Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-426/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(051)-165/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. xx.xx.2013-cü il tarixdə, Mingəçevir şəhəri, 20 yanvar küçəsinə çıxan yolda Cavabdeh2 məxsus olan “M-21412 sedan” markalı, 45-BC212 dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə Bakı Sığorta” ASC-də (bundan sonra ASC) əmlak sığortası qaydasında sığortalanmış “Chevrolet Cruze minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur.
2. İş materiallarında olan fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə xx.xx.2013-cü il tarixli, MİB-0810-0/13 saylı könüllü sığorta şəhadətnaməsinin surətindən görünür ki, X4 özünə məxsus, “Chevrolet Cruze” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 200 (iki yüz) manat məbləğində şərtsiz azadolma məbləği müəyyən edilməklə, 16470 (on altı min dörd yüz yetmiş) manat məbləğində sığorta etdirilmişdir.
3. İş materiallarında olan AR DİN Bakı şəhər DYPİ tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən ” arayışdan görünür ki, xx.xx.2013-cü il tarixdə saat 10:00-da Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin “M-21412 sedan” markalı, **-BC- *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 məxsusdur.
4. İş materiallarında olan xx.xx.2013-cü il tarixli inzibati xəta haqqında BYP 105746 saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh1 həmin vaxt qüvvədə olan AR İXM-in 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
5. İş materiallarında olan xx.xx.2013-cü il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6191 (altı min yüz doxsan bir) manat məbləğində müəyyən edilmişdir.
6. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə "xxxx" ASC tərəfindən MİB-0810-0/13 nömrəli sığorta müqaviləsinə əsasən, X3 dəymiş zərərə görə 5991 (beş min doqquz yüz doxsan bir) manat məbləğində sığorta ödənişi ödənilmişdir.
7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BS-C-22/4962 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 5991 (beş min doqquz yüz doxsan bir) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir.
8. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 5991 manat sığorta ödənişi məbləği, 79.91 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı olmaqla, cəmi 6071.31 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub "xxxx" ASC-yə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsini §§1-7-də olan işin halları ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Mingəçevir DYPŞ tərəfindən aparılan araşdırma zamanı Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, Mingəçevir ŞPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli, BYP 105746 saylı inzibati xəta haqqında protokola əsasən həmin vaxt qüvvədə olan AR M-in 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5991 (beş min doqquz yüz doxsan bir) manat məbləğində sığorta ödənişi edilmişdir. Hesab edir ki, onun cavabdehdən subroqasiya qaydasında dəymiş zərərə görə sığortalıya ödənilmiş sığorta ödənişini tələb etmək hüququ vardır.
10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixində Mingəçevir şəhəri, 20 Yanvar küçəsinə çıxan yolda Cavabdeh2 məxsus olan “M-21412 sedan” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmış “CHEVROLET CRUZE minik” markalı, **-EM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün xx.xx.2013-cü il tarixli kassa məxaric orderinə əsasən "xxxx" ASC tərəfindən 5991 manat məbləğində sığorta ödənişi edilmiş və subroqasiya qaydasında həmin pulu müştərək qaydada ondan və digər cavabdehdən tələb edir. İddiaçının ona qarşı sığorta müqaviləsi üzrə mübahisəli tələbi xx.xx.2013-cü ildən yaranmışdır. Bununla belə iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş və bununla da məhkəməyə iddia tələbi ilə müraciət etmək müddətini üzürsüz səbəbdən buraxmışdır. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddətlərin tədbiq edilməsi tələbinə riayət etməmiş və iddia etmək müddətini üzürsüz səbəbdən buraxmışdır. Odur ki, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi və vəkiliməhkəmə iclası zamanı təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, qəza törədən avtomobili 15-20 il əvvəl satmışdır. Onun həmin avtomobillə heç bir bağlılığı olmamışdır. Eləcə də onun qeyd olunan yol-nəqliyyat hadisəsindən də xəbəri olmamışdır. Hesab edir ki, ona münasibətdə iddia tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı şirkətin nümayəndəsi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, mülki qanunvericilikdə öhdəliklər müqavilədən və deliktlərdən irəli gələn öhdəliklər olmaqla iki yerə bölünürlər. Cavabdehlərin öhdəliyi hər hansı bir müqavilədən deyil, Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi olmadan Cavabdeh2 sahibliyində olan "M- 21412" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilən zaman törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıda əmlak sığortası qaydasında sığortalanmış “Chevrolet Cruze minik" markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gəlmişdir. İddiaçının cavabdehlərə qarşı tələbi aralarında bağlanmış hər hansı bir müqavilədən deyil, törədilmiş mülki hüquq pozuntusundan, deliktdən irəli gəlir. Bu tələblərə isə 3 illik iddia müddəti tətbiq edilmir. Cavabdehin vurduğu zərəri ödəmiş iddiaçı subroqasiya hüququndan istifadə edir. İş materiallarından da göründüyü kimi, zərərçəkən şəxs ona məxsus avtomaşını sığorta etdirmiş və onun əmlakına zərər dəydiyi üçün ona dəymiş zərər iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
15. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 12 yanvar 2023-cü il tarixli, e-2(051)-165/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1n və Cavabdeh2 müştərək qaydada 5991 (beş min doqquz yüz doxsan bir) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh2n və Cavabdeh1 79.91 (yetmiş doqquz manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X4 öz sığorta marağını təmin etmək, yəni sığorta hadisəsinin baş verəcəyi təqdirdə maliyyə itkisinə məruz qalmasının qarşısını almaq məqsədi ilə qabacadan özünə məxsus, “Chevrolet Cruze” markalı, **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobilini iddiaçı "xxxx" ASC tərəfindən 200 (iki yüz) manat məbləğində şərtsiz azadolma məbləği müəyyən edilməklə, 16470 (on altı min dörd yüz yetmiş) manat məbləğində sığorta etdirmişdir. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə Cavabdeh2 sahibliyində olan avtomobili idarə etmək hüququ olmayan Cavabdeh1 idarə edərkən, X1 olan “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol–nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, Cavabdeh1 həmin vaxt qüvvədə olan AR İXM-in 152.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Ondan sonra iddiaçı şirkət tərəfindən könüllü sığorta müqaviləsinə əsasən X3 5991 manat məbləğində sığorta ödənişi verilmişdir. Cavabdeh yol nəqliyyat hadisəsini törədən vaxt nəqliyyyat vasitəsini idarə etmə hüququ olmamışdır. Belə olan halda iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır.
17. Məhkəmə hesab etmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin həqiqi hallarına uyğun gəlir və ona görə də ziyanın məbləği 5991 manat həddində qəbul edilməlidir.
18. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilələrdən irəli gələn öhdəliklər üçün nəzərdə tutulmuş üç illik iddia müddəti tədbiq edilə bilməz. Belə ki, cavabdehlərdən tələb olunan ödənilmiş sığorta ödənişinin ödənilməsi öhdəliyi hər hansı bir müqavilədən deyil, Cavabdeh1 üçüncü şəxsin idarə etdiyi avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gələn öhdəlikdir. Belə ki, “Bakı Sığorta“ ASC və Cavabdeh1 arasında hər hansı bir müqavilə mövcud olmadığından, "xxxx" ASC-nin cavabdehlərə qarşı iddia tələbi müqavilədən deyil, sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçən qanundan irəli gələn tələbdir. Belə olan halda isə hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM-in) 14.2.1, 21.1, 21.2, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.3, 1108.1, 1108.2-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2, 50.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İş üzrə qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaların pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməli, işə mahiyyəti üzrə baxıb iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. Məhkəmə həmin maddi hüquq normasını yanlış təfsir edir. İş materiallarından da görünür ki, cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir və subroqasiya qaydasında ona qarşı iddia tələbi irəli sürülə bilməz. Buna əsas olaraq qeyd edilməlidir ki, cavabdehin sərxoşluğu barədə iş materiallarında heç bir məlumat yoxdur. Diqər tərəfdən həmin qanunun 25.1.1-ci maddəsində qeyd edilir ki, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda subroqasiya hüququ yaranır. İş materiallarında cavabdehin idarə etdiyi avtomobilinin icbari sığorta olunmasına baxmayaraq bu hal araşdırılmamışdır və nəticədə məhkəmə yanlış qənaətə qəlmişdir. Daha sonra həmin qanunun 63.5.-ci maddəsində qeyd edilir ki, bu Qanunun 52-1.1ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Normanın mənasından o irəli gəlir ki, subroqasiya hüququ irəli sürmüş sığortaçı-iddiaçı iddia tələbini zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququnu istifadə etməlidir. Bu hala da məhkəmə diqqət yetirməmiş və yanlış qənaətə gəlmişdir. Digər tərəfdən iddiaçının subroqsiya hüququ sığortaçı ilə sığortaolunan arasında yaranmış sığorta öhdəliyindən irəli gəlir və məhz bu səbəbdən o, sığortaolunana dəymiş zərəri ödəməsi nəticəsində reqres qaydasında hüququ yaranır. Mülki Məcəllənin sığorta münasibətlərini tənzimləyən fəsildə subroqasiya hüququnun tətbiq etmə müddəti müəyyən edilməmişdir. Belə olan halda ödəliklər üzrə iddia müddəti üç il müəyyən edilmişdir ki, həmin müddət ərzində iddiaçı ödədiyi pulun geri tələb edə bilsin. İddiaçı bu müddəti üzürsüz səbəbdən ötürmüş və bu səbəbdən MM-in 375-ci maddəsinin tələbləri nəzərə alınaraq cavabdehin ərizəsi əsasında iddia tələbinin rədd edilməsi haqda məhkəmə qətnamə qəbul edilməli idi, lakin məhkəmə Mülki Məcəlləsinin 375-ci maddəsini tətbiq etməli olduğu halda tədbiq etməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(051)-165/2023 saylı qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(051)-165/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə iddiaçının nümayəndəsi Oqtay Şeydabəyov tərəfindən yazılı etiraz daxil olmuşdur. Həmin etirazın dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin nümayəndəsi və vəkilinin istinad etdiyi “İcbari sığortalar haqqında” qanunun 25.1.2-ci maddəsi hazırkı münasibətlərdə tətbiq edilməli olan hüquq norması deyil. Çünki, cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Chevrolet Cruze minik” markalı **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurıılmuşdur. İddiaçının tələbinin əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələrində təsbit edilmiş delikt hüququ və 936-cı maddəsində təsbit edilmiş subroqasiya hüququ təşkil edir və cavabdeh tərəfindən təsirli olaraq hüquqa zidd əməlin (delikt) törədilməsi və iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması işin halları ilə öz təsdiqini tapır. Hesab edirlər ki, birinci instansiya, məhkəməsi qeyd edilən məsələlərə münasibət bildirərkən mahiyyəti üzrə düzgün hüquqi nəticəyə gəlmiş və haqlı olaraq iddianı təmin etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
24. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür.
30. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
31. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
32. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir.
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
36. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
37. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
“İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu
38. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
39. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
40. Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.
41. Maddə 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.
43. Maddə 23.1.6. Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır.
44. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
45. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
46. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir: “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e- 2(051)-165/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
59. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
60. Müəyyən edilmişdir ki, X4 öz sığorta marağını təmin etmək, yəni sığorta hadisəsinin baş verəcəyi təqdirdə maliyyə itkisinə məruz qalmasının qarşısını almaq məqsədi ilə qabacadan özünə məxsus “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilini iddiaçı "xxxx" ASC tərəfindən 200 (iki yüz) manat məbləğində şərtsiz azadolma məbləği müəyyən edilməklə, 16470 (on altı min dörd yüz yetmiş) manat məbləğində sığorta etdirmişdir.
61. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu xx.xx.2013-cü il tarixdə, Mingəçevir şəhəri, 20 yanvar küçəsinə çıxan yolda Cavabdeh2 məxsus olan “M-21412 sedan” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil digər Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə Bakı Sığorta” ASCdə əmlak sığortası qaydasında sığortalanmış “Chevrolet Cruze minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5991 manat məbləğində maddi zərər vurulmuşdur. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh1 yol-nəqliyyat hadisə törətdiyinə görə həmin vaxt qüvvədə olan AR İXM-in 152.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır.
62. Bundan sonra iddiaçı sığopta şirkəti tərəfindən könüllü sığorta müqaviləsinə əsasən X3 5991 manat məbləğində sığorta ödənişi verilmişdir.
63. Cavabdeh1 yol nəqliyyat hadisəsini törədən vaxt nəqliyyyat vasitəsini idarə etmə hüququ olmamışdır. Belə olan halda iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır.
64. Subroqasiya hüququ bir növ tələb hüququnun ötürülməsidir. Belə ki, zərər çəkmiş şəxsin ziyan vuran tərəf qarşısında ona dəyən zərər məbləğində tələb hüququ vardır. Sığortaçı zərəçəkmişə dəyən zərərin məbləğini ödədikdən sonra ziyan vuran şəxs qarşısındakı tələb hüququ avtomatik olaraq sığortaçıya keçir.
65. İddiaçı cavabdehlərə qarşı birinci instansiya məhkəməsində subroqasiya qaydasında hazırkı iddianı qaldırmış, məhkəmə iddianı əsaslı sayaraq təmin etmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir.
66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməməsi barədə dəlilini əsassız sayaraq qeyd edir ki, iddiaçının tələbi müqavilə öhdəliklərindən deyil, cavabdehin törətdiyi mülki hüquq pozuntusundan, deliktdən irəli gəlmişdir. İddiaçı cavabdehin vurduğu zərəri ödədiyindən reqres hüququndan istifadə edir. Belə olan halda, ümumi iddia müddəti tətbiq edilməlidir ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən də ümumi iddia müddəti on il təşkil edir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında vurulmuş ziyanın məbləği mübahisələndirilməmişdir. Ona görə də həmin vurulmuş ziyanın məbləğinə münasibət bildirilmir.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
69. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
70. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
71. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
72. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
73. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
74. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e- 2(051)-165/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(051)-165/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov