Məhkəmə qərarları › İş №2(107)-382/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-382/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-382/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, maddi hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-1124/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 1638 manat qalıq borcu və 338.33 manat cərimə borcu olmaqla, cəmi 1976.33 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 39.76 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli müqavilə əsasında Cavabdeh İddiaçı MMC-dən 1999 manat dəyərində məişət məhsulunu nisyə almışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilələrin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin İddiaçı MMC-yə 1638 manat qalıq borcu və 338.33 manat cərimə borcu olmaqla, cəmi 1976.33 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-1124/2022 saylı (sədrlik edən hakim R.Əlizadə) qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1638 manat qalıq borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 1648 manat borc və ödənilmiş 39.76 manat məbləğində dövlət rüsumunun, xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, K.Sabitov küçəsi, ev 11 qeydiyyatda yaşayan Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Optimal Elektronika» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqavilə əsasında Cavabdeh İddiaçı MMC-dən 1999 manat dəyərində məişət məhsulunu nisyə almışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilələrin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin İddiaçı MMC-yə 1638 manat qalıq borcu və 338.33 manat cərimə borcu olmaqla, cəmi 1976.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqavilə əsasında Cavabdeh İddiaçı MMC-dən 1999 manat dəyərində məişət məhsulunu nisyə almışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilələrin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin İddiaçı MMC-yə 1638 manat qalıq borcu və 338.33 manat cərimə borcu olmaqla, cəmi 1976.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 600.1, 467, 739.1, 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 124, 284-5.1, 284-5.3, 284-6.1 və 284-6.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə onun arasında hüquq münasibəti xx.xx.2020-ci ilə tarixdə baş tutmuşdur. O, ilkin ödəniş olaraq 34 manat pul vəsaiti ödəmişdir. Daha sonra isə, təxminən 1 həftədən sonra “VESTEL 65UD8800T” markalı televizoru təhfil almışdır. 20 gün televizoru işlətdikdən sonra xarab olmuşdur. Bununla bağlı məlumat vermiş və televizoru aparmışlar. Bir aydan sonra “televizoru təmir etmişik” deyərək yenidən ona qaytarmışlar. Təxminən 3-5 gündən sonra televizor yenidən işləməmişdir. Yenə də televizor təmir edilmiş və ona qaytarılmışdır. Daha sonra televizor yenidən xarab olmuşdur və iddiaçı tərəfindən götürülmüşdür, və hazırda həmin televizor İddiaçı MMC-nin Yevlax filialı üzrə mağazadadır. Ayda 109 manat olmaqla 4 ay İddiaçı MMC-yə pul vəsaiti ödəmişdir. Televizor sonuncu dəfə ondan təhfil alındıqdan sonra 2 ay pul vəsaiti ödəməmiş və güman etmişdir ki, ona işləyən, yəni yararlı vəziyyətdə televizor təhfil verəcəklər. Lakin, hal-hazıradək ona təzə və işlək televizor verilməmişdir, eyni zamanda hazırkı iddia tələbi irəli sürülmüşdür. İddiaçı yuxarıda qeyd edilən həqiqi halları qəsdən və məqsədli olaraq iddia ərizəsində qeyd etməmişdir. O, məlumatsız olduğundan iddia tələbinə qarşı etirazını yazılı şəkildə məhkəməyə bildirməmişdir. İddia tələbi tamamilə qanunsuz və əsassızdır. İşə baxan birinci instansiya məhkəməsi ona rəsmi qaydada bildiriş göndərməmişdir və o, məlumatsız olduğundan iddiaya qarşı etirazını bildirməmişdir. İş üzrə qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmaqla, tərəflərin bərabərliyinə əməl edilməmiş və faktlar təhrif olunmuşdur. Məhkəmə qarşı yönəldilmiş iddia barədə məlumatsız olduğundan aşkarlıq prinsipinin tələbləri pozulmuşdur. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1124/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1124/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-1124/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqavilə əsasında Cavabdeh İddiaçı MMC-dən 1999 manat dəyərində məişət məhsulunu nisyə almışdır. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən 16 mart 2023-cü il tarixdə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin № 10/2436 saylı, 14 aprel 2023-cü il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubu 20 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin məktubda göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində məişət avadanlıqları (o cümlədən mübahisə predmeti olan “Vestel 65UD8800T” markalı televizorun) və onların istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmir (bu növ tədqiqatların aparılması üçün ixtisas dərəcəsi olan ekspert yoxdur) və məişət avadanlıqlarında yaranmış qüsur və onun səbəbinin müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizaları şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqavilə əsasında Cavabdeh İddiaçı MMC-dən 1999 manat dəyərində məişət məhsulunu nisyə almışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilələrin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin İddiaçı MMC-yə 1638 manat qalıq borcu və 338.33 manat cərimə borcu olmaqla, cəmi 1976.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, kollegiya qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında hüquq münasibəti xx.xx.2020-ci ilə tarixdə baş tutmuşdur. Cavabdeh ilkin ödəniş olaraq 34 manat pul vəsaiti ödəmişdir. Daha sonra isə, təxminən 1 həftədən sonra “VESTEL 65UD8800T” markalı televizoru təhfil almışdır. 20 gün televizoru işlətdikdən sonra televizor xarab olmuşdur. Bununla bağlı iddiaçı tərəfə məlumat vermiş və iddiaçı təşkilat televizoru aparmışdır. İddiaçı tərəf bir aydan sonra “televizoru təmir etmişik” deyərək yenidən cavabdehə qaytarmışlar. Təxminən 3-5 gündən sonra televizor yenidən işləməmişdir. Yenə də televizor təmir edilmiş və cavabdehə qaytarılmışdır. Daha sonra televizor yenidən xarab olmuşdur və iddiaçı tərəfindən götürülmüşdür və hazırda həmin televizor “Optimal Elektronika “MMC-nin Yevlax filialı üzrə mağazadadır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən, İstehlakçı-şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; satıcı-alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar; qüsur-malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu; mühüm qüsur-maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Göründüyü kimi iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımı keyfiyyətdə olan əşyanı cavabdehə verməmişdir. Eyni zamanda müəyyən edilir ki, mübahisə predmeti olan televizor hazırda iddiaçı tərəfdədir. Kollegiyanın qənaətinə görə iddiaçı televizoru özündə saxlamaqla yanaşı onun pulunu da cavabdehdən tələb etməkdə haqlı deyildir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-1124/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-1124/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar