Məhkəmə qərarları › İş №2(107)-424/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-424/2024

25.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-424/2024 25.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması, sübutetmə yükü, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(037)-1350/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisində onunla cavabdeh arasında 12 iyul 2023-cü il tarixdə bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlanma müqaviləsinə əsasən yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 28 yanvar 2012-ci il tarixli,**********00- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, MA №0288573 nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 69.5 kv.metr, yaşayış sahəsi 42.9 kv.metr, yardımçı sahəsi 26.6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi ona məxsusdur. Uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir.Maddi imkansızlıq ucbatından vaxtlı vaxtında həkimə gedərək xəstəliyini müayinə və müalicə etdirə bilmir. Gələcəkdə baş verə biləcək hadisələrə görə özünə məxsus fərdi yaşayış evini qızının adına rəsmiləşdirmək istəmişdir. 10 noyabr 2023-cü ildə reyestr xidmətinə müraciət etdikdə, ona bildirmişlər ki, ona məxsus fərdi yaşayış evini oğlu Cavabdeh öz adına rəsmiləşdirərək çıxarış almışdır. Bundan sonra sözügedən bağışlama müqaviləsini əldə etmiş və oğlunun necə və hansı şəraitdə əmlakını öz adına rəsmiləşdirməsi barədə heç bir məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu Cavabdeh notariat ofisinə gedərək ona müvafiq idarə və təşkilatlarda onu təmsil etmək üçün etibarnamə verilməsi xahiş olunmuş, lakin oğlu Cavabdeh onun etibarından sui-istifadə edərək aldatmış, etibarnamə əvəzinə ona məxsus olan daşınmaz əmlakı guya ona hədiyyə etmək istədiyini notariat ofisinə bildirmişdir. Belə ki, o notariat ofisində tərtib edilmiş sənədlərə fikir verməmiş, fikrini düzgün ifadə edə bilmədiyini, yazıb oxumağı tam bilmədiyindən və tərtib olunmuş sənədlərə diqqət yetirmədiyindən istifadə edən cavabdeh ona məxsus fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında öz adna rəsmiləşdirmişdir. Bildirmək istəyir ki, bağışlama müqaviləsi tamamilə saxtadır, o, özünə məxsus yaşayış evini cavabdehə hədiyyə etməmiş, həmin müqavilədən xəbəri olmamışdır. Ona görə də bağışlama müqaviləsi etibarsız hesab olunmalıdır. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(037)-1350/2023 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 12 iyul 2023-cü il tarixdə İsmayıllı rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-593 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13inin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 28 yanvar 2012-ci il tarixli, **********00-10301 nömrəli, ********** MA № ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 69.5 kv/m, yaşayış sahəsi 26.6 kv.metr, yardımçı sahəsi 42.9 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi 0.08 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçıya məxsus olmuş, 12 iyul 2023-cü il tarixdə bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın bağışlanması müqaviləsi ilə iddiaçı ona məxsus fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir. Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur. Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi - hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir, ikincisi-tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. Belə ki, birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçı öz fikirlərini çətinliklə ifadə edərək, onun oğluna vermiş olduğu etibarnaməni mübahisələndirmiş, ümumiyyətlə bağışlama müqaviləsi barədə fikir bildirməməsi, bir daha onu deməyə əsas verir ki, iddiaçı hazırki vaxta qədər belə bağışlama müqaviləsinin mövcudluğundan xəbərsizidir. İddiaçı ifadələrində ona məxsus fərdi yaşayış evinin oğluna verdiyi etibarnamə əsasında onun adına rəsmişlədirməsini qeyd edərək, məhz həmin etibarnamənin etibarsız hesab edilməsini xahiş edir.Göründüyü kimi, iddiaçı özünə məxsus fərdi yaşayış evini bağışlayarkən həqiqi iradə ifadəsini bəyan etməmiş, oğluna onu dövlət idarələrində təmsil etmək üçün etibarnamə verməsini güman edərək bu yöndə iradə ifadəsini bildirmişdir. Nəticə etibarı ilə sözügedən müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 337ci maddəsinin tələbləri tamamilə pozulmuş və bu baxımdan məhkəmə hesab edir ki, 12 iyul 2023-cü il tarixdə tərəflər arasında bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın bağışlanması müqaviləsi etibarsız hesab hesab edilməli və həmin alğısatqı müqaviləsinə əsasən yaranmış hüquqi nəticələr ləğv edilməlidir. Birinci instansiya məhkəməsi əmlak əldə edilərkən yeni mülkiyyətçinin vicdanlılıq faktoruna da hüquqi qiymət verilməsini zəruri hesab edir. Hazırkı mübahisəyə dair cavabdeh daşınmaz əmlakı əldə edərkən vicdanlı olmamış, aldatma və etibardan sui-istifadə edərək bağışlama müqaviləsinin qarşı tərəfinin həqiqi iradəsini əks etdirməyən müqavilə bağlamaqla əsassız əmlak əldə etmişdir. Belə ki, cavabdeh etiraz mülahizəsində atasının hal-hazırda və müqavilə bağlanan zaman da səhhətində problem olmadığını bildirsə də iş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-47/3-4898/2023 nömrəli arayışdan və eyni zamanda məhkəmə iclasında iddiaçının öz fikirlərini sərbəst ifadə etməkdə çətinlik çəkdiyi müşahidə olumuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 12 iyul 2023-cü il tarixdə İsmayıllı rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-593 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139.1.1, 146.2, 337.1, 337.5, 339.2, 339.3-, 339.6, 666.1, 389.1-ci maddələri, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözü gedən fərdi yaşayış evini atası həmişə yeganə oğul övladı kimi ona bağışlanacağını dəfələrlə bildirmişdir. xx.xx.2023-cü il tarixdə ailələrində olan razılığa əsasən atası yenidən ona hədiyyə olaraq bağışlayacağını bildirsə də, o, bu əmlakın rəsmiləşdirilməsi üçün atasının dəvəti ilə İsmayıllı rayon Notariat ofisinə getmişdir. Orada notarius onları şəxsən qəbul etmişdir. Niyyətlərini dinlədi və bağışlama müqaviləsinin şərtlərini, bağlanma və ləğv edilməsi zamanı nəticələrini iddiaçı-atasına izah etmişdir. İzahdan sonra iddiaçı-atasının başa düşüb düşməməsini soruşdu, atası da hər şeyin ona aydın olmasını bildirmişdir. Atası İddiaçı savadlı ali təhsilli şəxsdir və hər bir sənədləşmə işlərini bir vətəndaş olaraq çox yaxşı bilir. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlaama müqaviləsi imzalandıqda atasının və anasının bundan xəbəri olmuş, atası özü sənədləri şəxsən oxumuş və razılıq vermişdir. Atası öz imzası ilə müqaviləni təsdiqləyərək soyadını da həmin qrafaya qeyd etmişdir. İddia ərizəsində qeyd olunan yazılar tamamilə əsassızdır çünki onun könüllü razılığı olmadan bağışlama müqaviləsi bağlana bilməzdi. İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Əli Bayramov küçəsi 33 ünvanında yerləşən fərdi yaşayış evi 2003-cü ildə atasının xalası X4 miras qalmışdır. Həmin dövrdə onun 13 yaşı vardı. Buna baxmayaraq yaz və payız fəsillərində mütəmadi olaraq ora gedib gəlirdi və həmin evdə qalırdı. 2008-ci ildən isə daimi olaraq həmin evə gedib gəlmişdir. Öz şəxsi qazancı ilə həmin evin həyətində abadlıq işləri aparmış, daş hasar çəkmiş, elektrik xətlərini tamamilə yenilənmiş və həyətdə ayrıca olaraq öz pulu ilə ümumi 3 otaqdan ibarət hamam və ayaqyolu tikmiş, siyahısı uzun olan digər çoxsaylı işlər görmüşdür. Hər il müxtəlif aylarda həmin evdə gedib tək qalaraq, həmin fərdi yaşayış evinin və həyətyanı sahəsini əli ilə təmizləyərək qayğısına qalmışdır. Ümumilikdə isə bu günədək 10000 (on min) manatdan çox qazandığı şəxsi pul vəsaitini həmin evin abadlığı üçün xərcləmişdir. Xüsusilə qeyd edir ki, valideyinləri və bacıları oraya sahiblik etməmiş və həmişə Lahıcda olan fərdi yaşayış evini başlı-başına qoymuşlar. Ətrafda olan insanlar da bundan öz məqsədləri üçün istifadə etmiş, müxtəlif şəxslər fərdi yaşayış evinin sahibsiz qoyulmasından istifadə edərək onun hərbi xidmətdə olduğu dövrdə həmin evin baxımsızlığı ucbatından qapının qarşı tərəfini, evin yarısını və həyətyanı sahəni zəbt edərək ələ keçirmək istəmişlər. Lakin, o, hərbi xidmətdən qayıtdıqdan sonra həmin şəxslər Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinə sahibləndiyini, daimi oraya gedib gəldiyini və abadlıq işləri apardığını gördükdən sonra həmin şəxslər bu iddalardan əl çəkmişlər. Həmçinin Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinə daimi olaraq gedib gəldiyini, hər il orada abadlıq işləri apararaq müxtəlif işləri gördüyünü, Lahıcda olmadığı vaxtlarda qonşulara zəng edərək işləri apararaq müxtəlif işləri gördüyünü, Lahıcda olmadığı vaxtlarda qonşulara zəng edərək həmin evi və həyətyanı sahəni daimi maraqlandığını şahid olaraq qapı qonşuları da təsdiq edə bilərlər. Bacıları ailəlidirlər və onlar heç vaxt Lahıca gedərək 1 gün belə sözügedən evdə qalmamış, sözügedən evlə heç vaxt maraqlanmamış, gedib baş çəkməmiş və heç vaxt abadlıq və ya təmizlik işləri aparmamışlar və bu işlərin aparılması üçün bir manat belə xərc çəkməmişlər. Əksinə 2-3 saatlıq ailələri, uşaqları ilə getdikləri vaxtda evi çox natəmiz və bərbad hala qoyaraq tələsik halda geri qayıtmışdırlar. Buna görə hətta o, bacılarına dəfələrlə iradını bildirmişdir. O, ailə həyatı qurduqdan sonra anası X5 ona qarşı münasibətini dəyişmiş və onunla təhqiramiz formada davranmağa başlamışdır. Onu geri dönüşü olmayan pis hadisələrin olmasından ehtiyat edərək səbrlə davranmışdır. Bu davranışların nəticəsi olaraq anası və bacıları atasının ona bağışlamış olduğu İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinin satılaraq həmin satışdan əldə edəcəyi pul vəsaitini öz aralarında bölüşdürmək üçün qabaqcadan əlbir olmuşlar. Öncədən planlaşdırdıqları kimi ilkin olaraq atasının guya yaddaş xəstəsi olduğunu, təcili müalicə olunmalı olduğunu iddia edərək onu məcburi şəkildə həkimə aparmış və həkim resepti əsasında dərmanlar yazdıraraq qəbul etməsini tələb etmişlər. Həmçinin bu iddianın məhkəməyə verilməsi və müqvilənin ləğv edilməsi tələbi anası X2 və bacısı X3 və digərlərinin atasına edilən təzyiqi ilə olmuşdur. Xüsusilə bildirir ki, atası indiyə qədər heç vaxt İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinin satılmağına razı olmamış və buna həmişə sərt şəkildə etirazını bildirmişdir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə iclası zamanı iddiaçı öz fikirlərini çətinliklə ifadə edərək, onun oğluna vermiş olduğu etibarnaməni mübahisələndirmiş, ümumiyyətlə bağışlama müqaviləsi barədə fikir bildirməməsi, bir daha onu deməyə əsas verir ki, iddiaçı hazırki vaxta qədər belə bağışlama müqaviləsinin mövcudluğundan xəbərsizidir. İddiaçı ifadələrində ona məxsus fərdi yaşayış evinin oğluna verdiyi etibarnamə əsasında onun adına rəsmişlədirməsini qeyd edərək, məhz həmin etibarnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus fərdi yaşayış evini bağışlayarkən həqiqi iradə ifadəsini bəyan etməmiş, oğluna onu dövlət idarələrində təmsil etmək üçün etibarnamə verməsini güman edərək bu yöndə iradə ifadəsini bildirmişdir. Xüsusilə bildirir ki, atası sözügedən məhkəmə iclasına öncədən öyrədilmiş, hazırlaşmış və bilərəkdən eləcə də yalandan məhkəmədə yalnış təəssürat yaratmaq üçün öz fikirlərinin ifadə etməmiş, bilərəkdən danışmamışdır. Sözügedən bağışlama müqaviləsindən guya xəbəri olmamış kimi özünü apararaq məhkəmədə çaşqınlıq yaratmaq məqsədilə bilərəkdən və yalandan hərəkət etməklə iddia ərizəsində qeyd edilən atasının əqli cəhətdən sağlamlığında, yaddaşında və ya fiziki davranışlarında qüsur olması barədə deyilənlərin heç bir hüquqi və faktiki əsası yoxdur. Çünki atası tam sərbəst danışa bilir, lakin məhkəmə vaxtı bilərəkdən nitqini dolaşdırmış və bununla da məhkəmədə səhv təəssurat yaratmaq, məhkəməni çaşdırmaq niyyəti ilə özünü xəstəhal kimi aparmışdır. Məhkəmə təqdim olunmuş sübutları obyektiv araşdırmamış, işin faktiki hallarına uyğun olmayan və qərəzli yanaşmış, qanunazidd qətnamə qəbul etmişdir. Odur ki, İsmayıll Rayon Məhkəməsinin 2(037)-1350/2023 xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı və nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(037)-1350/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mü bahisələndirə bilər.Belə mü bahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keç irilir.Əgər tərəflərdən biri,aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mü bahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gö zləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən ldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu jür bağışlama hədiyyə alan tərəfindən heç bir javab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıll Rayon Məhkəməsinin 2(037)-1350/2023 xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(037)-1350/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(037)-1350/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 28 yanvar 2012-ci il tarixli, **********00-10301 nömrəli, ********** MA № ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 69.5 kv/m, yaşayış sahəsi 26.6 kv.metr, yardımçı sahəsi 42.9 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi 0.08 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçıya məxsus olmuş, 12 iyul 2023-cü il tarixdə bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın bağışlanması müqaviləsi ilə iddiaçı ona məxsus fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız və apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı iddiaçı öz fikirlərini çətinliklə ifadə edərək, onun oğluna vermiş olduğu etibarnaməni mübahisələndirmiş, ümumiyyətlə bağışlama müqaviləsi barədə fikir bildirməməsi, bir daha onu deməyə əsas verir ki, iddiaçı hazırki vaxta qədər belə bağışlama müqaviləsinin mövcudluğundan xəbərsizidir. İddiaçı ifadələrində ona məxsus fərdi yaşayış evinin oğluna verdiyi etibarnamə əsasında onun adına rəsmişlədirməsini qeyd edərək, məhz həmin etibarnamənin etibarsız hesab edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı özünə məxsus fərdi yaşayış evini bağışlayarkən həqiqi iradə ifadəsini bəyan etməmiş, oğluna onu dövlət idarələrində təmsil etmək üçün etibarnamə verməsini güman edərək bu yöndə iradə ifadəsini bildirmişdir. Nəticə etibarı ilə sözügedən müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri tamamilə pozulmuş və bu baxımdan məhkəmə hesab edir ki, 12 iyul 2023-cü il tarixdə tərəflər arasında bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı bağışlama müqaviləsini imzalayarkən bilavasitə Notariat orqanına getmiş, həmin müqaviləni şəxsən imzalamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, müqaviləni təsdiq edən Notarius «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimata əsasən İddiaçı şəxsiyyətini müəyyən etmiş, əqd layihələrinin mənasını və əhəmiyyətini iddiaçıya və cavabdehə izah etmiş və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamışdır. Kollegiya qeyd etməyi lazım bilir ki, bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3- təhdid edilmə (hədələnmə). İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, cavabdeh tərəfindən aldadılmış və bunun nəticəsində iradəsinin ziddinə mənzilini cavabdehə bağışlamışdır. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Məhkəmə kollegiyası işin müəyyən olunan hallarını əsas götürərək hesab edir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin onun aldadılması nəticəsində bağlandığı qənaətinə gəlmək mümkün deyildir. Kollegiya əlavə olaraq qeyd edir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18- 147/3-4898/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri Q.Aslanov küçəsi ev 4 ünvanında yaşayan xx.xx.1957-ci il təvəllüdlü İddiaçı həqiqətən İsmayıllı RMX-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində xx.xx.2023-cü il tarixindən Dz:İ67.3 Proqressivləşən damar leykoensefolopatiyası.İ67.8 Xroniki beyin qan dövranı pozğunluğu nitqin pozulması diaqnozu ilə ambulator müalicə olunur. İş materiallarında olan müqavilədən görünür ki, həmin bağışlanma müqaviləsi xx.xx.2023-cü il tarixində bağlanmışdır. Yəni iddiaçının xəstəlik dövrü müqavilə bağlanan vaxtdan təqribən 5 ay sonraya təsədüf edir. Bu da onu deməyə əsas verir ki, həmin bağışlama müqviləsi imzalanan vaxt qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(037)-1350/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(037)- 1350/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar