Məhkəmə qərarları › İş №2(107)-383/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-383/2022

15.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-383/2022 15.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı2 qızının qanuni nümayəndəsi Qanuni nümayəndə, iddiaçıların vəkili Vəkil (həmçinin İddiaçı1 nümayəndəsi), Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli,2(039)-1698/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçıların vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları 1.Mülki işin materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: 2.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 09.07.2010-cu il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanına X1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. 3.JN-0284, 90104018 kodlu “torpağın mülkiyyətə hüququna” dair dövlət aktından müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 23.06.2000-ci il tarixli, 52 nömrəli qərarı ilə Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 və digərlərinin mülkiyyətinə verilmişdir. 4.Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 avqust 2006-cı il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 ilə Qanuni nümayəndə arasında bağlanmış nikah qeydi 08.08.2006-cı il tarixdə pozulmuşdur. 5.Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q-1114/70 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X2 22 dekabr 2014-cü ildə ildə vəfat etmişdir. 6.AZ-İ seriyalı 783513 nömrəli və İ-AK seriyalı 833272 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X1 04.02.1999-cu il təvəllüdlü Orxan və 01.09.2004-cü il təvəllüdlü Aidə adlı uşaqları var 7.Şəki Apellyasiya Məhkəməsinin 27.11.2011-ci il tarixli, 2(107)-531/2011 nömrəli qərardadından görünür ki, iş üzrə Yevax Rayon Məhkəməsinin 26.07.2007-ci il tarixli qətnaməsi ləğv edilib, ərizə baxılmamış saxlanılmışdır.

8. Apellyasiya icraatı zamanı təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 8(039)— 5/2022 nömrəli qərardadından görünür ki, Yevlax Rayon Məhkəməsinin 26.07.2007-ci il tarixli, 2-88/2007 saylı qətnaməsinin icrasına dönüş edilmiş, AR ƏMDK yanında DƏDRX-i tərəfindən X1 adına verilmiş ********** qeydiyyat nömrəli 09 iyul 2010-cu il tarixli çıxarışın statusu Yevlax Rayon Məhkəməsinin 26.07.2007-ci il tarixli, 2-88/2007 saylı qətnaməsindən əvvəlki vəziyyətə qaytarılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və Yevlax rayonu Aqrar İslahat Komissiyasının 23.06.2000-ci il tarixli 52 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN 0284saylı dövlət aktı ilə verilmiş 4,66 ha torpaq sahəsinin 1/5 hissəsinə dair mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. 10.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X2 anası Qanuni nümayəndə ilə nikaha daxil olmuş, həmin nikahdan onlar anadan olmuşdur. Anası ilə atası arasında bağlanmış nikah pozulmuşdur. Onların uşaqlıq dövründə, yəni 22.12.2014-cü il tarixdə atası vəfat etmişdir. Atasının ölümdən sonra onun miras əmlakı açılmış, onlar azyaşlı olduqlarından həmin əmlaka dair münasibətlərini ortaya qoya bilməmişlər. Atalarından miras qalmış Yevlax rayonun Varvara kəndi ev 2 mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evini və Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 ha torpaq sahəsinin 1/5 hissəsini hazırda cavabdeh qanunsuz olaraq zəbt edib. Onlar vərəsələr olaraq Dövlət Notariat Kontoruna müraciət edərək vərəsə olduqlarını, cavabdehin hərəkətləri nəticəsində mirası faktiki qəbul edə bilmədiklərini bildirmişlər.

11. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 27 oktyabr 2021-ci il tarixli,2(039)-1698/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. 12.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən mirasın qəbul edilməsi müddətinin gecikdirilməsi üzrlü səbəblərdən baş verməmişdir. Belə ki, iddiaçılar azyaşlı olduqlarından mirası qəbul edə bilmədiklərini, eyni zamanda cavabdehin miras əmlakı faktiki qəbul etməklərinə maneçilik törətməsini əsas gətirsələr də, məhkəmə ilk növbədə onu qeyd edir ki, mülki qanunvericilkdə yetkinlik yaşına çatmayan şəxslərin hüquq və mənafelərinin onların qanuni nümayəndələri, o cümlədən valideynləri tərəfindən həyata keçirilməsi təsbit olunmuşdur. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, iddiaçılar valideynlərinin nikahı pozulduqdan sonra analarının himayəsinə verilmiş və hazırda da onunla birlikdə yaşayırlar. İddiaçıların anası-qanuni nümayəndəsi Qanuni nümayəndə isə uşaqlarının qanuni nümayəndəsi qismində mirası faktiki və ya qanuni şəkildə qəbul etmək imkanından məhrum olmamışdır. Cavabdehin miras əmlakı idarə etməkdə iddiaçılara maneçilik törətməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçılar bununla bağlı iddialarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. 13.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

14.Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçılar X3, Abasova (İsayeva) Sevil Cəfər qızı və X5 apellyasiya şikayəti vermişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səhv nəticəyə gəlmişdir. Mübahisəli əmlak uşaqların atasınındır. Həmin əmlak hazırda yerindədir. Cavabdeh bu əmlakı idarə etməyə maneə yaradır. Hər iki uşaq miras qoyanın qanuni vərəsələridir. Hər iki uşaqlar ataları öləndə (2014-cü il) yetkinlik yaşına çatmamışlar. Onların müraciət etmə imkanları yaşlarına görə məhdud olmuşdur. Onlar həmin yaşda mirasın onlara çatma, qəbul etmə, idarə etmə hallarını bilə bilməzdilər. Analarının, hər hansı bir addım atmaması onların qanuni vərəsə olaraq miras əmlakına çatmaları üçün əsas ola bilməzdi. Məhkəmə bu hallara qiymət verməmişdir. Bu səbəbdən işin halları tam və hərtərəfli araşdırılmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1248.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunan normaya görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər. Müddət qurulduqdan sonra vərəsələr razılaşarsa miras məhkəməyə müraciət edilmədən qəbul oluna bilər. Qanunun bu norması iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə ədalətsiz olaraq qəbul edilib. Miras qoyan hər iki iddiaçının atası ölmüş mərhum Çingiz Məmmədovdur. Çingiz Məmmədovun sağ ikən mənsub olduğu əmlak DƏDRX-nin ********** saylı 09.07.2010- cu il tarixli çıxarışı ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evidir. Eləcə də ona məxsus N **********18 kodlu dövlət aktı ilə 4,66 ha torpaq sahəsidir. Bu əmlaklar iddiaçıların atasınındır. Hər iki iddiaçı miras qoyan Çingiz Məmmədov və Qanuni nümayəndə birgə nigahından doğulmuş şəxslərdir. Miras qoyan 08.08.2006-cı ildə boşanmışdır. 2014-cu ildə isə vəfat etmişdir. Miras qoyan vəfat edən zaman iddiaçılar İddiaçı1 15 yaşı Ayidə Məmmədovanın 10 yaşı vardır. İddiaçı1 hazırda həqiqi hərbi xidmətdən gəlmişdir. Ayidə isə 17 yaşındadır. Miras qoyan ailə qurmamış hazırki iddiaçılardan başqa onun birinci növbəli vərəsələri yoxdur. Miras qoyanın Valideyinləri vəfat etmişlər. Mirasın qəbul ediləsi müddəti keçməsi hər iki qanun üzrə vərəsənin həmin vaxt azyaşlı olmasıdır. Onlar həmin dövr ərzində (2014-cü ildə 3 ay ərzində) mirası qəbul etmə yaşında deyildirlər. Onların bu vaxt ərzində müddəti keçrilmələri azyaşlı olmaları, istəsələr belə bu hüququ daşıma yaşında olmamışlardır. Məhkəmə bu kimi halları üzürlü səbəb olaraq qəbuledə bilərdi. AR MM-nin 1244 və 1245ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normaya görə Miras fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Göründüyü kimi hər iki iddiaçının miras qoyanın ölümündən sonra tam fəaliyyət qabilliyyətli olmadığından mirasa qanunla müəyyən olunan vaxtda çatması mümkün deyildir. Çünki onların hər ikisi yetimlik yaşına belə çatmamışdır. Bu səsəbdən vərəsə vərəsəliyə çağrıldığını bilə bilməzdi ki, həmin mirası vaxtında qəbul etsin. İstəsələr belə yaşları buna imkan verməzdi. Hər iki iddiaçı barəsində iddia müddətinin axırı onlar yetkinlik yaşına çatanadək dayandırılır. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(039)-1698/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xagiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 qızının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəsi gedən fərdi yaşayış evi və torpaq sahəsinin 1/5 hissəsi keçmiş mərhum ərinə, yəni iddiaçıların atasına məxsus olmasına baxmayaraq, cavabdehin müdaxiləsi səbəbindən mirası qəbul edə bilmirlər, yəni cavabdeh onları nə evə, nə də ki, torpaq sahəsinə buraxır. Bu səbəbdən də mirasın qəbulu müddətini ötürmüşlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. 18.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili (həmçinin İddiaçı1 nümayəndəsi) Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə yekun qərar qəbul edərkən tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, mübahisəsi gedən hər iki əmlak iddiaçıların atasına məxsus olmasına baxmayaraq, sonuncular bu günə cavabdeh tərəfin müdaxiləsi nəticəsində mirası qəbul edə bilməmişlər. Bundan əlavə göründüyü kimi iddiaçılardan biri yetkinlik yaşına çatmamış, digəri isə hərbi xidmətdə olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qismən qəbul edərək bildirmişdir ki, iddiaçılar onun mərhum qardaşının uşaqlarıdır. İddiaçılar tərəfindən mübahisələndirilən ev analarına məxsus olmuş, sonradan məhkəmə qətnaməsi əsasında qardaşı Çingizin adına keçmişdir. Lakin sözügedən qətnamə 2011-ci il tarixdə ləğv edilərək baxılmamış saxlanılmış, bundan sonra icraya dönüş edilərək əmlak əvvəlki vəziyyətinə qaytarılmışdır. Bununla belə mübahisəli kənd təsərrüfatlı torpaq sahəsinin 1/5 hissəsi mərhum qardaşı (miras qoyan) Çingizə məxsus olduğundan həmin hissə üzərində iddiaçıların iddiasının təmin olunmasına etiraz etmir, çünki bu uşaqların hüququdur. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası;

Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.

22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli,2(039)-1698/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. 25 Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli,2(039)-1698/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi qismən (miras qalmım 1/5 hissə torpağa münasibətdə) təmin edilməlidir. 27.Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, X2 ilə Qanuni nümayəndə arasında bağlanmış nikah qeydi 08.08.2006-cı il tarixdə pozulmuşdur. X2 22 dekabr 2014-cü ildə ildə vəfat etmişdir. Miras qoyan X1 ölümündən sonra onun iki vərəsəsi, yəni hazırki iş üzrə iddiaçılar 04.02.1999-cu il təvəllüdlü Orxan və 01.09.2004-cü il təvəllüdlü Aidə adlı uşaqları qalmışdır.

28. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyanın ölümündən sonra miras əmlak kimi Yevlax rayonu Aqrar İslahat Komissiyasının 23.06.2000-ci il tarixli, 52 nömrəli qərarı ilə X2 və digərlərinin mülkiyyətinə verilmiş Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Göründüyü kimi həmin torpaq sahəsinin 1/5 hissəsi Çingiz Məmmədova məxsus olduğundan, miras əmlak kimi yalnız 1/5 hissəyə münasibət bildirilməlidir. 29.Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların tələb etdiyi ünvan 1 X1 adına qeydiyyata alınsa da, həmin əmlakın qeydiyyata alınmasına səbəb olmuş Yevax Rayon Məhkəməsinin 26.07.2007-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 27.11.2011-ci il tarixli, 2(107)-531/2011 nömrəli qərardadı ilə ləğv edilib, ərizə baxılmamış saxlanılmışdır. 30.Kollegiyanın tədqiqi nəticəsində həmçinin müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 8(039)-5/2022 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 26.07.2007-ci il tarixli, 2-88/2007 saylı qətnaməsinin icrasına dönüş edilmiş, AR ƏMDK yanında DƏDRX-i tərəfindən X1 adına verilmiş ********** qeydiyyat nömrəli 09 iyul 2010-cu il tarixli çıxarışın statusu Yevlax Rayon Məhkəməsinin 26.07.2007-ci il tarixli, 2-88/2007 saylı qətnaməsindən əvvəlki vəziyyətə qaytarılmışdır. 31.Göründüyü kimi iddiaçıların mübahisələndirdiyi əmlaklardan yalnız Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi miras əmlak kütləsinə daxildir. 32.Apellyasiya instansiyasının icraatı zamanı cavabdeh ünvan 1-i mübahisələndirsə də, Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Çingiz Məmmədova məxsus olan 1/5 hissəsini mübahisələndirməmiş, iddiaçıların həmin hissəyə dair hüququnun tanınmasına etiraz etməmişdir. Cavabdeh mübahisənin bu hissəsini etiraf etməsi ilə bağlı məhkəməyə yazılı ərizə də təqdim etmişdir. 33.Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərsə də, cavabdeh miras qalmış torpağa münasibətdə bu faktı mübahisələndirməmişdir. 34.Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, miras açıldığı anadan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağrılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. 35.Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. 36.Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 37.Miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzürlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin, Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında düzünə göstəriş yoxdur. 38.Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Hazırki işdə iddiaçılardan biri yetkinlik yaşına çatmadığından, digəri hərbi qulluqda olduğundan, o cümlədən cavabdeh miras qalmış torpağa münasibətdə iddianı etiraf etdiyindən, kollegiya iddianın miras qalmış 1/5 hissə torpağa münasibətdə təmin edilməsi qənaətinə gəlir 39.Belləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunmuş mövqeyi ilə tam razılaşmayaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli,2(039)-1698/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia qismən təmin edilməlidir. 40.Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçıların vəkili (həmçinin İddiaçı1 nümayəndəsi) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(039)-1698/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının Yevlax rayonu Aqrar İslahat Komissiyasının 23.06.2000-ci il tarixli 52 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN 0284 saylı dövlət aktı ilə verilmiş 4,66 ha torpaq sahəsinin 1/5 hissəsinə dair mirasın qəbul edilməsi vaxtı (müddəti) uzadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar