Məhkəmə qərarları › İş №2(107)-437/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-437/2024

23.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-437/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023 -cü il tarixli, 2(051)-2479/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci il tarixdən "xxxx" ASC sistemində, xx.xx.1993-cü il tarixdən isə "xxxx" MMC-də işləmişdir. İşlədiyi müddət ərzində qayda qanuna əməl etmiş, verilən tapşırıqları vaxtından əvvəl yerinə yetirmişdir. Heç bir töhmət, xəbərdarlıq almamışdır. 2019-cu ildə “Fəxri Fərman”la mükafatlandırılmışdır. 1941-1945-ci illər X19 iştirakçısının övladıdır. "xxxx" MMC onu 31 may 2023-cü il tarixdə ştatların ixtisarı ilə qanunsuz yolla işdən çıxarmışdır. İşə qəbul olunduğu gündən demək olar ki, əksərən məsuliyyətli işlər ona həvalə olunmuşdur. Məsələn: Bakıdan gələn komissiyalarla gecə saat 2-yə kimi işdən sonra saxlanaraq o tam təmənnasız işləmişdir, HİK-lə, hüquqşünasla, HMD-lə, YMH-lə, stansiyaya gələn podratçı kənar təşkilatlarla və s. Bütün bunların əvəzi olaraq onun 31 illik əməyinə adi bir sex rəisinin yalan məlumatı (çünki hal-hazırda həm 7 saylı enerji blokunda, həm də 500 kv-luq APQ-də işlər davam etməkdədir) və onun əsasında HİK-nin (hansı ki, 1993-cü ildən indiyədək bütün işlərini o görmüşdür və hətta tam təmənnasız olaraq) xx.xx.2023-cü il tarixli 06 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1-ci hissəsinin, 77-80, 83 və 84-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı və ya ştatların ixtisar edilməsi adı altında onu müdiriyyət işdən çıxarmışdır. Zaqafqaziyada ən böyük elektrik stansiyası olan həmin "xxxx" MMC tikilməyə başlananda 2400 MVA gücündə və hər MVAya 1 nəfər həcmində hesablanıb tikilib. Hal-hazırda stansiya avtomatlaşdırılmasına baxmayaraq, 3000 nəfərdən artıq insana əmək haqqı vermək iqtidarındadır. Həm maaş, həm pensiya alanlar işdə saxlanıldığı halda, 31 il kompüterdə işləyən bir işçinin kompüter əsrində işdən çıxarılması nə dərəcədə doğrudur? İşləyən qadınlar üçün yaş məhdudiyyəti 65 yaş olduğu halda bunlar 63 yaşlı qadını nəyin əsasında işdən azad ediblər, hələ də bilmir. Onlar istehsalçı olduqları üçün onlarda yaş məhdudiyyəti yoxdur. Çox xahiş etmişdir ki, heç olmasa kreditlərini ödəsin. Ailəsində işləyən tək o idi. Həyat yoldaşı 2-ci qrup əlildir (beyin iflici, onurğasından əməliyyat olunub, əlilliyi bununla təyin edilmişdir, sol ayağı işləmir, sol gözü görmür, şəkər xəstəsidir), 2021-ci ilin noyabr ayından pensiyasını kəsiblər, 2022-ci ilin may ayında 180 (bir yüz səksən) manat sosial pensiya vermişlər. 2 əlil nəvəsi var, valideynləri işləmir (biri serebral iflicdir, biri epilepsiyalıdır). İşləməyinə arxayın olub onların müalicəsi üçün kredit götürmüşdür. Halhazırda kreditləri yığılıb qalıb. Çıxış yolu tapmır. Müdiriyyət onu əmək qanunvericiliyinin tələblərini pozmaqla işdən çıxarmışdır. İşdən çıxarılma əmrini poçt vasitəsi ilə xx.xx.2023cü il tarixdə almışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, təmsil etdiyi şəxslə eyniməzmunlu izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və təmsil etdiyi hüquqi şəxsin adından göstərmişdir ki, o, "xxxx" MMC-də “Aparıcı hüquqşünas” vəzifəsində işləyir. Onun vəzifəsi müəssisəni dövlət orqanlarında, o cümlədən məhkəmədə təmsil edərək müəssisənin mənafeyini qanunla müəyyən edilmiş üsul və vasitələrdən istifadə etməklə müdafiə etmək və sairdən ibarətdir. İddiaçı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsində iddia tələbini əsaslandırmaq üçün göstərdiyi dəlillər mülahizə xarakterli olmaqla formal xarakter daşıyır və işin faktiki halları ilə təkzib edilir, çünki əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsində əmək müqaviləsinə "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsinin qanunsuz olmasını əsaslandırarkən heç bir dəlil və əsas, həmçinin qanun pozuntusunun hansı formada olmasını göstərməyərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi ilə heç bir səbəbli əlaqəsi olmayan əmək fəaliyyəti barədə müxtəlif epizodik məlumatlar, işdən sonra saxlanılaraq işləməsini və "xxxx" MMC-nin 7-ci enerji blokunda və 500 kv-luq APQ-də işlərin davam etməsini göstərməklə kifayətlənmişdir. İddiaçının işdən sonra saxlanılaraq işlədilməsi ilə əlaqədar bildirir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-07-219 nömrəli arayışına əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin sabiq işçisi İddiaçı işlədiyi müddətdə artıq işə cəlb olunması barədə əmr qeydiyyata alınmamışdır. İş vaxtından artıq iş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən İşəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır. Bundan əlavə iddiaçının iddia ərizəsində "xxxx" MMC- nin 7 saylı enerji blokunda və 500 kv-luq APQ-də işlərin davam etməsi ilə əlaqədar iddiasına dair qeyd edir ki, "xxxx" MMC-nin 07-133 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, göstərilən sahələrdə işlər müqavilə əsasında başqa şirkətlər tərəfindən aparılır və müvafiq sənədləşmə işləri də həmin şirkətin işçiləri tərəfindən aparılır. Eyni zamanda iddiaçı ərizəsində əmək müqaviləsinə xitam verilməsini pensiyaya çıxması ilə əlaqələndirmişdir ki, İddiaçı şəxsi işində toplanmış sənədlərə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən müəyyən olunur ki, o xx.xx.1960-cı ildə anadan olmuşdur və xx.xx.2023-cü ildə onun 63 yaşı tamam olduğu üçün hazırda qüvvədə olan Pensiya qanununa əsasən müvafiq dövlət orqanı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 3 saylı X21 Filialının şöbə müdiri E.R.Böyükkişiyevin imzası ilə olan xx.xx.2023-cü il tarixli 9-17-1/2- 129445/20 nömrəli məktub ilə ona həqiqətən pensiya təyin edilməsi təsdiq olunmuşdur. Ancaq İddiaçı pensiyaya çıxması ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi arasında heç bir səbəbli əlaqə olması müəyyən edilməmişdir. Həmçinin İddiaçı şəxsi işində toplanmış sənədlərə əsasən onun əmək müqaviləsinə, onun işlədiyi ştata istehsalat zərurətinin aradan qalxması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam verilməsi müəyyən edilmişdir. "xxxx" MMC-nin sabiq baş mühəndisi A.Süleymanlı 17.01,2023-cü il tarixdə ümumi şöbədə 187 nömrə ilə qeydiyyata alınmış təqdimatda göstərmişdir ki, "xxxx" MMC-də “Reabilitasiya proqramı” çərçivəsində aparılan yenidənqurma zamanı avadanlıqlar yenilənmişdir ki, yeni tətbiq olunan avadanlıqların avtomatik rejimdə işləməsi, habelə ayrı-ayrı sex və sahələrdə aparılan texnoloji proseslərin avtomatlaşdırılması və aparılan struktur islahatları ilə əlaqədar stansiyanın müxtəlif strukturlarında paralel fəaliyyət sahələrinin yaranması ilə, habelə hal-hazırda stansiyanın tam gücü ilə işləməməsi nəticəsində işçilər arasında boş dayanma halları baş verir. Ona görə də stansiyanın maliyyə-təsərrüfat fəaliyyətinin yüksəldilməsi məqsədilə stansiyanın sex və sahələrində istehsalat zərurəti olmayan ştat vahidlərinin və həmin ştatlarda işləyən işçilərin müəyyən edilməsinin, habelə ixtisar edilməsinin mümkünlüyünü səlahiyyətli mütəxəssislərdən ibarət komissiyada müzakirə olunmaqla qərar qəbul edilməsini təklif etmişdir. "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin maliyyə- təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsini, istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslanmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixli 17/Ş nömrəli Əmr verilmişdir. Mütəxəssislərdən ibarət komissiyanın xx.xx.2023-cü il tarixli 02 nömrəli iclas protokoluna əsasən müəyyən olunur ki, komissiyanın qeyd edilən tarixdə keçirilən iclasında Elektrik sexində istehsalat zərurəti olmayan ştatların və həmin ştatlarda çalışan ixtisara düşəcək işçilər, o cümlədən “mütəxəssis” ştatına istehsalat zərurəti olmadığı və həmin ştatda çalışan İddiaçı ixtisara düşməsi müzakirə edillib qərar qəbul edilərək rəhbərliyə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsində işəgötürənin əsas hüquqları müəyyən edilmişdir ki, həmin maddənin “ə” bəndinə əsasən bu məcəllənin və digər normativ-hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsi ilə işəgötürənin əsas vəzifələri və məsuliyyəti müəyyən olunmuşdur ki, həmin maddənin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifəsi müəyyən edilmişdir. Ona görə də "xxxx" MMC-nin direktoru komissiyanın xx.xx.2023-cü il tarixli 02 nömrəli iclas protokoluna əsasən Elektrik sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında xx.xx.2023-cü il tarixli 17/Ş nömrəli əmr vermişdir ki, həmin əmrin 1.13 bəndinə əsasən “mütəxəssis” 01 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilməsi müəyyən edilmişdir və əmrin 3-cü bəndində Kadrlar şöbəsinə ixtisar olunacaq işçilərə dair əmək qanunvericiliyinə uyğun olaraq tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən X4 10 ildən çox əmək stajı olduğu nəzərə alınaraq əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl xx.xx.2023-cü il tarixli 13-9/100/01-07-11 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda İddiaçı çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində İddiaçı əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, İddiaçı ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Xəbərdarlıq sifarişlə xx.xx.2023-cü il tarixdə X4 qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. Xəbərnaməyə əsasən müəyyən olunur ki, məktub ünvanına çatmışdır. Eyni zamanda İddiaçı şəxsi işində olan sənədlərə əsasən müəyyən olunur ki, Elektrik sexinin rəisi B.Mehdiyev xx.xx.2023-cü il tarixdə məlumat yazaraq 7 saylı enerji blokunda və 500 kv-luq APQ-də modernizasiya ilə əlaqədar aparılan işlərin sənədləşdirilməsi məqsədilə mütəxəssis İddiaçı xəbərdarlıq müddətinin həmin işlər başa çatana qədər uzadılmasına icazə verilməsini xahiş etmişdir. Ona görə də İddiaçı xəbərdarlıq müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. "xxxx" MMC-nin direktoru tərəfindən "xxxx" MMC-nin Elektrik sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında xx.xx.2023-cü il tarixdə 13-9/100/01-07-18 nömrəli təqdimat sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab Seymur Həsənova göndərilmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 04 nömrəli protokoluna əsasən müəyyən olunur ki, Elektrik sexinin mütəxəssisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. Eyni zamanda şəxsi işində olan sənədlərə əsasən müəyyən olunur ki, X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına daxil deyildir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsi ilə işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər siyahısına daxil deyildir. Həmçinin ixtisar prosesi zamanı İddiaçı işə düzəlməsi ilə əlaqədar hallar araşdırılmışdır, ancaq stansiyada onun ixtisasına və əvvəllər işlədiyi vəzifələrə uyğun iş yeri olmadığı üçün ona iş təklif edilməsi mümkün olmamışdır. Bu barədə ona xx.xx.2023- cü il tarixdə verilmiş rəsmi xəbərdarlıq vərəqinin 8-ci abzasında rəsmi qaydada məlumat verilmişdir. Odur ki, X8 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə 102/Ş nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71-ci maddənin 1-ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, hazırda "xxxx" MMC-də, o cümlədən Elektrik sexində “mütəxəssis” ştatı mövcud deyildir. Azərbaycan İES” MMC-nin xx.xx.2023-cu il tarixli 13- 9/100/01-04-216 nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə son haqq-hesab və işdənçıxma müavinəti olaraq cəmi 2219.23 manat ödənilmişdir. İddiaçı iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə işəgötürənin xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmri ilə onun əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən və həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin ixtisarla əlaqədar maddələrinin tələblərinin hər hansı formada pozulmasını təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, sənədlərlə təsdiq olunur ki, iddiaçı X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsi qanuni və əsaslıdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023 -cü il tarixli, 2(051)-2479/2023 nömrəli qətnaməsi ilə, iddianın rədd edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1993-cü il yanvar ayından "xxxx" MMC-də işləmişdir. İddiaçı həmin müəssisədə hazırkı əmək mübahisəsinin yaranmasına səbəb olan, mütəxəssis vəzifəsi üzrə işləmişdir. "xxxx" MMC-nin direktorunun əmri ilə stansiyanın maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə stansiyanın sex və sahələrində istehsalat zərurəti olmayan ştat vahidlərinin və həmin ştatlarda çalışan ixtisara düşəcək işçilərin müəyyən edilməsi barədə əsaslandırılmış qərar qəbul edilməsi üçün ixtisaslı və səlahiyyətli mütəxəssislərdən ibarət komissiya yaradılmış, həmin komissiyanın qərarı və müəssisə Həmkarlar ittifaqı komitəsinin razılığı əsasında, xəbərdarlıq müddəti gözlənilməklə, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71-ci maddənin 1-ci hissəsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə ilk növbədə nəzərə almışdır ki, cavabdeh tərəfin dəvət etdiyi və məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxsin ifadəsinin iş üçün əhəmiyyəti olan hallara aid olub-olmamasının müəyyən edilməsi üçün həmin şahid ifadəsinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu halında qiymət verilməlidir. Doğrudur, cavabdeh tərəfin dəvət etdiyi şahid hazırda cavabdeh tərəfin rəhbərlik etdiyi müəssisədə işlədiyinə görə xidməti asılılıq münasibətlərinin təsiri altında ifadə vermişdir. Ona baxmayaraq, məhkəmə həmin şahidin ifadəsinin doğruluğunu tamamilə şübhə altına almır. Belə ki, həmin şahid "xxxx" MMC-də X5 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın üzvü olmuşdur və 06 №-li xx.xx.2023-cü il tarixli iclasda iştirak etmişdir. Məhkəmə iclası zamanı da şahid həmin iclasda müzakirə edilmiş və protokolda qeyd edilmiş məsələlərlə bağlı ifadə vermişdir. Şahid ifadəsi ilə qeyd olunan rəsmi sənədlər arasında ziddiyyət olmamışdır. Ona görə də məhkəmə cavabdeh tərəfin təqdim etdiyi şahid ifadəsini sübut növü kimi qəbul etmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır.

10. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan maddi hüquq normalarına əsasən hesab etmişdir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatı ixtisar edilməsi əsası ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən qanunvericilik ilə müəyyən edilmiş qaydada və müddətdə iddiaçını rəsmi qaydada xəbərdar etmiş, həmkarlar istifaqı təşkilatının razılığını almış, ididaçıya əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı yaradılması məqsədi ilə işəgötürən tərəfindən bir iş günü əmək funksiyasının icrasından azad etmiş, həmçinin iddiaçıya işdənçıxarma müavinəti verilmişdir. Eləcə də, işçilərin ixtisarı zamanı iddiaçının işdə saxlanmağa üstünlüyünün olmasının nəzərə alınması və ona ixtisasına uyğun iş təklif edilməsi mümkün olmamışdır. Bundan başqa iddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına aid olmamış, həmçinin onun əmək müqaviləsinin ləğv edilməsi zamanı qanunla qadağan olunan hallara istinad edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmamışdır.

12. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 102/Ş saylı əmri qanuni və əsaslı olduğundan, iddiaçının əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələbi təmin edilməməlidir.

13. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC-nin arasında bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən, iddiaçının subyektiv hüququ pozulmadığına, digər tələblər üzrə iddia qaldırarkən isə iddiaçı subyektiv hüquqa malik olmadığına görə iddia tələbi təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi, 68-ci maddəsinin 1-ci bəndi, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci bəndi, 78-ci maddəsinin 1-ci bəndi, 78-ci maddəsinin 2-ci bəndi və 79-cu maddəsinin 1-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88–ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rəhbərliyin qərəzli mövqeyinə əsasən onun ştatı ixtisar edilmişdir. Əgər başqa şöbədə işləsəydi, onlar o ştatı da ixtisar edəcəkdilər.

17. Qətnamədə qeyd olunmuşdur ki, o ixtisar olunmağına etirazını bildirərək əmri oxuyub imza etməkdən, əmrin nüsxəsini götürməkdən və müəssisə tərəfindən ona verilən turniket giriş kartını, buraxılış vəsiqəsini təhvil verməkdən imtina etmişdir. Lakin qeyd etməlidir ki, belə hallar olmamışdır. Turniket giriş kartını, buraxılış vərəqəsini təhvil vermişdir.

18. Həmçinin qətnamədə iş vaxtından artıq işlərə cəlb edilməyi barədə əmr olmadığıdan, iş vaxtından artıq işlədiyi müddətin nəzərə alınmaması və ona görə ödənişin edilməli olmaması qeyd edilmişdir. Halbuki əmri işəgötürən qeydə almalı idi. Onu iş vaxtından artıq işə cəlb etmək və onu rəsmiləşdirmək onun vəzifəsidir.

19. Aşağıda qeyd etdiyi işin faktiki və hüquqi hallarına əsasən birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmadan əsassız qərar qəbul etmişdir. Buna görə də həmin qərar iddia ləğv edilməlidir.

20. Məhkəmə qətnaməsində maddi və prosessual hüquq normaları sadalansa da, onlara hər hansı bir əsaslandırma qeyd etməmişdir.

21. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2479/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinə yazılı etirazında İddiaçı apellyasiya şikayətinin rədd edilməsi, işə bərpa məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023 -cü il tarixli, 2(051)- 2479/2023 nömrəli qətnaməsinin öz qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2479/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, onun cavabdeh "xxxx" MMC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 2479/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və vəkili Vəkil səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 80-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2479/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı 1993-cü ilin yanvar ayından "xxxx" MMC-də işləmiş, tərəflər arasında 01 noyabr 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən isə İddiaçı cavabdeh "xxxx" MMC-nin elektrik sexində mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 17/Ş nömrəli əmri ilə stansiyanın maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə stansiyanın sex və sahələrində istehsalat zərurəti olmayan ştat vahidlərinin və həmin ştatlarda çalışan ixtisara düşəcək işçilərin müəyyən edilməsi barədə əsaslandırılmış qərar qəbul edilməsi üçün ixtisaslı və səlahiyyətli mütəxəssislərdən ibarət komissiya yaradılmış, həmin komissiyanın qərarı və müəssisə Həmkarlar ittifaqı komitəsinin razılığı əsasında, xəbərdarlıq müddəti gözlənilməklə, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

35. Belə ki, apellyasiya şikayətinin rəhbərliyin qərəzli mövqeyinə əsasən onun ştatının ixtisar edilməsinə dair dəlilini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, işdə olan "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 17/Ş nömrəli əmrdən görünür ki, "xxxx" MMC-də yeni texnika və texnologiyaların tətbiqini, yeni tətbiq olunan avadanlıqların avtomatik rejimdə işləməsini, habelə ayrı-ayrı sex və sahələrdə aparılan texoloji proseslərin avtomatlaşdırılmasını nəzərə alaraq, stansiyada istismar olunan avadanlıqların istismar təlimatlarını, fasiləsiz iş rejimini, həmçinin əməyin təhlükəsizliyini, texniki təhlükəsizliyi və yanğın təhlükəsizliyini, elektrik enerji istehsalının digər vacib xüsusiyyətləri nəzərə alınmaqla, habelə, obyektivliyi təmin etmək üçün sex və sahələrdə istehsalat zəruriyyəti olmayan ştat vahidlərinin və həmin ştatlarda çalışan ixtisara düşəcək işçilərin müəyyən edilməsi və qeyd edilən təqdimatın müzakirəsi əsasında əsaslandırılmış qərar qəbul edilməsi üçün ixtisaslı və səlahiyyətli mütəxəssislərdən ibarət komissiya yaradılması əmr edilmişdir.

36. İşdə olan "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 24/Ş nömrəli əmrindən görünür ki, "xxxx" MMC-də yeni tətbiq olunmuş texnika və texnologiyaların tətbiqi ilə əlaqədar stansiyanın maliyyə - təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, işçilər arasında boşdayanma hallarının qarşısının alınması məqsədi ilə, istehsalat zəruriyyəti olmayan təmir heyəti - kabel və qaldırıcı mexanizmlər təsərrüfatlarına xidmət və təmir edən briqada - kabel xətlərini quraşdıran və təmir edən elektrik montyoru (ödəmə dərəcəsi-4) 1 ştat vahidi və həmin ştatda çalışan X7, təmir heyəti - kabel və qaldırıcı mexanizmlər təsərrüfatlarına xidmət və təmir edən briqada – liftçi (ödəmə dərəcəsi-3) 1 ştat vahidi və həmin ştatda çalışan X9, təmir heyəti - işıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqada - usta İ qrup (ödəmə dərəcəsi-10) 1 ştat vahidi və həmin ştatda çalışan X12, təmir heyəti - yağ təsərrüfatı sahəsinin avadanlıqlarına xidmət və təmir edən briqada - təmirçi çilingər (ödəmə dərəcəsi-6) 1 ştat vahidi və həmin ştatda çalışan X13, təmir heyəti - yağ təsərrüfatı sahəsinin avadanlıqlarına xidmət və təmir edən briqada - təmirçi çilingər (ödəmə dərəcəsi-6) 1 ştat vahidi və həmin ştatda çalışan X18, rele mühafizəsi və avtomatika xidməti- mühəndis (ödəmə dərəcəsi-9) 1 ştat vahidi və həmin ştatda çalışan X14, rele mühafizəsi və avtomatika xidməti- mühəndis (ödəmə dərəcəsi-9) 1 ştat vahidi və həmin ştatda çalışan X15, rele mühafizəsi və avtomatika xidməti - usta İ qrup (ödəmə dərəcəsi-10) 1 ştat vahidi və həmin ştatda çalışan X20, rele mühafizəsi və avtomatika xidməti - mühəndis (ödəmə dərəcəsi-9) 1 ştat vahidi və həmin ştatda çalışan X10, rabitə qrupu – usta İİ qrup (ödəmə dərəcəsi-8) 1 ştat vahidi və həmin ştatda çalışan X11, rabitə qrupu - mühəndis (ödəmə dərəcəsi-9) 1 ştat vahidi və həmin ştatda çalışan X16, rabitə qrupu - dispeçer avadanlığı və teleavtomatikanın elektrik montyoru (ödəmə dərəcəsi-6) 1 ştat vahidi və həmin ştatda çalışan X2, mütəxəssis (ödəmə dərəcəsi-7) 1 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilməsi əmr edilmişdir.

37. Kollegiya qeyd edir ki, cavabdeh təşkilatın işçilərin ixtisarları ilə bağlı verdiyi əmrlər yalnız iddiaçı ilə bağlı olmamaqla, iş materialları ilə də iddiaçının işlədiyi ştatın cavabdeh təşkilatın rəhbərliyinin qərəzli mövqeyinə əsasən ixtisar edilməsi halı müəyyən edilməmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş vaxtından artıq işlərə cəlb edilməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində iş vaxtından artıq işlərə cəlb edilməsi ilə bağlı məsələ mübahisələndirilməmişdir.

39. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ümumi fikirlərdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

41. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023 -cü il tarixli, 2(051)-2479/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2479/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar