Məhkəmə qərarları › İş №2(107)-411/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-411/2022

02.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-411/2022 02.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və X4 İstismar idarəsinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(024)-891/2021 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(024)-891/2021 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, cavabdeh “Azəriqaz” İB-nin İddiaçı qanunsuz hesabladığı 2160 m3 qazın dəyəri 216 manat məbləğində borcun silinməsi qət edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İB tərəfindən ona qanunsuz olaraq hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər X4 İstismar idarəsinin və “Azəriqaz” İB-nin etibarnamə üzrə nümayəndələri məhkəmə iclasına gəlməmiş və X4 İstismar idarəsinin nümayəndəsi gəlməməsinin üzürlü səbəblərinə dair məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin cavabdeh “Azəriqaz” İB məhkəməyə etiraz ərizəsi göndərərək iddianı qəbul etmədiyini, işə özlərinin iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X4 İstismar idarəsinin və “Azəriqaz” İB-nin etibarnamə üzrə nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o Qax rayonu, Alamlı kəndində yaşayır. O yaşadığı evdə qazdan istifadə etmiş və mütəmadi olaraq qaz pulunu ödəmişdir. 19.05.2021-ci il tarixdə X4 İstismar İdarəsinin əməkdaşları yaşadığı mənzilə gələrək qaz sayğacının yenisi ilə əvəzlənməsi məqsədi ilə sayğacı aparmış və yenisi ilə əvəz etmişlər. Qaz sayğacının yenisi ilə əvəz olunduğuna dair akt tərtib olunmuşdur. Bir müddət vaxt keçdikdən sonra qaz pulunu ödəmək isdədikdə ona əlavə olaraq 216 manat qaz borcu hesablandığı müəyyən olunmuşdur. Bununla bağlı Qax rayon Qaz istismar sahəsi yaranmış ziddiyəti heç bir hüquqi əsasını göstərməmiş sadəcə bildirmişdir ki, ona verilən sayğaca müdaxilə edilmişdir. Tərəfindən həmin sayğaca müdaxilə olunmamışdır. Buna görə də hesablanmış qanunsuz pul məbləği silinməlidir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanmasına nəzarət etmək imkanı da olmamış, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyindən sayğacda olan zədələnmələr, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı “ Qazdan istifadə qaydaları haqqında” qərarın 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən “Azəriqaz” İB tərəfindən ona qanunsuz olaraq hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İB məhkəməyə etiraz ərizəsi göndərərək, ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı "Azəriqaz” İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə" iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 167.70 manat borc vardır. Həmin borcun tam hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu (216 m) mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19.05.2021-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********3 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcmın texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin 16.07.2021-ci il tarixli 29/1710-02935-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağının qoruyucu şüşəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.07.2021-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 29.07.2021-ci il tarixli "dəymiş ziyanın bərpasına dair tələbnaməsinə" ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Sayğacın hesablama mexanizmi onun qurğuşun plombu kəsilərək çıxarılmaqla uçotu aparan çarxları istehlakçı öz xeyrinə tənzimləməkdədir. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularım onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14.03.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı “Azəriqaz” İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 apellyasiya şikayətini birinci instansiya məhkəməsinə verdiyi etirazın dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə formal mülahizələr əsasında nəticəyə gəlmiş, işin faktiki hallarını araşdırmamış və iş üzrə maddi sübutlara hüquqi qiymət verməmişdir. Ona görə də, Qax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(024)-891/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı, cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və X4 İstismar idarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(024)-891/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin elektron göstəricilərindən görünür ki, İddiaçı Qax rayonu, Almalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, “Azəriqaz” İB-nin tərtib etdiyi dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın həcmi 2160m3dur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə, Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinə, “Qazdan istifadə qaydaları”-nın 4.2, 4.5, 4.7, 4.8, 5.5 və 6.7-ci bəndlərinə, «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-560.3-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı “Azəriqaz” İB-də **********00000 saylı istehlakçısı kimi qeydiyyatdadır. İddiaçı mənzildə təbii qazdan istifadə etmiş və istifadə etdiyi qaz pulunu hər ay sayğacın hesablamalarına uyğun olaraq ödəmişdir. 29.07.2021-ci il tarixdə Azəriqaz İB-nin X4 istismar idarəsinin rəisi tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və iddiaçıya G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın həcmi 2160m3 hesablanmışdır. Həmin borc məbləği iddiaçıya sayğaca müdaxilə etdiyi iddiası ilə hesablanmışdır. Lakin “Azəriqaz” İB yaranmış ziddiyətin heç bir hüquqi əsasını göstərməmiş sadəcə iddiaçıya bildirmişlər ki, iddiaçıya verilən sayğacın hesablama mexanizminin plasmas qapağının qoruyucu şüşəsi deşici alətlə deşilib. İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı mənzilindən kənarda küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəfindən Qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutlar və iddiaçının gətirdiyi dəlilləri təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. İddiaçı tərəfindən qeyd olunаn sаyğаcа hər hаnsı müdаxilənin edilməsi, onun tərəfindən sаyğаcdаn, onun işləmə prinsipindən və s. аnlаyışı olаn şəxsin tаpılаrаq, onun vаsitəsi ilə sаyğаcа müdаxilə etməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim etmədiyindən məhkəmə iddiaçıya hesablanan cərimə məbləğinin əsassız olması qənaətinə gəlir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İB-nin İddiaçı qanunsuz hesabladığı 2160 m3 qazın dəyəri 216 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(024)-891/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(024)-891/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar