Məhkəmə qərarları › İş №2(107)-434/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-434/2022

14.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-434/2022 14.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mirasın qəbulu faktı və miras qalan əmlakdan düşən payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu, miras əmlak payının müəyyən edilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(019)-1051/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 800 seriya nömrəli, kod 40109018 olan Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X14, Cavabdeh2 və Cavabdeh1 adına Balakən rayonu, Meşəşambul kəndində verilmiş 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8 məxsus hissəsinə mirasın faktiki qəbulu, vərəsəliyin açılması və mərhumdan miras qalan əmlakdan ona düşən payın müəyyən olunaraq mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Balakən rayonu, Meşəşambul kəndində yaşayır. Mərhum anası X15 07 iyun 2004-cü il tarixdə vəfat etmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X8, Cavabdeh2 və Cavabdeh1 Balakən rayonu Meşəşambul kəndində 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mərhum anası vəfat etdikdən sonra həmin əmlaka o, sahiblik etməyə başlamışdır. Qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 uzun illərdir ki, Rusiya Federasiyasında yaşayırlar. Cavabdeh2 anasının dəfn mərasiminə gəlmiş, 3 gündən sonra çıxıb Rusiyaya getmişdir. Bundan sonra bir daha geri qayıtmamışdır. 2013-cü il tarixdə Regionda baş verən zəlzələdə ata mülkündə olan yaşayış evi yararsız vəziyyətə düşmüş və FHN tərəfindən həmin həyətdə yaşayış evi tikilmişdir. Evin tikilməsində iştirak etmiş, müəyyən xərclər FHN tərəfindən, müəyyən xərclər isə onun tərəfindən ödənilmişdir. Cavabdeh1 və Cavabdeh2 Rusiya Federasiyasında yaşayırlar. Cavabdeh3 Balakən rayonu, Xalatala kəndində yaşayır. Onlar 7 övladdırlar. Digər vərəsələr ilə bağlı aralarında hər hansı bir mübahisə yoxdur. Yalnız vərəsələrdən Cavabdeh1, Cavabdeh2 və X18 ilə aralarında mübahisə vardır.Mərhum anasından miras qalmış əmlak ilə bağlı Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Lakin vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bunun üçün mirasın qəbulu faktı və miras qalan əmlakdan payının müəyyən olunması tələbinə dair məhkəməyə müraciət edir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 2(019)-1015/2021 saylı, 08 dekabr 2021-ci il tаrixli qətnaməsi ilə (hakim H.Səlimov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu faktı, vərəsəliyin açılması və miras qalan əmlakdan düşən payının müəyyən edilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı atası X20, anası X9r. X1, Bağmanova (Anqbazova) Məleykə Əli qızı, Murtuzova (Anqbazova) Mata Əli qızı, X21,X3, Süleymanova (Anqbazova) Möminət Əli qızı, oğlu Cavabdeh2 və qızı Cavabdeh1 adında uşaqları olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X8, Cavabdeh2 və Cavabdeh1 Balakən rayonu Meşəşambul kəndinin ərazisindən 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı atası X20 07 iyun 1995-ci ildə,anası X15 isə 07 iyun 2004-cü il tarixdə vəfat etmişdir. Vərəsələrdən heç biri qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. X2 ölümündən sonra ona məxsus evdə vərəsələrdən Cavabdeh1 yaşamış, miras əmlaka o sahiblik etmiş, o idarə etmişdir. İddiaçı 2001-ci ildən həmin kənddə inşa etdirdiyi evdə və Rusiya Federasiyasında yaşamışdır. O, qanunla müəyyən edilmiş 6 ay ərzində anasından miras qalan əmlaka sahiblik etməmiş, onu idarə etməmişdir. O,altı aydan sonra da hərdən valideynlərinə məxsus evə gəlib getsə də yenə də miras əmlaka sahiblik etməmiş,onu idarə etməmişdir.On yeddi ildən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının miras əmlak olaraq qeyd etdiyi torpaq sahəsi X5 deyil, X6 mülkiyyətindədir. İddiaçı da məhz X6 mülkiyyətində olan torpaq sahəsindən pay tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qanunvericiliyin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı anasına məxsus evdə 2005-ci ilin may ayına kimi yaşaması barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Süleymanova (Anqbazova) Möminət Əli qızının izahatına və Şahid ifadəsinə məhkəmə tənqidi yanaşaraq həmin izahat və ifadəni işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir. Belə ki, Süleymanova (Anqbazova) Möminət Əli qızının özünün izahatından aydın oldu ki, anası öldükdən sonra valideynlərinə məxsus evdə bacısı Mətanət tək qalmaması üçün bibisi ilə birlikdə yaşamışdır. Həmçinin Şahid iddiaçının qızıdır. Cavabdeh1 anasının ölümündən sonra valideynlərinə məxsus evdə bibisi ilə birgə yaşadığı məhkəmə iclasında tam təsdiq olunmasına baxmayaraq Şahid ifadəsində Mətanətin bibisinin həmin evdə yaşadığını görmədiyini bildirmişdir. Bununla da təsdiq olunur ki, o da həqiqətəuyğun olmayan ifadə vermişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu faktı və miras qalan əmlakdan düşən payının müəyyən edilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1151.1, 1151.2, 1243.2, 1243.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ilkin tələbi mirasın faktiki qəbulu, vərəsəliyin açılması, miras qalan əmlakdan payın müəyyən edilməsi tələbi olmasına baxmayaraq məhkəmə iclasında MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim olunmuş, mirasın faktiki qəbulu və miras qalan əmlakdan payın müəyyən edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Lakin məhkəmə qərarının qət etdi hissəsində verdikləri tələbin həcmini azaltsalar da mirasın qəbulu faktı, vərəsəliyin açılması və miras qalan əmlakdan düşən payın müəyyən edilməsinin rədd edilməsinə dair qərar qəbul etmişdir. Qeyd olunanlar bir daha onu təsdiq edir ki, iddia və tələbi əsaslı olduğu halda, məhkəmə iclasında məhkəmə təqdim olunan sübutları gözəyarı araşdırılmış, məhkəmə işi tam, obyektiv, hərtərəfli araşdırmamışdır, iddia tələbindən kənara çıxmışdır. Məhkəmə iclasında İcra nümayəndəliyi tərəfindən verilmiş arayış, müstəqil tələb irəli sürməyən X4 məhkəməyə ünlanlanmış ərizəsinə hüquqi qiymət verməmiş, həmin sübutlara dair qərarında heç bir münasibət bildirməmişdir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı anasına məxsus evdə 2005-ci ilin may ayına kimi yaşaması barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Süleymanova (Anqbazova) Möminət Əli qızının izahatına və Şahid ifadəsinə məhkəmə tənqidi yanaşaraq həmin izahat və ifadəni işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etməmişdir. Məhkəmə işin yuxarıda qeyd edilmiş hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı tərəfindən miras qəbul edilməmişdir. Bunun üçün, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul etmişdir. Lakin Balakən Rayon Məhkəməsində məhkəmə iclasına təqdim etdiyi, X4 məhkəməyə ünvanladığı ərizəsini və Balakən rayon Meşəşambul İcra nümayəndəliyi tərəfindən verilmiş arayışları məhkəmə qəbul etsə də həmin sənədlərə qərarında hüquqi qiymət verməmiş, Beləliklə MPM-nin 76.1-ci maddəsinin tələblərini pozmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəməyə ərizə ünvanlanmış ərizəsində qeyd edərək birdirmişdir ki, qardaşı İddiaçı mərhum anası vəfat etdikdən sonra anasından miras qalmış evdə yaşamış və torpaq sahələrindən istifadə etmişdir. Hal-hazırda ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Onlar digər bacı və qardaşları mərhum valideynlərindən miras qalmış əmlaklardan istifadə etməmiş, mirasa faktiki sahibliyi həyata keçirməmişlər. Səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməməsini və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Mülki iş üzrə araşdırılmamış ikinci sübut Meşəşambul İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli arayışdır. Həmin arayışda qeyd olunur ki, İddiaçı 06 iyun 2004-cü ildə vəfat etmiş mərhum anası X15 vəfat etdiyi tarixdən sonra qohumların deməsinə və kənddə aparılmış şifahi sorğu məlumatlarına əsasən mərhuma məxsus təsərrüfatı qəbul edib sahiblənmiş, mərhumun dəfn xərclərini ailə üzvləri ilə birlikdə çəkmiş, yas mərasimlərini yola salmışlar, torpaqlarını əkib becərmiş, məhsulunu toplamış, abadlaşma işləri aparmış, övladının xeyir iş tədbirini həmin evdən yola salmış, bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Balakən Rayon Məhkəməsi məhkəmə iclasında sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən etmişdir ki, X5 ölümündən sonra ona məxsus evdə vərəsələrdən Cavabdeh1 yaşamış, miras əmlaka o sahiblik etmiş, o idarə etmişdir. İddiaçı 2001-ci ildən həmin kənddə inşa etdirdiyi evdə və Rusiya Federasiyasında yaşamışdır. O qanunla müəyyən edilmiş 6 ay ərzində anasından miras qalan əmlaka sahiblik etməmiş, onu idarə etməmişdir. O, altı aydan sonra da hərdən valideynlərinə məxsus evə gedib gəlsə də yenə də mirasa sahiblik etməmişdir. Məhkəmənin qeyd olunan mövqeyi ilə razı deyillər. Qeyd edir ki, məhkəmə iddiaçının həmin kənddə 2001-ci ildən özünə məxsus torpaq sahəsində inşa etdirdiyi evdə və Rusiya Federasiyasında yaşadığını qeyd edir. Lakin iddiaçının 2001-ci ildən özünə məxsus evdə yaşaması qənaətinə gəlinməsi üçün heç bir sübut yoxdur. Yalnız cavabdehin məhkəmədə vermiş olduğu izahatı ilə belə bir nəticəyə gəlmişdir. Halbuki şahidlərin vermiş olduğu izahatlar ilə miras qalmış əmlaka Rauf tərəfindən faktiki sahibliyin həyata keçirilməsi təsdiq olunur. Məhkəmənin məhkəmə iclasında tədqiq etdiyi digər bir sübut 13 may 2004-cü il tarixli vəsiyyətnamədir. Həmin vəsiyyətnamə Meşəşambul Bələdiyyəsində tərtib olunmuş və hər hansısa bir hüquqi qüvvəsi olmayan vəsiyyətnamədir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Balakən Rayon Məhkəməsinin 2(019)-1015/2021 saylı, 08.12.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, İddiaçı iddiasının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(019)-1015/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Balakən Rayon Məhkəməsinin 2(019)-1015/2021 saylı, 08 dekabr 2021-ci il tаrixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apelyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 2(019)-1015/2021 saylı, 08 dekabr 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı atası X20, anası X9r. X1, Bağmanova (Anqbazova) Məleykə Əli qızı, Murtuzova (Anqbazova) Mata Əli qızı, X21,X3, Süleymanova (Anqbazova) Möminət Əli qızı, oğlu Cavabdeh2 və qızı Cavabdeh1 adında uşaqları olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X8, Cavabdeh2 və Cavabdeh1 Balakən rayonu Meşəşambul kəndinin ərazisindən 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı atası X20 07 iyun 1995-ci ildə, anası X15 isə 07 iyun 2004-cü il tarixdə vəfat etmişdir. Vərəsələrdən heç biri qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. X2 ölümündən sonra ona məxsus evdə vərəsələrdən Cavabdeh1 yaşamış, miras əmlaka o sahiblik etmiş, o idarə etmişdir. İddiaçı 2001-ci ildən həmin kənddə inşa etdirdiyi evdə və Rusiya Federasiyasında yaşamışdır. O, qanunla müəyyən edilmiş 6 ay ərzində anasından miras qalan əmlaka sahiblik etməmiş, onu idarə etməmişdir. O, altı aydan sonra da hərdən valideynlərinə məxsus evə gəlib getsə də yenə də miras əmlaka sahiblik etməmiş, onu idarə etməmişdir. İş materiallarında olan keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-800, KOD 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X8, Cavabdeh2, Cavabdeh1 Balakən rayonu Meşəşambul kəndi ərazisindən 1.43 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.İş materiallarında olan Аzərbаycаn Rеspublikаsı ƏMDKnın yаnındа DƏDRХ-nin аidiyyаtı Ərаzi İdаrəsi tərəfindən vеrilmiş 05.10.2020-ci il tаriхli hüquqlаrın dövlət qеydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət rеyеstrindən çıхаrışdаn görünür ki, Göyçаy rаyоnu Qаrаbаqqаl kəndində yеrləşən 0,5096 hеktаr kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsi Hüsеynоvа Gülnаr Əvəz qızının, Hüsеynоvа Vəfа Əvəz qızının, Аllаhyаrоvа Gülаyət Əvəz qızının, Hüsеynоvа Qiyаfət Əhməd qızının, Hüsеynоv Əvəz Nurəddin оğlunun (vəfаt еtmişdir), Hüsеynоv Mаlik Əvəz оğlunun ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 avqust 2019cu il tarixdə verilmiş 1210 nömrəli çıxarışdan görünür ki, X15 06 iyun 2004-cü ildə vəfat etmişdir. İş materiallarında olan Balakən rayon İHB-nın Meşəşambul kənd inzibati ərazi dairəsi tərəfindən 19 sentyabr 2019-cu il tarixdə verilmiş 634 nömrəli arayışın surətindən görünür ki, X5 vərəsələri-əri X20, oğlu X12, qızı X10, qızı Cavabdeh3, oğlu X21, oğlu X3, qızı X7, oğlu Cavabdeh2 və qızı Cavabdeh1dır. İş materiallarında olan Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 sentyabr 2019-cu il tarixdə verilmiş 1398 nömrəli çıxarışın surətindən görünür ki, X22 və X11 nikahı haqqında 20 aprel 1963- cı il tarixdə 39 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlanandan sonra arvada Anqbazova soyadı verilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 avqust 2019cu il tarixdə verilmiş 1209 nömrəli çıxarışın surətindən görünür ki, X20 07 iyun 1995-ci ildə ölmüşdür. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 avqust 2019cu il tarixdə verilmiş 1208 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxxx 1969cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, atası X20, anası X15 qeyd edilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 sentyabr 2019cu il tarixdə verilmiş 1397 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 24 fevral 1978-ci ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, atası X20, anası X15 qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 may 2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X16 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən rayonu Meşəşambul kəndində yerləşən mənzilini (evini) oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Bundan əlavə olaraq aşağıdakılara sərəncam vermişdir,bu vəsiyyətlə əlaqədar olaraq, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Miras qoyanın öldüyü tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mərhum anası vəfat etdikdən sonra həmin əmlaka o, sahiblik etməyə başlamışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən miras qəbul edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı anasına məxsus evdə 2005-ci ilin may ayına kimi yaşaması barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Süleymanova (Anqbazova) Möminət Əli qızının izahatına və Şahid ifadəsinə məhkəmə tənqidi yanaşaraq həmin izahat və ifadəni işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir. Belə ki, Süleymanova (Anqbazova) Möminət Əli qızının özünün izahatından aydın oldu ki, anası öldükdən sonra valideynlərinə məxsus evdə bacısı Mətanət tək qalmaması üçün bibisi ilə birlikdə yaşamışdır. Həmçinin Şahid iddiaçının qızıdır. Cavabdeh1 anasının ölümündən sonra valideynlərinə məxsus evdə bibisi ilə birgə yaşadığı məhkəmə iclasında tam təsdiq olunmasına baxmayaraq Şahid ifadəsində Mətanətin bibisinin həmin evdə yaşadığını görmədiyini bildirmişdir. Bununla da təsdiq olunur ki, o da həqiqətəuyğun olmayan ifadə vermişdir. Yuxarı qeyd edilmiş iş materiallarından və proses iştirakılarının izahatlarından bəlli olur ki, apellyatorun dəlilləri əsassızdır. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianı rədd edərkən iddia ərizəsinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh4 tərəfindən İddiaçı ünvanlanmış 26 yanvar 2021-ci il tarixli 701 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən siz mərhum X5 mirasının qəbulu üçün müddəti ötürmüşsünüz. Odur ki, ötürülmüş müddətin bərpası və ya mirasın qəbulu faktını müəyyən etmək üçün və digər vərəsələrlə aranızda olan mübahisənin həlli ilə əlaqədar məhkəməyə müracət etməlisiniz”. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş altı aylıq müddəti ötürmüşdür. Yəni miras açıldıqdan 17 il sonra notariat orqanına müraciət etmişdir. Kollegiya şikayətin digər dəlillərinə qiymət verərək bildirir ki, digər dəlillər də əsassızdır. İş materiallarında olan Balakən rayon İHB-nın Meşəşambul kənd inzibati ərazi dairəsi tərəfindən noyabr 2021-ci il tarixdə verilmiş 534 nömrəli arayışın surətindən görünür ki, Meşəşambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayış qeyri müəyyən formada tərtib edilmişdir. Yəni arayış vətəndaşların şifahi deməsinə görə tərtib edilmişdir. Halbuki icra nümayəndəsi iddiaçının mübahisəli torpaq sahəsini əkib becərdiyini, eyni zamanda mirasqoyana məxsus evdə yaşayıb yaşamamasını özü bilavasitə müəyyən edə bilərdi. Ona görə də kollegiya hesab edir ki, qeyd edilən arayış iddiaçının mirası qəbul edilməsi üçün yetərli sübut hesab edilə bilməz. Digər tərədən kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında iddiaçının bu gün də Rusiya Federasiyasında olduğunu qeyd edərək məhkəmə iclasında iştirak etmədiyini qeyd etmişdir. Qeyd edilənlər bir daha onu təsdiq edir ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Arada Rusiya Federasiyasından gəlib bir neçə gün qalıb yenidən qayıtması iddiaçının miras əmlakı qəbul etməsi kimi qiymətləndirilə bilməz. Yəni apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(019)-1015/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(019)-1015/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar