Məhkəmə qərarları › İş №2(107)-41/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-41/2023

30.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-41/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh və üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəliyin açılması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi:

1. İddiaçı məhkəməyə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh qarşı mərhum atası Şabanov Yaşar Əlixan oğlundan miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsinə və həmin torpaq sahəsində yerləşən 107,10 kvm fərdi yaşayış evinə, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,9782 ha torpaq sahəsinin ¼ hissəsinə, torpağın mülkiyyətə verilməsinə dair JN- 782B nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha torpaq sahəsinin 1/6 hissəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsinin 1/6 hissəsinə vərəsəliyin açılması, həmin daşınmaz əmlakların onun mülkiyyətinə verilməsi, mərhum atası Yaşar Şabanov və mərhum anası Məlahət Şabanovaya məxsus əmlaklardan mərhumlara aid hissələrdə vərəsəlik hüququnun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021--ci il tarixli, 2(033)-21/2021 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilərək, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Seriya RX N ******* saylı Çıxarış əsasında tam olaraq mərhum Şabanov Yaşar Əziz oğlunun mülkiyyətində olan 107 kvm sahədən ibarət fərdi yaşayış evinə münasibətdə 2/4 hissəsinə, Seriya RX N ******* saylı Çıxarış əsasında verilmiş 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə İddiaçı mərhum atasına düşən payın 2/4 hissəsinə, həmçinin JN-782B KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum Yaşar Şabanovun payının ¼ hissəsi və JN-782C KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum Yaşar Şabanova düşən payın 2/4 hissəsinə İddiaçı vərəsəlik hüququnun verilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1605/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)- 21/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı miras qoyan (atası) Şabanov Yaşar Əlixan oğlundan (irsi transmissiya üzrə X2) miras qalmış 1. (vəsiyyət olunan) RX ******* seriya nömrəli çıxarış əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, ümumi sahəsi 107.10 kv olan fərdi yaşayış evində miras payı -2/6 hissə; -Həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1240 ha həyətyanı torpaq sahəsində miras payı -2/18 hissə; 2. JN 782B Dövlət Aktı əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı- 2/9 hissə; 3. JN 782C Dövlət Aktı əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,15 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı- 2/9 hissə; 4. RX ******* seriya nömrəli çıxarı əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı 2/12 hissə müəyyən edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh kassasiya şikayəti vermişlər.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1192/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1605/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

İşin faktiki halları:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Şabanov Yaşar Əlixan oğlu 09 noyabr 2018-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 107,10 kvm fərdi yaşayış evi, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,9782 ha torpaq sahəsinin ¼ hissəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-782B nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha torpaq sahəsinin 1/6 hissəsi və torpağın mülkiyyətə verilməsinə dair JN- 782C nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsinin 1/6 hissəsi miras əmlak olaraq qalmışdır. X1 15 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalmış əmlaka o və anası, anasının vəfatından sonra isə tək o sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Təsərrüfatı özü idarə edir. Miras əmlakının bölgüsü ilə əlaqədar tərəfindən Zaqatala rayon Notariat Kontorunun Şəxsi Notariusuna müraciət olunmuş, lakin cavabdehlə aralarında mübahisənin olması səbəbindən notariat əməliyyatından imtina edilmişdir. Bundan başqa miras qalmış əmlaklarda həm də onun anasının payı vardır və anası X5 15 aprel 2019-cu il tarixdə vəfat etdiyindən onun əmlakı da miras qalmışdır. O, anasından miras qalmış əmlakın qəbulu ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mülki Məcəllənin tələbinə görə miras qalmış əmlakın bir hissəsinin qəbul edilməsi yerdə qalan bütün mirası qəbul etmək kimi qəbul olunur. Vərəsəlik hüququnu tələb etdiyi miras əmlaklar atası və anasının ümumi birgə mülkiyyətində olaraq mülkiyyət sənədlərində həm də anasının adı olduğundan anaya aid hissələrə də vərəsəlik hüququ verilməlidir. Belə ki, 0,1240 ha torpaq sahəsinin mərhum atası Yaşara düşən hissənin ½-i və Məlahətə düşən hissənin tam hissəsi üzərində, evin isə 1/2 hissəsinə - belə ki, ev tam olaraq Yaşara məxsusdur, anası Məlahət Yaşardan sonra ölüb, atasından anasına düşən pay və atasından düşən pay toplanaraq ona verilməlidir. Atasının cəmi 4 nəfər vərəsəsi olduğundan anasına düşən pay ilə özünün payı evin 1/2-i təşkil edir. 0,1240 ha torpaq 6 nəfərə məxsus olduqda və paylar bərabərdirsə adam başına 0.021 ha düşür. Yaşarın payı - 0,021 ha - bölünür 4 nəfər vərəsəyə. 1. Anası Məlahət öldüyü üçün ona düşən pay ona verilir, yəni 0,021:4=0,005 ha, ona- 0,005, cavabdeh Abdulla - 0,005, mərhum digər vərəsəsi Xanza - 0,005, onun payı ilə (0,005) anası Məlahətin payı toplandıqda 0,005x2=0,01 ha. Deməli həyətyanıdan atasının payından 0,001 ha üzərində vərəsəlik hüququ ona verilməlidir, (yəni, ½ hissəsi), Evdən də eyni qaydada evin 1/2 hissəsi üzərində vərəsəlik hüququ ona verilməlidir. 0,9782 ha torpaq sahəsinə dair vərəsəlik hüququ aşağıdakı qaydada verilməlidir. 0,9782:4=0,24 ha Yaşarın payıdır.Həmin payın yarısı ona və məhrum anasına yəni 0,12 ha hissəsi üzərində vərəsəlik hüququ iddiaçıya verilməlidir. JN 78213 saylı Torpaq Şəhadətnaməsində qeyd olunan- 0,20 ha torpaq, 0,20 ha : 6=0,03 ha - Yaşarın payı. Vərəsəlik açılır Yaşarın payının 1/4 hissəsi ana Məlahətə, 1/4 hissəsi ona, anası öldüyü üçün anasının payı ona verilir, deməli 1/4 + 1/4 = 1/2 hissə, yəni 0.20 ha torpağın Yaşara düşən payı olan 0,03 ha-ın 1/2 hissəsi iddiaçıya vərəsəlik hüququ verilməlidir. Həmin torpaqda 0,03 ha onun anasının payı hamısı iddiaçıya düşür. Çünki qardaşı Emin Bayramov payını ona verir. Anasının payından 0.03 ha üzərində ona vərəsəlik verilməlidir. JN -782C - 0,15 ha torpaqda eyni qaydada 0,15 ha:6 nəfər=0,025 hər adama düşən pay. Atadan iddiaçıya və anasına düşən, yəni, 0,025 ha yarısı, yəni, 1/2 hissəsi və həmin yerdə anasına düşən 0,025 ha hissəsinin hamısı, yəni 0,0375 +0,025+0,025=0,0875 ha. Bu səbəbdən də o. məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki atası Şabanov Yaşar Əlixan oğlu 09 noyabr 2018-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 107,10 kvm fərdi yaşayış evi, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,9782 ha torpaq sahəsinin ¼ hissəsi, torpağın mülkiyyətə verilməsinə dair JN- 782B nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha torpaq sahəsinin 1/6 hissəsi və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsinin 1/6 hissəsi miras əmlak olaraq qalmışdır. X1 15 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalmış əmlaka o və anası, anasının vəfatından sonra isə tək o sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Təsərrüfatı özü idarə edir. Miras əmlakının bölgüsü ilə əlaqədar tərəfindən Zaqatala rayon Notariat Kontorunun Şəxsi Notariusuna müraciət olunmuş, lakin cavabdehlə aralarında mübahisənin olması səbəbindən notariat əməliyyatından imtina edilmişdir. Bundan başqa miras qalmış əmlaklarda həm də onun anasının payı vardır və anası X5 15 aprel 2019-cu il tarixdə vəfat etdiyindən onun əmlakı da miras qalmışdır. O, anasından miras qalmış əmlakın qəbulu ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayəti üzrə izahatlar:

10. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X18 bildirdi ki, hazırda mübahisələndirilən miras əmlak onun ata yurdudu və o da həmin miras əmlkadan özünə düşən payın ona verilməsini istəyir.

12. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı və məhkəmə iclasına gəlməmişdir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

14. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni məhkəmə aktı qəbul edilməlidir.

16. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş:

17. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 15 aprel 2019-cu ildə, Şabanov Yaşar Əlixan oğlu 09 noyabr 2018-ci ildə vəfat etmişdir.

18. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli arayışdan görünür ki, mərhum Şabanov Yaşar Əlixan oğlunun vəfatından sonra onun təsərrüfatında arvadı X5, oğlu Cavabdeh və qızı İddiaçı qalmışdır. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 03 iyul 2019cu il tarixli arayışdan görünür ki, mərhum X3 vəfatından sonra onun təsərrüfatında Cavabdeh və qızı İddiaçı qalmışdır.

19. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli fərdi yaşayış evini texniki pasportunun və Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 ha həyətyanı torpaq sahəsində yerləşən 107,10 kvm sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Şabanov Yaşar Əlixan oğlunun, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə sonuncunun, X18, Cavabdeh, X5, X20 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır.

20. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Şabanov Yaşar Əlixan oğlunun, X11, X18 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır.

21. Torpağın mülkiyyətə verilməsinə dair JN-782B nömrəli Şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasıının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən Şabanov Yaşar Əlixan oğlunun, X18, Cavabdeh, X5, X20 və İddiaçı adına 0,20 ha torpaq sahəsi verilmişdir.

22. Torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli Şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasıının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən Şabanov Yaşar Əlixan oğlunun, X18, Cavabdeh, X5, X20 və İddiaçı adına 0,15 ha torpaq sahəsi verilmişdir.

23. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ailə tərkibi arvadı X12, oğlu Şabanov Yaşar Abdulla oğlu və qızı X4 ibarətdir.

24. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli arayışdan görünür ki, mərhum Şabanov Yaşar Əlixan oğlunun vəfatından sonra onun təsərrüfatında arvadı X5, oğlu Cavabdeh, qızı - İddiaçı, qızı- Şabanova (Qantarova) Xanza Yaşar qızı və oğlu X24 qalmışdır.

25. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli arayışdan görünür ki, mərhum X3 vəfatından sonra onun təsərrüfatında oğulluğu Cavabdeh, qızı İddiaçı, qızı Şabanova (Qantarova) Xanza Yaşar qızı və oğlu X24 qalmışdır.

26. 30 iyun 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, Şabanov X16 rayonu Aşağı Tala kəndində yerləşən təzə tikilmiş fərdi yaşayış evini və həmin evin torpaq sahəsini oğlu Cavabdeh vəsiyyət etmişdir.

27. Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 28 noyabr 2018-ci il tarixli arxiv arayışından görünür ki, 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarına əsasən Şabanov Yaşar Əlixan oğlunun ailəsi arvadı X13, qızı X21 və oğlu Cavabdeh ibarət olmuşdur.

28. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-1605/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 20 may 2021--ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi- vərəsəliyin açılmasının təmin edilməməsi hissəsində ləğv edilərək, bu hissədə iş üzrə icraata xitam verilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən prosessual hüquq normalarının tələbini pozmaqla qərar qəbul etmişdir.

30. İddia tələbindən görünür ki, iddiaçı mərhum atası Yaşar Şabanov və anası Məlahət Şabanovadan miras qalmış əmlaklarla bağlı vərəsəliyin açılması və vərəsəlik hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

31. Məhkəmə kollegiyası tam hüquqlu məhkəmə kimi iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

32. İddia tələbinin dəlillərindən göründüyü kimi iddiaçının tələbi iki hissədən- vərəsəliyin açılması və vərəsəlik hüququnun tanınmasından (verilməsindən) ibarətdir. (Kollegiya tələbin ikinci hissəsini vərəsəlik payının müəyyən edilməsi kimi qəbul edir).

33. İşə baxan birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərək, iddiaçının vərəsəlik payını müəyyən etsə də, tələbin “vərəsəliyin açılması” hissəsinə hüquqi qiymət verməmişdir.

34. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 43. Maddə 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. 1193-ci maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1201-ci maddəsinə əsasən əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

36. Məhkəmə kollegiyası əvvəlcə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsində nəzərdə tutulan məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salmağı vacib hesab edir.

37. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.

38. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir.

39. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.

40. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.

41. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas götürülməlidir.

42. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır.

43. Ona görə də, əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.

44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.”

45. Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. Məsələn, qanun üzrə iki vərəsə olan və 1.000.000 manat dəyərindəki mirasda 20.000 manatlıq avtomobil kənar bir şəxsə vəsiyyət edilmişsə, vərəsələr məcburi payları olan 250.000 manatdan artıq (490.000 manat) dəyərdə əmlak aldıqları halda, onların həmin avtomobilə də şərik olmaları ədalətli olmadığı kimi, miras qoyanın son iradəsinə də ziddir.

46. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür.

47. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.

48. Ona görə də vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığı aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələbləri həll edilməlidir.

49. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1192/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarında göstərilir ki, cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də odur ki, qanun üzrə vərəsələrindən Xanza Qantarova mirası faktiki qəbul etsə də, onun mirasda iştirakı və payı nəzərə alınmadan bölgü aparılmışdır.

50. Yuxarıda göstərilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün Yaşar Şabanovdan qalan miras kütləsi (vəsiyyət edilmiş əşyalar da daxil olmaqla bütün aktiv və passiv), habelə qanun və vəsiyyət üzrə bütün vərəsələrin dairəsi müəyyən edilməli, onlar işdə iştirak etməyə cəlb olunmalı, mirasın qəbulu və ondan imtina ilə bağlı qaydalar da nəzərə alınmaqla, pay bölgüsündə iştirak edən vərəsələrin dairəsi, bunlara müvafiq olaraq iddiaçının məcburi payının həcmi və vəsiyyətnamənin xaricində qalan əmlakdan İddiaçı qanun üzrə vərəsəlik qaydasında əldə etdiyi dəyər işdə iştirak edən şəxslərlə müzakirə edilməklə və işdə olan sübutlarla birlikdə qiymətləndirilməklə aydınlaşdırılmalı, bundan asılı olaraq iddiaçının məcburi payının pozulub-pozulmadığı, əgər pozulmuşsa hansı həcmdə (tam yoxsa qismən) pozulduğu təsbit olunmalı, buna müvafiq olaraq həmin payın tamamlanması və digər iddia tələbləri həll edilməlidir.

51. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1192/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarının göstərişinə əsasən məhkəmə kollegiyası tərəfindən iş üzrə Qantərova (Şabanova) Xanza Yaşar qızı üçüncü şəxs qismində işə cəlb edilmiş, vərəsələr dairəsi müəyyən edilmiş, həmçinin miras əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizаsı təyin edilmişdir.

52. Zaqatala rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli arayışdan görünür ki, Şabanov Yaşar Əlixan oğlu vəfat etdiyi gündən, yəni xx.xx.2018-ci il tarixdədək Zaqatala rayonu Aşağı Tala kəndində yaşamışdır. Onun varisləri arvadı X14 (vəfat edib), oğlu Cavabdeh, qızı İddiaçı, qızı X15, oğlu X24 (vəfat edib), oğlu X22 (vəfat edib) qalmışdır.

53. Zaqatala rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 may 2013-cü il tarixli, AZ-İ seriyalı, 622988 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2013-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il kitabında 28 nömrəli qeyd edilmişdir.

54. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş 14 mart 2023-cü il tarixli, AZ-İİ seriyalı, 328301 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1988-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il kitabında 16 nömrəli qeyd edilmişdir.

55. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı atası Şabanov Yaşar Əlixan oğlunun xx.xx.2018-ci ildə ölməsi ilə vərəsəlik açılmışdır. Onun Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 ha həyətyanı torpaq sahəsində yerləşən 107,10 kv.m sahədən ibarət fərdi yaşayış evi, həmin evin üzərində yerləşdiyi Şabanov Yaşar Əlixan oğlunun, X18 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 ha həyətyanı torpaq sahəsi, Şabanov Yaşar Əlixan oğlunun, X11, X18 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Şabanov Yaşar Əlixan oğlunun, X18 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,20 ha həyətyanı torpaq sahəsi və Şabanov Yaşar Əlixan oğlunun, X18 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasıının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi miras qalmışdır.

56. Mirasqoyan Şabanov Yaşar Əlixan oğlunun ölümündən sonra xx.xx.2019-cu il tarixdə ölmüş arvadı X14, oğlu xx.xx.1990-cı ildə anadan olmuş Cavabdeh, qızları xx.xx.2001-ci ildə anadan olmuş İddiaçı və xx.xx.1989-cu ildə anadan olmuş Qantərova (Şabanova) Xanza Yaşar qızından ibarət 4 vərəsələri qalmışdır ki, onların hər biri mirası qəbul etmişdir (İddiaçı vərəsəlik açılan zaman yetkinlik yaşına çatmayan olduğundan yetkinlik yaşına çatandan sonra). Həmçinin, qanun üzrə vərəsələr mirasdan məcburi paylarını tələb edirlər. xx.xx.2019-cu il tarixdə ölmüş arvadı X9 ölümündən sonra ondan qalmış mirası hazırkı iş üzrə iddiaçı olan İddiaçı qəbul etmişdir. X24 isə 2013-cü ildə ölmüşdür.

57. Mirasqoyan Şabanov Yaşar Əlixan oğlu 30 iyun 2013-cü il tarixli vəsiyyətnamə ilə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən özləri yaşadığı təzə tikilmiş fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini oğlu həmin ünvanda yaşayan Cavabdeh vəsiyyət etmişdir. Vəsiyyət olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Şabanov Yaşar Əlixan oğlunun, X18 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən Şabanov Yaşar Əlixan oğlunun mülkiyyətində olan 107,10 kv.m sahədən ibarət fərdi yaşayış evidir.

58. Şəki Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tаrixli, 2(107)-1034/2022 nömrəli qərаrdаdına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir.

59. Qeyd edilən qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli 10/7222 nömrəli ekspert rəyində göstərilmişdir ki, qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində internet saytı məlumatlarına əsasən mübahisə predmeti olan ümumi sahəsi 107.10 kv.m olan fədi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi ilə bilikdə) 1 kv.m-nin hazırkı orta bazar qiyməti təqribən 520 manat ((673+500+500+406)/4), mübahisə predmeti olan 0.20 ha, 0,15 ha və 0,9782 ha torpaq sahələrinin isə 0,01 ha (1sot)-nın hazırkı orta bazar qiyməti təqribən 352 manat ((394+330+333)/3) məbləğində müəyyən olunur. Belə olan halda, mübahisə predmeti olan, ümumi sahəsi 107.10 kv.m olan fərdi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 55700 manat, ümumi sahəsi 0.20 ha (20 sot) olan torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 7000 manat, ümumi sahəsi 0.15 ha (15 sot) olan torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 5300 manat, ümumi sahəsi 0.9782 ha (97 sot) olan torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 34000 manat məbləğində müəyyən olunur.

60. Miras qoyanın vəsiyyət etdiyi əmlaklarda yuxarıda göstərilən vərəsələrin məcburi pay hüququ vardır. Həmin payın həcmi vəsiyyətnamə olmayacağı təqdirdə qanun üzrə vərəsəlik zamanı onların ala biləcəkləri miras payının yarısını təşkil edir.

61. Şabanov Yaşar Əlixan oğlunun X11, X18 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsi mirasqoyan Şabanov Yaşar Əlixan oğluna məxsus olduğundan həmin ¼ hissənin ¼ hissəsi hazırki iş üzə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı keçmişdir ki, bu da həmin torpaq sahəsinin qiyməti olan 34000 manatın 1/16 hissəsi (34000:4=8500:4=2125) edir ki, bu da 2125 manat edir. Nə qədər ki, digər vərəsə X9 qəbul etdiyi miras payı da hazırki iş üzrə iddiaçıya irsi transmissiya qaydasında keçmişdir, onun cəmi payı 2/16 olmaqla, 4250 manat edir.

62. X18 və Cavabdeh həmin əmlakın ümumi birgə mülkiyyətçisi olduqlarından həmin əmlakda onların hər birinin 4/16 hissə payı vardır. Eyni zamanda, onlar hər biri qanun üzrə vərəsəlik qaydasında həmin əmlakdan 1/16 hissə miras payı əldə etmişlər.

63. Belə olduqda, X10 və Cavabdeh hər birinin payı 5/16 hissə olmaqla, ayrıayrılıqda qiyməti 10,625 manat müəyyən edilir.

64. Şabanov Yaşar Əlixan oğlunun X18 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,20 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi mirasqoyan Şabanov Yaşar Əlixan oğluna məxsus olduğundan həmin 1/3 hissənin ¼ hissəsi hazırki iş üzə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı keçmişdir ki, bu da həmin torpaq sahəsinin qiyməti olan 7000 manatın 1/12 hissəsi (7000:3=2333:4=583.3) edir ki, bu da 583.3 manat edir. Nə qədər ki, digər vərəsə X9 qəbul etdiyi miras payı da hazırki iş üzrə iddiaçıya irsi transmissiya qaydasında keçmişdir, onun cəmi payı 2/12 olmaqla, 1166.6 manat edir.

65. X18 və Cavabdeh həmin əmlakın ümumi birgə mülkiyyətçisi olduqlarından həmin əmlakda onların hər birinin 4/12 hissə payı vardır. Eyni zamanda, onlar hər biri qanun üzrə vərəsəlik qaydasında həmin əmlakdan 1/12 hissə miras payı əldə etmişlər.

66. Belə olduqda, X10 və Cavabdeh hər birinin payı 5/12 hissə olmaqla, ayrıayrılıqda qiyməti 2916.6 manat müəyyən edilir.

67. Şabanov Yaşar Əlixan oğlunun X18 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasıının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi mirasqoyan Şabanov Yaşar Əlixan oğluna məxsus olduğundan həmin 1/3 hissənin ¼ hissəsi hazırki iş üzə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı keçmişdir ki, bu da həmin torpaq sahəsinin qiyməti olan 5300 manatın 1/12 hissəsi (5300:3=1766.6:4=441.6) edir ki, bu da 441.6 manat edir. Nə qədər ki, digər vərəsə X9 qəbul etdiyi miras payı da hazırki iş üzrə iddiaçıya irsi transmissiya qaydasında keçmişdir, onun cəmi payı 2/12 olmaqla, 883.2 manat edir.

68. X18 və Cavabdeh həmin əmlakın ümumi birgə mülkiyyətçisi olduqlarından həmin əmlakda onların hər birinin 4/12 hissə payı vardır. Eyni zamanda, onlar hər biri qanun üzrə vərəsəlik qaydasında həmin əmlakdan 1/12 hissə miras payı əldə etmişlər.

69. Belə olduqda, X10 və Cavabdeh hər birinin payı 5/12 hissə olmaqla, ayrıayrılıqda qiyməti 2208.3 manat müəyyən edilir.

70. Şabanov Yaşar Əlixan oğlunun X18 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 ha həyətyanı torpaq sahəsinin qiyməti 4364.8 manat edir ki, onun da 1/3 hissəsi mirasqoyan Şabanov Yaşar Əlixan oğluna məxsus olduğundan qanun üzrə vərəsəlik zamanı həmin 1/3 hissənin ¼ hissəsi hazırki iş üzə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı payını təşkil edir. Bu da 363.7 manat edir (4364.8:3=1454.9:4=363.7).

71. Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 ha həyətyanı torpaq sahəsində yerləşən 107,10 kv.m sahədən ibarət mirasqoyan Şabanov Yaşar Əlixan oğlunun mülkiyyətində olmuş fərdi yaşayış evinin qiyməti 51,335.2 manatdır ki, həmin miras əmlak qanun üzrə vərəsəlik zamanı mirası qəbul etmiş 4 vərəsənin hər birinin payı ¼ hissə olmaqla 12,833.8 manat təşkil edir.

72. Bu qətnamənin 1-5-ci bəndlərində göstərilən məbləğlər nəzərə alınarsa, hazırki iş üzrə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı vəsiyyətnamə olmayacağı təqdirdə qanun üzrə vərəsəlik zamanı alacağı miras payının həcmi 16,347.4 manat təşkil edir. (2125+583.3+441.6+363.7+12,833.8=16,347.4)

73. Vəsiyyətnamə olan halda vərəsənin məcburi payının həcmi qanun üzrə vərəsəlik zamanı alacağı miras payının yarısını təşkil etdiyindən hazırkı halda iddiaçı olan qanun üzrə vərəsə İddiaçı miras payının həcmi 8.173.7 manat təşkil edir. Həmin məbləğin 3149.9 manatlıq (2125+583.3+441.6=3149.9) hissəsini 0,9782 ha, 0,20 ha və 0,15 ha ölçülü torpaq sahələrindən qanun üzrə vərəsəlik qaydasında əldə etdiyindən, ona çatası məcburi payın çatışmayan hissəsi 5023.8 manat təşkil edir. Həmin məbləğ irsi transmissiya üzrə X2 qalmış payla birlikdə cəmi 10,047.6 manatdır (on min qırx yeddi tam onda altı). İddiaçı məcburi payının çatışmayan hissəsini vəsiyyət edilmiş miras əmlakın dəyərindən tələb etməkdə haqlıdır.

74. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır.

75. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq düzgün nəticəyə gəlməmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən edilməlidir.

76. İPM-in 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. Odur ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ödənilmiş tələblərə münasib olaraq 25 manat İddiaçı və 25 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına köçürülməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22)

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İddiaçı miras qoyan (atası) Şabanov Yaşar Əlixan oğlundan (irsi transmissiya üzrə X2) miras qalmış RX ******* seriya nömrəli çıxarış əsasında Şabanov Yaşar Əlixan oğlunun X11, X18 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı qanun üzrə vərəsəlik payı (irsi transmissiya üzrə X2 qalmış payla birlikdə) 2/16 hissə olmaqla, qiyməti 4250 manat müəyyən edilsin. X10 həmin əmlakdan payı 5/16 hissə olmaqla, qiyməti 10,625 manat müəyyən edilsin. Cavabdeh həmin əmlakdan payı 5/16 hissə olmaqla, qiyməti 10,625 manat müəyyən edilsin. JN 782B Dövlət Aktı əsasında Şabanov Yaşar Əlixan oğlunun X18 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,20 ha həyətyanı torpaq sahəsində İddiaçı qanun üzrə vərəsəlik payı (irsi transmissiya üzrə X2 qalmış payla birlikdə) 2/12 olmaqla, 1166.6 manat müəyyən edilsin. X10 həmin əmlakdan payı 5/12 hissə olmaqla, qiyməti 2916.6 manat müəyyən edilsin. Cavabdeh həmin əmlakdan payı 5/12 hissə olmaqla, qiyməti 2916.6 manat müəyyən edilsin. JN 782C Dövlət Aktı əsasında Şabanov Yaşar Əlixan oğlunun X18 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasıının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,15 ha həyətyanı torpaq sahəsində İddiaçı qanun üzrə vərəsəlik payı (irsi transmissiya üzrə X2 qalmış payla birlikdə) 2/12 olmaqla, 883.2 manat müəyyən edilsin. X10 həmin əmlakdan payı 5/12 hissə olmaqla, qiyməti 2208.3 manat müəyyən edilsin. Cavabdeh həmin əmlakdan payı 5/12 hissə olmaqla, qiyməti 2208.3 manat müəyyən edilsin. İddiaçı məcburi payının 5023.8 manat olan çatışmayan hissəsi irsi transmissiya üzrə X2 qalmış payla birlikdə cəmi 10,047.6 manat (on min qırx yeddi tam onda altı) vəsiyyət edilmiş Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 ha həyətyanı torpaq sahəsində yerləşən 107,10 kv.m sahədən ibarət fərdi yaşayış evi və həmin evin üzərində yerləşdiyi Şabanov Yaşar Əlixan oğlunun, X18 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 ha həyətyanı torpaq sahəsinin hesabına ödənilsin (tamamlansın). X10 məcburi payının 5023.8 manat olan çatışmayan hissəsi Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 ha həyətyanı torpaq sahəsində yerləşən 107,10 kv.m sahədən ibarət fərdi yaşayış evi və həmin evin üzərində yerləşdiyi Şabanov Yaşar Əlixan oğlunun, X18 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 ha həyətyanı torpaq sahəsinin hesabına ödənilsin (tamamlansın). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat ödənilmiş tələblərə münasib olaraq 25 manat İddiaçı və 25 manat Cavabdeh tutularaq X6nin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar