Məhkəmə qərarları › İş №2(107)-417/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-417/2025

16.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-417/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, Qax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(024)-44/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları AZ-İV № 532712 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X3r. AZ-İ № 239382 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 may 2007-ci ildə ölmüşdür. "Azərişıq” ASC-nin əməkdaşları F.Nəzirli və A.Heydərov tərəfindən İddiaçı məxsus obyektə sayğac üzrə keçirilmiş yoxlamadan sonra 24 oktyabr 2020-ci i il tarixdə tərtib edilmiş AKT R 032856 aktın surətindən görünür ki, sayğaca keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Sayğac obyektin daxilindədir, giriş xətti zədələnmişdir, keçən yükü hiss etmir. Baxış zamanı məlum oldu ki, obyektdə təmir gedir, xəttin en kəsiyinini sahəsi 6 mm-dir. Qeyd: kənar xətt ləğv edilsin və (ev sayğacından götürülmüş xətt) Sayğac yenisiylə əvəz edilmiş və uçot dəsti bərpa edilmişdir. 3 gün müddətinə “Asan Xidmət” Mərkəzinə müraciət olunsun, əks halda enerji verilişi verilməsin. Hesablanacaq məbləğ bazaya daxil edilsin. Məişət İstehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokoldan görünür ki, Qax EŞ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş, bununla bağlı ******* saylı protokol tərtib olunmuş və həmin protokolu icraçı və istehlakçı tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «əsassız yaranmış borcun silinməsi» barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X4 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhum atasından hazırda yaşadığı Qax şəhəri, İ.Dağıstanlı küçəsində ev və köhnə mağaza miras qalmışdır. Lakin mağaza təmirsiz olduğundan işlətmir. Həmin mağazanı təmir etdirir. Mağazanı təmir edən ustalar üçün lazım olan elektriki isə uzadıcılar vasitəsi ilə öz evindən işlədir. Qeyd edilən mağazada köhnə elektrik sayğacı olmuşdur. xx.xx.2020-ci il tarixdə Qax Elektrik şəbəkəsinin əməkdaşları həmin mağazaya gələrək elektrik sayğacının köhnəsinin yenisi ilə əvəz edilməli və yeni sayğacın mağazanın çölünə qoyulmalı olduğunu bildirmişlər. O, qeyd olunanlara heç bir etiraz bildirməmişdir. Həmin vaxtı Qax Elektrik şəbəkəsinin əməkdaşları mövcud məsələ ilə bağlı akt tərtib etdilər. xx.xx.2020-ci il tarixdə Qax Elektrik şəbəkəsinin əməkdaşları yenidən həmin obyektdə gələrək köhnə elektrik sayğacını sökdülər və obyektin çöl tərəfinə smart kart tipli bir ədəd yeni elektrik sayğac yerləşdirdilər. Bu barədə ******* saylı protokol tərtib edilmişdir. Həmin elektrik sayğacı isə yeni olmuş və cəmi 00006 kilovat elektrikdən istifadə edilmişdir. Bundan sonra o həmin elektrik sayğacının smart kartına pul yüklədiyi zaman ona məlum olmuşdur ki, yeni sayğac üzrə onun 2300 manat elektrik borcu vardır. Belə olan halda Qax Elektrik şəbəkəsinə müraciət etmiş və həmin borcun hansı səbəbdən yarandığını soruşmuşdur. Lakin ona həmin borcun hansı səbəbdən yarandığını izah etmədilər. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(024)-44/2025 nömrəli qətnaməsi (hakim: T.Kərimov) ilə, iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə İddiaçı **********71017 nömrəli abonent koduna əsassız hesablanmış 2295 (iki min iki yüz doxsan beş) manat məbləğində borc silinməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən borc yazılması əsassız olmuşdur. İlk növbədə ona görə ki, elektrik sayğacı açıq ərazidə yerləşir və quraşdırılmış hesablaşma elektrik sayğacının işlək vəziyyətdə olmasına Cəmiyyət özü cavabdehlik daşıyır. Digər tərəfdən iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən tərtib olunan Aktda sayğacın obyektin daxilində quraşdırılması qeyd olunsa da, cavabdeh tərəfindən buna dair məhkəməyə sübut təqdim edilməmişdir. İşin faktiki halları, iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, sözügedən sayğac obyektdən kənarda, işıq dirəyinin üzərinə quraşdırılmışdır. Belə ki, məhkəmə tərəfindən aktda qeyd olunmuş kənar xəttlə bağlı (ev sayğacından götürülmüş xətt) videogörüntülərin Qax Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdehə rəsmi qaydada müraciət edilmiş, cavabdehin nümayəndəsi tərəfindən şifahi qaydada həmin görüntülərin mövcud olmadığı bildirilmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Çünki aktın tərtibatı zamanı «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə riayət edilməmişdir. Sayğacın obyekt daxilində quraşdırılması, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə isə videogörüntü cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasında qeyd etdiyi qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin enerji satış bazasında X2 adına olmaqla **********3 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsinə dair qətnaməsini əsaslandıraraq bildirmişdir ki, akt əsasında hesablanmış məbləği əks etdirən rəsmi sənədin iddiaçıya təqdim edilməsi müəyyən edilmədiyindən iddia müddətinin tətbiq edilməsi əsassızdır. Qeyd etməyi zəruri hesab edir ki abonentə həmin məbləğlə yanaşı aylıq sərfiyyatın qeyd olunduğu hesab bildiriş təqdim edilmişdir. Göründüyü kimi iddiaçının yazılmış akt və hesablanmış məbləğdən məlumatı olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, kənar xəttdən istifadə etməmişdir. Sayğacı yeniləmək üçün işıq idarəsinin əməkdaşları həmin yerə o özü dəvət etmiş və işləməyən sayğacı onlara göstərmişdir. Həmin obyekdə kənar xətt mövcud olmuşdur. Lakin, həmin xətt evinin sayğacından götürülmüşdür. Bu hal tərtib edilmiş aktda da öz əksini tapmışdır. Bu səbəbdən də ona qanunsuz akt yazılmışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu (11 aprel 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada)

11. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. (14 aprel 2022-ci il tarixədək olan redaksiyada) 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. (28 sentyabr 2021-ci il tarixədək olan redaksiyada).

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu;

3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə iddiaçıya akt əsasında hesablanmış borcun silinməsi bağlıdır. Belə ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mərhum atasına məxsus olan Abunə kodu **********3, **********71017 olan elektrik sayğacına qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın tamamailə rədd edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "Azərişıq” ASC-nin əməkdaşları F.Nəzirli və A.Heydərov tərəfindən İddiaçı məxsus obyektə sayğac üzrə keçirilmiş yoxlamadan sonra 24 oktyabr 2020-ci il tarixdə AKT R 032856 akt tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddia müddətinin ötürüldüyünü qeyd edərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir ç(Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı nəzərə alınmalıdır ki, - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, bu xarakterli işlər üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ "xxxx" ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin "xxxx" ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinə yönəlmişdir. Bu baxımdan, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən, müəyyən halın mövcud olub-olmadığını təsbit etməyi tələb etmək səlahiyyətinə malik şəxslərə çevrilirlər. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı olan dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kənar xəttin aşkar edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf kənar xəttin mövcud olmasını və istehlahçının ondan yararlandığını bildirdiyi üçün həmin halı sübut etmə yükü də iddiaçı tərəfin üzərində qala bilməz. Odur ki, bu halların sübutetmə yükü məhz cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası sübutetmə yükü ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan başqa, "Azərişıq” ASC-nin əməkdaşları F.Nəzirli və A.Heydərov tərəfindən İddiaçı məxsus obyektə sayğac üzrə keçirilmiş yoxlamadan sonra 24 oktyabr 2020-ci i il tarixdə tərtib edilmiş AKT R 032856 aktın surətindən görünür ki, sayğaca keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Sayğac obyektin daxilindədir, giriş xətti zədələnmişdir, keçən yükü hiss etmir. Baxış zamanı məlum oldu ki, obyektdə təmir gedir, xəttin en kəsiyinini sahəsi 6 mm-dir. Qeyd: kənar xətt ləğv edilsin (ev sayğacından götürülmüş xətt). Göründüyü kimi, "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş Aktdan da kənar xəttin olduğu, lakin həmin xəttin iddiaçının ev sayğacından götürüldüyü qeyd edilmişdir. Yəni, həmin sayğaca çəkilmiş kənar xətt başqa yerdən və ya gizli formada deyil məhz iddiaçıya məxsus evin sayğacından götürülmüşdür. Ləğv edilmiş xəttdə ev sayğacından gələn xətt olmuşdur. Bundan başqa, məhkəmə kollegiyasının iclasında İddiaçı özüdə bildirmişdir ki, o, kənar xəttdən istifadə etməmişdir. Həmin obyekdə kənar xətt mövcud olmuşdur. Lakin, həmin xətt evinin sayğacından götürülmüşdür. Bu hal tərtib edilmiş aktda da öz əksini tapmışdır. Belə olan halda kollegiya hesab edir ki, hazırki halda heş bir kənar xəttin (iddiaçıya məxsus olan evdən çəkilmiş xətdən başqa) mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamışdır. Kənar xəttin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmadığı halda iddiaçıya cərimə yazılması qanunsuz olmuşdur. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, keçən yükü hiss edilib-edilməməsi də iddaçının ziyanına şərh edilə bilməzdi. Belə ki, sayğaca çəkilmiş xətt məhz iddiçıya məxsus evin sayğacından götürülmüşdür. Evin sayğacı isə həmin yükü qeyd etmişdir. Beləliklə işin hallarından müəyyən edilir ki, cavabdeh tərəf şikayətdə qeyd etdiyi dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, yalnız bu barədə bildirməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sayğacın obyektin daxilində yerləşməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Akta görə sayğac daxildə yerləşir. Lakin, sayğacın daxildə yerləşməsi birmənalı olaraq onda pozuntunun olması qənaətinə gəlməyinə əsas vermir. Hər bir halda işin halları ilə pozuntunun baş verməsi sübut olunmalıdır. Məhkəmə kollegiyası eyni zamanda aktın qüsurlu olması ilə bağlı qeyd edir ki, akt tərtib edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının 8.33 bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 24 oktyabr 2020-ci il tarixli AKT-dan isə görünür ki, həmin akt tərtib edilən zaman hal şahidləri iştirak etməmişdir. Bundan başqa, videogörüntülər də məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(024)-44/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar