnız iddiaçı yaşamış və miras qalmış əmlaka faktiki sahiblik edərək həmin əmlakı idarə etməyə başlamışdır. Belə ki, iddiaçı qeyd edilən miras əmlakda yaşamış, 1999-cu ildə atası vəfat etmiş, ona yas vermişdir. Həmçinin anası vəfat etdikdən 3-4 il sonra həyat yoldaşı ilə birlikdə qeyd edilən miras əmlakda 2016-cı ilədək yaşamışdır. Belə ki, cavabdeh bacısı Cavabdeh uzun müddət kirayələrdə qaldığından onu öz yanına gətirərək həmin miras evində yaşamasına icazə vermişdir. 2016-cı ildə xəstə olduğundan və bacısı Cavabdeh ilə münasibətləri uyğun gəlmədiyindən Şəki rayonunun Kiçik Dəhnə kəndinə gedərək orada ərdə olan qızının yanında yaşamağa başlamış, lakin arada-bir olaraq miras əmlaka gedib gəlmişdir. İddiaçının məhkəməyə müraciət etməyinin əsası, böyüyüb boya başa çatdığı, rəhmətlik X3 və X1ndan miras qalmış əmlaka faktiki sahiblik və idarə etməyə başlamağına baxmayaraq 25 ildən artıq olar ki, ata evini tərk edərək ərdə olan və ər evində yaşamış bacısı Cavabdeh anası vəfat edəndən xeyli sonra övladı Günay ilə birlikdə evinə gələrək miras evini, əmlakını hər gün dağıtmaları, ən öncəsi isə miras qalmış evə daxil olmağına hər cür maneə yaradıb iddiaçını münaqişəyə cəlb etməklə polisə və dövlət orqanlarına əsassız şikayət verməklə başına olmayan işlər gətirməsidir. İddiaçının vərəsə olaraq yaşadığını miras qalmış evinə daxil ola bilmədiyi və bacısı olan Cavabdeh tərəfindən hüquqları əlindən aldığı üçün iddiaçı, ata yurdunda evi olan və iddiaçının evinin qonşuluğunda yaşayan qardaşı X18 və digər bacısı X23 qizi ilə dəfələrlə danışıb cavabdeh olan bacısı olanlara son qoymasını istəsə də, cavabdeh onlara məhəl qoymamış və bu gün də öz bildiyini etməkdədir. İddiaçı dəfələrlə miras evi zəbt etmiş bacısından onu qorumaq və atadan qalmış evinə yerləşmək üçün yaxınlarının və ya sahə müvəkkilinin yardımı ilə evinə daxil olsa da, cavabdeh və qızı tərəfindən ciddi hədəqorxuya məruz qalaraq, təhqir olunaraq, həmin zorun və hədənin acı talehini yaşamışdır. Bundan sonra da iddiaçı, bu qanunsuzluqların aradan qaldırılması ilə bağlı dövlət orqanlarından kömək istəmişdir. Ancaq Cavabdeh və qızının özbaşına hərəkətləri qurtarmayaraq davam etdirilməkdədir. Digər qorxulu hal isə odur ki, miras əmlakı dağıdılır. Göründüyü kimi 25 ildən artıq ərdə olan iddiaçının cavabdeh bacısı vərəsə olduğunu iddia edərək hazırki hərəkəti ilə hüquqlarından qanuna zidd olaraq istifadə etdiyindən, iddiaçının miras evə mülkiyyət hüquqları hər gün qarış-qarış əlindən aldığına baxmayaraq iddiaçı, bacısı olduğu üçün fasiləsiz yaşadığı, miras qalmış və faktiki olaraq qəbul etdiyi 2 otaqlı mənzilə köçmüş Cavabdeh evdən çıxarılmasını belə istəməmişdir. Ancaq cavabdeh atalalarından qalma bütün miras əmlaklara sahiblik etmək istəyir. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cаvаbdeh Cavabdeh iştirakı olmadan baxılmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları prosessual tələblərə uyğun qaydada araşdırmamış, qiymətləndirməmiş, işin nəticəsinə təsir edən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, mülki məhkəmə icraatının prosessual qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə riayət etməməklə iş üzrə səhv nəticəyə gəlmiş, düzgün olmayan qətnamə çıxarmışdır. İddiaçı ünvan 2 ünvanında yerləşən miras əmlakı qəbul etdiyinə dair istinad etdiyi məqamlar hazırkı mübahisə ilə bağlı reallığı özündə əks etdirən təkzib olunmaz faktlarla qətiyyən uzlaşmır. Əbəs yerə deyil ki, iddiaçı miras əmlakı qəbul etdiyinə dair yürütdüyü əsassız mülahizələrini təkzib edən konkret sənədlər, faktlar barədə məhkəməni heç məlumatlandırmamış və bu yolla işin faktiki halları barədə yanlış təəssürat yaratmağa çalışmışdır. İddiaçı notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2017-ci il tarixli ərizəsində mübahisə predmeti olan miras əmlakı qəbul etmədiyini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını və mirası qəbul etmək mövzusunda gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Mirası qəbul etməmək, öz hüquqi təbiətinə görə həmin mirasdan imtina etməyə bərabər tutulur. Təəssüflər olsun ki, üzrlü səbəbdən birinci instansiya məhkəməsində iştirak edə bilməmişdir. Həmin dövrdə qız övladının qəflətən vəfat etməsi onu ağır mənəvi sarsıntıya məruz qoymuşdur və bu səbəbdən məhkəmə proseslərindən xəbəri olmamışdır. Əgər iştirak etmiş olsaydı, təbii ki, iş üçün ciddi əhəmiyyət kəsb edən və iddiaçı tərəfindən gizlədilən faktları məhkəməyə təqdim edərdi. Hesab edir ki, birinci instansiya məhkəməsində yalnız onun iştirak etməməsi deyil, o cümlədən, məhkəmənin prosessual tələblərə laqeyd yanaşması da iddiaçıya öz əsassız mövqeyinə haqq qazandırmağa əlverişli şərait yaratmışdır. Belə ki, mübahisənin məğzi miras əmlakın vərəsə tərəfindən qəbul edilib-edilmədiyini müəyyən etməkdən ibarət olmağına baxmayaraq, məhkəmə işin həlli üçün ciddi əhəmiyyət kəsb edən mühüm məqamı diqqət dairəsindən kənarda qoymuş, sözügedən miras əmlaka dair müvafiq notariat reyestrində işin nəticəsinə təsir edə biləcək hər hansı məlumatın olub-olmadığını aşkar etmək üçün heç bir tədbir görməmişdir. Bu isə iddiaçının sübutedici material qismində məhkəməyə təqdim etdiyi məlumatların məhkəmə tərəfindən lazımi səviyyədə araşdırılmamasından xəbər verir. Məhkəmənin sübut olaraq istinad etdiyi və qətnamədə göstərdiyi sənədlərin məcmusundan aydın olur ki, iddiaçı məhkəməyə miras əmlakın vərəsəlik qaydasında qəbulu ilə bağlı notariat kontoruna müraciət edib-etmədiyinə dair heç bir sənəd təqdim etməmişdir. Qanunvericilikdən bizə yaxşı məlumdur ki, vərəsəlik işinin açılması, mirasın qəbulu məsələlərinin həlli ilk növbədə notariusun səlahiyyətlərinə aid olan işdir. Lakin, İddiaçının mirasın qəbulu faktını rəsmiləşdirmək üçün nəyə görə notariat kontoruna deyil, birbaşa məhkəməyə müraciət etməsi və bunun iş üzrə həqiqətə yol açan səbəbləri məhkəməni heç düşündürməmişdir ki, bu da araşdırma prosesinin işin reallıqlarına doğru dərinləşməsini mümkünsüz etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(075)-1513/2019 saylı qətnaməsini tamamilə ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X26 apelyasiya şikayətinin məzmumuna uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(075)-1513/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi (vəkili) Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)- 1513/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1513/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, X2 şəhərində xx.xx.2011-ci ildə ürək-qan-damarı çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 şəhərində xx xxxx 1999-cu ildə ürək-qan-damarı çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş xx xxx 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. X3, anası isə X7r. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışın dublikatından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayı evi X8 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “Dağdibi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, E.Yəhyayev küçəsi, 22 saylı evdə yaşamış X14 xx xxxx 1999-cu il tarixdə vəfat etmiş və İddiaçı, X18, Cavabdeh və X15 ailə üzvləri qalmışdır. İş materiallarına əlavə edilmiş “Dağdibi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. X1 ilə birlikdə həmin ünvanda yaşamışdır. Ananın ölümündən sonra o, həmin ünvanda yaşamış, faktiki olaraq ailə təsərrüfatını bir müddət idarə etsə də, sonra ailə münaqişəsi zəmnində həmin ünvanı tərk etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoymuş şəxslərdən X13 xx xxxx 1999-cu il tarixdə X1 Şəki şəhərində xx.xx.2011-ci ildə ölmüşdür. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək olan və sonrakı dövrlərdə əmələ gəlmişdir. Göründüyü kimi X13 ilə X11 ər-arvaddırlar. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə X10 münasibətdə 2000-ci ilin sentyabr ayının 1-dək olan, X9 münasibətdə isə 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, İddiaçı mirası faktiki olaraq qəbul etməsi nəzərə alınmalı, onun tərəfindən xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X6 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən 2000-ci ilin sentyabr ayının 1dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528, 552-ci, hal hazırda qüvvədə olan Mülki Məcəllənin 1151, 1243.1, 1243.2ci maddələrini tətbiq etmişdir. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528-ci maddəsinə əsasən, vərəsəliyin açılması vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı mübahisə predmeti olan miras əmlakı qəbul etmədiyini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını və mirası qəbul etmək mövzusunda gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Mülki Məcəllənin 1261-ci maddəsində göstərilmişdir ki, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəlləninn 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Qanunun həmin göstərişi imperativ xarakter daşıyır. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin qeyd olunan halını nəzərə almamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1,4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təvsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1513/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1513/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar