Məhkəmə qərarları › İş №2(107)-440/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-440/2025

07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-440/2025 07.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi, sayğaca müdaxilə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(016)-89/2025 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında Aktına əsasən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və təbii qaz itkisi yaranmışdır. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə ilə iddiaçının abonent koduna 6480 m3 - 777.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək istifadəsində olmuş G-4 markalı ******* nömrəli qaz sayğacı ilə əlqədar qaz istehlakçıları kimi əsassız və qanunsuz olaraq onun adına X4nı pozmağına görə hesablanmış 6480 m3 qaz itkisinə dair 777,6 manat məbləğində olan cərimənin ləğv edilməsini xahiş etmişdir..

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmış ev onun adına olsa da, əslində orada 15 yaşlı oğlu ilə bacısı Lumu yaşayır, həmin sayğacın istehlakçısı da odur. O isə həmin kənddə öz ailəsi ilə başqa evdə yaşayır, təsərrüfatı da faktiki olaraq başqa-başqadır. Hamı kimi oradakı sayğac da küçədə və küçə qapısının yaxınlığında quraşdırılmışdır. Qeyd edilən sayğac mexaniki sayğaclardan olmuşdur, yəni smartkarla işləyənlərdən deyildi. Qaz istismarına nəzarətçi kənddə yaşayan X3r. Ağaveyis ayda iki dəfə gəlib sayğaclara baxış edir. Bir dəfə ayın əvvəllərində gəlib sayğacları yoxlayıb gedir, ikinci dəfə isə ayın axırında öz aparatı vasitəsi ilə hamıda olduğu kimi faktiki onun adına olan sayğac üzrə nə qədər qaz işlədilib və nə qədər pul ödənişi etməsinə dair “çek” adlanan qəbz çıxarıb verilmiş, onlar da də həmin qəbz vasitəsi ilə poçtda ödənişini edirlər. Heç vaxtı nəzarətçidən sayğaca dair ona və ya bacısı Lumuya irad olmamışdır. Olmuş olsaydı nəzarətçi onu hökmən rəsmiləşdirərdi, yəni aktlaşdırardı. 2023-cü ilin axırlarında qaz istismarı idarəsinin işçiləri kənddə sayğacları dəyişdirən zamanı bacısı Lumunun olduğu evdə adına olan sayğacı dəyişdirib aparmışlar. Sayğac dəyişdirilən zamanı bacısına sayğacla əlaqədar hər hansı irad olmamışdır. Bir neçə gün bundan əvvəl nəzarətçi gəlib ona məlumat vermişdir ki, onun adına cərimə yazılıb. Sayğac aparılıb yoxlanaraq plombu qırıq olduğundan buna müvafiq itki yaranıb və ziyan hesablanıb. Odur ki, Ağsu şəhərində olan Qaz İstismarı İdarəsinə gəlib bu haqda soruşduqda orada baxıb bildirmişlər ki, həqiqətən X4nın pozulmasına görə 6480 m3 -lik qaz itkisinə görə cərimə yazılıb. Təxminən 6-7 ay bundan əvvəl nəzarətçi çoxlu sənəd gətirib qazdan istifadəyə dair müqavilə olduğunu bildirərək hamısını izah etmişdi, o vaxt bu sənədləri ona tam göstərib cərimə yazılması izah edilməmişdi. Görünür müqavilə sənədlərinin arasında tanış edilmədən bu sənədlərə imza etmişdir. Ona yazılan 6480 m3 lik qaz itkisinə görə 777,6 manat cərimə yazılıb. Buna səbəb o göstərilib ki, sayğacı aparılıb, Bakıda labaratoriyada yoxlanılıb və aşkar edilib ki, istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və təbii qaz itkisi yaranmışdır. Aktlarda göstərilənlər tam qanunsuz və əsassısdır. Sayğacın plombu kəsilmişdirsə niyə yerində onlardan birinin və ya yaxın qohumların iştirakları ilə akt tərtib edilməmişdir. Bundan əlavə, sayğacı dəyişdirənlər əvvəla kənd icra nümayəndəsinin əmakdaşları və ya kənd üzrə qaz nəzarətçisinin və istehlakçıların iştirakları ilə sayğaca baxış keçirib nöqsan barədə akt tərtib etməli idilər. Hesablama mexanizminin üzərində olan zavod plombu gözlə görünən yerdədir. Necə olur ki, sayğacı dəyişdirən işçilər mütəxəssis kimi plombun kəsik olubolmamasını görmür. Plomp sayğacın görünməz yerində quraşdırılmadığından onun kəsik və ya zədəli olmasını yaxından baxıldıqda bu hər kəs tərəfindən asanlıqla müşahidə ediləndir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşunun plombunun kəsilməsi və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 777,6 manat iddiaçıdan tələb edilmişdir.

5. Sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir.

6. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etməmişdir.

7. Ağsu Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(016)-89/2025 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia təmin olunmuş, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 777,6 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində cərimənin silinməsi, məhkəmə xərclərinin Cavabdeh İB-yə aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X4»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9 və 5.1-ci bəndlərinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktı xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə Abonentin saldosu

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh İB аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh İB apellyasiya şikayətini iddiaya verdikləri etirazın dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. İddiaçının mübahisələndirdiyi borc məbləği sayğac göstəricisinə əsasən yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir.

12. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(016)- 89/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

16. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.8-1-ci maddə: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Bənd 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; Bənd 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. 4.2-ci bəndində əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 25 iyun 2023-cü ildən qüvvədə olan 6.5-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “X4”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X4”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X4”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(016)-89/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 4-6-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 11-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, qaz sayğacı İddiaçı həyətindən kənarda quraşdırıldığından iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, o cümlədən işin hallarında sayğacda aşkar edilmiş zədələrin iddiaçının təqsiri ilə baş verdiyini təsdiq edən heç bir sübut olmadığından apellyatorun arqumentləri əsaslı hesab edilə bilməz. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göründüyü kimi, hazırki halda sayğacda aşkar edilən nasazlıqların iddiaçının təqsiri üzündən baş verməsi sübut olunmur.

23. Məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddə əlavə edilmişdir. (bax 16-ci bənd). Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 saylı qərarı ilə “X4”na dəyişikliklər edilmiş, nəticədə Qaydaların 6.5-ci bəndi yeni redaksiyada verilmiş və 6.5-1-6.5-4-cü bəndlər əlavə edilmişdir. (bax 17-ci bənd). 0402716 saylı təbii X4nın pozulması haqqında Akt xx.xx.2023-cü il tarixdə tərtib edildiyindən həmin akta əsasən cərimənin hesablanması qeyd edilən dəyişikliklərə uyğun həll edilməlidir. Hazırki iş üzrə isə xx.xx.2023-cü il tarixli ******* saylı təbii X4nın pozulması haqqında Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün ENə, və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi, o cümlədən Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən hesablanan cərimənin həmin Qaydaların 6.5-1 və 6.5-3-cü bəndlərinə uyğun hesablanması barədə iş materialalrında heç bir sübut mövcud deyildir. Cavabdeh tərəf də bu barədə kollegiyaya heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göstərilənlərə əsasən, MPM-in 81-ci maddəsinin tələbi baxımından, hazırki halda Cavabdeh həmin cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(016)-89/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh İB tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(016)-89/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar