Məhkəmə qərarları › İş №2(107)-351/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-351/2024

15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-351/2024 15.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borcun silinməsi, X3 hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(075)-1544/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə xüsusi mülkiyyətindəki Şəki rayonu Otra Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və onun **********01016 saylı hesabında əsassız qeydə alınan 1571,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Orta Zəyzid kəndində xüsusi mülkiyyətində olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evinin enerji təchizatı üçün "xxxx" ASC-nin X5 müraciət etdikdən sonra nəzarət ölçü cihazı quraşdırılmış və aylıq istehlak etdiyi enerjinin həcmi həmin sayğac vasitəsilə həyata keçirilir. Hər ay da aidiyyatı sahə nəzarətçisinin təqdim etdiyi hesab bildirişi üzrə tərəfindən ödənişlər edilir. 12 may 2023-cü il tarixdə o evdə olmadığı zaman "xxxx" ASC-nin X4 bir qrup əməkdaşı (aktdan məlum olur – Suat Məmmədov, Sərxan Salmanov, Xalid M.Kərimov) birtərəfli qaydada xx.xx.2023-cü il tarixli saat 11:40-da tərtib etdikləri aktı həyətyanı qapıya qoyub getmişlər. Həmin aktda qeyd olunmuşdur ki, EEİQ-na uyğun abonentin uçot dəstinə baxış keçirən zaman məlum oldu ki, abonentin sayğacı elektron tipli sayğacdır. Abonent metal konstruksiya vasitəsilə (maqnit) sayğacın mexanizminə müdaxilə edib, sayğacın mexanizmi elektrik enerjisini qeyd etmir və s. "xxxx" ASC-nin X8 birtərəfli qaydada tərtib etdiyi mübahisəli xx.xx.2023-cü il tarixli 291938 saylı aktından və həmkin aktda göstərilənlərdən hər hansı bir formada məlumatı yoxdur. Elektrik sayğacı mənzildən kənarda ictimai yolda quraşdırılmış və ona hər hansı formada kənar şəxslər tərəfindən müdaxilə edilməsi mümkündür. Lakin onun tərəfindən sayğac hər hansı formada normal işləmə prinsipinə fiziki təsir göstərməmişdir. Varsa əgər elə bir kənarlaşma, həmin sayğaca tərəfin texniki itiklərini azaltmaq məqsədilə öz əməkdaşları etmişdir. Çünki sayğac qeyd etdiyi kimi küçədə quraşdırılmış və istənilən şəxsin ona müdaxilə etməsi mümkündür. Bundan əlavə yaşadığı ünvan üzrə "xxxx" ASC-nin X4 nəzarətçisi hər ay iki ya üç dəfə sayğaca baxış keçirərək bildiriş təqdim etmiş və bildiriş əsasında müəssinin hesabına pul ödənilmişdir. "xxxx" ASC-nin X8 birtərəfli qaydada tərtib etdiyi mübahisəli xx.xx.2023-cü il tarixli 291938 saylı aktda eyni zamanda göstmişdirlər ki, hazırda istismarda olan sayğac smart tipli sayğacla əvəz ediləcəkdir, lakin heç bir halda bu əvəzləşmənin hüquqi əsası əsaslandırılmamışdır, belə olduğu halda onun mənzilinin enerji təchizatı dayandırılacaq və nəticədə mənzildə enerjinin olmaması səbəbindən təsərrüfatına ziyan dəyəcəkdir. Bu səbəbdən onun mülkiyyətində olan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə elektrik enerji təchizatının dayandırılması və həmin fərdi yaşayış evində istismarda olan elektrik sayğacının (sayğac № **********) “Smart kart” tipli sayğacla əvəz edilməsi cavabdehə qadağan edilməsi barədə ərizə isə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(006)149/2023 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Lakin bununla belə cavabdeh "xxxx" ASC-nin əməkdaşları (mühəndis Məmmədov Suat) qanunsuz olaraq qeyri-iş günündə 13 may 2023-cü il tarixdə mənzilin enerji təchizatını dayandırmış və həmin günün ikinci yarısında mənzildə Smart kart tipli sayğac quraşdırılmış, lakin enerji verilişi bərpa edilməmişdir. Həmçinin onun Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerji təchizatı bərpa edilməli, həçinin onun fərdi yaşayış evinin elektrik enerji təchizatının dayandırılması və fərdi yaşayış evində quraşdırılmış Smart kart tipli sayğac üzrə cərimə məbləğinə görə tutulmanın aparılması "xxxx" ASC-nin X4 əməkdaşlarına qadağan edilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(075)- 20/2023 saylı qərardadı ilə ərizəm təmin edilmişdir. Nəticə etibarilə isə nə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 16(075)-20/2023 saylı qərardadı, nə də Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 16(006)-149/2023 saylı qərardadı cavabdeh "xxxx" ASC tərəfindən bilərəkdən və qərəzli olaraq icra edilmir və 13 may 2023-cü il tarixdən yaşadığı ünvanın enerji verlişi dayandırılıb və bunun səbəbləri barədə ona heç bir məlumat verilməmişdir. Nümayəndəsi vasitəsilə X5 müraciət etdiyi zaman ona yalnız sayğacın Smart kartı və müqaviləsi verilmiş, ona hər hansı cərimə yazılması və kənarlaşma barədə məlumat verilməmişdir. Nəhayət xx.xx.2023-cü il tarixdə X9 vasitəsilə abonent kodu ilə sorğu etdiyi zaman onun **********01016 saylı hesabında 1571.20 manat borc yazıldığı məlum olmuşdur. Həmin borcun nəyin əsasında yazılması, bunun əsasında hansı sənədləşmənin aparılması ona qeyri müəyyəndir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(075)-1544/2023 saylı qətnaməsi ilə (hakim E.Vəliyev) iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin əməkdaşlarının tərəfindən 12 may 2023-cü il tarixdə xüsusi mülkiyyətindəki Şəki rayonu Otra Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisinin verilişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 may 2023cü il tarixli, AKT R291938 nömrəli akt əsasında **********01016 saylı abonent kod hesabında qeydə alınmış 1570,50 manat borc İddiaçı hesabından silinməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35,70 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə iddiaçıya məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən mənzildə X3 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, baxış zamanı abonentin metal konstruksiya (maqnit) vasitəsiylə sayğacın mexanizminə müdaxilə etdiyi və sayğacın mexanizminin axan enerjini qeyd etmədiyi ilə əlaqədar “X3 qaydalarının” pozulması əsas götürülərək AKK R291938 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Şəki EŞ-nin enerji satış bazasında **********01016 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı sayğaca müdaxilə etməsi ilə bağlı cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin dedikləri əsaslı deyildir. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə iddiaçıya məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən mənzildə X3 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, baxış zamanı abonentin metal konstruksiya (maqnit) vasitəsiylə sayğacın mexanizminə müdaxilə etdiyi və sayğacın mexanizminin axan enerjini qeyd etmədiyi ilə əlaqədar “X3 qaydalarının” pozulması əsas götürülərək AKK R291938 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa 12 may 2023-cü il tarixli, AKT R291938 saylı aktın tərtibində istehlakçının və ya onun ailə üzvlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********01016 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 12 may 2022-ci il tarixə 2433 kvts=194,46 manat, 1217 kvts=109,53 manat, 9741 kvts=1266,33 manat, enerji istehlak etmiş və onun cəmi 1570,50 manat borcu olması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı 12 may 2022-ci il tarixli, AKT R291938 nömrəli akt əsasında hesablanmış 1570,50 manat borcun deyil, 1571,20 manat borcun hesabından silinməsini xahiş edir. Məhkəmə, İddiaçı digər iddianın dəymiş ziyandan əlavə olaraq digər məbləğində silinməsinə dair qalıq borc üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hansı qaydada hesablanmasını ümumiyyətlə həmin borc məbləğinin mövcud olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə iddianı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 may 2022-ci il tarixli, AKT R291938 nömrəli aktı əsasında hesablanmış 1570,50 manat hissəsində əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşlarının tərəfindən 12 may 2023-cü il tarixdə xüsusi mülkiyyətindəki Şəki rayonu Otra Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisinin verlişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 12 may 2022-ci il tarixli, AKT R291938 nömrəli akt əsasında **********01016 saylı abonent kod hesabında qeydə alınmış 1570,50 manat borc İddiaçı hesabından silinməli, iddianın 0,70 manat hissəsi əsasız olduğundan təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Odur ki, 35,70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları 7.11, 7.6, 8.2, 8.17-2-bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 119.1-ci maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.5, 9.4, 8.1.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları S.Məmmədov, S.Salmanov və N.Məmmədkərimov tərəfindən Şəki rayonu Orta Zəyzid kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X3 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin metal konstruksiya (maqnit) vasitəsiylə sayğacın mexanizminə müdaxilə etdiyi və sayğacın mexanizminin axan enerjini qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X3 Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, R291938 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2023-cü il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 smart tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 442716 saylı protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, R167274 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365 gün üçün 0.08 manatla 2433 kvt.s (dəyəri 194.64 manat), 0.09 manatla 1217 kvt.s (dəyəri 109.53 manat) və 0.13 manatla 9741 kvt.s (dəyəri 1266.33 manat) toplamda 1570.50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Şəki Rayon Məhkəməsinin e-2(075)- 1544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qeyri-mötəbər sübutlara əsaslanır. Şəki Rayon Məhkəməsinin e-2(075)-1544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində sübut kimi istinad edilən mənbələrdən biri aktdır. İzahlı lüğətə görə akt dedikdə, hüquqi qüvvəyə malik olan, yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. başa düşülür. Akt hər hansı bir iş və hadisəni qanuniləşdirib hüquqi sənəd statusu verməkdir. xx.xx.2023-cü il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində İddiaçı yaşadığı fərdi yaşayış evində metal konstruksiya (maqnit) vasitəsiylə sayğacın mexanizminə müdaxilə edildiyi və sayğacın mexanizminin axan enerjini qeyd etmədiyi müəyyən edilmişdir. Yuxarda qeyd olunanlar əsasında R167274 saylı akt tərtib olunmuş və pozuntu videoçəkilişlə qeydə alınmışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”: 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və sair qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin e-2(075)- 1544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(075)-1544/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(075)-1544/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə iddiaçıya məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən mənzildə X3 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, baxış zamanı abonentin metal konstruksiya (maqnit) vasitəsiylə sayğacın mexanizminə müdaxilə etdiyi və sayğacın mexanizminin axan enerjini qeyd etmədiyi ilə əlaqədar “X3 qaydalarının” pozulması əsas götürülərək AKK R291938 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində videoçəkilişdə açıq-aşkar öz əksini tapdığı kimi iddiaçı orada iştirak edir və həmin kənar xəttin də onun istifadəsində olan həyətdən fərdi yaşayış evinə istiqamətləndiyini açıq-aşkar göründüyünü bildirsə də, həmin enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsi sübut edilmir. Belə ki, ətraflı görüntü olmadığına görə əlavə xəttin sayğacdan kənar xətt olub-olmadığını, kənar xəttin kimin mülkiyyətində, yaxud istifadəsində olan tikiliyə istiqamətləndiyini dəqiqləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları aşkar etdiklərini bildirdikləri, yəni iddiaçının yaşadığı ünvanda elektrik sayğacından kənar xətt vasitəsi ilə X3 etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir başqa video çəkiliş, fotoşəkil, digər bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə cavabdeh enerji satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb cavabdehin tərtib etdiyi akt əsasında zərər qismində hesablanmış pulun silinməsi ilə bağlıdır. MPM-in 77.2-ci maddəsinə əsasən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Məhkəmə kollegiyası cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada abonentin iştirakı olmadan tərtib edilmiş həmin aktı mötəbər sübut hesab etməyərək belə qənaətə gəlir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(075)-1544/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(075)-1544/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar