Məhkəmə qərarları › İş №2(107)-377/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-377/2023

16.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-377/2023 16.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı bağışlanma müqavilənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi barədə və iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlanma müqaviləsi, etibarsız müqavilə, səlahiyyəti olamayan şəxs, maddi hüquq normasının düzgün tətbiq edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı bağışlanma müqavilənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi barədə və iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Mingəçevir şəhər Asan Xidmət Mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Cavabdeh2 ilə digər Cavabdeh3 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilmsəi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən qeydə alınmış xx.xx.2021-ci il tarixli ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə və iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ailəli olmuşlar və birgə nikahlarından bir övladları olmuşdur. Onlar arasında nikah rəsmi qaydada pozulmuş və ayrılmışlar. Birgə nikahları dövründə Yevlax Rayonu Əkşəm kəndində 0,10 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində ev tiksələr də boşandıqdan sonra evdəki təmir işlərini İddiaçı həyata keçirmişdir. Ağdaş rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli, 2(014)-437/2015 saylı qətnaməsinə əsasən Nəsimi adlı uşağın saxlanması üçün Cavabdeh3 hər ay 100 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh alimenti ödəmədiyi üçün CM-nin 306.1-ci maddəsinə əsasən məhkəməyə verilmişdir. Sözügedən borcun müqabilində cavabdehə məxsus 0,10 ha torpaq sahəsi İddiaçı bağışlanmışdır. Ağdaş rayon Məhkəməsinin 04 aprel 2017-ci tarixli hökmündə də sözügedən hallar öz əksini tapmışdır. Cavabdeh3 İlə İddiaçı arasında olan müqavilə 30 mart 2017-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Sözügedən torpaq sahəsi 2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Odur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən qeydə alınmış xx.xx.2021-ci il tarixli ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə və iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnаməsi ilə (hakim E.Cəbrayılzadə) iddia qismən təmin edilmiş, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əşyanın bağışlama müqaviləsi etibarsız hesab edilməsi, onun hüquqi nəticələri ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Cavabdeh3 ailəli olmuşlar və birgə nikahlarından bir övladları olmuşdur. Onlar arasında nikah rəsmi qaydada pozulmuş və ayrılmışlar. Birgə nikahları dövründə Yevlax Rayonu Əkşəm kəndində 0,10 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində ev tiksələr də boşandıqdan sonra evdəki təmir işlərini İddiaçı həyata keçirmişdir. Ağdaş rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli, 2(014)-437/2015 saylı qətnaməsinə əsasən Nəsimi adlı uşağın saxlanması üçün Cavabdeh3 hər ay 100 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh alimenti ödəmədiyi üçün CM-nin 306.1-ci maddəsinə əsasən məhkəməyə verilmişdir. Sözügedən borcun müqabilində cavabdehə məxsus 0,10 ha torpaq sahəsi İddiaçı bağışlanmışdır. Ağdaş rayon Məhkəməsinin 04 aprel 2017-ci tarixli hökmündə də sözügedən hallar öz əksini tapmışdır. Cavabdeh3 İlə İddiaçı arasında olan müqavilə 30 mart 2017-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Sözügedən torpaq sahəsi 2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı İlə Cavabdeh3 arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış etibarlı bağışlama müqaviləsi, bağışlanan torpaq sahəsi üzərində Cavabdeh3 tam mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, yüklü olmadığından, həmçinin ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlamadığından, müqavilə notariat qaydasında təsdiq edildiyindən, yalnız iddiaçının istinad etdiyi dəlillər həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həmçinin İddiaçı tərəfindən razılığın ifadəsi olaraq müqavilənin notarial qaydada təsdiq edilməsi və Cavabdeh3 tərəfindən bağışlanma müqaviləsinin həyata keçirilməsi məqsədilə yazılmış ərizə tərəflər arasında müqaviləyə könüllü olduqlarını sübuta yetirir. Belə ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Belə olan halda məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, 30 mart 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi notarial qaydada bağlanmasına baxmayaraq, müvafiq icra hakimiyyət orqanının müəyyənləşdirildiyi qaydada mülkiyyət hüquqları qeydiyyata alınmamış, buna görə də İddiaçı mülkiyyətə dair çıxarış ala bilməmişdir. Bununla yanaşı, məhkəmə preyudusial əhəmiyyətə malik olan Ağdaş rayon Məhkəməsinin 1(014)-12/2017 saylı 04 aprel 2017-ci il tarixli hökmünü də əsas tutaraq qeyd edir ki, AR CM 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh3 barəsində yüngül cəza təyin edilməsinin səbəbi də məhz 1184 manat aliment borcunun ödənilməsi məqsədilə 0,10 hektar torpaq sahəsinin İddiaçı bağışlaması olmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Eləcə də, hər bir müqavilələr mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bağışlama müqaviləsi də anlayışına, mahiyyətinə və hüquqi təbiətinə görə bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsinin notariat qaydasında təsdiqlənməsi artıq onun etibarlılığı deməkdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 tərəfindən xx.xx.2017-ci il tarixdə mübahisəli torpaq sahəsinin iddiaçıya bağışlanması barədə notariat qaydada təsdiqlənmiş bağışlama müqaviləsi olduğu halda, həmin müqavilə barədə çıxarışın əldə olunması üçün elektron qaydaya riayət edilməməsi onun etibarsızlığına gətirib çıxara bilməz, həmçinin iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin etibarlı olması həmin torpaq sahəsi barəsində Cavabdeh3 ilə Cavabdeh2 bağlanmış ikinci bağışlama müqaviləsinin etibarsız edir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, xx.xx.2017-ci il tarixdə mübahisəli torpaq sahəsinin iddiaçıya bağışlanması barədə notariat qaydada təsdiqlənmiş bağışlama müqaviləsinin olması, Cavabdeh3la digər Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılması, onun hüquqi nəticələrinin ləğv edilməsi, habelə mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi üçün əsadır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddianın - mübahisəli torpaq sahəsinə dair Cavabdeh3la digər Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılması, onun hüquqi nəticələrinin ləğv edilməsi, habelə mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi hissəsinə dair iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2, 389.1, 390.3, 405.1, 407.2, 666.1, 667.1, 668.1.1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci, 217.4, 218.1 və 265.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamənin iddianın təmin olunması maddi hüquq normalarının və mülkiyyət hüququnun kobud pozulması ilə qəbul edilmişdir, qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddianı qəbul etməyərək və izahatında göstərmişdir ki, Cavabdeh3 onun doğma qardaşıdır. Sözügedən mübahisəli torpaq sahəsi əvvəlcədən onun adına olmuşdur. Həmin vaxt o subay olmuşdur. Qardaşı Taleh evlənəndən sonra yaşamağa yeri olmadığı üçün həmin torpaqdakı evdə yaşaması üçün ona icazə vermişdir. Həmin torpaq 2007-ci il tarixdə alınıb. Ev zamanla tikilib. Evi Taleh yox o tikmişdir. Sonradan o da evlənmişdir və 3 uşağı olub, Taleh isə boşanıb və evi boşaldıb. Evdə də özü yaşamağa başlamışdır. İddiaçı heç bir əmlak hədiyyə edilməyib. Ona görə də iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdir. Cavabdeh3 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etməyərək və izahatında göstərmişdir ki, ev qardaşı Vüsala məxsus olmuşdur. Evi də o tikib və İddiaçı torpaq sahəsi bağışlamayıb. Aralarında hər hansı bağışlama müqaviləsi olmamışdır. Ona görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış müqavilədən görünür ki, Ağdaş rayon, Yenikənd kəndində yaşayan Cavabdeh3 3 mart 2017-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus olan Yevlax rayon Əkşəm kəndində yerləşən 0.10 hektar torpaq sahəsini ona bağışlanmışdır. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ƏMDK-nin DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən Yevlax rayon Əkşəm Kəndində yerləşən 0,10 ha torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsində işə baxılarkən ona məlum olmuşdur ki, onun mülkiyyətində olmuş Yevlax rayon Əkşəm Kəndində yerləşən 0,10 ha torpaq sahəsi qardaşı Taleh tərəfindən İddiaçı bağışlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında olan nikahın pozulması 9 mart 2017-ci il tarixdə 31 nömrə ilə akt qeydləri kitabına əlavə edilmişdir. İşdə olan 30 mart 2017-ci il tarixli qəbzdən və ödəniş tapşırığından görünür ki, Cavabdeh3 3 mart 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında tam mülkiyyətində olan 0,10 ha torpaq sahəsini İddiaçı bağışlamaq məqsədilə 250 manat məbləğində vergi ödənişi etmişdir. Daşınmaz əmlakın bağışlama müqaviləsinin təsdiq edən sənədlər bunlardır. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış, Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi, Daşınmaz əmlakın bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı, Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı, tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının verdiyi sənədlər) və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi. Cavabdeh3 mülkiyyətində olan 0,10 ha torpaq sahəsini İddiaçı bağışlamışdırsa, onunla qohumluq əlaqəsi olmadığı halda necə bağışlama müvaqaviləsi bağlana bilərdi? Qətnamədən görünür ki, etibarlı şəkildə bağlanmış bağışlama müqaviləsi əsasında cavabdeh İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Həqiqətən mübahisə edilən torpaq sahəsi İddiaçı bağışlamışdırsa o, 4 il ərzində torpaq sahəsini adına rəsmiləşdirməli, reyestrdən Çıxarış almalı idi. Məhkəmə Cavabdeh3 mülkiyyətində olan 0,10 ha torpaq sahəsini İddiaçı bağışlama müqaviləsini mötəbər hesab edirdisə, Bağışlama müqaviləsinin bağlandığı notariat kontorunu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməli idi. Həmin Notariat kontorunun bağışlama müqaviləsi var idisə, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinə niyə məlumat verməməsini izah etməli idi. Cavabdeh3 mülkiyyətində olan 0,10 ha torpaq sahəsini ona bağışlayarkən onun tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Həmin torpaq sahəsinə qanuni əsaslarla mülkiyyət hüquqlarını təsdiqləmişdir. Qardaşı Cavabdeh3 aliment borclarını o ödəyirdi, o da bunun müqavilində ona çox borclu qalmasın deyə mülkiyyətində olan torpaq sahəsini ona bağışlamışdır. Həmin torpaq sahəsi əvvəldən də onun olmuş, mərhələli olaraq orada fərdi yaşayış evi tikmişdir. Cavabdeh3 ilə onun aralarında Yevlax rayon Əkşəm kəndində yerləşən 0.10 hektar torpaq sahəsinə dair bağışlama müqaviləsi etibarsız hesab edilə bilməz. Ona görə də, Mingəçevir şəhər Məkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Mingəçevir şəhər Asan Xidmət Mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı bağışlanma müqavilənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi barədə və iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnаməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabehlə Mingəçevir şəhər Asan Xidmət Mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-in 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlanma etibarlıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılardır; 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları və sair. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 ailəli olmuşlar və birgə nikahlarından bir övladları olmuşdur. Onlar arasında nikah rəsmi qaydada pozulmuş və ayrılmışlar. Birgə nikahları dövründə Yevlax Rayonu Əkşəm kəndində 0,10 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində ev tiksələr də boşandıqdan sonra evdəki təmir işlərini İddiaçı həyata keçirmişdir. Ağdaş Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli, 2(014)-437/2015 saylı qətnaməsinə əsasən Nəsimi adlı uşağın saxlanması üçün Cavabdeh3 hər ay 100 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsini iddiaçıya bağışlamışdır. Cavabdeh3la İddiaçı arasında olan müqavilə 30 mart 2017-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Bundan sonra Cavabdeh3 həmin torpaq sahəsini Mingəçevir regional “Asan Xidmət” mərkəzində 8 oktyabr 2021-ci il tarixdə Ağdaş rayon, Yenikənd kəndində yaşayan Cavabdeh3 3 mart 2017-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus Yevlax rayon Əkşəm kəndində yerləşən 0.10 hektar torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətində qeyd etdiyi evin onun tərəfindən tikilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı mübahisə mübahisəli torpaq sahəsinin üzərində olan tikili ilə bağlı deyil, bağışlanmış torpaq sahəsi ilə bağlıdır. Hazırkı halda mübahisəli torpaq sahəsinin üzərində yerləşən evin kim tərəfindən tikilməsinin bu iş üçün əhəmiyəti yoxdur. Ona görə kollegiya şikayətin həmin dəlilinə qiymət verilməsinə lüzum görmür. Torpaq sahəsinin əvvəllər onun mülkiyyətində olmasına dair şikayətinin dəlillərinə qiymət verən kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, sözügedən torpaq sahəsi Cavabdeh3 adına qeydə alınmışdır. Həmin torpaq sahəsinin Cavabdeh2 adından Cavabdeh3 adına keçməsinə dair iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. Şikayət bu hissədə əsassızdır. Şikayətin Cavabdeh3 birinci instansiya məhkəməsində izahatında İddiaçı torpaq sahəsi bağışlamaması barədə dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızıdır. İşdə olan 30 mart 2017-ci il tarixdə bağlanmış, Yevlax rayon 2 saylı Notariat ofisinda 4Ə-83 nömrəli reyestrdə qeyd edilmiş müqavilədən görünür ki, Ağdaş rayon, Yenikənd kəndində yaşayan Cavabdeh3 özünə məxsus olan Yevlax rayon Əkşəm kəndində yerləşən 0.10 hektar torpaq sahəsini İddiaçı bağışlamışdır. Göründüyü kimi Cavabdeh3 mübahisəli torpaq sahəsini iddiaçıya bağışlamışdır. Cavabdehlərin heç biri həmin müqviləni mübahisələndirməmişlər. Şikayətin digər dəlili ondan ibarətdir ki, Cavabdeh3 mülkiyyətində olan 0,10 ha torpaq sahəsini İddiaçı bağışlamışdırsa, onunla qohumluq əlaqəsi olmadığı halda necə bağışlama müvaqaviləsi bağlana bilərdi?. Kollegiya şikayətin həmin dəlilini də əsassız hesab edir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göründüyü kimi qanunverici mülkiyyətçiyə öz əmlakını bağışlamasını hər hansı bir qeyd şərtlə şərləndirməmişdir. Yəni qanunverici mülkiyyətçiyə öz əmlakını yalnız qohumlara deyil, istənilən şəxsə bağışlamaq hüququ tanımışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızıdır. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbinin və etirazın dəlillərinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 8 oktyabr 2021-ci il tarixdə, Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində Cavabdeh3 tərəfindən 3 mart 2017-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus torpaq sahəsini Cavabdeh2 bağışlayarkən səlahiyyətli şəxs olmamışdır. Belə ki, işdə olan 30 mart 2017-ci il tarixdə bağlanmış, Yevlax rayon 2 saylı Notariat ofisinda 4Ə-83 nömrəli reyestrdə qeyd edilmiş müqavilədən görünür ki, Ağdaş rayon, Yenikənd kəndində yaşayan Cavabdeh3 özünə məxsus olan Yevlax rayon Əkşəm kəndində yerləşən 0.10 hektar torpaq sahəsini İddiaçı bağışlamışdır. Qeyd edilən bu müqavilə bu gün də qüvvədədir. Ləğv və ya etibarsız hesab edilməmişdir. Mülki Məcəllə: 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Göründüyü kimi Cavabdeh3 qanunvericiliyə əsasən bağışlama müqaviləsindən bir il ərzində imtina edə bilərdi. Eyni zanmanda kollegiya qeyd edir ki, bağışlama müqaviləsindən imtinanın əsasları da hazırkı işdə müəyyən edilmir. Beləliklə kollegiya qeyd edir ki, qanunvericiliyin Cavabdeh3 tanıdığı hüquqdan istifadə etməmiş, bağışlamaqdan imtina etməmiş və həmin hüququ reallaşdırmadan əvvəlki bağışlama müqaviləsi qüvvədə ola-ola səlahiyyəti olmadan yeni bir bağışlama müqaviləsi imzalamışdır ki, bu da qanunvericiliyin tələblərinə zidd olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar