Məhkəmə qərarları › İş №2(107)-343/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-343/2021

26.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-343/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(035)-58/2020 saylı qətnaməsindən cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(035)-58/2020 saylı qətnаməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin edilmiş, İddiaçı hesabına cavabdeh “xxxx” ASC tərəfindən sayğaca müdaxiləyə görə hesablanmış 702.47 manat borcun silinməsi, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış və ondan tələb olunan 708.07 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, onun yaşadığı Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində elektrik sayğacı quraşdırılmışdır. “xxxx” ASC-nin Aran RETSİ İmişli İdarəsinin nəzarətçiləri tərəfindən hər ay sayğaca baxış keçirilmiş və sayğacın göstəriciləri çıxarılaraq ödəniş edilməsi üçün ona təqdim olunmuşdur. O, elektrik enerjisində istifadə haqlarını həmişə sayğacın göstəricilərinə, uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. Bununla bağlı “xxxx” ASC-nin Aran RETSİ İmişli İdarəsinin əməkdaşları heç vaxt ona hər hansı bir pretenziya bildirməmişlər. Həmin ərəfədə bütün kənd sakinlərinin elektrik sayğacları dəyişdirilmiş və bunun plan üzrə olduğu bildirilmişdir. O cümlədən xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin Aran RETSİ X1 əməkdaşları tərəfindən 896796№-li protokol yazılmaqla ona məxsus elektrik sayğacı götürülərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxt o, sayğaca hər hansı bir müdaxilənin olması barədə heç nə deyilməmişdir. Əksinə rəhbərliyin göstərişinə əsasən plan üzrə sayğacları dəyişdirdiklərini demişlər. Lakin, üstündən 01 ay müddət keçdikdən sonra cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli bildiriş göndərilərək ondan ümumilikdə 708.07 manat məbləğində pulun ödənilməsi tələb olunmuşdur. Səbəbini soruşduqda “xxxx” ASCnin Aran RETSİ İmişli İdarəsinin əməkdaşları ona guya sayğaca müdaxilə etdiyini bildirmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. 896796 №-li protokola əsasən ona sayğac götürülərkən, bu barədə protokolda heç bir qeyd yazılmamışdır. Ona görə ki, sayğac götürülərkən plombu yerində olmuşdur. Əgər sayğaca hər hansı bir kənar müdaxilə olmuş olsaydı plombu qırılmış olardı və bu hal “xxxx” ASC-nin Aran RETSİ İmişli İdarəsinin əməkdaşları tərəfindən yerindəcə aktlaşdırılardı. Sayğacın laborator yoxlanışı onun iştirakı olmadan, birtərəfli qaydada aparıldığı üçün mötəbər hesab edilə bilməz. Ona görə də hazırda iddia ərizəsində göstərilmiş məbləğdən fərqli olaraq guya sayğaca müdaxilə adı altında əsassız hesablanmış cəriməyə görə 702.47 manat pulun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cаvаbdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin iclasına çağırılmamış, bu səbəbdən də iddia tələbinə qarşı etirazlarını təqdim edə bilməmişdir. Bundan başqa iddiaçının fərdi yaşayış evinə quraşdırılan elektrik sayğacı plan üzrə dəyişilən zaman sayğacda müdaxilə izləri aşkar olunmuş, bu barədə cavabdehin nümayəndələri iddiaçının iştirakı ilə protokol tərtib edilmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)- 58/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-58/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin Aran RETSİ İmişli İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “məişət istehlakçılarında sayğacların yoxlanılması və quraşdırılması” haqqında xx.xx.2018-ci il tarixli, 896796 №-li protokoldan görünür ki, İddiaçı (hazırkı iddiaçının) yaşadığı Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində quraşdırılmış elektrik sayğacı “xxxx” ASC-nin rəhbərliyinin göstərişinə əsasən götürülərək, yenisi ilə əvəz edilmişdir. Həmin protokolda sayğacın laborator yoxlamadan keçirilməsi üçün götürüldüyü qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən İddiaçı qızma göndərilən xx.xx.2018- ci il tarixli bildirişdən görünür ki, ondan ümumilikdə 708.07 manat məbləğində pulun ödənilməsi tələb olunmuşdur. Həmin bildirişdə qalıq borcun 702.47 manat olduğu göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən evinə gedən elektrik xəttinin üzərində quraşdırılmış elektrik sayğacı “xxxx” ASC-nin Aran RETSİ İmişli İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli, 896796 №-li protokol yazılmaqla götürülərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxt sayğaca hər hansı bir kənar müdaxilənin olması müəyyən edilməmiş, sayğac götürülərkən dövlət möhürünün plombu yerində olmuşdur. Sayğaca hər hansı bir kənar müdaxilənin olmasına dair “xxxx” ASC-nin Aran RETSİ İmişli İdarəsinin əməkdaşları tərəfindən istehlakçının və iki nəfər hal şahidinin iştirakı təmin edilməklə yerində heç bir akt tərtib edilməmişdir. Sözügedən sayğacın laborator yoxlamadan keçirilməsi və həmin yoxlamada sayğac sahibinin (iddiaçının) iştirakının təmin olunması müəyyən olunmur. İddia olunan qanunsuz müdaxilə ilə əlaqədar sərfiyyata görə “xxxx” ASC tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixli bildiriş göndərilərək, qalıq borcu 702.47 manat olmaqla ondan ümumilikdə 708.07 manat məbləğində pulun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarının 7.11-ci maddəsində deyilir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Bundan başqa, həmin Qaydaların 8.33-cü maddəsində deyilir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Qeyd olunan normalardan görünür ki, ilk növbədə enerjitəchizatı idarəsinin nümayəndəsi elektrik enerjisindən istifadəyə məişət abonenti tərəfindən pozuntuya yol verdiyini aşkar etməli, daha sonra bu pozuntuya dair aktı iki nəfər hal şahidinin və abonentin iştirakı ilə tərtib etməlidir. Qeyd olunan normadan görünür ki, hazırki vəziyyətdə elektrik saygacının qorunması və işçi vəziyyətdə saxlanılmasına abonent deyil enerjitəhcizat müəssisəsi cavabdehlik daşımalıdır. Müəyyən olunmuşdur ki, mübahisə predmeti olan aktda saygacın nasazlığı yazılsa da, sayğaca abonent tərəfindən müdaxilə edilməsi aşkar edilməmişdir. İddiaçının elektrik enerjisinin saygacına hər hansı müdaxilənin olması sübuta yetirilməmişdir. Buna görə də iddianın borcun silinməsinə dair hissəsi təmin edilməlidir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıya əsаssız olаrаq 702.47 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə olunmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı hesabına itirilmiş enerjinin bərpası kimi yazılmış 702.47 manat borc məbləğinin silinməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən cavabdeh, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-58/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-58/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar