Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-374/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 10500 (on min beş yüz) manat konpensasiya verilməklə cavabdehlərin iddiaçıya məxsus evdən çıxarılması və evdən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-636/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 3.500 (üç min beş yüz)manat, cəmi 10.500 (on min beş yüz) manat kompensasiya verilməklə onların ona məxsus ünvan 1 ünvanında yerləşən evdən çıxarılması və evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-636/2020 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə iddianın təmin olunması, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 3500 (üç min beş yüz) manat, cəmi 10500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-636/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı 1949-cu ildə Balakən rayonu Mahamalar kənd sakini X2 ərə köçmüşdür. Ondan onun 1950-ci ildə X8 adında oğlu olmuşdur. Onun atası Məmməd Baknalovdan 1951-1952-ci illərdə boşanıb, müharibədə şəhid olmuş birinci əri X3 evinə getmişdir. Onun köhnə yararsız evində 1986-1987-ci illərə kimi yaşayıb, öz vəsaiti hesabına həmin yerdə hazırki birmərtəbəli, 2 otaqlı və bir köməkçi sahədən ibarət evi tikmişdir və 1987-ci ildən bu günə kimi həmin evdə yaşayır. Evini dövlət qeydiyyatından keçirib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx xxxxxx 2008- ci ildə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış və texniki pasport almışdır. Mülkiyyətində 0,6 ha torpaq sahəsi vardır. Evinin və torpağın yeganə mülkiyyətçisi olmuşdur. ünvan 1-də yerləşən həyətyanı torpaq sahəsi və ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona xx xxxxxxx 2008-ci ildə Azərbaycan Respublikası Əmlak Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi İdarəsi tərəfindən MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Bundan əlavə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Əmlakını və ona məxsus torpaq sahəsini o, nəvəsi X9 vəsiyyət etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, onun evində qeyri-qanuni onun icazəsi olmadan yaşayırlar və onun torpaq sahəsindən istifadə edirlər. Onlarla onun və nəvəsi X5 arasında tez- tez mübahisələri olur. Cavabdeh1 birgəyaşayış qaydalarına əməl etmir, tez-tez evdə mübahisələr yaradır. Dəfələrlə o, Balakən Rayon Polis Şöbəsinə bu barədə müraciət etmişdir. Ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Keçmiş gəlini 2013-cü ildə oğlu X4 boşanmış, lakin sonra 2018-ci ildə yenidən X8 ilə nikaha girmiş, iki aydan sonra isə oğlu X8 rəhmətə getmişdir. Hal-hazırda cavabdeh birgəyaşayış qaydalarına əməl etmir, bütün yediyi meyvə-tərəvəz məhsullarını, qarpızı və.s olan zibili həyətinə, yoluna tullayır. Həyətdə qanunsuz tikinti aparmaq məqsədi ilə tikinti materiallarını gətirib həyətinə tökmüş, yalnız evdən istifadə hüququ olduğu halda, onun evini dağıdıb evin içərisində hamam və digər tikililər tikmək istəyir. Bununla bağlı aralarında tez-tez yenə mübahisələr baş verir. Onların ailəsi münaqişəli ailə kimi Balakən Rayon Polis Şöbəsində qeydiyyatdadır. Məhkəmə işə baxarkən mübahisəli evin və həyətyanı sahənin onun mülkiyyətində olmasını nəzərə almalıdır. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 3500 (üç min beş yüz) manat, cəmi 10500 (on min beş yüz) manat kompensasiya verilməklə onların ona məxsus evdən çıxarılması və evdən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna, obyektiv həqiqət hərtərəfli araşdırılıb nəzərə alınmadığına, formal və birtərəfli mülahizələrə əsaslandığına, işin mahiyyəti ilə çıxarılmış nəticə arasında kəskin ziddiyyət yarandığına və s. əsassız mülahizələrə istinad edildiyinə görə Balakən rayon Məhkəməsinin şikayət verilən həmin qətnaməsini tamamilə qanunsuz hesab edir və dəyişdirilməsini tələb edir. Belə ki, xx.xx.2020-ci il tarixli, 05 №-li arayış müvafiq ixtisaslaşdırılmış şəxs və yaxud təşikat tərəfindən verilməməklə, yanaşı, həmin arayışa istinad edilməsi qanuni və əsaslı deyildir. Çünki, həmin qiymət ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin real bazar qiymətinə uyğun deyildir. Qeyd olunan evin real bazar qiyməti 80.000- 100.000 manat arasındadır. Bununla yanaşı, işdə olan xx.xx.2020-ci il tarixli, 05 №-li arayış sırf ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətini özündə əks etdirmir. Həmin arayışa əsasən Balakən şəhərində yerləşən eyni sahədəki evlərin 25000-30000 manat civarında olması qənaətinə gəlinməsi mümkün deyildir. Hesab edir ki, kompensasiyanın məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərli deyildir. Cavabdehlərin müəyyən müddət eyni şəraitdə davamlı yaşaması üçün təyin edilən kompensasiyanın məbləği ən yaxşı halda 20.000 (iyirmi min) manatdan az ola bilməz. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, sonda uzun surən məhkəmə çəkişməsinin sona yetməsi məqsədilə ümumilikdə 12000 (on iki min) manat məbləğində kompensasiya ödəyəməyə razı olduğunu bildirmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh tərəf yenə də məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-636/2020 nömrəli qətnaməsi kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyasınbın iclasında tədqiq edilən; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********00-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.1 kv.m yaşayış, 44.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala rayon Ərazi idarəsi 635 invertar qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Mahamalar kəndi fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.. Balakən Rayon İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 1850 nömrəli, xx.xx.2020-ci il tarixli, 1851 nömrəli, xx.xx.2020-ci il tarixli, 1852 nömrəli və xx.xx.2020-ci il tarixli, 1853 nömrəli arayışlarından görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 №-li evdə yaşayırlar. Balakən Rayon İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 1859 nömrəli arayışından görünür ki, ailə başçısı İddiaçı (1924-cü il təvəllüdlü), gəlini Cavabdeh1 (xx.xx.1956-cı il təvəllüdlü), nəvəsi X6 (xx.xx.1993-cü il təvəllüdlü), nəvəsi Cavabdeh3 (xx.xx.1995-ci il təvəllüdlü), nəvəsi X13 (xx.xx.1974-cü il təvəllüdlü), nəticəsi X14 (xx.xx.2009-cu il təvəllüdlü), gəlini Baknalova Natella Hicran qızı (xx.xx.1971-ci il təvəllüdlü), nəticəsi Cavabdeh2 Akif qızı (xx.xx.2010-cu il təvəllüdlü) və 1ci gəlini X15 (xx.xx.1956-cı il təvəllüdlü) ünvan 2 №-li evdə qeydiyyatdadırlar. X1 verdiyi xx.xx.2020-ci il tarixli, 05 №-li arayışdan görünür ki, Balakən şəhərində bir nəfər üçün aylıq kirayə haqqı 50 manatdır. Balakən şəhərində bir mərtəbəli, 2 otaqlı, 45.1 kv.m yaşayış sahəsindən ibarət və köməkçi sahəsi 44.9 kv.m olan fərdi yaşayış evinin orta satış qiyməti 25.000-30.000 manat civarındadır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 3500 (üç min beş yüz) manat, cəmi 10500 manat kompensasiya verilməklə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmsini və evdən çıxarılmasını tələb edir. Cavabdehlər isə ümumilikdə 20.000 manat kompensasiya verilməklə həmin evdən çıxarılmasına razı olduğunu bildirmiş, əks təqdirdə iddianın rədd edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradangötürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud olmadığından mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarına toxuna biləcəyindən qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab olunduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2.3-cü maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri valideynlərinin razılığı ilə müəyyən edilir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək belə qənaətə gəlmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün verilən kompensasiyanın miqdarı elə bir həcmdə müəyyən edilməlidir ki, istifadəçiyə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. İddiaçı cavabdehlərin hər birinə 3500 manat, ümumilikdə 10.500 manat kompensasiya ilə cavabdehlərin mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etsə də, həmin məbləğ (kompensasiya) hazırkı bazar qiymətinə uyğun deyil. Cavabdehlərin istifadə hüququna xitam verilməsinə təyin edilən kompensasiya hazırki bazar qiymətinə uyğun olmalıdır. Həmçinin cavabdehlərə təklif edilən 10.500 manat məbləği həmin cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehlərin mübahisəli evə köçürülməsinə xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə, iddiaçının cavabdehlərə təklif etdiyi 10.500 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab etmir və həmin məbləğin 12000 manat civarında olmasını daha məqəsədə müvafiq hesab edərək, bu barədə iddiaçı tərəfin mövqeyini öyrnməyi zəruri hesab etmişdir. Məhz bu baxımdan məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfin kompensasiya məbləğinin artrılması ilə bağlı mövqeyi öyrənilmişdir. Məhkəmə kollegiyası cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini 12000 manat məbləğində müəyyən edərək iddiaçı tərəfə 12000 manat kompensasiya ödəmək imkanını təklif etmiş, sonda iddiaçı tərəf bununla razılaşaraq, iddianı həmin həcmdə təmin etməsini xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təklif etdiyi hazırki kompensasiya məbləği (12000 manat) işin hallarına uyğundur. Mülki Prоsessuаl Məcəllənin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi:: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-636/2020 nömrəli qətnaməsi “cavabdehlərə ödənilməli olan kompensasiyanın məbləğinə” münasibətdə dəyişdirilərək, həmin məbləğ cavabdehlərin hər biri üçün 4000 manat, cəmi 12000 (on iki min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-374/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-374/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver