Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-349/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Zərdab Rayon İcra Hakimiyyəti Başçısının İsaqbağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Üçüncü şıxslər X2 və X4 iştirakı ilə, İddiaç İddiaçı cavabdehlər Zərdab Rayon İcra Hakimiyyəti Başçısının İsaqbağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(035)-674/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Zərdab rayon İHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu Böyük Dəkkə kənd sakini xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X6 məxsus Zərdab RİHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20 oktyabr 2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, Zərdab rayonu Böyük Dəkkə kəndində hazırda mərhum atası Əli Ədilova məxsus 0.26 ha həyətyanı torpaq sahəsi, sahəsi 112 kv.metr olan birmərtəbəli fərdi yaşayış evi, həyətdə 24 kv.metr mal tövləsi olmuşdur. Hazırda mərhum qardaşı Abdulqədir Ədilovun arvadı hazırkı Cavabdeh2 həmin əmlaka qeyri-qanuni yiyələnmişdir. Belə ki, Zərdab RİHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 oktyabr 2014-cü il tarixdə tərtib edilmiş vəsiyyətnaməyə əsasən güya atası (cavabdehin qaynatası) X9 özünə məxsus torpağı, evi və bütün başqa əmlakını digər vərəsələri vərəsəlik hüququndan məhrum etməklə hazırkı Cavabdeh2 vəsiyyət etmişdir. Atası xx.xx.2015-ci ildə ölmüşdür. Atası vəsiyyətnamə qoyarkən qoca və xəstə olmuşdur. Cavabdeh2 atasının qoca və xəstə olmasından istifadə edərək aldatma yolu ilə öz xeyrinə vəsiyyətnamə tərtib etdirməyə nail olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 12 dekabr 2022-ci il tarixli, 2(035)-674/2022 saylı qətnaməsi ilə, İddiaçı X3 cavabdehlər Zərdab rayon İHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh2 iddiaçının qardaşı Abdulqədirlə 1992-ci ildə rəsmi nikaha daxil olmaqla sözügedən evə gəlin köçmüş, həmin evdə qızı Nişanəni dünyaya gətirmişdir. Abdulqədir xx.xx.1993-cü il tarixdə vəfat etdikdən sonra da Cavabdeh2 qızı Nişanə ilə birlikdə qaynanası və qaynatası Əli ilə bir yerdə yaşamışlar. Qaynanası xx.xx.1998-ci il tarixdə vəfat etdikdən sonra qaynatasına ölən günədək özü baxmışdır. Ona görə də Əli Ədilov vəsiyyətnamə ilə sərəmcam verərək özünə məxsus Zərdab rayon Böyükdəkkə kəndində 0.45 ha torpaq sahəsində yerləşən 04 otaqlı fərdi yaşayış evin avadanlıqları ilə və yardımçı tikililər ilə birlikdə gəlini hazırkı Cavabdeh2 vəsiyyət etmişdir. Məhkəmə araşdırması zamanı Əli Ədilova hər hansı bir zorakılğın edilməsi, kənar təsirin göstərilməsi, onu aldadılması halı müəyyən olunmadı. Əksinə şahidlərin ifadələrinə əsasən Əli Ədilovun vəsiyyətnamə qoyarkən öz iradəsinə, istəyinə uyğun hərəkət etdiyi müəyyən olundu. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı Cavabdeh2 onun atasının qoca və xəstə olmasından istifadə edərək aldatma yolu ilə öz xeyrinə vəsiyyətnamə tərtib etdirməyə nail olduğunu iddia etsə də, iddiasını təsdiq edən, yəni sözügedən vəsiyyətnamənin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatı Cavabdeh2 və digər cavabdeh Zərdab rayon İHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Köçəri Kərimovun izahatları ilə yanaşı, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ilə tam şəkildə təkzib edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün hər hansı bir hal aşkar edilməmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarını nəzərə alaraq, işdə olan sübutları qarşılıqlı şəkildə qiymətləndirərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, vəsiyyət edən sözügedən xx.xx.2014-cü il tarixli vəsiyyətnaməni qoyarkən öz iradəsi ilə hərəkət etmişdir. Vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib və təsdiq edilmişdir. Həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün işdə hər hansı bir hal yoxdur. İddia əsassızdır. Ona görə də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, . (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq və prosessual normaların pozulması ilə qəbul edilmişdir və ləğv edilməlidir. X10 tərəfindən “yazılmış” xx.xx.2014-cü il tarixli vəsiyyətnamə əsasında Zərdab rayon Böyük Dəkkə kəndi 0.26 ha torpaq sahəsi 112 kv.m.olan ev, 24 kv m torpaq sahəsi Cavabdeh2 tərəfindən sahiblənmişdir. Lakin vəsiyyətnamə miras qoyanın xəstə olduğu zaman yazılmışdır. Bundan başqa bu işdə yeganə obyektiv sübut X10 tərəfindən yazılmış vəsiyyətnamə ola bilərdi. Beləliklə həmin vəsiyyətnamədəki imzanın kim tərəfindən icra edilməsi barədə müvafiq ekspertiza təyin edilməsi barədə vəsatətim təmin olunmamışdır. Qeyd edir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 674/2022 saylı qətnaməsi ilə onun Cavabdeh2 ‘‘vəsiyyətnamənin etibarsız hesab ediləsi ətələbinə dair iddia təmin edilməmişdir. Həmin qətnamədən narazıdır, qətnaməni ədalətsiz, qanunsuz və əsassız hesab edir və sözügedən qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasım zəruri hesab edir. Belə ki, qətnamə çıxarılarkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, hüquq normaları düzgün tərtib edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin əhəmiyyəti olan hallar sübut edilməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Qeyd edilənləri nəzərə alaraq onlar, məhkəmə kollegiyasından Zərdab Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(035)-674/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Zərdab Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(035)- 674/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şıxslər X2 və X7 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və digər üçüncü şəxslər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Cavabdeh2 məhkməyə ərizə göndərərək məhkəmə iclasına onun iştirakı olmadan və Zərdab Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(035)-674/2022 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1225.1.-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığınasəbəb olan hallar olduqda etibarsız sayılır.1225.2.-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydınolmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3.-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmişqaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və özhərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədəiddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Zərdab Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(035)-674/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(035)-674/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, iddia tələbi və apelyasiya şikayətinin dəlilləri əsassızıdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Zərdab rayonu Böyük Dəkkə kəndində hazırda mərhum Əli Ədilova məxsus 0.26 ha həyətyanı torpaq sahəsi 112 kv.metr olan birmərtəbəli fərdi yaşayış evi, həyətdə 24 kv.metr mal tövləsi olmuşdur. Cavabdeh2 iddiaçının qardaşı Abdulqədirlə 1992-ci ildə rəsmi nikaha daxil olmaqla sözügedən evə gəlin köçmüşdür. Əri Abdulqədir xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Əli Ədilov vəsiyyətnamə ilə sərəmcam verərək özünə məxsus Zərdab rayon Böyükdəkkə kəndində 0.45 ha torpaq sahəsində yerləşən 04 otaqlı fərdi yaşayış evin avadanlıqları ilə və yardımçı tikililər ilə birlikdə gəlini hazırkı Cavabdeh2 vəsiyyət etmişdir. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanunazidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1.,1225.2. və 1225.3. maddələri). Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İşmateriallarında olan kompüter vasitəsi ilə çap olunaraq tərtib olunmuş 20 oktyabr 2014-cü il tarixli vəsiyyətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, Zərdab rayon Böyükdəkkə kəndində yaşayan X9 həmin vəsiyyətnamə ilə sərəmcam verərək ona məxsus Zərdab rayon Böyükdəkkə kəndində 0.45 ha torpaq sahəsində yerləşən 04 otaqlı fərdi yaşayış evin avadanlıqları ilə və yardımçı tikililər ilə birlikdə gəlini Cavabdeh2 vəsiyyət etmişdir. İşdə olan əlyazması yolu ilə tərtib edilmiş 20 oktyabr 2014-cü il tarixli vəsiyyətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, Zərdab rayon Böyükdəkkə kəndində yaşayan X9 həmin vəsiyyətnamə ilə sərəmcam verərək ona məxsus 1984-cü il tarixdə tikilmiş 104 kv.m sahəsi olan 04 otaqlı evin, 0.25 ha həyətyanı və 0.85 ha əkin torpaq sahəsi həyət tiklilərini hal-hazırda ona baxan gəlini Cavabdeh2 vəsiyyət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Mülki Məcəllənin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Kollegiyanın iclasında iştirak edən iddiaçı vəsiyyətnamədən 2016-cı il tarixdə xəbərdar olduğunu bildirmişdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Göründüyü kimi iddiaçı məhkəməyə müraciət etmək hüuqunu itirmişdir. Belə olan halda iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şikayətin vəsiyyətnamədəki imzanın kim tərəfindən icra edilməsi barədə müvafiq ekspertiza təyin edilməsi barədə vəsatətin təmin olunmaması barədə dəlil əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici ekspertiza təyin edilib edilməməsi barədə məhkəməyə hüquq tanımışdır. Yəni vəzifə deyildir. Digər tərəfdən iddiaçı tərəf vəsiyyətnamədəki imzadan fərqli bir imza nümunəsi məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya ekspertiza təyin etməyə lüzum görməmişdir. İş materiallarına araşdıran kollegiya bir daha vurğulayır ki, iddiaçı məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Yuxarıda qeyd edildiyi kimi kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair məhkəmələr qətnamə çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Halbuki mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir (MPM.m.2.1.). İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Halbuki məhkəmələrin qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM.m.217.1). Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr özözlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsnin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manefeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(035)-674/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(035)-674/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 cavabdehlər Zərdab rayon İHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-349/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-349/2023
06.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver