Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-400/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Rayon Məhkəməsinin e-2(075)-107/2023 saylı mülki iş üzrə qəbul etdiyi 12 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2016-cı il tarixli, 1848-GL/16 nömrəli müqavilə üzrə yaranmış 9.443 manat gecikdirilmiş əsas borc, 12.300,03 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaqla, cəmi 22.043,03 manat pul vəsaitinin Cavabdeh (bundan sonra cavabdeh) tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2016-cı il tarixli, 1848-GL/16 nömrəli müqaviləyə əsasən borclu, satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə maliyyə arayışının tərtib edildiyi 22 avqust 2022-ci il tarixə müqavilə üzrə 9.443 manat gecikdirilmiş əsas borc və 12.300,03 manat cərimə borcu yaranmışdır. Şəki Rayon Məhkəməsinin (bundan sonra - Rayon Məhkəməsi) 12 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Rayon Məhkəməsi “mülki iş üzrə icraata xitam verilməsi” barədə qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan Şəki Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(075)-325/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin 2.555 manat əsas borcun, 485 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, 30 iyun 2016-cı il tarixli, 1848-GL/16 saylı güzəştli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd “Foton FT-1254” markalı traktorun saz vəziyyətdə "xxxx" ASC-yə geri qaytarılmasına dair iddiası təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC iddiasının əsası kimi Cavabdeh adından onun etibarnamə üzrə nümayəndəsi olan X3 ilə aralarında güzəştli lizinq müqaviləsinin bağlandığını göstərsə də, məhkəmə, araşdırma zamanı müəyyən etmişdir ki, Cavabdeh X4 "xxxx" ASC-də lazım olan müqavilələri imzalamağı yalnız 15 fevral 2017-ci il tarixdən etibarən 6 ay müddətinə, yəni 15 avqust 2017-ci il tarixədək etibar etmişdir. Tərəflər arasında bağlanıldığı iddia edilən güzəştli lizinq müqaviləsi isə bundan əvvəl, yəni 30 iyun 2016-cı il tarixdə imzalanmışdır. 30 iyun 2016-cı il tarixli güzəştli lizinq müqaviləsinin məzmununda da Cavabdeh adından X1 15 fevral 2017-ci il tarixli etibarnaməsi əsasında hərəkət edə biləcəyi göstərilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, 30 iyun 2016-cı il tarixli güzəştli lizinq müqaviləsinin Cavabdeh adından 30 iyun 2016-cı il tarixdə X3 tərəfindən imzalamaq səlahiyyətinin olması barədə iddiaçı tərəfindən başqa bir etibarnamə məhkəməyə təqdim edilməmişdir. Göstərilənlər isə onu deməyə əsas verir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 30 iyun 2016-cı il tarixli, 1848-GL/16 nömrəli gözəştli lizinq müqaviləsi bağlanmamış və Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında 30 iyun 2016cı il tarixli, 1840-GL/16 nömrəli gözəştli lizinq müqaviləsi üzrə üzərinə öhdəlik götürməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" ASCnin 2.555 manat əsas borcun, 485 manat cərimənin və 30 manat dövlət rüsumunun X2 tutularaq "xxxx" ASC-yə ödənilməsi, 30 iyun 2016-cı il tarixli 1848-GL/16 saylı güzəştli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd “Foton FT-125” markalı traktrorun saz vəziyyətdə geri alınması tələbinə dair iddiası təmin edilməməlidir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli, 2(107)-1082/2018 saylı qətnaməsi ilə təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli 2(075)-325/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(075)-325/2018 saylı qətnaməsi eyni tərəflər arasında olsa da, eyni predmet barəsində deyildir. Belə ki, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(075)- 325/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin 2.555 manat əsas borcun, 485 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq "xxxx" ASC-yə ödənilməsi, 30 iyun 2016-cı il tarixli, 1848-GL/16 saylı güzəştli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd “Foton FT-1254” markalı traktorun saz vəziyyətdə "xxxx" ASC-yə geri qaytarılmasına dair iddiasına baxılmışdır. Hazırki iddia ərizəsi ilə isə maliyyə arayışının tərtib edildiyi 22 avqust 2022-ci il tarixə 30 iyun 2016-cı il tarixli, 1848- GL/16 nömrəli müqavilə üzrə yaranmış 9.443 manat gecikdirilmiş əsas borc və 12.300,03 manat cərimə borcu tələb olunur. Göründüyü kimi hazırki iddia ərizəsi üzrə tələb yalnız Şəki Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(075)-325/2018 saylı qətnaməsində göstərilən dövrü deyil, eyni zamanda ondan sonrakı, yəni tərəflər arasında bağlanmış 30 iyun 2016-cı il tarixli, 1848-GL/16 nömrəli müqavilənin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(075)-325/2018 saylı qətnaməsi eyni tərəflər arasında olsa da, eyni predmet barəsində deyildir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlaıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İşdə olan sənədlərdən görünür ki, "xxxx" ASC ilə cavabdeh arasında 30 iyun 2016cı il tarixdə 1848-GL/16 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləni cavabdehin əvəzinə, xx.xx.2017-ci il tarixli etibarnamə əsasında cavabdehin nümayəndəsi qismində çıxış edən Oruc Əhmədov imzalamışdır. "xxxx" ASC 2017-ci ildə tərəflər arasında bağlanmış həmin müqavilənin ləğv olunması və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi ilə birinci instansiyası məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Şəki Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddia tələbini rədd etmişdir. Şəki Rayon Məhkəməsi həmin mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında 30 iyun 2016-cı il tarixdə bağlandığı bildirilən 1848-GL/16 nömrəli lizinq müqaviləsini imzalayan Oruc Əhmədovun cavabdehin adından bu hərəkəti etmək səlahiyyəti olmamışdır. Belə olan halda hesab edilməlidir ki, tərəflər arasında müqavilə bağlanmamışdır. Bağlanmamış müqavilə üzrə isə cavabdehin öhdəlikləri yaranmamışdır. Göründüyü kimi, hazırki işin başlanmasına əsas olmuş iddia üzrə tərəflər, iddianın predmeti və iddianın əsasları, 2(075)-325/2018 nömrəli iş üzrə iddianın tərəfləri, predmeti və əsasları ilə eynilik təşkil edir. Yuxarıda qeyd olunduğu kimi 2(075)-325/2018 nömrəli iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Bu hal isə hazırki işə yenidən məhkəmədə baxılmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İddiaçı apellyasiya şikayətində bildirir ki, hər iki iş üzrə tərəflər eyni olsa da, iddianın predmeti eyni deyil. Belə ki, hər iki iş üzrə tutulması tələb olunan borcun yarandığı müddət və məbləğ fərqlidir. Məhkəmə bununla bağlı bildirir ki, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir. İddiaçının əldə etməyə çalışdığı maddi nemət, yəni pul məbləği isə bu kimi iddialar üzrə iddianın obyekti hesab edilir. Cavabdehdən tutulması tələb olunan borcun məbləğinin dəyişməsi (azalması, artması) iddianın predmetini deyil, yalnız maddi obyektin həcmini dəyişdirir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hər iki iş üzrə iddianın predmeti də eynidir- 30 iyun 2016-cı il tarixdə bağlanmış 1848-GL/16 nömrəli lizinq müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasının tələb edilməsidir. Bu baxımdan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, “mülki iş üzrə icraata xitam verilməsi” barədə qərardadı qəbul etməklə, habelə həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə Rayon Məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 yanvar 2023-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-400/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-400/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver