Məhkəmə qərarları › İş №2(107)-405/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-405/2024

01.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-405/2024 01.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı “miras qalmış əmlakın tam şəkildə qəbul edilmə faktının müəyyən edilməsi və mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair”, iddiaçılar X3, X1 və X9 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı (Göyçay rayon Notariat Ofisini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) “mirasda payların tanınması tələbinə dair” mülki işə Göyçay Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tаrixli, 2(046)-64/2023 saylı qətnаməsindən iddiaçının İddiaçı1 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı (X6, İsmayılova (Abbasova) Tahirə Abbasəli qızını və Məmmədova (Abbasova) Nahidə Abbasəli qızını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) «miras qalmış əmlakın tam şəkildə qəbul edilmə faktının müəyyən edilməsi və mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əmiləri X7 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, miras qalmış 29 saylı mənzilin onlar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və mirasa tam vərəsəlik hüququ ilə onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məmmədova (Abbasova) Nahidə Abbasəli qızı vəfat etdiyindən, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin siyahısından çıxarılmışdır. İddiaçılar X10, X4 və hüquqi varis X12 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı (Göyçay rayon Notariat Ofisini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində qeyd etməklə) «mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 miras qalmış mirasın, yəni Göyçay şəhəri Heydər Əliyev prospekti 185 saylı evin 29 saylı mənzilin onlar və mərhum X8 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi; mərhum qardaşları X5 miras qalmış Göyçay şəhəri Heydər Əliyev prospekti 185 saylı evin 29 saylı mənzilə qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1270/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı «miras qalmış əmlakın tam şəkildə qəbul edilməsinin müəyyən edilməsi və mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi» tələbinə dair iddia ərizəsi üzrə 2(046)-824/2022 saylı mülki işlə iddiaçılar X3, X2 və hüquqi varis X9 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı «miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə 2(046)-1270/2022 saylı mülki iş bir icraatda birləşdirilmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 07 avqust 2023-cü il tаrixli, 2(046)-64/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək X5 miras qalmış, ünvan 1 ünvanda yerləşən 29 saylı mənzilin üzərində İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, X3 1/5 hissədə, X1 1/5 hissədə və X9 1/5 hissədə payları müəyyən edilməsi, birinci iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu birinci iddia üzrə iddiaçılara, ikinci iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ikinci iddia üzrə iddiaçılara aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Təqdim olunmuş mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, İddiaçı1 vəkili Vəkil tərəfindən Göyçay Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tаrixli, 2(046)- 64/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilsə də, İddiaçı1 tərəfindən ona bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyət verilməsini təsdiq edən sənəd (etibarnamə) apellyasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 68.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi İddiaçı1 vəkili Vəkil iddiaçının nümayəndəsi qismində apellyasiya şikayətini imzalamaq səlahiyyətinə malik olmamış, apellyasiya şikayətini Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinin tələblərini pozmaqla vermişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Göyçay Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tаrixli, 2(046)-64/2023 saylı qətnaməsindən İddiaçı1 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar