Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-358/2023 04.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair (Açar sözlər: Borc tələbi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1766/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 3082,42 manat məbləğində borcun və 50,82 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-cu il tarixli 4 nömrəli alğı-satqı müqaviləsinə əsasən Ağdaş rayonu Ərəb kəndi ərazisində 21 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “cavabdeh” “iddiaçı’dan 7448,40 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında, 600 manat məbləğində şum, 564 manat məbləğində kultivasiya, 204 manat məbləğində çiyid səpini, 448 manat məbləğində gübrə kultivasiya, 476 manat məbləğində səpin qabağı mala, 408 manat məbləğində diski mala, 250 manat məbləğində dərman səpini, 45,20 manat məbləğində su daşıma, 1500 manat məbləğində pambığın maşınla yığımı, 900 manat məbləğində pambığın 2-ci yığımı, 1843,20 manat məbləğində çiyid toxumu, ümumilikdə, 7448,40 manat avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 6716.90 kq 4365.98 manat məbləğində xam-pambıq təhvil vermiş, iddiaçıya 3082.42 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahişetmişdir.
5. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1766/2022 saylı qətnaməsi ilə (C.Sultanov), İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixli, № 4 saylı alqı-satqı müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, belə olan halda iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X8” MMC ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 106 saylı və xx.xx.2018-ci il tarixli, № 19 saylı alqısatqı müqavilələrinin 6.2-ci bəndi öhdəliyin başa çatma müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilənin müddəti başa çatdıqdan sonra tərəflərin maliyyə öhdəlikləri ilə bağlı müddəalar həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır.
8. Alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir.
9. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2, 373.2, 375, 367-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 və 76.2, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdaş rayonu Ərəb kəndi ərazisində yerləşən 21,00 ha sahədə yüksək keyfiyyətli pambıq əkib becərməsi ilə bağlı cavabdehə 7448,40 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş və avans verilmiş, mövsümün sonundaisə məhsul istehsalçısı Cavabdeh 6716,90 kq 4365,98 manat məbləğində xam pambıq təhvil vermiş və Cəmiyyətə 3082,42 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, yaşadığı ünvana yazılı şəkildə pretenziya məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2019, xx.xx.2020, xx.xx.2022-ciil tarixlərdə hüquqi varisi olan İddiaçı MMC-nin hesabına ödənişlər etmiş, lakin borc tam olaraq ödənilmədiyindən, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh müddətin keçməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən müddətin tətbiq edilməsi barədə qətnamə qəbul etmişdir. Lakin məhkəmə öhdəliyin xitamı üçün müddətin kəsilməsi ilə bağlı maddi hüquq normalarının tələblərini nəzərə almadan, hüququn tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 553.1.1-ci maddəsinin tələbinə əsasən mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissəödənişlərlə, faizlərödəməklə, təminat verməklə və ya digər üsulla icraedərsə öhdəliyin xitamı üçün müddətin kəsilməsinə səbəb olur. Cavabdeh xx.xx.2019, xx.xx.2020, xx.xx.2022-ci il tarixlərdə borcun ödənilməsi ilə bağlı İddiaçı MMC-nin hesabına ödənişlər etmiş, bununla bağlı öhdəliyin icra müddəti kəsilmiş, bu baxımdan məhkəmə iddia müddətinin tətbiqetməkdə səhvəyol vermişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim edildikdən sonra məhkəmə hər bir halda iddaçı tərəfin subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq dəlilləri araşdırmadan iddia tələbini rədd etmişdir. Məhkəmə tərəfindən iş üzrə iddiaçı tərəfin təqdim etdiyi sübutları mülki prosessual qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyinə əsasən araşdırmadan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İşə əlavə edilmiş alğı-satqı müqaviləsinin, işlərin görülməsinə dair aktların, ödəniş tapşırıqlarının, qaimə və digər mühasibat sənədlərinə əsasən qiymət vermədən müddətin tətbiq edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən iddia müddəti tətbiq etməklə hüququn tətbiqində səhvə yol vermiş, müəyyən edilmiş faktlardan yanlış nəticəyə gəlməklə iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etmişdir. Odur ki, Ağdaş rayon məhkəməsinin e-2(014)-1766/2022 saylı xx.xx.2022 tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh tərəf iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, həqiqətən də iddiaçı tərəflə aralarında qeyd edilmiş alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra o, cəmi 21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesab edilən, lakin faktiki olaraq əkin üçün yararsız ərazidə pambıq çiyidi əkibdir. Həmin ərazinin az bir hissəsində çıxış əldə olunmuş, qalan ərazidə isə çıxış əldə olunmamışdır. O, bu barədə iddiaçı tərəfə məlumat verəndən sonra nümayəndə və mütəxəssisləri həmin əraziyə gələrək sahəyə baxış keçirmişlər və həmin qeyd edilən ərazidə çıxış olmadığını aşkar etmişlər. Onlar ona bildirmişlər ki, bu barədə akt tərtib olunacaq və hesablama aparılaraq əldən çıxmış fayda ona verilmiş avans məbləğlə balanslaşdırılacaqdır. O, həmin əməkdaşların səmimiyyətinə inanaraq çıxmış pambığa aqrotexniki qaydada qulluq edərək yığım mövsümü dövründə ümumi dəyəri 4365.98 manat məbləğində yığılmış xam pambıq məhsulunu iddiaçı cəmiyyətə təhvil vermişdir. Həmin vaxt da iddiaçı tərəfindən ona bildirilmişdir ki, digər ziyanlıq onun hesabından silinəcəkdir. Bundan sonra iddiaçı Cəmiyyətlə keçən müddətdə aralarında yaranmış borcla bağlı heç bir mübahisələri olmamışdır və həmin borcu ödəməyi öhdəsinə götürməmişdir.
15. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, 2018-ci ilin pambıq yığımı mövsümünün sonunda iddiaçının mübahisələndirdiyi borcdan xəbəri olmuşdur. Lakin aradan keçən 4 ilə yaxın bir müddətdə iddiaçının ona qarşı borcla bağlı hər hansı bir tələbi olmamışdır. Bununla da iddiaçı borcla bağlı cavabdehlərə qarşı iddia tələbi irəli sürmək hüququndan qanunla müəyyən edilmiş müddətdə, yəni 3 il müddətində istifadə etməmişdir.
16. İddiaçı tərəf iddia tələbində iddia qaldırmaqla əlaqədar iddia müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
17. Göründüyü kimi iddiaçı ona qarşı sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini buraxdığından ona qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsasları olmamışdır.
18. İşə baxan Ağdaş Rayon Məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edərkən iddia müddəti tətbiq etməkdə haqlı olmuşdur və bu zaman heç bir maddi və prosessual hüquq normalarının tələblərini pozmamşdır.
19. Ona görə də Mülki Kollegiyadan hazırki iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1766/2022 saylı 05 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1766/2022 saylı 05 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiasının təmin olunmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddiaçı təşkilatla əvvəllər də aralarında müqavilə münasibətlərinin olduğunu, əvvəlki müqavilə münasibəti üzrə də ondan borcun tutulması barədə məhkəmə qətnaməsinin, borcun hər ay 80 manat olmaqla hissə-hissə ödənilməsi barədə məhkəmə qərardadının qəbul edildiyini, iddiaçı təşkilatın apellyasiya şikayətinə əlavə etdiyi və məhkəməyə təqdim etdiyi ödəniş sənədləri üzrə məbləğlərin onun tərəfindən əvvəlki müqavilə üzrə borclarına ödənildiyini, iddiaçı təşkilata təhvil verdiyi 4365.98 manat məbləğində xam pambıqdan əlavə 02 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı təşkilata heç bir ödəniş etmədiyini göstərmişdir. Buna görə də, apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətini əsassız hesab etdiyini göstərmiş və onun təmin olunmamasını xahiş etmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın 04 aprel 2023-cü il tarixdə keçirilən iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-ci maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. 601.1-ci maddəsində göstərilmişdir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
Qərarlar:
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə alqı-satqı müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1766/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1766/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərinin pozuntusuna yol verilmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-cu il tarixli 4 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Ağdaş rayonu Ərəb kəndi ərazisində 21 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “cavabdeh” “iddiaçı’dan 7448,40 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalıdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 6716.90 kq 4365.98 manat məbləğində xam-pambıq təhvil vermiş, iddiaçıya 3082.42 manat məbləğində borcu qalmışdır.
35. İş materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 4 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Ağdaş rayonu Ərəb kəndi ərazisində 21 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “cavabdeh” “iddiaçı’dan (iş və xidməti) avans olaraq götürmüşdür.
36. İşin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış maliyyə arayışından görünür ki, Cavabdeh MMC-yə 3082,42 manat borcu qalmışdır.
37. İşin materiallarında olan “X8” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 4 saylı alqı-satqı müqaviləsinin 2.4-cü bəndinin “C” hissəsində göstərilmişdir ki, istehsalçı bu müqavilənin 1-ci bəndində göstərilən sahədə yetişdirdiyi pambığı 30 noyabr 2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsuladək yığıb yalnız “X8” MMC-yə təhvil verməlidir.
38. Həmin müqavilənin 2.4-cü bəndinin “e” hissəsində göstərilmişdir ki, “X8” MMC tərəfindən ona borc kimi verilən vəsaitdən yalnız bu müqavilə üzrə nəzərdə tutulan pambığın istehsalı üçün istifadə edir, xərclərin təyinatı barədə MMC-yə mövsüm ərzində mütəmadi olaraq hesabat verir və MMC-dən aldığı borcu tam həcmdə 1 dekabr 2018-ci ilin tarixədək ödəyir.
39. Həmin müqavilənin 6.2-ci bəndində göstərilmişdir ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və bir il müddətinə qüvvədədir.
40. Öyrənilən mülki işin təhlilindən belə aydın olur ki, iddiaçı tərəf kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni müqavilədə nəzərdə tutulan 7448,40 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq cavabdeh tərəfə vermiş, lakin cavabdeh sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmişdir.
41. Lakin bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, X8” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 4 saylı alqı-satqı müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Lakin iddiaçı həmin müqavilədən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra olunması üçün iddia tələbi ilə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin xx.xx.2019, xx.xx.2020, xx.xx.2022-ciil tarixlərdə hüquqi varisi olan İddiaçı MMC-nin hesabına ödənişlər etməsi, məhkəmənin öhdəliyin xitamı, öhdəliyin icrası üçün müddətin kəsilməsi ilə bağlı maddi hüquq normalarının tələblərini nəzərə almadan, hüququn tətbiqində, iddia müddətini tətbiq etməkdə səhvə yol verməsi, işə əlavə edilmiş alğı-satqı müqaviləsinin, işlərin görülməsinə dair aktların, ödəniş tapşırıqlarının, qaimə və digər mühasibat sənədlərinə əsasən qiymət verilmədən iddia müddətinin tətbiq edilməsində hüququn tətbiqində səhvə yol verməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının həmin dəlilləri əsassızdır.
43. Belə ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(014)- 893/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh X8” MMC ilə aralarında bağlanmış 27 mart 2017-ci il tarixli 28 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmədiyindən məhkəmə X8” MMC-nin hüquqi varisi olan İddiaçı MMC-nin iddiasının təmin edilməsi, Cavabdeh 8237,33 manat borc və 30 manat dövlət rüsumunun, cəmi 8267,33 manatın İddiaçı MMC-nin xeyrinə ödənilməsini qərara almışdır.
44. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 8(014)- 633/2019 saylı qərardadından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(014)-893/2019 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan 8267,33 manat məbləğdə borcun ayda 80 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır.
45. İşdə olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 31 mart 2023-cü il tarixli, 5/517 saylı məktubundan, həmin məktuba əlavə edilmiş xx.xx.2019, xx.xx.2020, xx.xx.2022-ciil tarixli ödəniş qəbzlərindən görünür ki, həmin ödəniş sənədləri iddiaçı təşkilatın 02 mart 2018-ci il tarixli öhdəliyin icrasının kəsilməsinin təsdiqi kimi məhkəməyə göndərdiyi qəbzlərlə eynilik təşkil edir. Lakin ödəniş sənədlərində onların hansı müqaviləyə aid olması barədə qeydiyyat aparılmamaqla, 14 noyabr 2019-cu il tarixli ödəniş sənədi üzrə 1 manat xidmət haqqı da daxil olmaqla cəmi 160 manat, xx.xx.2020-ci il tarixli ödəniş sənədi üzrə 160 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədi üzrə 80 manat vəsaitin ödənilməsi müəyyən edilmişdir. Ödəniş sənədlərində onların məhz hansı müqavilə üzrə ödənilməsinin nəzərdə tutulmaması və Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 31 mart 2023-cü il tarixli, 5/517 saylı məktubu nəzərə alınaraq xx.xx.2019, xx.xx.2020, xx.xx.2022ci il tarixli ödəniş sənədləri üzrə ödənilən məbləğlərin məhz Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatında olan, Ağdaş Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(014)- 893/2019 saylı qətnaməsinin və həmin qətnamə üzrə borc məbləğinin hissə-hissə ödənilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 8(014)- 633/2019 saylı qərardadının icrası üzrə ödənilməsi müəyyən edilmişdir.
46. Göründüyü kimi hazırki iş üzrə iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdə başlanmaqla həmin tarixdən hesablanmaqla 3 illik müddət ərzində müddətin axımının kəsilməsinə əsas ola biləcək və xx.xx.2018-ci il tarixli, № 4 saylı alqı-satqı müqaviləsinə aidiyyəti təsdiq oluna biləcək hər hansı bir sənəd, həmçinin iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq iddiaçı tərəfindən işlərin görülməsinə dair aktlar, qaimə və digər mühasibat sənədləri məhkəməyə təqdim edilməmişdir.
47. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddia müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, “.....Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi).
49. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
50. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
51. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).
52. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
53. Mülki iş materiallarına əlavə edilən 17 noyabr 2022-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsindən görünür ki, cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək, İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddiasının idda müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
54. Qanunvericiliyin tələbindən göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə tələblərindən irəli gələn iddia müddəti üç il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.
55. Beləliklə kollegiya hesab edir ki, iddiaçının iddia müddətinin ötürülməməsinə dair dəlilləri əsaslı hesab edilə bilməz.
56. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan mübahisənin həllində Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqavilələri üzrə yaranan münasibətləri tənzimləyən normalarına istinad edilməli olduğu halda birinci instansiya məhkəməsi buna riayət etməmiş, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətləri ilə bağlı normalarına istinad etməklə kifayətlənmişdir.
57. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisə üzrə qəbul etdiyi qətnamədə tərəflər arasındakı müqavilə münasibətinə aid olan heç bir maddi hüquq normasına istinad etməmiş, beləliklə maddi hüquq normalarının tələblərini pozmuşdur.
58. Buna görə da İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1766/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1766/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.