Məhkəmə qərarları › İş №2(107)-39/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-39/2025

07.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-39/2025 07.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh X6 qarşı (açar sözlər: Torpaq mübahisələri - tikilinin sökülməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X18 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - X3, Cavabdeh - X5 iştirakı ilə, İddiaçı X3 cavabdeh X6 qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(046)-387/2023 saylı qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materillarında оlаn Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi bina 84A, 15 saylı mənzil X3 xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İş materillarında оlаn Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 mənzil cavabdeh X5 xüsusi mülkiyyəti kimi xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli aktdan məlum olur ki, ünvan 1 ünvanda yaşayan X12 tərəfindən qeyri-qanuni olaraq yaşadığı mənzilə 5,0 m x 1,2 m ölçüdə artırma olunmuşdur. Elmir Mehdiyev tərəfindən yaşadığı mənzilə artırma olunduqdan sonra yağan yağışlar zamanı Kəmalə Mikayılovanın yaşadığı mənzilin çöl barısında nəmişlik yaranmışdır. Həmin aktı Göyçay rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin böyük mühəndisi Kamil Qasımov, Göyçay mənzil istismar sahəsinin mühəndisi Vüqar Abbasov və Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi bina 84A, 15 saylı ünvanda yaşayan X3 iştirakı ilə tərtib edilərək həmin şəxslər tərəfindən imzalanmışdır.

4. İş materillarında оlаn Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X23 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvana baxış keçirilmiş, mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Araşdırma zamanı, iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yaşayan vətəndaş X16 tərəfindən yaşayış binasının birinci mərtəbəsindəki mənzilin eyvan hissəsində əlavə tikilinin inşa olunduğu müəyyən olunmuşdur. Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulmasına görə X13 inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati iş açılmışdır. Qanunvericiliyin tələblərinə zidd şəkildə tikinti işlərinin aparılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Göyçay rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli, 37/34- 03092 nömrəli məktub ünvanlanmışdır.

5. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3200 saylı rəyindən görünür ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 84A saylı binaya bitişik vəziyyətdə 1.2x5.7m ölçüdə inşa edilmiş tikililərin mövcud olduğu, həmin tikililərə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, aparılmış tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin, eləcədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X23 Yanğın Nəzarəti İdarəsinin 25 oktyabr 2023cü ol tarixli 37/M-04332 saylı məktubuna əsasən yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğu müəyyən edilmişdir. Baxış zamanı Kəmalə Mikayılovanın mənzilinin daxili konstruktiv elementlərinin üzərində hər-hansı bir ziyan dəydiyi müəyyən olunmadı. Lakin Göyçay rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi və Göyçay mənzil istismar sahəsi tərəfindən tərtib olunmuş akta əsasən E.Mehdiyev tərəfindən yaşadığı mənzilə artırma olunduqdan sonra yağan yağışlar zamanı K.Mikayılovanın yaşadığı mənzilin çöl divarında nəmişlik yaranmışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

II. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 4 mənzil 12-də aparılan özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının 15 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. Həmin yaşayış binasının birinci mərtəbəsində yaşayan qonşusu X11 tərəfindən qanunsuz yenidən qurma işləri aparılmışdır. Cavabdeh tərəfindən yaşadığı mənzilin eyvan hissəsində əlavə tikili inşa olunmuşdur. Cavabdeh X11 tərəfindən mənzilin eyvan hissəsində qeyri-qanuni əlavə tikilinin inşa olunması nəticəsində eyni binada yerləşən ona məxsus mənzillə bağlı mülkiyyət hüququ pozulmuşdur. Nəticədə artırılmış eyvanın dam örtüyündə olan məişət tullantıları eyvanının qarşısına toplanır, yağış suları evinə dolur, həmçinin, qanunsuz tikili mənzilinin bazar dəyərinə də mənfi təsir etmişdir. Artırılmış tikili binanın həyətinə gedən yolda hərəkəti məhdudlaşdırır, yanğın hadisəsi baş verdiyi halda yanğınsöndürmə avtomobillərinin binanın həyətinə sərbəst girişini mümkünsüz edir. Bundan başqa aparılmış qeyri-qanuni tikinti işləri yaşayış binasının yükdaşıyıcı konstruktiv elementlərini əlavə yüklənməyə məruz qalıb və binanın fasad görünüşünü korlayıb. Cavabdeh tərəfindən aparılan əlavə tiknti işi mənzilindən rahat şəkildə istifadə etməyinə maneə törədir. Paltarların asılmasına şərait yaranmır. Artırılmış eyvanın damına müxtəlif tullantılar yığılır, nəticədə isə eyvanının qarşısında natəmiz vəziyyət yaranır. Cavabdeh tərəfindən qeyri-qanuni tikilinin inşa olunması ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, rayon icra hakimiyyətinə və Göyçay rayon Polis şöbəsinə müraciətlər olunmuşdur. Həmin orqanlar tərəfindən yerində baxış keçirilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında X7 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X5 nümayəndəsi (oğlu) X16 iddianı qəbul etməyərək göstərmişdir ki, Elmira Məmmədova mülkiyyətində olan mənzilə bitişik olaraq tikinti işləri aparmışdır. Qeyd edilən tikili iddiaçının mənzilinə maneəçilik törətmir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

10. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 11 oktyabr 2023-cü il tarixli, 2(046)-387/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 84A saylı binanın 12 saylı mənzilinə bitişik vəziyyətdə cavabdeh X11 tərəfindən 1.2 x 5.7 m ölçüdə inşa edilmiş tikili cavabdeh X5 vəsaiti hesabına sökülməsi, iş üzrə ekspertiza xərci olan 100 manat iddiaçı cavabdeh X4 alınaraq məhkəmə ekspertiza mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı X3 iddiası təmin edilməli, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 84A saylı binaya bitişik vəziyyətdə 1.2 m x 5.7 m ölçüdə inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 180.1 və 180.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh X2 Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(046)-387/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, işin hallarına görə mübahisəli tikinti hazırda iddiaçının mülkiyyətində olan mənzilin X8 mülkiyyətində olduğu dövrdə, yəni 2012-ci ildə inşa edilmişdir. Mübahisəli tikinti mənzilin həmin vaxt mülkiyyətçisi olan X8 razılığı ilə inşa edilmiş, daha sonra X14 tərəfindən də həmin tikintinin mövcudluğuna və cavabdeh tərəfindən istifadəsinə razılıq verilmişdir. Həmin mənzil xx.xx.2018-ci ildə X1 zaman sonuncunun aldığı əmlakın yüklü olmasına hər hansı etirazı da işin hallarından görünmür. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən tikilinin hansı tarixdə tikilməsini, yəni hüquq münasibətinin hansı tarixdə yaranmasını araşdırmamış və buna uyğun olaraq mübahisəyə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi sökülməsi tələb olunan tikilinin özbaşına olması ilə bağlı gəldiyi nəticəni Mülki Məcəllənin 173.1 və 173.3-cü maddələrinə əsasən qəbul etmirəm. Belə ki, Mülki Məcəllənin 173.1-ci maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşuya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 173.3-cü maddəsinə görə əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Göründüyü kimi, mülki işə bахаn birinci instаnsiyа məhkəməsi istinаd оlunаn nоrmаtiv hüquqi аktlаrın tələblərini pоzmuş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İşin bu hallarını işə baxan birinci instansiya məhkəməsi araşdırmamış, iddiaçı ilə aralarında yaranmış mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunanlara əsasən Göyçay Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(046)-387/2023 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin rədd оlunmаsı barədə yeni qətnаmə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(046)-387/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı X7 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(046)-387/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

20. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

21. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

25. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.

26. Maddə 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər.

27. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

29. Maddə 180.4. Tikinti məqsədləri üçün аyrılmаyаn tоrpаq sаhəsində və yа bunа lаzımi icаzələr аlmаdаn və yа şəhərsаlmа və tikinti nоrmаlаrını və qаydаlаrını ciddi surətdə pоzmаqlа tikilmiş binа və qurğulаr müvаfiq icrа hаkimiyyəti оrqаnlаrının və yа mаrаqlı tərəfin mürаciəti üzrə qəbul edilmiş məhkəmənin qərаrı əsаsındı sökülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(046)-387/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. İş materillarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3200 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 84A saylı binaya bitişik vəziyyətdə 1.2x5.7m ölçüdə inşa edilmiş tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X23 Yanğın Nəzarəti İdarəsinin 25 oktyabr 2023-cü ol tarixli 37/M-04332 saylı məktubuna əsasən yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğu müəyyən edilmişdir.

45. Göründüyü kimi, ünvan 4 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının 15 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Həmin yaşayış binasının birinci mərtəbəsində yaşayan qonşusu X11 tərəfindən qanunsuz yenidən qurma işləri aparılmışdır. Cavabdeh tərəfindən yaşadığı mənzilin eyvan hissəsində əlavə tikili inşa olunmuşdur. Cavabdeh X11 tərəfindən mənzilin eyvan hissəsində qeyri-qanuni əlavə tikilinin inşa olunması nəticəsində eyni binada yerləşən ona məxsus mənzillə bağlı mülkiyyət hüququ pozulmuşdur. Оnа görə də qаnunsuz inşа оlunmuş həmin tikili özbаşınа tikili hesаb оlunur.

46. Bu faktlar iş üzrə alınmış ekspertiza rəyi ilə təsdiq olunur.

47. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qiymətləndirir.

48. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

49. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

51. “X10rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan mənzilinə vurulan zərər, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, mənzildən rahat şəkildə istifadə etməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

55. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 84A saylı binaya bitişik vəziyyətdə 1.2x5.7m ölçüdə inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməlidir.

56. Apellyasiya şikayətinin başlıca dəlili mübahisələndirilən tikilinin hansı tarixdə tikilməsi və həmin mənzilin xx.xx.2018-ci ildə iddiaçıya satıldığı zaman sonuncunun aldığı əmlakın yüklü olmasına hər hansı etirazının olmaması barədədir.

57. Kollegiya həmin dəlillə bağlı araşdırma apararkən məlum olmuşdur ki, mübahisəli tikili apellyatorun qeyd etdiyi kimi 2012-ci ildə deyil, 2022-ci ildə, yəni iddiaçının mənzili əldə etdiyindən 4 il sonra tikilmişdir.

58. İşin həmin halı kollegiyanın iclasında iştirak edən cavabdeh X11 və iddiaçı X7 tərəfindən təsdiq edilmişdir.

59. Belə olan halda apellyasiya şikayətinin iddiaçının mənzilə mülkiyyət hüququ əldə edərkən həmin mənzilin yüklü olması (mübahisəli tikilinin mövcud olması) barədə dəlili əsassızdır.

60. Eyni zamanda iş materiallarından da mübahisəli tikilinin tikildiyi vaxtdan (2022-ci il) iddiaçının aidiyyəti orqanlara şikayət etdiyi məlum olur. Bunu iş materiallarına əlavə edilmiş 23 noyabr 2022-ci il tarixl akt, xx.xx.2022-ci il tarixli yanğın-texniki müayinə aktı və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X23 Yanğın Nəzarəti İdarəsinin 25 oktyabr 2023-cü ol tarixli 37/M-04332 saylı məktubu da təsdiq edir.

61. İşin bu halı apellyasiya şikayətinin mübahisəli tikilinin tikildiyi an iddiaçının etirazının olmaması barədə dəlilinin də əsassız olduğunu göstərir.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

63. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

65. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

67. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

68. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(046)-387/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh X11 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(046)-387/2023 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar