Məhkəmə qərarları › İş №2(107)-378/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-378/2021

04.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-378/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(054)-361/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində “xxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli aktın və xx xxxxx 2020-ci il tarixli icra vərəqinin ləğv edilməsi, həmin akt və icra vərəqi əsasında onun hesabına işlənmiş 6745 kVt.s itirilmiş elektrik enerjisinin dəyəri kimi hesablanmış 595,95 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(054)-361/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı barəsində “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli R 167166 nömrəli Akt əsasında “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxxx 2020-ci il tarixli icra vərəqi ləğv edilmiş, həmin icra vərəqi əsasında İddiaçı hesabına işlənmiş 6745 kVt.s itirilmiş elektrik enerjisinin dəyəri kimi hesablanmış 595,95 manat debitor borcun silinməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə “xxxx” ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evi satış bazasında onun adına elektrik enerjisi istehlakçısı kimi qeydiyyatdadır. xx xxxxx 2020ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı, Oğuz rayonu Yemişənli kəndində yerləşən fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirilmişdir. Baxış zamanı en kəsiyi 6 mm olan xətt vasitəsilə sayğac sxemindən kənar xəttdən istifadə edildiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirilməsi və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmışdır. Həmin video çəkilişdə elektrik sayğacının iddiaçının həyətində olduğu görünür. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq xx xxxxx 2020-ci il tarixli R 167166 nömrəli Akt tərtib edilmişdir. Həmin Akt əsasında Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən xx xxxxx 2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədi ilə abonentə sayğacdan kənar keçən yükə uyğun 365 gün üçün 0,xx xxxxxxx 3650 kVt.s (dəyəri 255,50 manat) və 0,xx xxxxxxx 3095 kVt.s (dəyəri 340,45 manat) itirilmiş enerji hesablanmışdır. Bu barədə icra vərəqi tərtib olunmaqla təsdiq edilərək iddiaçıya göndərilmişdir. Sayğacdan kənar istifadə olunmuş elektrik enerjisinin dəyəri kimi iddiaçının hesabına işlənmiş cəmi 595,95 manat debitor borcun ödənilməsi ondan tələb edilmiş, lakin iddiaçı həmin borcu ödəməmişdir. İddiaçının yaşadığı fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt “X1 Qaydaları”nın tələblərinə uyğun olmuş və istehlakçının hüquqları pozulmamışdır. Həmin aktın və icra vərəqinin ləğv edilməsi, debitor borcun silinməsi üçün hər hansı əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(054)-361/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Oğuz rayonu Yemişənli kəndində yaşayır. “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixdə iddiaçının Oğuz rayonu Yemişənli kəndində yerləşən fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirilərək “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən xx xxxxx 2020-ci il tarixli R 167166 nömrəli Aktda abonentin sayğac sxemindən kənar xəttdən istifadə etdiyi qeyd edilmişdir. Həmin aktı “xxxx” ASCnin əməkdaşları imzalamışlar. “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxxx 2020-ci il tarixli icra vərəqinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilməsinin nəticələrinə dair tərtib edilən xx xxxxx 2020-ci il tarixli R 167166 nömrəli Akt əsasında cəmi 6745 kVt.s dəyərində enerji sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda göstərilən maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, istehlakçının ünvanına quraşdırılmış sayğacda qüsurun olması iddiaçının sayğaca müdaxilə edərək X1 etməsi, yaxud da sayğacın göstəricilərinin işləməməsi barədə heç bir fikir ifadə edilmir. Belə ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilən xx xxxxx 2020-ci il tarixli R 167166 nömrəli akt hal şahidləri tərəfindən də imzalanmamışdır. Eyni zamanda, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülərin olduğu diskdən görünür ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçıya məxsus həyətə girəndə həyətdə olan qadın (iddiaçının arvadı) onlardan ərini, yəni iddiaçını çağırmağa ehtiyac olub-olmadığını soruşduqda, həmin əməkdaşlar heç bir narahatçılıq olmadığını bildirmişlər. Sayğaca baxış keçirilməsi zamanı hər hansı çatışmamazlıq və ya qayda pozuntusu aşkar edildiyi halda, mövcud vəziyyətin istehlakçının iştirakı ilə aktlaşdırılması və istehlakçının da həmin akta imza etməsi vacib olduğuna baxmayaraq, cavabdeh təşkilatın əməkdaşları buna əməl etməmiş, hətta iddiaçını öz təşəbbüsü ilə həmin yerə dəvət etmək istəyən ailə üzvünə də buna ehtiyac olmadığını bildirmişlər. Bundan əlavə xx xxxxx 2020-ci il tarixli R 167166 nömrəli Akt hal şahidləri tərəfindən deyil, “xxxx” ASCnin tabeçiliyində olan X2 əməkdaşları Xudat Abdullayev, Xəyal Hacıbabayev, Aqil Şirinov və Eldar Sultanov tərəfindən imzalanmışdır. Eyni zamanda, Eldar Sultanov məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən zaman iddiaçıya məxsus elektrik sayğacına baxış keçirilərkən və akt tərtib edilərkən iddiaçını dəvət etmədiklərini, həmin aktda iddiaçının imzasının olmadığını, iddiaçının yaşadığı fərdi yaşayış evində hansı elektrik işlədicilərindən istifadə edildiyini də yoxlamadıqlarını, həmin evdə sayğac sxemindən kənar xəttdən istifadə edildiyi barədə əvvəllər hər hansı nöqsan aşkar edilmədiyini və bu barədə X3 heç bir məlumat daxil olmadığını bildirmişdir. Həmin əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, xx xxxxx 2020-ci il tarixli R 167166 nömrəli Akt tərtib edilərkən “X1 Qaydaları”nın qeyd olunan maddələrinin tələbləri pozulmuşdur. “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş və Akt komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxxx 2020-ci il tarixli icra vərəqi də xx xxxxx 2020-ci il tarixli R 167166 nömrəli Akt əsasında qəbul edilmişdir. Bundan əlavə, hazırki işin faktiki hallarına əsasən iddiaçının elektrik sayğacına cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyi halda, elektrik enerjisindən sayğacdan kənar istifadə halı olsa belə, qısa müddət ərzində 6745 kVt.s elektrik enerjisinin sərf olunması da inandırıcı deyildir. İddiaçının istifadə etdiyi və ya istifadə olunduğu ehtimal edilən elektrik cihazlarına cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən baxış keçirilməmişdir. İddiaçının istifadə etdiyi elektrik avadanlıqlarının nədən ibarət olması, iddiaçının müəyyən bir müddət ərzində real olaraq sərf edə biləcəyi elektrik enerjisinin maksimal həddi də müəyyən edilməmiş, abonentə sayğacdan kənar keçən yükə uyğun 365 gün üçün itirilmiş enerji hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Abunə haqqında” saldodan da görünür ki, iddiaçının yaşadığı evdə son 5 il ərzində əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş elektrik enerjisinin həcmində kəskin dəyişmə müşahidə edilməmiş, aylıq enerji sərfiyyatının dəyəri ən yüksək olduğu halda, təxminən, 10 manat miqdarında olmuşdur. Sərf edilmiş elektrik enerjisinin həcmində artım müşahidə edilmədiyindən iddiaçının elektrik enerjisindən sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğacdan xəttdən istifadə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da inandırıcı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(054)-361/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(054)-361/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar