Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-388/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu, Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı istehlakçı hüququnun müdafiə edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işin aidiyyəti üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu tərəfindən verilmiş vəsatətin rədd edilməsi barədə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(035)-800/2019 nömrəli qərardadından cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı istehlakçı hüququnun müdafiə edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair Zərdab rayon Məhkəməsinə müraciət etmiş və 419,23 manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu vəsatətlə müraciət edərək cavabdeh hüquqi şəxs olan “xxxx” ASC-nin hüquqi ünvanı ünvan 1 olduğundan işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(035)-800/2019 nömrəli qərardadı ilə qeyd edilən vəsatət təmin edilməmiş, cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını və vəsatətin təmin edilərək mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli 2(035)-800/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üşün X3 göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” ASC-nin X2 istisna olmaqla Azərbaycan Respublikasının bütün ərazisini əhaətə edir, Zərdab rayon elektrin şəbəkəsinin tabe olduğu X5 Təchizatı və Satışı İdarəsi cavabdehin bir bölməsidir. Birinci instansiya məhkəməsinin əsaslandığı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 36.9-cu maddəsinin tələbləri “istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.” hazırkı məsələyə aidiyyəti yoxdur, həmin norma ticarət xidmətlərindən əmələ gələn mübahisələrə aid edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də tərəflər və ya onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti, mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, MPM-in: 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən Məcəllənini iddiaçının seçiminə görə aidiyyət məsələsindən bəhs edən 36.9-cu maddəsinin tələbinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Cavabdehin nümayəndəsi şikayətinin dəlili olaraq göstərir ki, hazırkı mübahisə istehlakçının hüquqlarının müdafiəsi isə bağlı mübahisə deyildir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun preambulasından görünür ki, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Həmin Qanunun 1-ci maddəsində verilən anlayışlardan görünür ki, istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 1-ci bəndinin tələbinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent -elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı mənalarını ifadə edir. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından hazırkı mübahisənin istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı olmaması ilə bağlı cavabdehin nüayəndəsinin şikayətin əsas dəlili istisna edilir və öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə və ərazi aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, hazırkı iddia tələbinin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar mövcud olmadığından hazırkı iddiaya iddiaçının (istehlakçının) yaşadığı ərazi üzrə Zərdab Rayon Məhkəməsi tərəfindən baxılması qanunidir. MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlunun şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-800/2019 saylıqərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-388/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-388/2020
07.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver