Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-341/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair mülki iş üzrə (Açar sözlər: Akt əsasında hesablanmış məbləğin silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1748/2023 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü ilin mart ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq yazılmış 2396.16 manat cərimə məbləğinin azaldılaraq 199.68 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 fevral 2023-cü il tarixdə Göyçay qaz idarəsinin əməkdaşları yaşadığı Göyçay şəhəri M.P.Vaqif küçəsi 35 saylı fərdi yaşayış evinə baxış keçirdən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona qanunsuz olaraq 2396.16 manat məbləğində cərimə yazmışlar. Lakin bildirmək istəyir ki,həmin xətt aşkar edilsə də, o həmin xəttdən heç bir vaxt istifadə etməmişdir, köhnə və istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilmirdi. Ona görə də hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən fərdi yaşayış evində istifadə edilən qaz cihazlarının 360 günə hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də yazılmış cərimə məbləği tamami ilə qanunsuzdur, hesab edir ki, azaldılmalıdır. Belə ki "Azəriqaz" X2 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 28 fevral 2023- cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 4m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Fərdi yaşayış evindən aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. Dəymiş ziyanın bərpasına dair tələbnamənin istinad edildiyi 28 fevral 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazları aprel ayında və arxaya hesablanmış növbəti 360 gündə və 24 saat ərzində istifadə edilmədiyindən, bundan əlavə ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə ünvanına baxış keçirdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətində hesablanmaqla hesablanmış cərimənin ümumi məbləği azaldılaraq 199.68 (yüz doxsan doqquz manat) altmış səkkiz qəpik saxlanılmalıdır.
3. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2023 -cü il tarixində "Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh və Ağsu RQİİ-nin ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2022-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 19968 m3 - 2396.13 (iki min üç yüz doxsan altı) manat 16 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 2396.13 (iki min üç yüz doxsan altı) manat 16 qəpik məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
4. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
5. İş üzrə cavabdeh Azəriqaz” İB-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
6. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx.xx.2023-cü il tarixli, 2(046)-1748/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı barəsində Cavabdeh İB-nin Ağsu X7 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 2396.16 manat cərimə məbləğinin azaldılaraq 329.8 manat müəyyən edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 2023-ci ilin yanvar ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə İddiaçı 3x24x180 gün=12960 m3- 0 8x24x365 gün= 7008 m3 müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 2396.16 manat hesablamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə hesab etmişdir ki, İddiaçı 2023-ci ilin fevral ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 2396.16 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. (12960*0.12/6=259.2 manat), (7008*0.12/12=70.08 manat) (259.2 manat + 70.08 manat = 329.28 manat)
9. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Ağsu X7 idarəsinin xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 2396.16 manat cərimə məbləği, azaldılaraq 329.28 manat müəyyən edilməlidir.
10. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7, 4.8 və 4.9-cu bəndləri, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı,Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.
13. Belə ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin və Cavabdeh Ağsu RQİİ-nin ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir.
14. xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2022-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 19968 m – 2396.13 (iki min üç yüz doxsan altı) manat 16 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 2396.13 (iki min üç yüz doxsan altı) manat 16 qəpik məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir.
15. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.
16. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır.
17. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödənilməsi barəsində bildiriş göndərilmişdir.
18. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.
19. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.
20. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.
21. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir.
22. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1748/2023 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
24. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
26. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri).
28.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1748/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)- 1748/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda təbii qazdan istifadə qaydalarına riayət edilməsi yoxlanılmış və iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22 fevral 2023-cü il tarxli, ******* nömrəli akt tərtib edilmişdir. 22 fevral 2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Ağsu RQİİ-nin 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 12960 m3 və 7008 m3 olmaqla cəmi 19968 m3 –yəni 2396,13 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.
35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur.
36. Belə ki, məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı evdə qaz işlədicilərindən 1 ədəd PQ-3 - maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd kombi 28kw maksimal saatlıq qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 19968 m3 müəyyən edilmişdir.
37. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnamə üzrə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında qaz işlədicilərindən 1 ədəd PQ-3 - maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd kombi 28kw maksimal saatlıq qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün üçün hesabat aparılmış və Cavabdeh dəymiş ziyanın həcminin 19968 kubmetr təşkil etməsi qənaətinə gəlmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç birinin nəzərə alınmaması, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılması, təqdim edilmiş sənədlər, saldo və digər sənədlərin sübut qismində düzgün araşdırılmaması, onlardan istifadə edilməməsinə dair dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, Cavabdeh tərəfindən aparılmış həmin hesabata əsasən iddiaçının evində quraşdırılmış qaz işlədicilərinin işlədilməsi ilə bağlı itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Həmin vaxt itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat qaz işlədiciləri ilə bağlı PQ- 3 qaz sərfi 365 gün, 1 ədəd kombi 28kw qaz sərfi 180 gün üçün hesablanmışdır. Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə müəyyən edilir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin hesab qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Belə olan halda qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacdan kənar hər hansı bir qoşulmanın müəyyən ediləcəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, itirilmiş təbii qazın həcminin bir aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz. Həmçinin işdə olan abonentin ödənişlərinə dair cədvəldən görünür ki, iddiaçının ünvanında qazdan istifadə ilə bağlı noqsanın aradan qaldırılmasından sonra, yəni 2023-cü ilin fevral-iyun aylarında iddiaçının istehlak etdiyi qazın cəmi dəyəri 62,16 manatdır.
39. Yuxarıda qeyd edirlənləri nəzərə alan məhkəmə kollegiyası Cavabdeh İB tərəfindən iddiaçıya akt əsasında 329.8 manatdan daha artıq məbləğdə hesabat aparmaqda, 329.8 manatdan daha artıq ziyan məbləğinin hesablanmasında doğru nəticəyə gəlməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ünvanında aşkar olunan kənar xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1 ədəd PQ-3 - maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd kombi 28kw maksimal saatlıq qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün üçün hesablanmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, aparılmış hesabata görə vətəndaş PQ-3 vasitəsi ilə 365 gün, kombi vasitəsi ilə 180 gün və fasiləsiz olaraq 24 saat ərzində qaz sərf etmişdir ki, bu da ağlabatan hesab edilə bilməz.
41. Yuxarıda qeyd edirlənləri nəzərə alan məhkəmə kollegiyası Cavabdeh iddiaçıya akt əsasında 30 gündən artıq müddət üçün hesabat aparmaqda doğru nəticəyə gəlməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
42. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)- 1748/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulması yol verilməzdir.
43. Beləliklə apellyasiya şikayətinin işin faktiki, həqiqi hallarının tam, obyektiv və hərtərəfli araşdırmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, qüvvədə olan maddi və prosessual hüquq normalarının mülki iş üzrə düzgün tədbiq edilməməsinə dair dəlilləri ilə də razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)- 1748/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1748/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.