Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-35/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair mülki işi üzrə (Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi, yüksək instansiya məhkəməsinin qanuni göstərişləri, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi cavabdehlər Cavabdeh1 və X6 qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X10 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 39 metr məsafədə Qəbələ rayonunun Savalan kəndi ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilməkdə olan tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesabına tam sökülərək kəmərin mühafizə zonasından çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Savalan kəndi ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Az DTN 2.9-2 Magistral Boru kəməri Layihələndirmə Normalarının tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Savalan kəndi ərazisindən keçən 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 39 metr məsafədə qanunsuz olaraq yaşayış evi inşa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23-cü bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa olunan daxilində yaşayış evinin tikintisi nəzərdə tutulmuş daş hasar yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 14 avqust 2019-cu il tarixli, 2(025)- 894/2019 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsindən tutularaq, 100 (bir yüz) manat məbləğində pulun Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində, başqa sözlə- JN-053A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayon Savalan kəndində 0,12 ha torpaq sahəsi Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli qərarı ilə Cavabdeh2, Cavabdeh1, X7 və X8 mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə sözügedən yaşayış evi Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli qərarı ilə JN-053A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh2, Cavabdeh1, X7 və X8 mülkiyyətinə verilmiş torpaq sahəsində tikilmişdir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların qeydə alınmasında heç bir maneə olmadığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Məhkəmənin qənaətinə görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasına sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1, 18, 180.1, 180.2, 180.3, 180.4-ci, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin hissəsi, 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İV hissəsi, Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarı, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsi, «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(107)-2948/2019 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(107)-2948/2019 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli, 2(102)-1315/2020 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(107)-2948/2019 saylı qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(107)-61/2021 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(107)-61/2021 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 aprel 2022-ci il tarixli 2(102)-1360/2022 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(107)-61/2021 saylı qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi qətnamə qəbul edərkən diametri 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, 30 iyun 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci mаddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü mаddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnunu: «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 19-cu mаddəsinin 2ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özülünə qədər məsafə 4 metr, alçaq təzyiqli qaz kəmərlərinin məsafə isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndində əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq,istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi vəfiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət NeftŞirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdətutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyinin və əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi evin sökülməsinə aid hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Yüksək İnstansiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında məhkəmənin qanuni göstərişləri ondan ibarət olmuşdur ki, evin yerləşdiyi ərazidə yüksək gərginlikli qaz kəmərinin əvvəlcədən mövcud olması, yoxsa evin tikintisindən sonra çəkilməsi, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin qaz kəmərinin mühafizə zonasına düşməyən ərazinin olub-olmaması araşdırılmalıdır. Kollegiya qanuni göstərişlərlə bağlı aşağıdakıları qeyd edir; İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin 2014-cü il tarixli Texniki Pasportundan görünür ki, 0-39.5 km Qəbələ QPS qolu qaz kəməri 1984-cü il tarixdə istismara qəbul olunmuşdur. Yəni mübahisəli ev qaz kəmərinin çəkilməsindən sonra tikilmişdir. Kollegiyanın sorgusuna əsasən verilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 23 iyun 2022-ci il tarixli, **********80 nömrəli məktubundan görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Cavabdeh2, Cavabdeh1, X7 və X8 ümumi birgə mülkiyyətinə verilmiş, Qəbələ rayonu Savalan kəndində yerləşən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-053 A saylı şəhadətnamədə göstərilən 0,12 ha həyətyanı torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid edilmişdir. Məhkəmə kollegiyasının 9 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 3 fevral 2023-cü il tarixli 10/7158 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin 0.9 hektarı “Qaz İxrac” idarəsinin Ağdaş Magistral X10 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəməri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50,0 metrlik mühafizə zonasında düşdüyü müəyyən olunur. Eyni zamanda Qəbələ Rayon Məhkəməsinin 2 may 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 15 iyul 2019-cu il tarixli, 13095 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, cavabdehlərə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-053A, KOD 40609038 olan “Şəhadətnamə”yə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin hüdudları müəyyən olunaraq mişar daşı ilə hasarlanmadığına görə, “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X10 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəməri yeraltı olduğu üçün mühafizə zonası iddia tələbinə münasibətdə haradan başlayıb, harada qutarması “Qaz İxrac” İdarəsinin əməkdaşlarının göstərdikləri yerdən 43.0 m məsafədə yerləşməsi ilə müşahidə olunur. Daha sonra göstərilmişdir ki, mülki işin materiallarına və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən həmin tikilinin qaz kəmərinin 50.0m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi qaz kəmərinin 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasına sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin inşa etdirdikləri evin qaz kəmərinin mühafizə zonasında yerləşməsi iş materialları ilə tam təsdiq olunur. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 1.1-ci maddəsinə görə Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Göründüyü kimi, mühafizə zonasının müəyyən olunması təkcə qaz kəmərinin mühafizəsini təmin etmək üçün deyil, eyni zamanda insanların həyat və sağlamlığının qorunması, onlar üçün yarana biləcək təhlükələri istisna etmək üçün müəyyən olunmuşdur. Azərbaycan Respublikası qanunları ilə mülkiyyət hüququ müdafiə olunduğu kimi, eyni zamanda insanların həyat və sağlamlığı da qorunur. Sağlamlığın qorunması hüququ Azərbaycan Respublikası Konstitusiyasında (41-ci maddə) insanların əsas hüquqlarından biri kimi bəyan olunmuşdur. Cavabdeh tərəfindən inşa edilmiş evin qaz kəmərinin mühafizə zonasında yerləşməsi onların özünün həyatı üçün ciddi təhlükə yaratdığından, mübahisənin həllinə yalnız mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşılması əsaslı sayıla bilməz. Bundan başqa kollegiya qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması özü özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşdiyindən, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmadığından yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunmalı və ona MM-in 180-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da uyğundur. Belə ki, “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 18 iyun 2002-ci iltarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddia rədd edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Kollegiya iddia tələbinin ərazinin boşaldılması, əvvəlki vəziyyətə gətirilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələb təmin edilə bilməz. Belə ki, torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan ondan başqa məqsədlər üçün də istifadə edə bilər. Ona görə də kollegiya hesab edir ki, torpaq sahəsinin boşaldılmasına lüzum yoxdur. Apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış iddianı rədd etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X10 balansında və istismarında olan 325 mmlik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 39 metr məsafədə Qəbələ rayonunun Savalan kəndi ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilməkdə olan tikili (yaşayış evi) cavabdehin öz vəsaiti hesabına tam olaraq sökülsün. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat pulun 50 (əli) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 manatı isə “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Rayon ekspertizasının tədqiqatının dəyəri iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsindən tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan R Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-35/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-35/2023
20.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver